adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QƏHRƏMANINI ÖLDÜRƏN AKTYOR...

BABƏK YUSİFOĞLU
61902 | 2013-04-09 14:19
Alimlərə, mütəxəssislərə, ümumiyyətlə dünyanın ağıllı adamlarına görə İnsan mükəmməl yaradılışdır. Və mən də bu fikirləri tam bölüşürəm. Həqiqətən də Allah-Təala bəndələrin simasında ən mükəmməl varlıqlardan birini xəlq edib. Bəlkə də belə İlahi mükəmməllik üzündəndir ki, insan oğlu əli yetməyən, ayağı dəyməyən yerləri, məkanları, obyektləri  öyrənsə belə özünü hələ də tam çözə bilməyib...
Nəinki özünü, heç duyğularından bircəciyini də tam şəkildə izah etməyi bacarmayıb. İnsan niyə sevir? Bu onun hansı duyğularının təlabatından doğur? Niyə bəzən insanlar sevdiklərinə görə öldürürlər, ölürlər, hətta sevdiklərini məhv edə bilirlər?  Övlada, valideynə, digər yaxınlara olan sevgiylə, sevgiliyə olan duyğular mahiyyətcə nədən bir-birndən fərqlənir? Bunların hamısı sonucda Sevmək deyilmi? Axı nədən, necə başlayır bu?..             
Əslində bütün bunlar bəşər övladının uzun əsrlər boyu baş sındırdığı saysız-hesabsız suallardan yalnız bir neçəsidi. Niyəsə ən çox da həmin suallara cavablar verilib. Amma bir-birindən fərqli... Məşhur fransız yazıçısı Antuan  De-Sent Ekzüperi  belə hesab edirdi ki, Sevgi məhz qurban verməkdən başlayır. Ananın körpəsinə sevgisi onu dünyaya gətirərkən çəkdiyi əzablardan,  yuxuların, əməyin, ömrünün... qurban verilməsindən başlayır. Sevgiliyə olan sevgi rahatlığın, ömründən sərf etdiyin zamanın, bəzi arzuların, ürək təpərinin... qurban verilməsindən başlayır. Sevgi sənin olan nələrisə digərinə qurban verməkdən başlayır...   Bəlkə də belədi...
O da sevdiyi və sevdirdiyi obrazı itirməmək üçün qurban verdi... Bəli, sözün əsl mənasında qurban verdi. Mən məşhur aktyor Plaçidonu deyirəm... O, yadınızdadırmı?..

(Əvvəli qəzetin
2 aprel sayında)

Həqiqətən də istehsalçıların onunla razılaşmaqdan savayı çarəsi qalmamışdı.   Plaçidonun qəhrəmanı Kattaninin ölüm fərmanı icra edildi - Komissar  öldürüldü. Və bundan sonra Mikele arzusunda olduğu işlərini də davamlı olaraq sürdürə bildi. Hər şeydən əvvəl o, ilk növbədə teatra qayıdaraq səhnədəki yarımçıq qalmış fəaliyyətini bərpa etdi. Əslində Mikele kino vasitəsi ilə dünya şöhrəti yaşamasına, milyonların sevgisini qazanmasına, maddi durumunu yüksək səviyyədə  təmin etməsinə baxmayaraq teatra olan xüsusi münasibətini, məhəbbətini qoruyub saxlamışdı.

