adalet.az header logo
  • Bakı 13°C
14 Iyun 2018 09:44
41507
LAYİHƏ
A- A+

DƏYƏRLİ BİBLİOQRAFİYA

Leyla
Abasova
tarix üzrə
fəlsəfə
doktoru

Respublikamızda xalqımızın milli sərvəti olan biblioqrafik ehtiyatın formalaşmasında, inkişafında və qorunub saxlanılmasında Mirzə Fətəli Axundov adına Milli Kitabxananın müstəsna xidmətləri var. Milli Kitabxana zaman-zaman müxtəlif məzmunlu biblioqrafik vəsaitlər hazırlayıb çap etdirməklə biblioqrafik ehtiyatı daha da təkmilləşdirir, onu inkişaf etdirib zənginləşdirir. Bu vəsaitlər informasiya-soraq xarakteri daşıyır və konkret şəxsiyyətin fəaliyyət sahəsinin ən operativ, dəqiq, zəngin və sistemli informasiya bazası rolunu oynayır. Milli Kitabxananın çap etdirdiyi biblioqrafik vəsaitlər içərisində "Azərbaycan ədibləri" seriyasından hazırladığı şəxsi biblioqrafik göstəricilər xüsusi bir sistem yaratmaqla biblioqrafik tərtibat baxımından diqqəti cəlb edirlər. Belə ki, 2017-ci ildə Azərbaycan ədəbiyatının tanınmış nümayəndəsi, yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin (Mustafayev Mustafa Şura oğlu): şəxsi biblioqrafiyası 200 səhifə həcmində çap olunmuşdur. Nəşrin elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, tərtibçisi isə Mehriban Cəfərovadır.
Yaradıcılığına nəzər salsaq görərik ki, Mustafa Çəmənlinin həyatı gənc yaşlarından kitablara, nəşriyyat işinə bağlanıb. Nəşriyyatçılıq fəaliyyəti ilə bərabər ədəbiyyatımızda, publisistikamızda öz sözü, öz dəst-xətti var. Təsadüfi deyil ki, bu gün Azərbaycan oxucusu onu məhz orijinal əsərlərin müəllifi kimi tanıyır və sevə-sevə əsərlərini oxuyur.
Mustafa Çəmənli imzası Azərbaycan oxucusuna 70-ci illərdən tanışdı. Onun indiyədək qələmə aldığı "Mənim dünyamın adamları", "İtirilmiş səs", "Xallı gürzə", "Səs qərib olmur", "Fred Asif", "Nəğməli xatirələr", "Muğam dünyasının Xanı", "Səsin ruhu", "Oxu, gözəl", "Mən olmayanda dostum ol", "Sənətkar ömrünün izləri", "Ruhların üsyanı", "Leyli və Məcnun - 100 il səhnədə", "Şəmsəddin Eldəniz", "Məcnunun Məcnunu", "Mübariz", "Ölüm mələyi", "Sənət hekayələri", "Səhnəmizin ağ çiçəyi" və s. əsərləri geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.
Mustafa Çəmənlinin çoxyönümlü yaradıcılığında Azərbaycanın tanınmış sənət adamlarının həyat və yaradıcılığından bəhs edən kitabları əvəzsiz xidmətlərdən biri kimi xüsusi qeyd olunmalıdır. Öz poetikliyi ilə seçilən bu sənədli hekayələrin, oçerk və esselərin hər birində insan taleyi, sənətkar ömrü yaşayır. Sənət adamlarının ömür kitablarını vərəqləmək, onları dövrlər üzrə qruplaşdırmaq, onlarla bağlı xatirələri toplamaq böyük zəhmətin təzahürüdür.
Ümumiyyətlə, Mustafa Çəmənlinin yaradıcılığı zəngindir və demək olar ki, bu zəngin yaradıclıq bir neçə istiqamətdə inkişaf etmişdir: 1. Yaradıcılıq fəaliyyəti (bədii əsərləri: hekayələr, povestlər, romanlar və s.); 2. Pubslisistika sahəsindəki fəaliyyəti (publisistik əsərləri, müsahibələri və s.); 3. Azərbaycanın tanınmış sənət adamlarının ömür yolunun araşdırılması (unudulmuş və ya unudulmaqda olan sənət fədailərinin həyat yolunun araşdırılması, əldə olunan məlumatların, materialların kitablar şəklində oxuculara çatdırılması); 4. Nəşriyyat işi sahəsindəki fəaliyyəti (redaktorluğu, tərtib etdiyi, ön söz yazdığı və s.) 5. Mustafa Çəmənlinin Azərbaycan Radio və Televiziyasındakı fəaliyyəti (Müəllifi olduğu verilişlər və s.).
Bu baxımdan Azərbaycan Milli Kitabxanasının hazırladığı "Mustafa Çəmənli" biblioqrafik göstərici xüsusi maraq doğurur. Belə ki, biblioqrafik göstəricidə Mustafa Çəmənlinin 1972-ci ildən 2017-ci ilədək nəşr edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar toplanmışdır. Biblioqrafik vəsait ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biblioqrafiyanın kitabxanada elektron resurs kimi də http://anl.az/down/MustafaChemenli.pdf istifadəçilərə təqdim olunmasını yüksək qiymətləndir-məliyik.
Qeyd edək ki, bu biblioqrafik göstərici Mustafa Çəmənliyə həsr olunmuş ilk biblioqrafik vəsaitdir. Məlumdur ki, biblioqrafik vəsaitlər özündə bir sıra elementləri: bədii və poliqrafik tərtibatı, nəşrin maddi-konstruktiv quruluşunu, aparatını və s. birləşdirir. Bu dialektik vəhdət bütövlükdə biblioqrafik vəsaitin nəşrini, çapını əhatə edir. Biblioqrafik aparatı yaratmaq üçün isə hər şeydən əvvəl tərtibçi-bibloqraf onun məzmunu və materiallarının məcmusunu dərindən bilməlidir.
Ümumiyyətlə, bibloqrafik göstərici əsasən üç hissədən ibarətdir: I hissə - Əsərləri; II hissə - Yaradıcılığı haqqında; III hissə - Köməkçi göstəricilər. Bibloqrafiyada Mustafa Çəmənli yaradıcılığına xas olan janr və forma müxtəlifliyi nəzərə alınaraq ayrı-ayrı hissələr daxilində bölmələr yaradılmışdır. Bölmələr və yarımbölmələr daxilində isə materiallar xronoloji prinsiplə və əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.
Biblioqrafik vəsait Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Öz nəğməsini oxuyan yazıçı" adlı giriş məqaləsi ilə başlayır. Məqaləyə verilən bu ad da elə Mustafa Çəmənlinin öz sözüdən götürülmüşdür. Əli Əmirli yazır: "Bunu görkəmli nasir, publisist, muğam ifaçılığımızın yorulmaz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişi gözəl söz kimi deməyib, bu, onun dərin inamıdır, çünki o, özü də öz səsi, öz nəğməsi olan insandır. Yazıçı qələmi ilə o, gah zilə qalxır, gah bəmə enir, amma heç vaxt xaric oxumur. Çünki əlli ili əhatə edən yaradıcılığı dövründə Mustafa Çəmənli ona həmişə düzgün yol göstərən qəlbinin səsi ilə işləyib, tanıdığı-bildiyi mövzulara vicdanla yanaşıb, nə yazıbsa, ürəklə, canyanğısı ilə yazıb".
Mustafa Çəmənliyə həsr olunmuş biblioqrafik vəsait həm tərtibat, həm də quruluş baxımından digər biblioqrafik vəsaitlərdən xüsusilə fərqlənir. Fikrimizi nümunələr əsasında izah etməyə çalışaq. Belə ki, biblioqrafiyanın 10-18-ci səhifələrində "Mustafa Çəmənlinin həyat və fəaliyyətinin əsas tarixləri" yer almışdır. Bu bölmədə xronoloji tarixlər üzrə hazırlanmış informasiya mətninə nəzər saldıqda Mustafa Çəmənlinin həyatını çapçılığa, nəşriyyata, kitabçılıq işinə bağlanması 1970-ci ilə təsadüf edir. 1978-ci ildə yeni yaranan "Yazıçı" nəşriyyatında əvvəl korrektor, redaktor, daha sonra redaksiya müdiri kimi fəaliyyət göstərən Mustafa Çəmənli çətin, lakin şərəfli əmək və yaradıcılıq yolu keçmişdir.
Biblioqrafiyaya nəzər salanda görürük ki, vəsaitin 19-29-cu səhifələrində "Mustafa Çəmənlinin yadda qalan sətirləri" bölməsində Mustafa Çəmənlinin həyatda qazandığı təcrübəsi əsasında aforizm səviyyəsində yazdığı deyimləri biblioqrafik göstəriciyə daxil edilmişdir.
Məsələn, yazıçı belə bir qənaətə gəlmişdir: "Əslində biz bu dünyaya şəkil çəkdirməyə gəlirik. İntəhası biz gərək foto obyektivin yaddaşında qalan əksimizlə dünyanın yaddaşında qalan şəklimizi qarışıq salmayaq. Fotoqrafa biz ömrümüz boyu şəkil şəkdirə bilərik, amma zaman hər kəsin şəklini bircə dəfə çəkir. Biz gərək ömrümüzü elə yaşayaq ki, dünyanın foto-yaddaşına şəklimiz eybəcər düşməsin!" - bu cür dəyərli, ibrətamiz fikirlərin biblioqrafiyaya xüsusi bölmə ilə daxil edilməsi vəsaitin əhəmiyyətini daha da artırmış, oxucu üçün maraqlı etmişdir. Həm də, Mustafa Çəmənli yaradıcılığına baş vuran, yaradıcılığından bəhs edən yazarların onun fikirlərini olduğu kimi verməyə, istinad etməyə mənbə kimi qiymətli vasitə olduğunu da qeyd etməliyik. "Mustafa Çəmənli" bibloqrafiyası tərtibatçılıq baxımından çox maraqlıdır və tərtibçi Mehriban Cəfərovanın zəhməti, zövqü göz qabağındadır. Bibloqrafiya ilə tanışlıq göstərir ki, nəşriyyat işində böyük səriştəsi olan Mustafa Çəmənli, çox güman ki, bu işdə tərtibçiyə yaxından kömək etmişdir. Gələcəkdə digər şəxslər haqqında hazırlanacaq vəsaitlərdə də bu bibloqrafiyadakı tərtibatçılıq təcrübəsindən istifadə etmək məqsədəuyğun olardı.
Biblioqrafiyada 30-43-cü səhifələrdə "Görkəmli şəxsiyyətlər Mustafa Çəmənli haqqında", 44-53-cü səhifələrdə "Mustafa Çəmənliyə hədiyyə edilən kitablardan avtoqraflar", 54-68-ci səhifələrdə "Mustafa Çəmənliyə həsr edilmiş şeirlər və oxucu məktubları", 69-84-cü səhifələrdə "Əsərləri", 85-88-ci səhifələrdə "Tərtib etdiyi kitablar" adlı bölmələr yer almışdır.
Ümumiyyətlə, Mustafa Çəmənlinin redaktor kimi fəaliyyəti "Yazıçı" nəşriyyatında 1981-1982-ci illərə təsadüf edir. Bibloqrafiyadan aydın olur ki, Mustafa Çəmənli 1983-1985-ci illərdə "Yazıçı" nəşriyyatında Klassik ədəbiyyat və folklor redaksiyasının müdiri, 1986-1988-ci illərdə "Yazıçı" nəşriyyatında Nəsr şöbəsində böyük redaktor, 1989-1990-cı illərdə "Yazıçı" nəşriyyatında Nəsr şöbəsinin müdiri, 1992-2005-ci illərdə "Gənclik" nəşriyyatının baş redaktoru, 2006-cı ildən isə "Aspoliqraf" nəşriyyatında şöbə müdiri vəzifəsində çalışıb.
Bu illər ərzində təbii ki, Mustafa Çəmənlinin redaktor olduğu, qələminin süzgəcindən keçirdiyi kitablar kifayət qədər çoxluq təşkil edir. Biz bu haqda məlumatı Mustafa Çəmənliyə həsr olunmuş biblioqrafik vəsaitin 89-102-ci səhifələrində "Redaktor olduğu və ön söz yazdığı kitablar" adlı bölmədən ala bilərik. Bu bölməyə nəzər salanda bir daha məlum olur ki, redaktor qələmi daim yazmış, düzəlişlər etmiş və nəhayətdə yüzlərlə kitab işıq üzü görərək öz oxucusunu tapmış, rəğbətlə qarşılanmışdır. Ümumiyyətlə, əlyazma üzərində redaktə işlərinin aparılması yaradıclıq işidir. Hər bir konkret əlyazma üzərindəki işin özünəməxsusluğu əsərin özündən, gələcək kitabın tipindən və bir çox başqa səbəblərdən də asılıdır.
Redaktə işi çoxcəhətli, geniş, əlaqəli bir işdir. Hər hansı əsər üzərində redaktor əməliyyatları çoxçeşidlidir və kifayət qədər mürəkkəb bir prosesdir. Belə ki, kitabı meydana gətirən, müəllifi kitabı üzərində işləməyə həvəsləndirən, ona gərəkli məsləhətlər verən, bütün proseslərdə müəlliflə birgə əsərin təkmilləşdirilməsini həyata keçirən və kitabı oxucunun əlində mühüm vasitəyə çevirən redaktorudur. Mustafa Çəmənlinin də redaktor kimi bu sahədəki fəaliyyəti, göründüyü kimi, yüksək və əvəzolunmazdır.
