adalet.az header logo
  • Bakı 7°C
25 Iyun 2018 15:44
20511
MƏDƏNİYYƏT
A- A+

ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək.

Bu barədə Adalet.az-a məlumat verən teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən "Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Nicat Qulamın sözlərinə görə, "Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Menecer qeyd edib ki, tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər.

ƏSA Teatrı tamaşaçıları əmin edir ki, "Paris partladı” tamaşasının premyerasını izləməklə Azərbaycan teatrı haqqında düşüncələrini yeniləyəcəklər. Məlumat üçün bildirək ki, tamaşanın biletləri artıq şəhərimizin bir çox ünvanlarında – iTicket.az onlayn bilet satış portalında, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərində, Asan Xidmət Mərkəzlərində, həmçinin, şəhərin bütün kassalarında satılır.

Ən diqqət çəkən məqam isə odur ki, biletlər hər kəsin cibinə uyğundur – 3, 6, 9, 12, 15, 18, 22 və 30 AZN-dir. ƏSA Teatrı fəaliyyətini dəstəkləmək istəyən tamaşaçılar üçün xüsusi biletləri 500 AZN dəyərində satışa çıxarıb.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır. ƏSA Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də nitq məhdudiyyətli tamaşaçılarını nəzərə alıb, tamaşanı surdo tərcümə ilə həyata keçirəcək.