adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2018 15:27
13746
MƏMLƏKƏT
A- A+

“Şəmkir Aqropark” MMC-nin Lənkəranda təqdimat mərasimi keçirilib

2018-ci il iyun ayının 13-də Lənkəran şəhərindəki Mədəniyyət evində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbüsü və deputat cənab Rüfət Quliyevin təşkilatçılıq dəstəyi ilə "Şəmkir Aqropark” MMC-nin təqdimat mərasimi keçirilib. 

Tədbirdə Lənkəran, Astara, Masallı və Lerik rayonlarından olan sahibkarlar iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd "Şəmkir Aqropark” MMC-nin fəaliyyəti barədə iştirakçıları məlumatlandırmaq və Cənub bölgəsinin sahibkarları ilə MMC arasında əlaqələrin yaradılmasına köməklik göstərmək olub. Tədbiri giriş sözü ilə millət vəkili Rüfət Quliyev açıb. O, öz çıxışında ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlardan ətraflı bəhs edib və Azərbaycanda son illərdə kiçik və orta sahibkarlığa verilən böyük önəmi xüsusilə vurğulayıb. Deputat qeyd edib ki, Lənkəran rayonu da respublika iqtisadiyyatına layiqli töhfələr verir, xüsusilə rayonda sitrus bitkilərinin, çəltikçiliyin və çayçılığın inkişafına böyük diqqət yetirilir. Möhtərəm Prezidentin bu sahələrin inkişafı ilə əlaqədar verdiyi silsilə sərəncamlar onların inkişafına "yaşıl işıq” yandırıb və həmin bitkilərin əkilməsinə ikinci nəfəs verib. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər arasında Şəhər İcra Hakimiyyəti başçısı cənab Taleh Qaraşovun təşəbbüsü ilə rayonda ənənvi olaraq "Çay, çəltik və sitrus festivalı” keçirilməsi xüsusilə təqdirəlayiqdir. Sonra Rüfət Quliyev qarşıda duran vəzifələrdən bəhs edib və tədbir iştirakçılarına uğurlar arzulayıb. Tədbirdə çıxış edən "Şəmkir Aqropark” MMC-nin nümayəndələri Sadiq Namazov və Tofiq Məmmədəliyev MMC-nin yaranma və inkişaf tarixindən, əldə edilmiş uğurlardan geniş söz açıblar. Sonra müəssisənin fəaliyyətindən bəhs edən video film nümayiş edilib. Video filmin nümayişindən sonra sahibkarlardan Səfail Əzimov, Gündüz Zeynalov, Nahid Şükürlü, Fəxrəddin Canıyev, Qulaməli Hüseynov və başqaları çıxış edərək öz fəaliyyətlərindən, qarşılaşdıqları çətinliklərdən, qarşılıqlı əlaqələrin yaradılmasının zəruriliyi və yolları barədə ətraflı danışıblar. Rayonların sahibkarları və "Şəmkir Aqropark” MMC-nin rəhbərliyi ilə fərdi qaydada dialoqlar aparılıb, əlaqələr yaratmaq yolları müzakirə edilib və çoxsaylı suallar cavablandırılıb. Tədbiri yekunlaşdıran Rüfət Quliyev tədbirin keçirilməsinin əhəmiyyətindən, respublikada aqrar sahənin inkişafına verilən önəmə, kiçik və orta sahibkarlığın geniş vüsət alması üçün yaradılan münbit şəraitə görə ölkə rəhbərliyinə sahibkarlar adından minnətdarlığını bildirib və qeyd edib ki, gələcəkdə analoji tədbirlərin deputatların dəstəyi ilə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. O, qeyd edib ki, bu tədbirlər daha da təkmilləşdiriləcək və CBC telekanalının "Sahibkar saatı”nda işıqlandırılacaqdır. Sonra iştirakçılar tədbirin keçirilməsini yüksək qiymətləndirərək, Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, deputata və "Şəmkir Aqropark” MMC-nin nümayəndələrinə təşəkkür edib, rayonda həmin MMC-nin müvafiq bölməsinin yaradılmasının vacibliyini qeyd ediblər.