Redaktoru olduğu kitablardan nümunələr göstərərək fikrimizi dəqiqləşdirməyə çalışaq. Məsələn, A.Tuqanov "Teatr xatirələri: fraqmentlər" (1980); H.Sarabski "Köhnə Bakı" (1982); M.Süleyman "Xeyirxahlığa tələsin": oçerk (1982); A.Abbas "Evləri köndələn yar...": povestlər və hekayələr (1983); C.Cabbarlı "Əsərləri": 4 cilddə (1984); M.Oruc "İkinci ad": hekayələr və povestlər (1984); N.Veysəlli "Sehrkar səslər, əfsanəvi rənglər": oçerklər və portretlər (1984); T.Abbasov "Ətirli bir gün": hekayələr (1987); Y.V.Çəmənzəminli "Qızlar bulağı. Qan içində" (1987); Elçin "Bülbül" (1987); Ş.Kərimov "Ala buludlar": roman (1987); M.Şəkili "Bir yay günü": povestlər (1987); A.Abdullayev "Gərək belə görüşməyəydik": povest və hekayələr (1988); Ş.Qurbanov "Sənsiz": Pyeslər, liberettolar, hekayələr və şeirlər (1988); M.Süleymanlı "Səs": povestlər və roman (1988); C.Zeynal "Şəhərə qar yağırdı": povestlər və hekayələr (1988); Ə.Nicat "Gəncəli müdrik": roman (1990); T.Vəliyeva "Çəlikli qoca": povest və hekayələr (1990); A.Dadaşov "Dəvətnamə": hekayələr və povestlər (1992); B.Məmmədov "Qarabağın baməzə adamları" (1992); C.Əlibəyov "Qış macərası": povestlər (1993); N.Nəcmi "Abbas Mirzə: XIX əsr Rusiya-İran-Azərbaycan münasibətləri" (1993) və s. kitabların əlyazması üzərində Mustafa Çəmənlinin qələmi gəzmiş, onun peşəkar redaktorluğu sayəsində Azərbaycan kitabı xəzinəsinə neçə-neçə maraqlı, əhəmiyyətli kitablar töhfə verilmişdir.

Qeyd edim ki, nəşriyyat redaktoru ixtisasının əmələ gəlməsində qədim (klassik) ədəbi irsin nəşrləri önəmli rol oynamışdır. Bu iş mətnşünaslıq məşğuliyyətini bir zərurətə çevirmişdir.
Öncə mətnşünaslıq redaksiya-nəşriyyat işinin tərkib hissəsiydi, sonra isə ondan ayrılıb müstəqilləşdi, həm də ayrıca elm sahəsinə çevrildi və o da öz növbəsində redaksiya-nəşriyyat işlərinin təkmilləşməsinə təkan verdi. Məhz bu baxımdan Mustafa Çəmənlinin nəşriyyat redaktoru olduğu kitabları da mən burda nümunə kimi təqdim etməyi gərəkli bildim.
Məsələn, C.Quliyev "Böyük humanist": Ü.Hacıbəyovun həyat və yaradıcılığından səhifələr (1981); A.Hacıbabayev "Səhnə andı: Hüseyn Ərəblinski haqqında xatirələr" (1982); M.Səməd "Nağıllar yalan olmur": hekayələr və oçerklər (1983); B.Talıblı "Seçilmiş əsərləri" (1983); A.Bakıxanov "Seçilmiş əsərləri" (984); V.Abbasov "Liderlik fəlsəfəsi (2004); N.Dəmirçioğlu "Birinci kitab": povest və hekayələr (2006); T.Məmmədov "Qafqaz Albaniyası ilk orta əsrlərdə" (2006); Ə.Əroğul "Erməni-daşnak faşizmi və Azərbaycan": bədii publisistika (2007); Q.Paşayev "Nostradamusun möcüzəli aləmi" (2007); M.Əxtar "Yalanlar, yalanlar, bir daha yalanlar: Türklərə qarşı erməni uydurmaları və iddiaları" (2008); Z.Əliyev "Sənətin məcnunu" (2009); V.Abbasov "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" (2010) və s. nümunələr göstərmək mümkündür.