"SPRUT"DAN SONRA

Və Mikele Plaçido özü də hər dəfə söz düşəndə bunları məmnuniyyətlə etirafda bulunurdu: "...Kinoda olduğu kimi teatrda sənin  üçün 20 dubl yoxdur. Orada tamaşaçı sənin hər addımını izləyir. Əgər sən səhv edirsənsə, yaxud pis oynayırsansa artıq kimsə səni bağışlamır. Kino darıxdırıcı və küt olanda xüsusi effektlərlə zənginləşdirilə bilir, amma onda da tamaşaçı yalnız kassada pulunu qoyduqdan sonra özüylə heç bir təəssürat aparmır. Teatrsa tamamilə fərqlidir. Orada tamaşaçıya süni münasibət mümkün deyil. Əks halda pomidor atəşinə tutulacaqsan..."   
Həmin məqamlarda "Sprut"un bir serial kimi taleyinin necə olacağı da maraqlıydı. Çünki Mikele filmi tərk etsə də, Komissarı öldürtsə də istehsalçılar işi davam etdirməkdə israrlıydılar. Lakin bu dəfə Plaçidosuz. Onlara elə gəlirdi ki, film belədə də öz populyarlığını davam etdirə biləcək. Bu boyda iş yalnız bir aktyorun oyunundan asılı idimi? Həyat göstərdi ki, bəli!
Bu dəfə "Sprut"un V, VI... - X  hissələri çəkildi. Amma artıq bu həmin "Sprut" deyildi. Çünki filmin əvvəlki effekti görünmürdü. Və buna görə həmin populyarlıq da getdikcə azaldı, azaldı və lentin sona çatdırılması zərurəti təbii olaraq üzə çıxdı. Hətta son hissələr  uğura ümidlər üzündən çəkilirdi. Lakin boşuna. X hissədən sonra filmi birdəfəlik  bitirdilər. Çünki tamaşaçılar Mikele Plaçidosuz  "Sprut"a baxmaq istəmirdilər...

KEÇMİŞ  SSRİ-də DƏ KOMİSSARIN  İTKİSİ İLƏ  BARIŞA  BİLMƏDİLƏR  

Əslində Komissar Kattaninin ölümü, Plaçidonun lenti tərk etməsi, ümumiyyətlə belə bir qərarın hansı səbəbdən alınması... çox uzun müddət gündəmdən düşmədi. İctimai rəy bununla barışa bilmirdi. Hətta o zaman bir çoxları inanmırdı ki, Komissarın ölümü məhz Plaçidonun "əli" ilə gerçəkləşib. Və bu cür inanılmaz sevgi sözün əsl mənasında Mikele Plaçidonun istedadının təcəssümü idi. Verdiyi müsahibələrin birində aktyor bununla bağlı hər kəsin ürəyində bu də  ya digər soruların hamısına cavab verməyə cəhd etmişdi. Amma buna nail ola bilmişdimi?..
"- İndiyədək Komissar Kattanini unutmayıblar. Bunun hər hansı əks-sədası sizə qədər gəlib çatırmı?
- Bəli, bəli. "Sprut" - bu mənim həyatımın böyük bir hissəsidir. Həmişə mədəniyyətinə  böyük hörmət bəslədiyim bir ölkədə də (keçmiş SSRİ nəzərdə tutulur-B.Y.) o vaxt belə populyarlıq qazanmağım mənim üçün heyrətamiz dərəcədə xoş idi".
"-Bəs sizin özünüz Kattaniyə necə münasibət bəsləyirsiniz?
-O  vaxtlar mən gənc idim, cəmi 38 yaşdaydım. Amma indi mənim başqa prioritetlərim  var. Bilirsiniz, mən heç  vaxt keçmişə baxmıram.  ... "Sprut"un  çayı çoxdan axıb gedib.
- Doğrudurmu siz özünüz Komissar Kattaninin "öldürülməsini" rejissordan xahiş etmisiniz?
- Bəli, bunu mən etmişəm. Özü də bu addımı bilərəkdən atmışam. Məhz  bu "qətlə" görə mən öz karyeramı daha doğru qura bildim".
Mikele Plaçido Komissardan sonra teatrdakı yaradıcılığına üstünlük versə də demək olmazdı ki, o, kinoyla vidalaşdı. Xeyr. Aktyor həm də çəkilişlərdə iştirak edirdi. Əslində bunsuz mümkün də deyildi. Rejissorlar və dünyanın müxtəlif yerlərindəki  tamaşaçılar onu görməyi həmişə  arzulayırdılar.  

