adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Iyun 2018 11:47
16647
ƏDƏBİYYAT
A- A+

ÖLÜM OYATMAZ SƏNİ - ŞEİRLƏR

Adalet.az şairə Aygün Sadiqin yeni şeirlərini təqdim edir.

QATAR
(Yeni)

Ağlım yanındadır, sevən ürəksə
Bağışlaya bilmir ayrılıqları.
Mənə sevdiyimi gətirəcəksə
Necə gözləməyim gedən qatarı?

Kimi aldadıram? Özümü, yenə...
Yenə saymaqdayam həftəni, ayı.
Axı səni sevmək nə verdi mənə-
Kədərdən savayı, dərddən savayı?

Yenə təzələnər təqvimin günü,
Sənsiz bir günüm də qalar geridə.
Gördükcə anbaan üzüldüyümü
Bezikər saatın əqrəbləri də.

Axı bu saatın niyə yox dili,
Axı bu zamanın qolları hanı?
Saat tənbeh edə...Vaxtınsa əli
Tutub silkələyə sənin yaxanı!

Səni bir yaxşıca utandıralar,
Səhvini etiraf edəsən, bəlkə.
Qalxasan masadan...Yerində qalar
Aciz varlığından yaranan kölgə.

Səsin inad edə: "Qatar... hey... Dayan!
Gözləyə bilmirəm, zamanım ötür,
Mənsiz yaşamağı ömür saymayan
Biri var... Sən məni o qıza götür! "



ÖLÜM OYATMAZ SƏNİ

Sanarsan bu dəfəsi geriyə dönüşün yox,
Çevrilir qasırğaya ayrılığın küləyi…
O ki günahkar deyil! O qadınla işin yox!
Ərşə yüksələn- ahdır- başına od ələyir,
Tövbə ovutmaz səni…

Ətrafı bezikdirər şikayət və dərdlərin,
Gedərlər… arxasından lənət olar əzbərin!
Gedişlər ürəyində yara açar (çox dərin!) …
O qız unutmaz səni.

Soyuq qüruru keçər sevgisinin önünə…
Bir az da bəzək verər yalançı təmkininə,
Dildə vida söyləyər sənli ömür-gününə,
Könüldə atmaz səni.

Yorğun düşən ruhuna xilaskar gördüyün qız,
Könül sirdaşı olub sirrini verdiyin qız…
Baha arzularını yoluna sərdiyin qız
Ucuza satmaz səni.

Bir gün zamanı gələr, dünyanı dəyişməyin
Özünlə apararmağa bir kəfəndir gərəyin,
Bir də, dua gətirən bir xeyirxah ürəyin…
Pulsa- yarıtmaz səni.

Mələklərin də gələr; yerləşər sola-sağa,
Vücudun çalışarkən həqiqəti danmağa
Ümidlərin qırılıb səpələnər torpağa…
Ölüm oyatmaz səni! Ölüm oyatmaz səni…




ŞUŞANI QAYTAR MƏNƏ

Xəritə üzərində məlumatdan ibarət,
Qovuşmaq cəhdlərimiz tək fəryaddan ibarət!
Dəmir lövhə üstündə cansız addan ibarət,
Dəmiri əzizlədim, darıldı yollar mənə...

Adı kölgətək keçir məsum uşaqlığımdan,
Boğuldum rəzalətin iyrənc bataqlığında!
Daha ümid qalmadı görərəm sağlığımda...
Qismət olarsa orda, qazılsın məzar mənə.

Ayaqlar altındadır şərəf tacım, nə edim?
Giley-güzardan savay yox əlacım, nə edim?
Yağı zindanındakı anam-bacım, nə edim?
Tövlədən əl yelləyir abır, həya, ar mənə.

Əsir qeyrətimizdə dərin yara buraxdıq,
Yağıları yurdumda bir gör hara buraxdıq!
Vətəni qaytarmağı övladlara buraxdıq,
Sabah şəhid xəbəri, övlad dağı var mənə!

Vətəni gətirmədən qayıtmışam yanına,
Bu günləri görüncə bələnəydim qanıma...
Anaların baxışı sancılır vicdanıma,
İndi bircə söz deyir: "Şuşanı qaytar mənə! "