adalet.az header logo
  • Bakı 7°C
14 Iyun 2018 15:13
33259
İDMAN
A- A+

Dünya Çempionu kim olacaq? - SORĞU

Şimal qonşumuz Rusiyada, bir addımlığımızda Dünya Çempionatı başlayır. Hamımızın gözü məhz bu turnirdə olacaq. Azarkeşi olduğumuz komandaları həyəcanla izləyəcəyik. Turnirdə 32 milli komanda mübarizəyə qoşulacaq. Hansı komandanın çemipon olmağı indidən azarkeşlər arasında maraq kəsb edir. Təəssüflər olsun ki, qardaş Türkiyə millisi bu dünya çempionatında iştirak etməyəcək. Ancaq yenə də futbol bu ay ərzində həyatımızın bir parçasına çevriləcək. Sevdiyimiz komandalarla birgə ürəyimiz döyünəcək. Futbol evlərimizə qonaq gələcək. Futbolun təkcə idman növü yox elə həyatın özü olduğunu bir daha bu dünya çempionatında görəcəyik. 

Bizdə dedik ki, "Ədalət"çilərin builki dünya çempionatı haqqında fikirlərini sizə çatdıraq. 


Sübhan Mahmudov

Türkiyənin dünya çempionatına çıxmasını çox istərdim. 2002-ci ildə Türkiyənin göstərdiyi oyunlar hələ də yaddaşlarda qalıb. Təəssüf ki, hazırda onları izləyə bilməyəcəyik. İtaliya yığmasının da çempionatdan kənarda qalmasını istəmzədim, ancaq heyif ki, onlar da kənarda qaldı. İtaliyasız, Türkiyəsiz dünya çempionatının nə marağı? Bununla belə futbolu çox sevirik. Çempionatı da maraqla izləyəcəyik. Hazırda isə Portuqaliya və Braziliya millilərinə azarkeşlik edirəm. Sürpriz ölkənin hansı olacağını proqnozlaşdırmaq çətindir. Güclü komandalar çoxdur. Ola bilər ki, bu dünya çempionatında qalib tam fərqli bir ölkə olsun.




Faiq Qismətoğlu

Mən dünya çempionatına möhtəşəm bayram kimi baxıram. Düşünürəm ki, dünya çempionatı gələndə insan bir qədər də gəncləşir və ümidi göyərir. Futbol həm də gözəl bir teatr tamaşasına bənzəyir. O tamaşanın içində həm sujet xətti var, həm ideya, həm də fəlsəfə. Hansı komanda ki, dediyimiz bu üç cəhəti birləşdirməyi bacarır, o da dünya çempionu olur. Mənim fikrimcə, Rusiyada keçirilən dünya çempionatında Almaniya komandası çempion olacaq. Çünki futbol tək bir ulduz futbolçu ilə deyil, kollektiv oyunla futbol olur. Bunu bacaran deməli, dünya çempionluğuna daha çox yaxındı.



Oğuz Ayvaz

Dünya çempionatını hər dəfə dörd gözlə gözləyirəm. Futbol bayramı içimi o qədər doldurur ki, bir an indiki zamanı unuduram. Futbol təkcə idman deyil, sənətdi, hekayədi, mübarizədi. Bu ilki dünya çempionatı heyif ki, Türkiyəsiz olacaq. Ancaq yenə də izləmək şərtdir. Azarkeşlik edəcəyim ölkələr əzilmiş xalqın komandaları olacaq: Argentina, Seneqal, Nigeriya. Bu üç ölkədən biri dünya kubokunu qazansa möhtəşəm olar. Argentinanı Maradonaya görə sevirəm. İndi isə sıra Messiddədir. Ən əsası 1 ay futbolla nəfəs alacağıq.





Əbülfət Mədətoğlu

Mənim üçün evdə televizor pultunun üstündə dava dövrü başlayır. Oğlum futbol fanatıdır, mənsə rus kanallarında maraqlı verilişlərin xəstəsiyəm. Ona görə arzulayıram ki, kim çempion olursa tez olsun, bu müharibə qurtarsın.






Ədil Ədilzadə

Futbolu seyr etməyi sevmirəm. Çempionatla bağlı isə onu deyə bilərəm ki, Almaniya çempion olmayacaq. Rusiya millisi son zamanlar gözəl oyun sərgiləyir. Bu ölkənin də şansları yetərincə deyil. Ümid edirəm ki, bukmeyker kontorlarının təsir edə bilməyəcəyi bu çempionat baş tutacaq.









Emin Akif

Ən maraqla izlədiyim Dünya Çempionatı Türkiyənin tarix yazdığı çempionatdır. Amma o vaxtlar əfsanəvi oyunçuları ilə seçilən Braziliyaya azarkeşlik edirdim. Sonrakı Dünya Çempionatlarını izləmirəm. Artıq futbol da mahiyyətini itirib, bazara çevrilib. Fikir verin, yeni oyunçular necə maraqla qarşılanır, məsələn, Muhammed Salah kimi. İnsanlar komandalardan eyni futbolu görəndə, eyni oyunçuların meydan sulamasını görəndə bezirlər. Builki çempionatın yoldaşlıq görüşlərini izlməməmiş deyə bilmərəm ki, hansı komandanın şansı nə qədərdir. Amma bəllidir ki, hazırda ən güclü komandalar kimi Almaniya və İspaniya başda gəlir. Almaniya futbolunun açıqlığını və sərtliyini sevdiyimə görə, onların qalib olmasını istəyərdim.