adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AFFA-da dönər qonaqlığı

İNTİQAM VALEHOĞLU
24704 | 2013-04-09 14:22
Futzal üzrə milli komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Necə deyərlər, sağ əli futbolçularımızın başına. Hər halda real olmasa da arzudur.
Amma federasiyanın prezidenti iki-üç gün əvvəl telekanallardan birinə elə bir müsahibə vermişdi ki, adamın bu federasiyanı necə idarə eləməsinə şübhə edirsən. Məlum məsələdir, istənilən sahədə rəhbərlər əksər hallarda lazımlı-lazımsız sənədləri imzalamaqdan başqa bir iş görmürlər. Amma iş görməsən də, rəhbəri olduğun sahədən anlayışın olmalıdır.
Federasiyanın rəhbəri Zaur Axundov deyir ki, bu, milli komandanın baş məşqçisi və ümumilikdə komandanın son şansı idi. Yəni millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasaydı, komanda buraxılacaqdı. Eyni məntiqlə yanaşsaq, futbol üzrə milli komandamız ildə 7-8 dəfə buraxılmalıdır.
Belə çıxır ki, bu futbolçular (hərçənd ki, futzal millimizdə milliyyə aid nəsə yoxdur. Baş məşqçidən tutmuş, oyunçulara qədər əksəriyyət braziliyalılardır) uğur qazana bilməsəydilər, təzədən milli komanda yığılmalıydı. Sitat:
"Futzal millisində oynayan oyunçuların əksəriyyətini yaşı otuzdan çoxdur. Artıq 3-4 yeni oyunçu var ki, bu ildən milli komandada məşq edəcəklər".
Qəribədir vallah. Bəyəm dünənə kimi bu oyunçuların pasportuna baxmaq yaddan çıxmışdı? Yoxsa dediyiniz həmin 3-4 oyunçu dünən peyda olub? Olmazdımı ki, böyük pullara millimizdə çıxış edən braziliyalıların əla formada olduğu dönəmlərdə həmin gənc oyunçular da onların yanında təcrübə qazanaydılar.
Yox, əgər milli komandanı buraxmaq hansısa məqsədlər üçündürsə, bu, başqa məsələ. O boyda federasiyaya rəhbərlik edən şəxs anlamalıdır ki, növündən asılı olmayaraq, istənilən milli komanda ölkənin şərəfini qoruyur və onun buraxılıb-buraxılmaması hansısa federasiya rəhbərinin səlahiyyətində deyil. Əgər bu milli komanda yox, məsələn "Xəzər Lənkəran" olsaydı, istədiyiniz vaxt bu addımı ata bilərsiniz. Necə ki bir zamanlar futbolçuların həddən artıq harınladığını görən Mübariz Mənsimov demişdi ki, nəticələr məni qane etməsə, klubun stadionunu eşşək fermasına çevirəcəm.
Yadıma düşmüşkən, sizə balaca bir əhvalat da danışım. Bu yaxınlarda Almaniyanın "Hamburq" komandası "Bavariya"ya 9:2 hesabı ilə məğlub olandan sonra komanda rəhbərliyi və futbolçular qərara alırlar ki, azarkeşlərdən üzr istəsinlər. Çünki bizim futbol rəhbərlərindən fərqli olaraq, onlar başa düşürlər ki, futbol azarkeş üçün oynanılır. Daha ölkənin çempionluğa oynayan iki komandasının oyununu 5-6 yüz azarkeş izləmir onlarda.  Bu üzrxahlıq necə baş verir? Futbolçular öz məvacibləri hesabına azarkeşlərinə qonaqlıq verirlər, onlarla görüşüb məğlubiyyətin səbəbini araşdırırlar. Təsəvvür edirsiniz, milli komandamızda belə ənənə formalaşsa, necə olar? Hər oyundan sonra camaat kef edər e...
Məsələn, Polşaya 8:0 uduzursan, kabab qonaqlığı verirsən. Yaxud Portuqaliyaya məğlubiyyətin daha aşağı hesabla olduğunu nəzərə alıb, deyirsən ki, gücümüz dönər almağa çatır. Şəxsən mən çox bəyəndim bu ənənəni. Qonaqlığa da ancaq milli komandanın oyununa bilet alanlar dəvət olunur. Bilet alanlar haa, AFFA işçilərinin bilet payladığı qohum-əqrəbaları yox. O şəxslər ki, halal qazanclarından 10, 20, yaxud 30 manat ayırıb yığmanın oyununa baxmağa getmişdilər.
Sonda bir məsələ ilə bağlı da qısaca fikirlərimi bildirim, vəssalam. Bunu milli komandamızın Lüksemburqla oyununda hiss elədim.
Mənə elə gəlir ki, yığmanın səfər oyunlarına gedən o 40-50 nəfər var ha, həmişə eyni simalar olur. Düşünməyin ki, yenə də deyəcəm bunlar da AFFA işçilərinin, rəhbərlərinin qohum-əqrəbalarıdır. Çünki bunu deməyə ehtiyac yoxdur. Zatən belədir.
İntiqam Valehoğlu

TƏQVİM / ARXİV