adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2018 15:31
93050
MÜSAHİBƏ
A- A+

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

Məsul dövlət vəzifələrində çalışmış, 18 ilə yaxın Füzuli rayonuna rəhbərlik etmiş Nəbi Muxtarovun bu günlərdə 70 yaşı tamam oldu. "Ədalət" qəzetinin redaktor müavini Əbülfət Mədətoğlu yubliyarla həmsöhbət olub.

Adalet.az söhbəti oxucularına təqdim edir:

... Bütün mövcudluqların başlanğıcı var. Necə ki, sevginin və nifrətin başlanğıcı olur. Necə ki, arzuların və ümidlərin başlanğıcı olur. Amma çox qəribədir ki, bütün başlanğıclar sevincə köklənmir. Məsələn, gündüzün sonu gecədir. Gecə başlanğıcına sevinmir. Çünki, gün bitir, günəş arxa plana keçir, gündüz isə öz başlanğıcına sevinir. Çünki, gecə bitir, qaranlıq çəkilir. Mən insanları da beləcə, iki hissəyə bölmək, iki qrupda birləşdirmək istəyirəm – həyatı, yolu, əməli heç nə ifadə etməyən, cəmiyyətə heç nə verməyən, qaranlığı daha çox xatırladan insanlar, bir də şam kimi yanan, günəş kimi şölə saçıb, varlığı ilə təkcə çevrələrini deyil, bütövlükdə cəmiyyəti qaranlıqdan keçirən, işığa bələyən gündüz adamlar, gün işıqlı adamlar...

İndi üz-üzə oturduğum və nə vaxtdan bəri içimdə dolandırdığım sualları ünvanlayacağım İNSAN da həmin o, gün işığı adamların ən işıqlılarından biridir. Və indi gün işığıyla, gün işıqlı ADAMla müsahibəm və ona...

Nəbi müəllim, siz ədəbiyyatı, folkloru yaxşı bilən ziyalılarımızdan birisiniz. Gəlin, bir anlıq yüz il bundan önə gedək. Uçan xalçanın üstündə, yaxud büründüyümüz sehirli xalatda. Orda Muxtarovların yeni nəsli ilə qarşılaşaq və onlar sizin kimliyiniz ilə maraqlansınlar. Bax, bu məqamda Nəbi Muxtarovun özünü təqdimatı necə olacaq?

İlk sözüm... təbii ki, müstəqil Azərbaycanın həqiqi vətəndaşlarından biri olmuşam və bunun ardınca da Muxtarovların öz zamanında üzə çıxan, nəslimə, aid olduğum çevrəyə vicdanla hörmət qazandırmağım olub! – deyərdim. Ardınca da vurğulayardım ki, öz həyatım haqqında danışmaq ixtiyarını zamana və mənim zamanımın adamlarına verərdim. Çünki, ən böyük hakim zamandı, bir də kənar müşahidəçilər, necə deyərlər, xalqın gözü tərəzidir. Zaman, məkan və şəraitin bir-biriylə kəsişmə nöqtəsində baş verən hadisələr kimin kimliyini və göstərdiyi xidməti özü birmənalı şəkildə ifadə edir. Və indinin özündə də elə o dediyiniz yerdə, vaxtda da mənim demək istədiyim bircə kəlmə var: çalışın ailənizə, millətinizə, vətəninizə layiq olun. Gəlin, burda bir məqamı unutmayaq. İçində olduğumuz zamana, yaşadığımız hadisələrə, bizi əhatə edən mühitə hərənin öz münasibəti var. Hər kəs baş verənlərə öz bildiyi, anladığı kimi qiymət verir. Amma gəlin unutmayaq ki, bugünkü tələm-tələsik, bəzən də eyforik qiymətlər müəyyən zamandan sonra öz həqiqi məcrasına dönəcək, yəni, həyat, tarix bütün deyilənləri ələkdən keçirib, gerçəyi saxlayacaqdır. Çox istərdim ki, onlar mənim həyatımı mükəmməl bir əsərin səhifələri kimi oxusunlar. Onda məni daha yaxşı tanıyıb, daha yaxşı duyacaqlar. Əgər oxusalar inanıram ki, məni təkrarlamaq, mənə oxşamaq yox, məndən qat-qat yaxşı olmaq istəklərini gerçəkləşdirəcəklər. Məhz onda mən yaşadığım, çalışdığım üçün peşman olmayacam. Bilirsiniz, mənim atam ədəbiyyat müəllimi olub, sonra da məktəb direktoru. O, Şeyx Nizaminin "Xəmsə”sini əzbər bilirdi. Gözəl mütaliəçi idi və mən də atamın bu mütaliə sevgisini, ədəbiyyata həsr etdiyi ömrünün işıqlı tərəflərini əxz eləmişəm. Az qala hər yeni əsəri səbirsizliklə gözləmişəm, kitabları acgözlüklə oxumuşam. Kitab adamları istiqamətləndirir.

Ədəbiyyatın içində olan atam çox dürüst kişi idi, səmimi insan idi, ancaq gerçəyi danışmağı bacarırdı. Ona görə də mən sizinlə bu müsahibəmdə yalnız gerçəyi danışacam ki, gələcək Muxtarovlar bu gerçəkdən məni tanısınlar, məndən öyrənsinlər və nəsillərinin kimliyindən xəbərləri olsun.

Gəlin elə o gerçəkdən başlayaq. Bir Azərbaycan vətəndaşı kimi bilirəm ki, Nəbi Muxtarovun cəmiyyətimizdə bütöv, oturuşmuş bir obrazı var. Hətta mən belə deyərdim ki, Nəbi Muxtarov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Füzulidəki variantıdır, ifadəsidir. Yəni, siz Füzuli üçün örnək ola bilən bir şəxsiyyətsiniz. Özünüz də bayaq örnək olmaq fikrini qabartdınız. Bax, bu mənada həyatınızda örnəyiniz kim olub?

