adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2018 11:24
5761
GÜNDƏM
A- A+

Elşad Miraləm vəzifəsindən ayrıldı

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm öz xahişi ilə vəzifəsindən ayrılıb.

Adalet.az xəbər verir ki, bu barədə Elşad Miraləm özünün sosial şəbəkədəki hesabında yazıb.

O, qeyd edib: "14 il ərzində bütün gücümüzlə, bacardığımız qədər üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə çalışdıq. Çox çətin, gərgin, nigaran günlərimiz, yuxusuz gecələrimiz oldu. Heç birinə görə peşman deyilik. Təkcə ondan narahatıq ki, valideynlərimizə, ailəmizə və dostlarımıza bizim istədiyimiz, onların arzuladığı qədər vaxt ayıra bilmədik. Anlayışla qarşıladılar, sağ olsunlar.

Dövlətimiz və millətimiz üçün çox vacib bir işlə məşğul olduğumuza inandıq. İşimizi sevdik, çünki dövlətimizi sevdik. Bu dövlətin dəyərini, hansı zəhmət və qurbanlar hesabına başa gəldiyini, övladlarımızın gələcəyinin onun varlığından asılı olduğunu dərk edərək sevdik.
Bu illər ərzində formalaşmağımızda, təcrübə qazanmağımızda zəhməti keçən, etimad göstərən böyüklərimizə təşəkkür etməyi borc bilirik.

Bizə hər zaman doğru yol göstərən, harda olmağımızdan asılı olmayaraq, siyasi təcrübəsinə, məsləhətlərinə və mənəvi dəstəyinə hər zaman ehtiyac duyacağımız Nazim müəllimə minnətdaram. Komitəyə gəlməyimizdə bilavasitə rolu olan, hər ünsiyyətimdə yeni nəsə öyrəndiyimiz Nəriman müəllimə təşəkkürlər.

Dövlət Komitəsində çalışdığım müddət ərzində yaşından və statusundan asılı olmayaraq hər bir əməkdaşın dəstəyini, sevgisini və hörmətini hiss etdim. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Mediya nümayəndələrinə təşəkkür edirəm ki, bu illər ərzində təmənnasız olaraq dəstəklərini əsirgəmədilər, qazandığımız hər bir uğurda onların da əməyi var.

Diasporumuzun hər bir üzvünə ayrı-ayrılıqda təşəkkür edirəm. Onların hər biri fədakar insanlardır. Gündəlik qayğıları ilə yanaşı, doğma Vətən üçün nəsə etməyə çalışdıqlarına və bunu təmənnasız etdiklərinə görə. Heç kimdən narazılımız, incikliyimiz yoxdur. Hər kəsə uğurlar arzulayıram. Yoldaşlarımız dəyişsə də yolumuz dəyişməzdir".