Məlumdur ki, kitabçılıq işində tərtibat məsələsi ən mühüm əhəmiyyətli mərhələlərdən birini təşkil edir. Tərtibat dedikdə bədii, iqtisadi və texniki imkanlardan asılı olan mürəkkəb bir prosesin nəticəsi nəzərdə tutulur. Gözəl tərtibata malik olan kitablar redaktor və rəssamın yaradıcı, bir-birini tamamlayan işbirliyi nəticəsində yarana bilər. Əsərin uğur qazanıb əsl sənət nümunəsinə çevrilməsində bədii tərtibat redaktorunun əməyini xüsusilə qeyd etmək lazımdır. Məhz bədii tərtibat redaktorunun əməyi nəticəsində kitabın başlıca ideyası oxucuya çatdırılır. Mustafa Çəmənlinin də nəşriyyat sahəsindəki fəaliyyətini araşdırarkən məlum olur ki, tərtib etdiyi kitablar kifayət qədər çoxluq təşkil edir. Bunlara nümunə olaraq: "Söz həmişə diridir" (1993); "Üzeyir Hacıbəyov Ensiklopediyası" (1996); "Talvar" (povestlər və hekayələr) (2009); "Əlibaba Məmmədov" (2008); "Habil Əliyev - 80" (2008); "Cənub həsrəti" (2009), "El bilir ki, sən mənimsən...", Hüseyn Cavid "Dram əsərləri" (2012), Nizami Gəncəvi "Lirika" (2012), Xurşidbanu Natəvan "Neçin gəlməz" (2012), Nəriman Süleymanov "Dünyanın çəkisi" (2017) və s. göstərə bilərik.
Biblioqrafik vəsaitdə 103-110-cu səhifələrdə "Kitablarda və dövri mətbuatda dərc edilmiş əsərləri", 111-132-ci səhifələrdə "Kitablarda və dövri mətbuatda dərc edilmiş publisistik məqalələri", 133-137-ci səhifələrdə "Müsahibələri", 138-145-ci səhifələrdə "Mustafa Çəmənlinin Azərbaycan Radio və Televiziyasında müəllifi olduğu verilişlər", 146-148-ci səhifələrdə "Mustafa Çəmənli haqqında kitab və kitablarda dərc edilmiş məqalələr", 149-180-ci illərdə "Mustafa Çəmənli haqqında dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələr" başlıqları seçilmiş və buna uyğun da qruplaşdırmalar aparılmış, biblioqrafik aparata daxil edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, ilk dəfə "Mustafa Çəmənli" biblioqrafiyasında Azərbaycan radio və televiziyasında müəllifin verilişlərinin tədqimatı xüsusi bölmədə oxucuların nəzərinə çatdırılmışdır.
Biblioqrafiyanın 181-ci səhifəsində "Köməkçi göstəricilər" başlığı altında Mustafa Çəmənlinihn əsərlərinin əlifba göstəricisi; Publisistik məqalələrin əlifba göstəricisi; Mustafa Çəmənli haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir. Ümumiyyətlə, köməkçi göstəricilər biblioqrafik göstəricilərdə başlıca əhəmiyyət kəsb edən əsaslı nəzəri-metodiki və praktiki müddəa kimi çox önəmlidir. Hətta obrazlı desək, "Biblioqrafik göstərici konkret şəxsin həyat və yaradıcılığının güzgüsüdürsə", köməkçi göstəricilər isə "Biblioqrafik vəsaitin güzgüsüdür".
Köməkçi göstəricilər bilavasitə biblioqrafik göstəricidən istifadəni asanlaşdırmağa, yaradılmış biblioqrafik repertuarı təşkil edən biblioqrafik təsvirlərin daha operativ seçilməsinə xidmət edir. Eyni zamanda, köməkçi göstəricilərin hazırlanması tərtibçidən yüksək peşəkarlıq, dərin elmi-nəzəri metodiki və təcrübi peşə səriştəsi tələb edir.
Vəsaitin tərtibatı, quruluşu bir daha sübut edir ki, nəşrin redaksiya heyəti, o cümlədən tərtibçi tərəfindən Mustafa Çəmənli yaradıcılığı geniş ampulada öyrənilmiş, peşəkar redaksiya-nəşriyyat səliqəsi ilə qruplaşdırmalar aparılmış, bölgülər üzrə vəsaitə daxil edilmişdir.
Beləliklə, nəticə olaraq qeyd edə bilərik ki, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, nəşriyyat işi sahəsində öz sözünü demiş, zəhmətkeş redaktor kimi adını tarixə yazan yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin zəngin yaradıclıq fəaliyyətinə dair mövcud ədəbiyyatın, sənədlərin, mənbələrin biblioqrafik repertuarını əks etdirən elmi-köməkçi xarakterli, əsaslı və təcrübi materiallar əsasında hazırlanmış bu biblioqrafik vəsait Azərbaycanda milli biblioqrafiyanın yüksək uğuru kimi qiymətləndirilməyə layiqdir.