Əvvəldə dediyim kimi, insanı, şəxsiyyəti yetişdirən, şərait, zaman və məkandı. Burada şəraitin üzərinə yük bir az artıq düşür. Allah rəhmət eləsin Ulu Öndərə, onun Azərbaycan üçün xidmətləri birmənalıdır. Kimlər, hansı donu geydirsələr, hansı iftiralar atsalar da o böyük insanın üzərinə köl­gə sala bilməyəcəklər. Mən bunu cəsa­rətlə və əminliklə deyirəm. Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə qayıdanda ölkədə vəziyyət son dərəcə xaotikdi, aləm bir-birinə qarışmışdı. Müəyyən qüvvələr də gizli ssenarilər hazırlamışdılar və həmin ssenarilərə görə ermənilər daha bir neçə rayonumuzu işğal etməliydilər ki, xalqın öz liderinə ümidi, inamı qırılsın. Bax, belə bir vaxtda Heydər Əliyev öz təmkini, qətiyyəti və uzaqgörənliyi ilə ölkə rəhbərliyini öz nəzarəti altında toplaya bildi. Araqarışdıranları, qarşıdurma yaratmaq istəyənləri çox məharətlə meydanlardan çəkindirdi. Və o, öz ətrafına işləyə bilənləri topladı, özü də kimliyindən asılı olmayaraq, yalnız bacarıqlıları axtarıb tapırdı. Doğrudur, Ulu Öndər məni öncədən də tanıyırdı. Mən onun kadrı olmuşdum, onun rəhbərliyi altında işləmişdim və nazir müavini səviyyəsinə gəlib çatmışdım. Hadisələrin həmin o qızğın vaxtında İmişli rayonunda qaçqınlarla bağlı keçirilən tədbirdə idim. Mənə çatdırdılar ki, Ulu Öndər səni Bakıya çağırır. Dərhal paytaxta qayıtdım və yaxınlarımdan öyrəndim ki, cənab Heydər Əliyev məni Füzuliyə başçı təyin etmək istəyir. Adətən, kimisə hansısa vəzifəyə irəli sürəndə öncə yüksək səviyyədə onunla söhbət aparılır, fikir öyrənilir, ancaq mənimlə heç bir söhbət aparılmadı. İmişlidə ezamiyyətdə olarkən mənim namizədliyim Ulu Öndərimiz tərəfindən irəli sürülübmüş. O, məni qəbul edəndə dedi ki, səni Füzuliyə başçı göndərirəm! Mən cavabında bircə kəlmə dedim: Cənab Əliyev, sizin rəhbərliyiniz al­tında əsgər kimi cəbhədə döyüşməyə də hazıram. Mənim bu cavabımı o, özünəməxsus təbəssümü ilə qiymətləndirdi və əlimi sıxaraq dedi: Get işlə, nə çətinliyin də olsa, çəkinmə, mənimlə əlaqə saxla.

Siz hara getdiyinizdən, hansı vəziyyətdə işləyəcəyinizdən, sizi nələrin gözləyə biləcəyindən xəbərdar idiniz.

Bəli, mən bir füzulili kimi rayonumda baş verən bütün hadisələrdən xəbərdar idim. Mənim doğmalarım, qohum-əqrabam da həmin hadisələrin içində idilər və Füzulidəki siyasi vəziyyəti də çox gözəl anlayırdım. Rayonda gedən qütbləşmədən də, adamların bir-birinə silah çəkməsindən də xəbərdar idim. Amma yenə deyirəm, rəhbərim Heydər Əliyev olduğundan mənhər şeyi göz önünə aldım və bildim ki, meydanda tək qalmayacam. Ona görə də dərhal Füzuliyə getdim. Ulu Öndərimiz mənim bütün fəaliyyətimi izləyirdi, rayonla bağlı bütün istək və arzularımı dərhal yerinə yetirirdilər. Məhz bu səbəbdən də qısa bir vaxtda Horadiz qəsəbəsi də daxil olmaqla 22 kəndimiz işğaldan azad edildi, 60 nəfərdən artıq Füzuli sakini öz torpaqlarına qayıtdı. Qəsəbələr salındı, kəndlər bərpa olunmağa başladı, on illərlə arzuladığımız və Sovet dönəmində nail ola bilmədiyimiz bir istəyimiz də gerçəkləşdi. Bu, Horadiz qəsəbəsinə şəhər statusunun verilməsi idi. Füzulidə işləyən, tapşırığı yerinə yetirən bizlər olsaq da, bütün ideyaların müəllifi və həm də bu ideyaların həyata keçməsinə dəstək verən Ulu Öndər idi. Bu gün də faktiki olaraq 120 min nəfərdən artıq əhalisi olan rayonumuzun 60 mindən çox sakini öz torpağında, öz evində yaşayır. Hələ mən onu demirəm ki, infrastrukturun bərpası, Su Elektrik Stansiyasının istifadəyə verilməsi, Dəmiryolunun işə düşməsi, yeni məktəb, xəstəxana, uşaq bağçası, sosial obyektlərin tikintisi, qaçqın qəsəbələrinin yaxınlığında sakinlərə torpaq sahələrinin ayrılması məhz Ulu Öndərimizin real dəstəyinin bəhrəsi idi.Nəbi müəllim, müşahidələrim əsasında yaddaşıma yazdığım faktlar var, indiki kimi gözümün önündədir. Siz öncə İmişli, sonra Beyləqan ərazisində məskunlaşan Füzuli rayonunun icra strukturunu, idarə və müəssisələrinin rəhbər işçilərini öncə Füzulinin azad olunmuş kəndlərinə, sonra isə Horadiz qəsəbəsinə köçürtdünüz. Yəni, füzulililər hər hansı bir arayış üçün müxtəlif rayonlara deyil, birbaşa Horadizə üz tutmaq imkanı qazandılar. Digər bir məqam da o oldu ki, siz Füzulinin sərhədini müəyyənləşdirdiniz. Yəni, digər rayonlarda olduğu kimi, Füzulinin də giriş qapısı tikildi. Mən özüm üçün bunun nə demək olduğunu az-çox bilirəm, ancaq çox istərdim ki, siz Füzulinin qapısı nəyi özündə ifadə edir, sualına cavab verəsiniz.

Bu, bir həqiqətdir ki, Füzulinin dağlıq hissəsini, eləcə də bu gün işğal altında olan ərazisini düşmən zəbt eləmişdi. Bu həqiqətlə yanaşı, bir təəssüf doğuran fakt da vardı – Füzulinin işğal olunmasından istifadə edən qonşu rayonların bəzi işbazları rayonumuzun torpaqlarının müəyyən hissəsini zəbt etmişdilər. Bir növü, bizim özümüzə son dərəcə gərəkli olan və ehtiyacını yaşadığımız torpaq qıtlığı problemə çevrilmişdi. Mən də əlaqədar təşkilatların rəhbərləri ilə danışıb, Füzuli rayonunun qonşu rayonlarla sərhədini müəyyən etdirdim. Bu yolla biz 24 min hektar torpağımızı geri qaytardıq və həmin ərazilər də rayonumuzun sakinlərinin istifadəsinə verildi. Qapını tikib, onun üzərinə "Füzuli” sözünü həkk etdirməklə demək istədim ki, buyurun, baxın, eşidin, Füzuli var, olub, olacaq və Füzuli buradan başlayır. Və həmin qapıdan keçəndən beş-on dəqiqəlik yol məsafəsində qəsəbələr salındı və orada məskunlaşan insanlarımızın hər birinə on iki sot həyətyanı, həmçinin iki hektar əkin sahəsi ayrıldı. Sakinlərimiz burada daha çox dənli bitkilərin, bostan məhsullarının əkini ilə məşğul oldular. Bu da adamların geriyə dönüşünə bir stimul oldu. Qəsəbənin bütün sosial problemləri də öz həllini tapmışdı.

Nəbi müəllim, söhbətimizin əvvəlində də xatırlatdıq. Siz Füzuliyə gələndə rayonda artıq çox sular axıb bulanmışdı. Yəni, Sovet dönəminin Füzulisindən heç nə qalmamışdı. Təkcə quruluşun yox, həm də Füzulinin özündə bir neçə dəfə baş verən hakimiyyət dəyişikliyi, icra başçılarının bir-birini əvəz etməsi, silahlı dəstələr, hətta köhnə dostların, silahdaşların bir-birinə düşmən kəsilməsi faktları da göz önündəydi. Bax, belə bir vaxtda siz Füzuliyə başçılıq etməyə başlamışdınız.

Əslində, Füzuli camaatı çox rahat, səmimi, çörəkverən, bir-birini anlayan camaatdı. Faktiki olaraq bunlar hakimiyyət məsələsində parçalandılar, bölündülər. Ön­cə partokratlar, sonra cəbhəçilər, sonra sürətçilər, bax beləcə, parçalanma baş verdi. Qarşıdurmalar böyüyüb, çox kritik bir məqama gəlib yetişmişdi. Kimsə onları bir araya gətirməli, vəziyyəti ələ alıb, hər kəsə öz yerini döstərməliydi. Çox şükür ki, mən buna nail ola bildim. Kim ümumi işin ziddinə addım atırdısa, ona qəti mövqe göstərirdim, amma kim ki, təsadüfdən, yaxud bilməyərək yanlış yolda idisə, mən ona əl uzatdım və beləcə, qarşıdurmanı aradan qaldırdım, əvvəlki münasibətləri bərpa edə bildim.

Nəbi müəllim, siz tək-tək rəhbər işçilərdənsiniz ki, sizin üçün vəzifə dəyişmək, istefa vermək, təqaüdə göndərilmək kimi anlayışlar heç bir əhəmiyyət kəsb etmir. Yəni, siz nazir müavini olanda da, İcra Hakimiyyəti başçısı olanda da, hətta indi təqaüddə olduğunuz vaxtda da Füzuli həmin Füzulidi, füzulililər həmin doğmalarınızdı. Siz onlardan nə qaçmırsınız, gizlənmirsiniz, nə də onların xeyir-şərindən kənarda qalmırsınız. Bir az da sadə şəkildə söyləsəm, siz həmişə, hər yerdə el-obanın, camaatın yanında, arasında, məclisindəsiniz.

Bilirsən, Əbülfət, sənə bir şey deyim, camaatdan qaçmaq olmaz, heç qaçmaq mümkün də deyil. Əgər günahkarsansa, camaatın gözündən qaçsan da, dilindən qaça bilməyəcəksən. Mən Füzulidə doğulmuşam. Orda işləmişəm, camaatın gözü önündə komsomolun şöbə müdiri, ikinci, sonra birinci katibi olmuşam, raykomda təlimatçı, şöbə müdiri, rayon sovetinin sədr müavini, Aqrokombinatın direktoru... Nazir müavini olana qədər mənim bütün fəaliyyətim Füzuli ilə bağlı olub. Füzulidə bütün kəndləri və hamını tanımışam, bütün kəndlər və hamı da məni tanıyıb. Hətta burda bir haşiyə çıxıb, yadıma düşmüş bir faktı demək istəyirəm. Mənim təbiətimdə belə bir xüsusiyyət var - boş danışmağı, nəyinsə xatirinə vəd verməyi xoşlamıram, ən vacibi isə Füzulidən olan qızların, qadınların hərəkətləri mənim üçün həmişə xüsusi bir anlam daşıyıb. Özümü qeyri-ixtiyari onların qoruyucusu hesab etmişəm. Deməli, Aqrokombinatın direktoru idim. Səhər-səhər getdim Qərvənd kəndinə. Köhnə bir idarə binası var idi, oraya daxil olanda gördüm ki, bir qarayanız qız üç-dörd kişinin arasında hamıyla dilləşir. Kişilər bunu hansısa bir fikirdən daşındırmaq istəyirlər, bu da hamının cavabını verir. Salam verəndən sonra soruşdum ki, nə olub, nə baş verib? Məlum oldu ki, təsərrüfatda bir sahə aqronomu ştatı var və həmin xanım da ixtisasca aqronomdu, indi də həmin vəzifənin davasını edir. Onun ətrafına toplaşanlar da bunun qadın işi olmadığını əsas gətirib onu çəkindirməyə çalışırlar. Mən üzümü xanıma tutub dedim:

Gəl belə danışaq. Sən xanımsan, bir az səsinə, danışığına nəzarət elə. Bəlkə kənardan hansısa bir cavan oğlan səni müşahidə edir, səninlə ailə qurmaq istəyir. Sən birinci, xanımlığını düşün. O ki qaldı vəzifəyə Aqrokombinatın baş direktoru mənəm, təsərrüfatlara ştatları da mən verirəm. Sənə də günü sabah ştat göndərəcəm, başla işlə, amma xanımlığını yaddan çıxartma. Sonralar həqiqətən o xanımın gözəl bir ailəsi oldu. Qaçqınlıq zamanı qarşılaşanda nəvələriylə çıxmışdı qarşıma.

Yəni, bu faktı ona görə xatırladıram ki, Füzuli mənim evimdi, ailəmdi, doğmalarımdı, bütövlükdə mənim özümdü, mən onun bir hissəsiyəm. Heç bir vəzifə əbədi deyil. Əbədi olan insanlıqdı, vətəndaşlıqdı. Doğulduğun yeri təmsil eləmək haqqıdır, bunu qazanmaq lazımdı. Mənim yaxşı, pis nəyim varsa, Füzulimlə, camaatımla bağlıdı. Doğrudur, bəzən zaman, mühit kimlərəsə təsir edir, onları korlayır, yaxud korlamağa çalışır. Amma dürüst dostluq, yoldaşlıq, ağıllı məsləhətlərə qulaq asmaq adamı yad təsirlərdən qoruyur. Mən Füzuliyə başçı gedəndə burada əvvəlki zamanlarda birgə işlədiyim, yaxından tanıdığım adamlarla əlaqə yaratdım, amma bir şey var ki, həmin münasibətlər vaxtı onların da müəyyən qisminin dəyişdiyini, zamanının adamı olduğunu anladım. Gördüm ki, xarakterləri zamana görə dəyişib. Amma mən onlardan ayrılmadım, yavaş-yavaş onları öz ilkin variantlarına qaytara bildim, biz bir ansamblda təmsil olunmağı bacardıq.

Nəbi müəllim, etiraf edək ki, bəzən rəhbər işçilərin özlərindən daha çox ailələri - xanımı, övladları rəhbər kimi davranır, ətrafa meydan oxuyurlar. Belə faktlar kifayət qədərdir. Sevindirici haldır ki, sizin həyatınızda mən və bütün füzulililər bunu müşahidə etməmişik.

Əvvəla, vəzifə ailə üçün deyil və burada ümumiyyətlə ailəlik bir iş yoxdur. Mən Füzuliyə gedəndə orada yaşayan əhalinin hardasa 30 faizi əlisilahlı idi. Bu, həm düşmənlə üz-üzə dayanmağın, həm də ailəsini, təsərrüfatını qorumağın tələbi idi. Eyni zamanda adamların bir-biriylə münaqişəsinin göstəricisi idi. Mən qısa zamanda bunu aradan qaldırdım. Ümumiyyətlə, mənimlə işləyənlərin də verdikləri informasiyaları araşdırmadan reaksiya verməmişəm. Doğru olduğuna əmin olduqdan sonra qərar vermişəm. Bilirsiniz, dərk etmə nisbidir. Hər kəs öz qavradığı, dərk etdiyi səviyyədə hərəkət edir və elə bilir ki, həqiqət onun anladığı qədərdir. Hər kəsin həqiqəti ola bilər, amma ümumun həqiqəti hər kəsin həqiqətindən üstündür. O ki qaldı ailəmin mənim işlərimə müdaxiləsinə, birinci, mən Sovet dövrünün partiya tərbiyəsini almışam, vəzifənin kimə verildiyini bilirəm. İkinci də mənim xarakterim bütövdür. Mən öz hərəkətlərimi izləyə, nəzarətdə saxlaya bilirəm. Və mən birmənalı şəkildə rayonda işləməyə getmişəm, hətta ən kiçik məsələləri belə, öz ailəmin, evimin məsələsi kimi dəyərləndirib, o nöqsanı aradan qaldırmağa çalışmışam. Sizə bir fakt deyim, onu yəqin ki, siz bilirsiniz. Rayonda bir iaşə obyekti var idi. Müştəriləri bol olan bir yerdi. Bir gün öyrəndim ki, bu müştəri "axını”nın səbəbi obyekt sahibinin oraya kənardan cəlb etdiyi qadınlardı. Bir gün mən yolu keçəndə çay içmək bəhanəsiylə döndüm ora, obyekt sahibini çağırdım və soruşdum:

Sənin işə ehtiyacı olan xalan, bibin, dayın, yaxud onların evində qızları, gəlinləri yoxdur, niyə onları gətirib, normal əmək haqqı verib burda işlətmirsən? Həm evinə halal pul apararsan, həm adın sürtüklərlə birlikdə çəkilməz, həm də Füzulinin adı başqa yerdə hallanmaz.

Ertəsi gün eşitdim ki, obyektdə "təmizlik” işləri aparılıb. Bunu mən Füzuli üçün, namusumuz üçün etdim.

Bəli, mən daxilən rahatam, bilirəm ki, gücüm çatanı, bacardığımı, təbii ki, öncə Ulu Öndərimizin, sonra onun varisi cənab İlham Əliyevin köməkliyi ilə Füzuli üçün etmişəm. Ona görə də öz el-obamdan heç bir giley-güzarım da yoxdur və onların heç bir tədbirindən, dəvətindən yayınmamışam. Ümumiyyətlə, başçı işlədiyim illər ərzində mən mərhum Heydər Əliyevin və cənab İlham Əliyevin Füzuliyə diqqətinin, qayğısının həm canlı şahidi, həm də onların göstərişlərini Füzulidə reallaşdıran nümayəndə olmuşam və bununla da qürur duyuram. Və təsəvvür edin ki, işdən təqaüdə göndəriləndə də, elə indi də heç nə üçün təəssüflənmirəm.

Nəbi müəllim, hər bir insanın yaşının müxtəlif dövrünün nişanəsi olan dostları var. Sizin orta məktəb, komsomol, partiya və digər illərinizin dostları necə, varmı, kimlərlə görüşürsünüz?

Özün də bilirsən ki, mən səkkizinci sinfə qədər kəndimizdə, doqquz-onuncu sinifləri isə keçmiş Martuni, indiki Xocavənd qəsəbəsindəki internat məktəbdə oxumuşam. Maraqlıdır ki, icra başçısı olanda orta məktəb yoldaşlarımı dəvət etdim, görüşüb 44 illiyimizi qeyd etdik. Qızlar nənə olmuşdular, oğlanlar baba. Az qala bütün günü danışdıq, söhbət etdik, xatirələri çözdük, şəkillər çəkdirdik. Sinif yoldaşlarımdan ərləri Qaradağlı kəndində şəhid olanlar vardı...

Dünyada bir həqiqət var: Sən düz ol! Yoldaşlıqda da, adamlıqda da bir sifətin olsun, arxada başqa oyunlar oynama. Onda hər bir çətinliyi keçəcəksən, onda kimliyin göz qabağında olacaq. Bu mənada mən Füzulidə hamıya əmioğlu, dayıoğlu, bibioğlu, bacı, xala, mama, yəni qohum kimi baxmışam yəni füzulililər hamısı mənim doğmam olub. Bəzən respublikanın müxtəlif rayonlarına səpələnmiş füzulililərlə görüşəndə kimsə bir az uca səslə və yaxud çox danışanda demişəm ki, özünə hörmət elə, mövzunu uzatma, burda dediyini başqa yerdə təkrar eləmə, bir-birimizi dinləyək, başa düşək, öz problemimizi də özümüz həll edək. Bilmək lazımdır ki, həyat diktə edir. O diktənin içində yaxşısı da var, pisi də. Onu seçməyi bacarmaq lazımdı. Mən Füzulidə bu cür işlədiyimdən adamların mənə münasibəti ilk gündən mehribançılığa doğru dəyişməyə başladı. Mən camaatımdan da, dostlarımdan da gileyli deyiləm. O ki qaldı dostlara, yəqin siz də bilirsiniz. Onların içərisində məktəb illərinin dostları xüsusi yer tutur. Sonra mənim komsomolda işlədiyim illərin dostları var. Amma onu da deyim ki, icra başçısı işlədiyim dövrün başçı dostları o birilərinin kölgəsində qalır, çünki onlar siyasiləşmiş dostlardır. Tutaq ki, mənim "komsomol” illərimin dostu Çingiz Fərəcovun xətrini çox istəyirdim, onun iş görmə bacarığı, icraçılıq məharəti, mütaliəsi, savadı çox yüksək idi. Allah rəhmət eləsin! Yadımdadı, o, bir dəfə Komsomolun Mərkəzi Komitəsinin nümayəndəsi kimi rayonumuza da gəlmişdi. Aramızda kiçik bir anlaşılmazlıq üzündən inciklik də olmuşdu. Mən Füzuli Rayon Komsomol Komitəsində şöbə müdiri vəzifəsində işləyəndə mədəmdə problem yaranmışdı. Müalicə olunmaq üçün sanatoriyaya getmək tövsiyə olunurdu. Gəldim Komsomolun Mərkəzi Komitəsinə, burada Lavrenov deyilən bir nəfər həmin işlərə baxırdı. Ona müraciət etdim "yox” deyib, məni əliboş yola saldı. Dəhlizdə Çingizlə qarşılaşdım, məsələni ona dedim. O da mənə bildirdi ki, Lavrenov qorxaq adamdı, qayıt bir də get onun yanına, əsəbi şəkildə haqqını tələb et, de ki, etməsən, yuxarı şikayət edəcəm. Çingizin dediyi kimi etdim. Lavrenov mənə putyovka da verdi, mükafat da ödədi, hətta putyovkanın pulunu da komsomolun hesabına ödədi və dedi ki, səs-küy salma, çıx get dincəl. Sözüm odur ki, Çingiz kinli adam deyildi, rayonda olan gileyimizi Bakıya qayıdanda unutmuşdu. O, çox qəribə bir xarakter sahibi idi.

Nəbi müəllim, Füzulidə bacarıqlı kadrlar çox olub. Onlardan biri də rəhmətlik Cavanşir Məmmədov idi. Onu necə xatırlayırsınız?

Mən rəhmətlik Cavanşir müəllimlə bir­likdə işləməmişəm, amma onun xətrini çox istəmişəm. Onun bir şəxsiyyət kimi, raykomun birinci katibi kimi fəaliyyətini, hərəkətlərini çox yüksək qiymətləndirmişəm. O, prinsipial və təmiz adam idi. Onun bir xüsusiyyəti də var idi ki, əhatəsində işləyənləri iki-üç ildən bir dəyişirdi. Yəni, yaxşıları yönəldirdi, qabağa çəkirdi. Ona görə də onun ətrafında kadrlar inkişaf edirdi. Füzuli rayonunda uzun müddət ətalət hökm sürürdü - heç bir kadr dəyişilib, irəli çəkilmir, inkişaf etdirilmirdi. Amma rəhmətlik Qədim Əhmədov Füzulidə rəhbər olanda Füzulidə xeyli işlər gördü. Üzüm bağlarının salınması, emal müəssisələrinin tikilməsi onun adıyla bağlı idi. Əhməd Əhmədzadə rəhbər seçiləndə isə kadr məsələsində daha fəal oldu. Onun dövründə mən nazir müavini, Aslan Mehdiyev Mərkəzi Komitədə və başqaları müxtəlif yüksək vəzifələrdə yer tuta bildilər. Yəni, o, bacarıqlıları, savadlıları irəli çəkməklə onların yerinə yenilərinin gəlməsinə maraq göstərirdi ki, bu da kadr hazırlığını inkişaf etdirirdi.

Sovet dönəmində bir partiya yolu vardı. Onun içərisində də Cavanşir Məmmədovun öz yolu, Nəbi Muxtarovun öz yolu, Aslan Mehdiyevin öz yolu vardı və bu yolların hamısı sonda gəlib Heydər Əliyev yolu ilə qovuşurdu. Bəs bu gün necə?

Sosializm sözünü də dilə çox almırlar, partokratları da sevmirlər, amma bir həqiqəti qəbul etmək lazımdır, sosializm deyilən anlayış bütövlükdə bəşəriyyətin arzusu olub...

Yəni, ideal cəmiyyət... Nizaminin əsərlərində də var.

Lenini ola bilsin ki, kimlərsə sevməsin. Amma Lenin böyük filosof olub. Bir dövlətdə sosializm qurmağa nail olub. Leninin dəfnində çıxış edən bir ingilis alimi vurğulayıb ki, ən böyük düha səbirli olmaq istedadından ibarətdir, lakin mən bu gün etiraf edirəm ki, ən böyüklük bəşəriyyətə məxsus olan bir fikri bir insan beynində təcəssüm olunmasıdır. Yəni, milyonların fikri bir insanın beynində təcəssüm edir. Cəmiyyətdə müxalif, iqtidar qarşıdurmaları həmişə olub, amma bir məsələni bilmək lazımdır ki, kimsə özü başa düşdüyü kimi duyur və qəbul edirsə, bu doğru deyil, cəmiyyətin başa düşüb qəbul etdiyi doğrudur. Alman yazıçısı Henri Knoblox yazır ki, birinci adam olmaq çətindi. Yəni, səni bir müəssisəyə direktor seçiblər, işə tez gəlirsən deyirlər ki, direktor olandan hamıdan tez gəlib oturur burda, heç bir iş də görmür, gec gəlirsən deyirlər direktor olandan işə gəlmir. Danışırsan, deyirlər direktor olandan imkan vermir biz də danışaq, danışmırsan deyirlər heç nə bilmir. Bəs onda neyləyəsən? Bax, bu mənada hamı danışır, etiraz edir, amma heç kim tikilən evə gözəllik verəcək, onu dayanaqlı edəcək ortaq məxrəc göstərmir, razılığa gəlmək istəmir. Məncə, qarşılıqlı anlaşma cəmiyyəti inkişaf etdirər.

Sizi bir xatirə anına da çəkmək istəyirəm. Rəhmətlik Şamama Həsənova, eləcə də digər qəhrəmanlar yəqin ki, yadınızdadır? Ümumiyyətlə, bu qəhrəmanlıqlar sizin üçün nə demək idi?

Bəli, bu bir tarixdi. Onlar əmək qəhrəmanları idilər. Onlar zəhmətləriylə seçilmişdilər. Bu gün onların işinə kölgə salmaq günahdı. Şamama xanım iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Həmin illərdə Füzulidə 34 nəfər Sosialist Əməyi Qəhrəmanı vardı. Onlar taxılçılıq, pambıqçılıq və müəyyən hissəsi də heyvandarlıq sahəsində çalışan adamlar idilər. Bu da bütövlükdə dövlətin, o cümlədən də Azərbaycanın 1941-45-ci illərdən sonra stimullaşmaya, inkişafa gedən yolunun göstəricisi idi, inkişafı həvəsləndirən sürətləndirən metod idi. Təbii ki, bunun içərisində bir ideoloji mexanizm də var idi, təbliğat, təşviqat yolu ilə adamları zəhmətə, əməyə bağlamağın bir yolu idi.

Nəbi müəllim, Füzuli həm də çörək istehsal edən, çörəkli bir rayon kimi tanınıb.

Bəli, Sovet dönəmində də, ondan əvvəl də Füzulidə taxılçılıq əsas sahələrdən biri olub. Respublikamızda Füzuli və Cəlilabad rayonları taxılçılıq üzrə böyük təcrübəyə malikdirlər. Füzulidə adamların təknəsi heç vaxt çörəksiz olmayıb.

Mən bu məqama ona görə toxundum ki, siz rayona gələn kimi öncə taxıl əkininə üstünlük verdiniz.

Bəli, vəziyyət çox kritik idi. Adamlar çörək istəyirdilər. Mən hamını topladım, yəni rayon fəallarını yığdım bir yerə və hamının qarşısında dedim ki, kim nə qədər bacarır, hətta öz vəsaiti hesabına belə, şum etsin. Əkin hazır olana qədər mən toxumluq buğdanı tapıb gətirəcəm. Əgər gətirə bilməsəm, rayonu tərk edib gedəcəm. Söz verdim və Bakıya gəldim. Aidiyyatı nazirliklərə getdim. Hamı yaxasını çəkdi kənara. Məcbur olub, Ulu Öndərin qəbuluna gəldim, vəziyyəti ona danışdım. Soruşdu nə lazımdı, məndən asılı nə var? Dedim ki, cənab prezident, toxum almaq üçün pul lazımdı. Dərhal, o zaman maliyyə naziri işləyən Fikrət Yusifovu çağırdı, elə mənim yanımda soruşdu, nə qədər pulumuz var? Fikrət müəllim dedi ki, bir milyon pulumuz var, onu da sizin xarici səfəriniz üçün saxlamışıq. Ulu Öndər üzünü mənə tutub, dedi, eşidirsən də, vəziyyət necə çətindir. Bax bu cür çətinliklərin içində dövlət qururuq. Mən üzr istəyib, qapıya yaxınlaşanda arxadan prezidentin "dayan” səsini eşitdim. Gördüm ki, dəstəyi qaldırdı, öncə Taxıl Tədarükü nazirinə, sonra Kənd Təsərrüfatı nazirinə və daha bir neçə ünvana qəti tapşırıq verdi: Füzulinin başçısı gəlir, bu cavan oğlana kömək edin!

Elə həmin gün toxum məsələsi həll olundu. Qaldı bunu Füzuliyə aparmaq. Pul yox, texnika yox. Sənəddə də buğdanı ərzaq kimi qeyd ediblər, yəni mən bunu əhaliyə ərzaq kimi aparıram. Təsəvvür edin ki, şəhərin ortasıyla üst-başı tozlu, üzü tüklü, əsəbi bir vəziyyətdə gedirəm. Birdən Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində müavin işlədiyim zaman komitənin texniki təchizat şöbəsində çalışan bir oğlan çıxdı qarşıma. Görüşdük və bir az ərkyana şəkildə soruşdu ki, niyə bu vəziyyətdəsən? Dedim ki, sən canın mənimlə işin olmasın, mənim əhvalımla səninki tutan deyil. Əl çəkmədi ki, de görüm nolub? Dedim, əşi mənə pul lazımdı ki, vaqona verim, aldığım taxılı daşıyıb aparım Füzuliyə. Oğlan güldü: Vaqon lələşində, neçəsi lazımdı, sayını de! Elə bildim ki, zarafat edir, özümü aldadılmış bildim. Dedim ki, zarafatlıq halım yoxdu. O da cavabında bir az da zarafatla əminliklə dedi ki, mən vaqonları sənə versəm, sən əvəzində nə edəcəksən? Dedim, nə desən! Dedi gəl gedək, bir tikə çörək yeyək, sonra səni yola salım rayona. Üç gündən sonra gəlib Ucar dəmiryolu stansiyasından gəlib yükünü daşıtdırarsan. Rayona zəng vurdum. Güvənlik üçün polis ayrıldı. Rayonun baş aqronomu rəhmətlik Bulud Nağıyev onda sağ idi. Çağırtdırdım, səkkiz vaqon taxılı dərmanlatdım və Ucardan Horadizə yola saldıq. Taxıl rayona daşınanda elan etdim ki, buğda dərmanlıdır. Toyuq-cücəyə versəniz qırılacaq, heyvana versəniz tələf olacaq, özünüz yesəniz öləcəksiniz. Birbaşa aparın sahəyə əkin.

Həmin cavan oğlan heç kimin görə bilməyəcəyi işi bizim üçün gördü və biz də həmin il sahələrdən on iki min taxıl götürdük. Artıq hər evdə çörək var idi. Növbəti illər bu rəqəm 20 min tona çatdı. Beləliklə, Füzuli camaatı o illərin çörək sıxıntısından tamamilə qurtuldu.

Sizinlə işləyən kadrlardan kimlər yadınızda qalıb?

Açığını deyim ki, kadr əslində adamlardır. Adam var ki, işgüzardı, içi xarabdı, xıltla, məkrlə doludur, adam var ki, içdən tər-təmizdi, iş bacarmır. Bax o, içi xarab olan adamlar əlinə fürsət düşən kimi pisliklər edir. Adam da var ki, kreslo xəstəsidir, oturub dedi-qoduyla ara vurub, özünün varlığını gözə soxmağa çalışır. Komsomolda işləyən vaxtlarımda "Kommunist” qəzetinə bir hekayə yazıb çap etdirmişdim. Yazının qəhrəmanı Fərəməz kişi əslində real adam idi, yəni olmuş hadisəni yazmışdım. Onun işi demoqoqluq idi, adına Demoqoq Fərəməz deyirdilər. Rəsul Rzanın şeirindən demoqoq Fərəməzə bir sitat gətirmişdim. R.Rza yazır ki:

Binlar nə aslandı, nə dovşan,

Bunlar payız günü

Şalvarının balağına yapışan,

Pişpişidir.

Bunlar nə arvad kimi arvad,

Nə kişi kimi kişidir.

Nəbi müəllim, siz Füzuliyə başçı təyin olunduğunuz gün də, zaman da bir tarixdir. O tarixin risqlərdən ibarət olduğunu, ölüm təhlükəsinin hər an başınızın üzərində dayandığını təbii ki, bilirdiniz. Amma getdiniz və...

