adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Iyun 2018 12:49
12549
MƏMLƏKƏT
A- A+

Gömrük Komitəsində elektron xidmətlərin sayı artırılır

Hazırda elektron hökumət portalı üzərindən 14 elektron gömrük xidməti göstərilir.

Adalet.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın ikinci günündəki çıxışında deyib.

A.Süleymanov bildirib ki, 2016-cı ildən bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ölkədə bu gün elektron gömrük xidmətləri yüksək səviyyədədir və trans-sərhəd kağızsız ticarətin həlli prosesi isə nisbətən daha az tətbiq edilir.

Komitə rəsmisi qeyd edib ki, artıq Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan və İran İslam Respublikası ilə malların rəsmiləşdirilməsinə dair məlumatların mübadiləsi xidməti göstərilir. Onun sözlərinə görə, hazırda elektron TİR xidməti də tamamlanmaq üzrədir: "Bu xidmət tətbiq ediləndən sonra kağız üzərindən xidmətlər tam yığışdırılacaq”.

Qurum rəsmisi vurğulayıb ki, Dövlət Gömrük Komitəsi sürətli poçt göndərişləri ilə bağlı layihəyə başlayır: "Layihə ilə bağlı poçt şirkətləri ilə əməkdaşlıq edərək, məlumat mübadiləsi aparırıq. Belə ki, göndərilən poçtla bağlı ilkin olaraq gömrük orqanlarına məlumat daxil olacaq, bu məlumat əsasında risk təhlilləri aparılaraq göndərilən poçtun yubandırılmadan sürətli keçidin təmin olunmasına nail olunacaq”

A.Süleymanov bildirib ki, Azərbaycan BMT-nin ticarətin asanlaşdırılması istiqamətində keçirdiyi sorğuda 3-cü yeri tutub: "120 ölkə arasında ticarətin asanlaşdırılması istiqamətində aparılan sorğu əsasında 47 tədbir keçirilməsi müəyyən olunub. Azərbaycan bu sorğuda 3-cü yeri tutub. Açıq dənizə çıxışı olmayan ölkələr arasında isə 75 faiz göstəricilə Azərbaycan birinci yerdədir”.