ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MUSANIN SEVGİ DÜNYASI

İSLAM SADIQ

6652    |   2018-06-14 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Hər kəsin öz dünyası var. Bu fikir daha çox yaradıcı adamlara aiddir. Öz dünaysı olmayanın, öz sözü də olmur. Şair dostum Musa Ələkbərli öz dünyası və öz sözü olanlardandır. Bu, onun birinci xoşbəxtliyidir. Musanın ikinci xoşbəxtliyi odur ki, onun dünyası sevgidən doğulub, sözü sevgiylə yoğrulub. Sevgiylə dolan ürəyə heç vaxt qəzəb, nifrət yol tapa bilmir. Şair dostum kitablarından birinin adını "Dünya sevgidən doğulub" qoyanda elə bilirəm ki, onun haqqında uzun -uzadı düşünməyib. Bu ad Musa Ələkbərli yaradıcılığının leytmotividir.
Musanın sevgisi də özü kimi qeyri-adidir. Bu sevgidir, daşları oxuda bilir:

Hələ istəyinlə köklənib aləm,
Əlin toxunanda daş da oxuyur.

Bu sözlər Musanın sevdiyi gözələ ünvanlanıb. Musa onun gözlərinə görünmədən əli toxunanda oxuyan daşların səsinə qulaq asır. Çünki Musanın eşqində də bir utancaqlıq, bir abır-həya, dərin dəryaların lallığı var. O, gecələr ayı ürəyini aça bilmədiyi gözələ elçi göndərəndə bu utancaqlığın, lallığın özünü göstərir oxucuya. Söhbət yalançı sevgidən yox, gerçək sevgidən, adama od vurub, onu köz kimi yandıran sevgidən gedir. Musa da bu çətinliyə düşüb, ona görə gecə ayı elçi göndərir.

Gəzib dolanaram boş küçənizdə,
Qəlbimdə bir eşqin, hayı-harayı
Aramız nə qədər yaxın olsa da,
Sənə ürəyimi aça bilmərəm,
Elçi göndərərəm gecələr ayı.

Deyirlər ki, ilk sevginin dili lal olur. Oğlanlar üçün ilk dəfə sevirəm demək qədər çətin iş yoxdur. Hələ bu harasıdır, görün bu utancaqlıq, lallıq Musanın başına nə oyun açıb?
Ay Musa, həsrətin alov dilisən,
Dəlisən, özü də ayrı dəlisən!
Bilirəm sən məni gözləməlisən,
Bu fürsət əlindən uçana kimi:

Musa yaxşı bilir ki, sevgi oddu, alovdur. Onun bir çınqısı kimin ürəyinə düşsə yandırır, yaxır.
Bu yanğı Musanı nəinki qorxutmur, əksinə, onu kiminsə gözündə allahlaşdırır. Bir də Musa yaxşı bilir ki, ürəyində sevgi odu olmayanların yazdıqları da söz yığınına dönür:

Sevgiyə tapınan adın yoxdusa,
Səni allah bilən qadın yoxdusa,
Tanrıya çatası odun yoxdusa,
Sözləri yan-yana düzməyə dəyməz!

Musa bir günəbaxandı, sevdiyi gözəl günəşdi. Sevgi Musanı gecə-gündüz bu günəşin başına dolandırır. Hər şeydən üzü dönəndə Musa öz günəşinə tərəf boylanır:

Məhəbbət! Dəmə ki, qaldım dünəndə,
Söz-söz, misra-misra paylanmağım var.
Dünyada hər şeydən üzüm dönəndə,
Mənim sən tərəfə boylanmağım var.

Sevgi Musanı qocalmağa qoymur, onun özünü də, sözünü də ovxarlı saxlayır. Altmış yaşında da ürəyi on yeddi yaşındakı kimi sevgi ilə alışıb-yanır:

Xəyalım zirvələr başında qalır,
Mənim tək quruyub qarşında qalır.
Sevgi yanığının yaşı artsa da,
Ürəyi on yeddi yaşında qalır.
Musa Ələkbərlinin poeziyasındakı sevginin ünvanı gah vətənin özüdü, buz bulaqları, uca dağlarıdı, aranıdı, düzüdü, gah xalqdı, millətdi. Musanın gözündə insandan uca varlıq yoxdur. Bu ucalığı Musa çox haqlı olaraq insanların göydən gəlmələri ilə bağlamışdır. Şair düşüncəsi, şair xəyalı burada ünvanı düz tapmışdır. "Göy tanrı", "göy türklər" ifadələrini yada salmaq yetər ki, Musanın "Biz yerdə görüşən göy adamları" fikirini doğru anlayaq.
Göy türklər də göydən gəlmiş türklər deməkdir.
Bu adın tərkibindəki "göy" sözü rəng bildirmir, məhz onunla türklərin göydən gəldiklərinə, göy, səma mənşəli olduqlarına işarə edilmişdir:

Biz yerdə görüşən göy adamları,
Ovsuna gəlməyən ilan adamlar.
Biz öz sinəsində şimşək söndürən
Dünyada dünyasız qalan adamlar.
Öz var-yoxumusu öyə bilmərik.
Varıqmı, yoxuqmu-deyə bilmərik.
Biz gerçək adamlar, yalan adamlar.

Musa Ələkbərli təkcə sevgidən yazanda "sevirəm" demir. Yaxud belə düşünmək olmaz ki, Musanın "sevirəm" sözü olmayan şeirlərində sevi yoxdur. Musanın bir çox şeirlərində sevgi sözlərin arasından dəmirçi körüyündəki alov kimi fışqırıb çıxır.

Bu boyda sərvətin, varın içində
Biz yoxsul, lüt-üryan, ac olanlarıq.
Biz yerdə döyükən göy adamları,
Yerə də, göyə də tac olanlarıq.

Bəli, burada yerə də, göyə də tac olan insana sevgi onun yoxsulluğu, aclığı, lüt-üryanlığı ilə paradoqsal şəkildə qarşı-qarşıya qoyulmuş, yerin-göyün tacının aclığına qarşı şair ürəyində əməlli-başlı etiraz püskürmüşdür. Onun ürəyindəki bu etiraz püskürməsi şairin vətənə və xalqa sevgisindən başqa bir şey deyil. Biz eyni sevgini və yanğını Musanın "Heç nə ürəyimcə olmadı, allah" şeirində də görürük.

Milləti bu kökə düşən şairin,
Şairi bu kökə düşən millətin,
Gözündən çay kimi axsa qan-irin,
Yarası, göynəyi sağalar çətin.

Bəli, millətin halı şairin ovqatını müəyyənləşdirir, şairin ovqatı millətin halının güzgüsüdür. Söhbət söz uyduranlardan yox, şairdən gedir. Millətin dərdi üzərində qol açıb şıdırğı oynayan, yalan üyüdən "şairlər"dən fərqli olaraq Musa milləti özündən, özünü millətdən ayrı düşünmür. Ona görə də Musanın ovqatı millətin halına güzgü tutur.
Musa Ələkbərli "dünyası sevgidən doğulan" şairdi. Mən əminəm ki, hamının dünyası sevgidən doğulsaydı, dünyada bu qədər pisliklər olmazdı.



İmza:
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK