adalet.az header logo
  • Bakı 7°C
20 Iyun 2018 12:42
61933
ƏDƏBİYYAT
A- A+

Müəllimlər müəllimi – Asif Cahangirov

"Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ümummilli lider Heydər Əliyev

Antik yunan mütəfəkkiri Diogen bir dəfə günorta vaxtı əlində yanan çıraqla küçələri dolaşarkən, ətrafdakıların təəcüb və sual dolu baxışlarına cavab olaraq "Əsl insan axtarıram”, - deyir. Bu yazıda biz, məhz antik yunan mütəfəkkirinin axtardığı kamil insanlardan biri - cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan, daxilən zəngin, nəcib, xeyirxah, mərd şəxsiyyət və ləyaqətli ailə başçısı kimi tanınan maarif fədaisi Asif Cahangirov haqqında söhbət açacağıq.

Xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində ehtiva edən, ləyaqət və şərəf hissinin yetərli qədər qoruyub saxlayan nurlu simalarımızdan biri olan, müdriklik zirvəsinə yüksələn dəyərli insan - ömrünü bütövlükdə gələcək nəslin maariflənməsinə həsr etmiş Asif müəllim haqqında bu yazını onun 70 illik yubileyi ərəfəsində ərsəyə gətirdik, onun mənalı ömrünə işıq salmağı borc bildik.

...Ölkəmizin təhsil sisteminə dəyərli töhfələr vermiş Asif müəllimi tanımaq xoşbəxtliyi mənə hələ uşaqlıq illərindən nəsib olub. 150-yə qədər ailənin yaşadığı 3 binanı birləşdirən Xankəndindəki məhəlləmizdə - Atarbekov küçəsi 68 ünvanlı binada yeganə azərbaycanlı qonşumuz Asif müəllimgilin ailəsi idi. Xankəndində ən nümunəvi ailələrdən biri kimi - Asifin, Vaqifin və Azərin tərbiyə aldığı bu ailəyə hətta ermənilər də qibtə edirdi. Qayğıkeş, xeyirxah qonşu kimi bu gün də xatirələrdə ən xoş duyğularla xatırlanan bu ailədə maarifçilik ideyaları hökm sürürdü.

Qarabağda tanınmış Cahangirbəyovlar şəcərəsinin nümayəndəsi Baxış müəllimin və kəramətli bir seyid ocağının övladı Rəna xınımın başçılıq etdiyi bu ailədə təhsilə böyük maraq və diqqət var idi. Təbii ki, üç qardaşın əla qiymətlərlə təhsil almalarına atalarının - uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin Maarif Şöbəsi müdirinin müavini olmuş Baxış müəllimin təsiri az deyildi...

Asif Cahangirov 1948-ci ildə Xankəndində anadan olub, 1955-ci ildə bu şəhərdə birinci sinifə gedib. 1965-ci ildə ailəsi Sumqayıt şəhərinə köçdüyündən təhsilini bu şəhərdəki 13 №-li orta məktəbdə davam etdirib. 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin - indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1971-ci ildə ali təhsilini bitirərək kimyaçı, kimya müəllimi ixtisaslarına yiyələnib. Xaçmaz rayonunun Yergüc kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Əmək fəaliyyətini 1972-1975-ci illərdə Sumqayıt şəhərinin 18 və 22 №-li məktəblərində müəllim, 1975-1976-cı illərdə isə 17 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi davam etdirib. 1976-1980-ci illərdə isə Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Peşəsinin vurğunu olan müəllim və nəfsinin ağası olan şəxsiyyət kimi tanınan, hər şeydən əvvəl, yüksək ixtisas biliyi, pedaqoji səriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə nüfuzu, təcrübəsi olan Asif Cahangirov 1980-ci ildə Azərbaycan Respublikasının Maarif Nazirliyinə məsul vəzifələrə irəli çəkilib. O əvvəl nazirliyin Əmək təlimi və peşəyönümü şöbəsinə, 1983-1985-ci illərdə isə Baş Məktəblər İdarəsinə rəhbərlik edib.

Asif Cahangirova 1985-ci ildə Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etmək həvalə olunub. 1985-2005-ci illərdə Bakı Şəhər Baş Təhsil İdarəsin rəisi vəzifəsində Asif Cahangirov güclü təhsil strateqi kimi pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb edib. O, yüksək pedaqoji etika və mədənilik, düzlük, şəffaflıq, ədalət, səmimiyyət nümayiş etdirərək cəmiyyətdə təhsilə qarşı fərqli və xoş fikir formalaşdırmağa nail olub. Təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin kamilləşməsi istiqamətində inamlı və konkret nəticələri olan addımlar atıb.

Azərbaycan Respublikası Prezidentinin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” barədə sərəncamına uyğun olaraq, işçi qrupunun tərkibində həmin strategiyanın hazırlanmasında fəal iştirak edən Asif Cahangirovun təhsil problemləri ilə əlaqədar qəzet və jurnallarda 150-dən artıq məqalələri, müsahibələri, konfranslardakı çıxışları dərc olunub.

17 ölkəyə məqsədli təlim səfərləri zamanı keçirilmiş treninqlər, seminarlar prosesində təhsilin bütün sahələri üzrə beynəlxalq təcrübəni yerində mənimsəyən, 40-dan çox ölkənin təhsil sistemini ətraflı öyrənərək ölkə və regional səviyyədə məktəbəqədər, ümumi orta, peşə-ixtisas, əlavə (məktəbdənkənar, ixtisasartırma) təhsilin təşkili və idarəolunması, təhsilin strategiyası, səmərəliliyi və keyfiyyətin idarəolunması, tədris-təlim prosesləri, kurrikulum, dərslik, muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi və infrastrukturu, təhsildə fundamental və tətbiqi araşdırmalar, təhsil sistemində monitorinq, qiymətləndirmə və hesabatvermə sahələri üzrə müasir biliklər və zəngin təcrübə əldə edən Asif Cahangirov peşakar təhsil mütəxəssisi kimi bir çox ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təhlilini apararaq 1991-2005-ci illərdə təhsil sahəsində Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının, əsasnamələrin, Dünya Bankının təhsil islahatları layihələrinin və onları müşaiyət edən sənədlərin hazırlanmasında fəal iştirak edib. Həmin illərdə Asif müəllim məcburi köçkün və qaçqın müəllimlərin problemlərinin həll olunması işinə yüksək vətənpərvərlik hissləri ilə diqqət və qayğısını da əsirgəməyib.

Asif Cahangirov Bakı Şəhər Baş Təhsil İdarəsinə rəhbərlik etdiyi illərdə Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında Təhsil İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə (Koordinasiya) qrupunun direktoru, 2005-2010-cu illərdə Azərbaycan Beynəlxalq Bankının İnsan resursları departamenti direktorunun müavini, 2010-2015-ci illərdə isə Azərbaycan Respublikası Mərkəzi Bankının İnkişaf departamentinin direktoru vəzifələrini də icra edib. Menecment sahəsində 40 ilə yaxın iş təcrübəsi, müasir idarəetmə üzrə mükəmməl bilikləri olan Asif Cahangirov bu məsul vəzifələrdə ölkəmizin təhsil sisteminə idarəetmənin demokratikləşdirilməsi və əksmərkəzləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi istiqamətlərində həyata keçirilən işlərə dəyərli töhfələrini verib.

Asif Cahangirov hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi, İnkişaf departamentinin direktoru vəzifəsində əmək fəaliyyətini davam etdirir. O, harada olmasına, hansı vəzifədə çalışmasına baxmayaraq, daim peşəkar mütəxəssis kimi fəaliyyət göstərməsi, sadəliyi, haqqı üstün tutmağı bacarmağı, təmkini ilə fərqlənib. Sadə həyat tərzi sürməyi ilə həmişə cəmiyyətə və insanlara nümunə olub. Böyük kollektivlərə rəhbərlik etdiyi dövrlərdə qarşılıqlı anlaşma, rahat işgüzar mühit yaratmaq üçün Asif cahangirov bütün mümkün vasitələrdən istifadə edib. Və bütün bunlara görə də ona rəhbər kimi yox, daha çox qayğıkeş insan, səmimi dost, düzgün yol göstərən bir müdrik kimi yanaşıblar.

Asif Cahangirovun xidmətləri daim yüksək qiymətləndirilib. O, bir sıra mükafatlarla yanaşı Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 18 mart 2000-ci il tarixli sərəncamla "Əməkdar müəllim” fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr 2017 -ci il tarixli fərmanı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

Asif Cahangirov olduqca həssas, qayğıkeş və həm də tələbkar ailə başçısıdır. O, ömür-gün yoldaşı – Azərbaycanın tanınmış ziyalılarından biri olan, zamanında sovetlər birliyinin ən yüksək mükafatları, "Lenin”, "Qırmızı Əmək Bayrağı” və "Şərəf Nişanı” ordenləri ilə təltif olunan Abdulla Qədirovun qızı Rəna xanımla birgə Azərbaycan cəmiyyətinə üç dəyərli vətəndaş, Zöhrə, Nigar və Rövşən kimi övladlar böyüdüb tərbiyə ediblər.

...70 yaş insan ömrü üçün bütün mənalarda böyük göstəricidir və bu yaş müdrikliyin, aqilliyin zirvəsini fəth etmək üçün yetərlidir. Sözsüz ki, əgər yaşanmış illər hədər və mənasız ötüşməyibsə...

Bu baxımdan 70 illik yubileyini qeyd edən Asif Cahangirovun ömür yolları çoxlarına nümunə ola bilər. Arxaya çevrilib bu yollara nəzər salanda, həyatının mənasını zəhmətdə, halallıqda, cəmiyyət üçün dəyərli vətəndaş olmaqda görən və bu gün də ölkəmizin inkişafı üçün yorulmadan öz töhfələrini verən Asif Cahangirovun həyatı, fəaliyyəti böyük bir örnəkdir.


Hikmət Xudiyev (Cəmilzadə),

əməkdar jurnalist, tarix üzrə fələəfə doktoru,

daxili xidmət polkovniki