adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyun 2018 11:06
65106
MÜSAHİBƏ
A- A+

“BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSHAİBƏ

7500 namizəd arasında qalib gələrək iş təklifi alan gənc mühəndislə söhbət

-Emilya, özünüz haqda nə deyə bilərsiz?

Mən, Məmmədova Emilya, Bakı Ali Neft Məktəbinin 2018-ci il, "Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzunuyam. Hazırda dünyanın böyük neft və qaz servis şirkəti olan "Baker Hughes” şirkətində "LEAD” proqramı üzrə mühəndis olaraq fəaliyyətə başlamışam. 

-BANM-ın məzunu olmaq sizin üçün necə bir hissdir?

BANM-ın məzunu olmaq ilk növbədə çox qürur verici bir hissdir. Sözün düzü, bizim Ali Məktəbi seçəndə mənim üçün önəmli olan ingilis dilində təhsil, iki diplom və akademik mühit idi. Lakin indi mən anlayıram ki, BANM mənim üçün sadəcə təhsil aldığım bir müəssisə deyil, artıq mənim ailəmdir. Bəli, mən burada texniki biliklər əldə etmişəm, amma daha önəmlisi – insanlarla ünsiyyəti, dəyərləri və dostluqları öyrənmişəm. Hər kəsin xəbəri var ki, BANM-da qayda-qanun çox sərtdir. Etiraf edim ki, bir tələbə olaraq əvvəllər buna qarşı çıxsam da, sonradan dərk etmişəm ki, bu qayda-qanunlar bizi necə də həyata düzgün hazırlayıb. İndi biz şirkətlərə getdikdə onların sərt qaydalarına alışmaqda çətinlik çəkmirik, çünki məhz həmin standartlara uyğun tam 5 il təhsil almışıq. Ona görə də, tam səmimiliklə deyə bilərəm ki, BANM-ın məzunu olmaq qürurvericidir.

-Necə oldu ki "Baker Hughes” şirkətinə 7500 namizəd arasından seçildiniz?

"Baker Hughes” şirkətinin "LEAD” adlı bir proqramı var. Bu proqramın məqsədi gələcək liderləri, menecerləri yetişdirməkdir. Proqram haqqında isə sosial şəbəkələrdən xəbər aldım və elə həmin dəqiqə müraciət etdim. Bir neçə gün sonra artıq mənə onlayn testlər göndərdilər. Tam 5 mərhələdən ibarət testlər oldu. Bura məntiq, mexaniki testlər, psixoloji testlərədək daxil idi. Sonra iki intervyu oldu və yarım finala keçdiyim haqda xəbər aldım. Yarım final çox çətin bir mərhələ idi, bizi müxtəlif yoxlamalardan keçirmişdilər və rəqabət hədsiz güclü idi. Lakin, bir zəng gəldi və mən şad xəbəri aldım. Rusiyanın Tümen şəhərində olacaq finala dəvət almışdım. Sevincimi təsəvvür belə edə bilməzsiz. Bu mənim üçün çox böyük uğur idi. Və nəhayət, Tümendə sonuncu mərhələ baş tutdu. Burada artıq bütün regiondan – Rusiyadan, Qazaxıstandan, Azərbaycandan namizədlər, profesional mühəndislər gəlmişdi. 24 saat davam edən bu mərhələnin sonunda onu uğurla keçdiyimi öyrəndim və nəticədə şirkət tərəfindən aparıcı sahə mütəxəssisi vəzifəsinə iş təklifi aldım.

-Bu uğurunuz üçün kimə təşəkkür edərdiz?

İlk növbədə anama - həyatımdakı ən dəyərli insana. Həyatımın hər bir anında yanımda olan, mənə dəstək olan mənim anamdır. Necə ki, BANM-a daxil olmaq uğurumun arxasında anam idi, eləcə də bütün sonrakı uğurlarımda məni ruhlandıran odur. Anamdan başqa, təbii ki müəllimlərimə də bu uğuru borcluyam. Hər bir müəllimimin, mənim üzərimdə əməyi var. Hər biri mənim hansısa xüsusiyyətimin formalaşmasında böyük rol oynayıb. Hər birinə təşəkkür edirəm. Qeyd etdiyim kimi, BANM mənim üçün artıq bir ailədir, bir həyat məktəbidir. Və təbii ki, hörmətli rektorumuz Elmar Qasımova da təşəkkür edirəm. O bizim üçün sadəcə təhsil müəssisənin rəhbəri yox, bir ailə başçımız kimi doğma olub. Təhsil aldığımız bütün müddət ərzində hər bir tələbəyə qayğı ilə yanaşıb. Və mən əminliklə deyə bilərəm ki, onun mənim üzərimdə ən az bütün müəllimlərim qədər, ailəm, dostlarım qədər əməyi var və bu səbəbdən mən ona çox minnətdaram.

-Emilya, bir insanın uğuru şanslı olmağından irəli gəlir yoxsa necə?

Şans yaxşı bir amildir, amma həmişə olmur. Şəxsən mən heç vaxt şansa güvənməmişəm. İnsan öz şansını, öz uğurunu özü yaratmalıdır, öz gücüylə məqsədlərinə çatmalıdır. Bunun isə arxasında: bilik, bacarıq, insanlarla ünsiyyət, dünya standartlarına uyğunlaşma, ambisiya və məqsədlər kimi amillər durur.

-Təhsilinizi gələcəkdə harada davam etdirməyi düşünürsüz?

Hazırda karyerama daha çox fokuslanmağı düşünürəm, yaxın gələcəkdə isə ola bilsin distant təhsil alım.

-Gələcəklə bağlı fikirləriniz nədən ibarətdir?

Qeyd etdiyim kimi, mənim üçün ön planda olan karyeramdır və hazırda işimdən çox razıyam. Bu istiqamətdə davam edərək, bilik və bacarıqlarımı təkmilləşdirib, işimdə daha çox uğurlara nail olmaq istəyirəm. Həmçinin, olduğum hər yerdə vətənimi layiqincə təmsil etmək arzusundayam. Ümid edirəm, bu məqsədlərimə nail olaraq Ali Məktəbimizin də adını daim uca tutaram.

-BANM-ın məzunu olaraq tələbə olmaq istəyən gənclərə nə demək istərdiz?

Demək istərdim ki, BANM-ın tələbələr üçün yaratdığı fürsətəri siz də analiz edin, dəyərləndirin. İndidən qərar verin – özünüzü gələcəkdə harada görmək istəyirsiz? Əminəm ki, əldə etmək istədiklərinizi sizə yalnız BANM verəcək. Məqsədlərinizi müəyyənləşdirin və onlara doğru əmin addımlarla irəliləyin. Abituriyentlərin hər birinə uğurlar arzu edirəm və deyirəm: uğurunuzu şansa buraxmayın, onu özünüz yaradın!