Əbülfət, bu tarixə bir də qayıtmayaq. Sənə bir fikir söyləyim, özün nəticə çıxar. Bir gözəl at gətir gözünün önünə. Bu at hələ yəhər, cilov tanımır, əhliləşdirilməyib. Kim üstünə qalxsa yerə çırpıb öldürəcək. Bunu bilən heç vaxt ona yaxın getməz. Mən də bunu bilirdim, sadəcə Ulu Öndərin kadrı olduğumdan, ona inandığımdan tapşırığı mənim üçün qanun idi. İkincisi, mən öz camaatımın yanına, onların sırasına qoşulmağa gedirdim ki, onları düşdükləri çətinliklərdən çıxarmaq üçün əlimdən gələni edim. İnanın ki, mən Füzuli şəhərində Rayon İcra Hakimiyyəti binasına daxil olub geri qayıdandan sonra hərbçilər mənə dedi ki, beşcə dəqiqə də ləngisəydiniz, artıq ermənilər sizi girov götürəcəkdi. Yəni, hər şeyi gözümün önünə almışdım. Biz Arazı keçəndə bir qadının oğlu şəhid oldu. Onu götürə bilmədik. Anası mənə nələr dedi, nə qarğışlar elədi, mən dinmədim. Horadizə qayıdandan sonra həmin xanım gəldi mənim qəbuluma. Dedi məni tanıyırsan? Dedim, hə. Dedi gəlmişəm səndən üzr istəməyə. Durdum ayağa və dedim ki, bacı sən oğul itirmisən. Sən üzr istəməli deyilsən, nə kömək lazımdı, sən onu de, mən gücüm çatanı edim. Bütün bunları ona görə xatırladıram ki, Füzulinin ziyalısı da, kəndlisi də, ağıllısı da, dəlisi də mənim üçün əzizdi. Hamısı mənim özümünkülərdi.

Nəbi müəllim, siz rayon rəhbəri olanda Füzuli ziyalılarıyla, Füzulinin tanınmış elm, sənət adamlarıyla münasibət qura bilirdinizmi? Onların rayona hər hansı dəstəyi olurdumu?

Həmişə və hər yerdə olduğu kimi, kömək etmək istəyən özü bu işi könüllü görür, amma dil pəhləvanı iş görməkdənsə, bəzən işə mane olur. Yəni, mən konkret ad çəkmək istəmirəm. İş görən də, görməyən də məlumdur və hər kəs bir füzulili kimi öz məsuliyyətini özü daşıyır.

Nəbi müəllim, söhbətimizin sonunda ailənizdən, övladlardan, nəvələrdən danışmanızı istərdim.

Üç qız, bir oğul atasıyam. Ali təhsil alıblar, qızlarımın üçü həkimdir və ikisi Tibb Elmləri namizədidir. Oğlum hüquq-mühafizə oqanlarında çalışır. Mən onlar üçün başqalarından fərqli nə isə düşünüb qurmamışam. Onlar öz həyatlarını özləri müəyyənləşdiriblər. Mənim böyük kitabxanam var, amma görürəm ki, nəvələrim elektron vasitələrlə, sosial şəbəkələrlə maraqlanırlar. Kitaba əl uzadan demək olar ki, yoxdur. Bu, məni bir az narahat edir, amma bilirəm ki, gec-tez hamı kitaba qayıdacaq. Nəvələr zamanla yaşayır.

Və nəhayət, özünüzdə olan nəyin nəvələrinizdə, nəticələrinizdə davam etməsini, yaşamasını istərdiniz?

Öncə mən onların yaxşı vətəndaş, yaxşı insan olmalarını istərdim. Arzu edirəm ki, elə peşə sahibləri olsunlar ki, mükəmməl bildikləri həmin peşə də dünyanın hər yerində onların ehtiyacını ödəsin, həyatlarını təmin etsin. Savadlı, mehriban olsunlar. Kimliklərini unutmasınlar.

Lap sonda Nəbi müəllim mənə səmimi cavab versin, o, evdə, ailədə demokratdı, yoxsa...

Mən də səmimi cavab verəcəm yüz faiz demokrat deyiləm. Hər kəsin öz sərhədində dayanmasını, öz yerini bilməsini tələb etmişəm, gözləmişəm. Onlar da buna əməl ediblər.

- Və nəhayət, Nəbi müəllim oxculara daha nələri demək istərdi...

- Bütün xalqımız Ulu Öndərə və prezidentimiz cənab İlham Əliyevə minnətdardır. Bu şəxslər həyatımızı yönəltmiş, bizləri öyrətməklə bugünkü uğurlara çatdırmışdır. Mən onları ömrüm boyu unuda bilmərəm. Bundan əlavə şəxsi həyatımın səhifələrində Füzuli Rayon Partiya Komitəsinin I katibi işləmiş Qədim Əhmədov və Əhməd Əhmədzadəyə, Şərabçılıq və Üzümçülük komitəsinin sədri Yunis Rzayavə həmçinin İrşad Əliyev və Firuz Mustafayevə həmişə minnətdaram! Dünyasını dəyişənlərə Allah rəhmət etsin! Yaşayanlara isə can sağlığı arzu edirəm.

... Biz Nəbi müəllimin iş otağında kitabların, albomların, şəkillərin əhatəsində etdik bu söhbəti. Tez-tez şəkillərə baxdıq, nələri, kimlərisə xatırladıq. Düşünürəm ki, bu kitabı da vərəqləyənlər Nəbi müəllimin xatirələrinin şahidləri, iştirakçıları və bir də onları yaşadacaq gələcək nəsillər Qarabağ torpağının bu müdrik və zamana çiyin verən, zamanında yerində ola bilən köhnə kişisini heç vaxt unutmayacaqlar. Çünki Füzulidə yeni açılmış bir yol var - Nəbi Muxtarov yolu. O yolun müəllifi də, memarı da, inşaatçısı da Nəbi müəllim özüdür.


Əbülfət MƏDƏTOĞLU