AKTYORLUQDAN
 REJİSSORLUĞA

1990-cı illərdəən sonra o, "Narkotiklər müharibəsi. Kokoin sazişi"i filmində Roberto Çaves, "Əyləncə və onun kiçik əzabları"nda  homoseksual-vəkil Karlo, rejissor Canni Amelionun bir sıra kino mükafatlarını qazanmış "Lamerika"sında fırıldaqçı Fiore obrazlarını böyük məharətlə ifa etdi.
Elə həmin dövrlərdə aktyorluğun zirvəsində olan Mikele Plaçido özünü bu dəfə rejissorluqda da sınamaq qərarına gəldi. Filmlər çəkməyi, özünün ekranda görmək istədiklərini lentə köçürməyi düşünürdü. Və bunun üçün çox götür-qoy etmədi. Çünki aktyorluq sənətində olduğu kimi burada da özünün bacarığına və istedadına inanırdı.  Mikele bu inamında da səhv etməmişdi.
"Pomidor" adlı dramatik filmin çəkilişi ilə rejissorluqdakı debütünü edən rejissor Plaçido həmin  lentlə heç gözləmədiyi bir uğura imza atdı. Məhz bundan sonra Mikele rejissorluq işini davam etdirməyə, eləcə də ssenarilər yazamağa başladı. Və bir-birinin ardınca kifayət qədər maraqlı filmlər yarada bildi.  "Adi qəhrəman" , "Krimanl roman", "İtirilmiş məhəbbət", "Məhəbbətin səsinə doğru səyahət"... kimi filmlərinin hətta bir çoxu müxtəlif kino festivallarda nüfuzlu makafatlar qazandı.

O, ŞÖHRƏTİN
MEHRİBAN ÜZÜDÜ...

Çox həmkarlarından mehriban, səmimi xarakterinə görə seçilən Mikele bu gün də kino işində həvəslə çalışır, insanlardan, tamaşaçılardan gizlənməyi sevmir, onunla ünsiyyət qurmaq istəyənlərin heç vaxt arzusunu ürəyində qoymur. Amma onu bir az yaxından tanıyanlar çox yaxşı bilir ki, Plaçido özünün şəxsi həyatından, ailəsindən danışmağı qətiyyən xoşlamır. Bu məsələdə inad göstərin nəyisə öyrənməyə çalışan jurnalistlərin  ondan zorla yalnız  bir neçə kəlmə qoparması mümkündü.
Məlum olduğu kimi aktyor rəsmən üç dəfə evlənmişdir. Ona üç övlad bəxş etmiş aktrisa Simonetta Stefanelli ilə ayrılandan sonra ikinci evlilik yaşayan Mikelenin bu nikahı da yarımçıq qalmış və o, nəhayət sonuncu dəfə, 2006-cı ildə özündən 37 yaş kiçik olan 29  yaşlı Fedirika Vinçenti ilə ailə qurmuşdur. Bu üç evlilikdən Plaçidonun 6 övladı var ki, onlardan böyüyü -  qızı Violanta atasının yolunu tutaraq sənət aləminə qatılıb. Hətta Violanta atasıyla birgə bir neçə filmdə də çəkilib...
Hazırda yaşına görə əvvəlki dövrlərdəki kimi qaynar şəkildə yaradıcılıqla məşğul ola bilməsə də sənətdən getməyib. İncəsənətə aid düzənlənən mötəbər tədbirlərdən gələn dəvətləri də geri çevirməyi xoşlamır. Və özünün dediyi kimi, son dönəmlərdə daha çox doğmalarının, övladıarının arasında olmağa üstünlük verir.
Bəli, özünü hələ əldən düşmüş qoca hesab etməsə də amma yaş sözünü deyir. Tamaşaçıların şux, qamətli, gur saçlı, yaraşıqlı görməyə alışdıqları aktyordan indi yalnız saçı-saqqalı ağarmış pirani bir adam qalıb.
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV