Adalet.az | GƏNCƏDƏ BİR ÜNVAN VAR... Adalet.az | GƏNCƏDƏ BİR ÜNVAN VAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

GƏNCƏDƏ BİR ÜNVAN VAR...

3593    |   2018-06-14 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətəndaş mövqeyi: şəxsi evdə "Vətən igidləri muzeyi"


Bəli, qədim şeir, sənət ocağı, igid ərənlər yurdu Gəncədə bir ünvan var: Sevil Qazıyeva küçəsi, üçüncü döngə, ev 9!..
Artıq 26 ildir ki, bu ünvan nəinki Gəncədə, eləcə də respublikamızın müxtəlif bölgələrində tanınır. Bu, təsadüfi deyildi. Küçənin başlanğıcında tez-tez "Bağışlayın, Elnarə Tağıyevanın evinə necə getmək olar?", "Bəlkə deyəsiniz, Sevil Qazıyeva küçəsi, üçüncü döngədəki 9 nömrəli ev uzaqdadır?" sözləri eşidilir.
Hamı böyük ehtiramla sualdolu baxışları bu ünvana istiqamətləndirir!.. Qapıda üçrəngli Azərbaycan Bayrağı dalğalanan ev Elnarə Tağıyevanın ata mülküdü. Düz 26 ildir bu həyət "Vətən igidləri muzeyi" kimi tanınır...
...Səliqə-səhmanlı həyətə daxil oluruq. Elnarə bizi qarşılayıb iç-içə üçotaqlı muzeyə dəvət edir. Rəngli, ağlı-qaralı şəkillərdən boylanan yaralı, xəstə, bəzən xəfifgülüşlü insan baxışları, odlu-alovlu müharibənin dəhşət saçan, qandonduran səhnələrini əks etdirən saysız-hesabsız fotolar, al-qana boyanmış əsgər paltarları, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər, parça-parça olmuş çəkmələr, gilizlər, qəlpələr, möhürlü, "yaralı" sənədlər, saralmış qəzet-jurnal səhifələri, heykəlləşmiş əsgər taleyi, nələr, nələr...
Mənfur qonşularımızın Dağlıq Qarabağ münaqişəsinin ağrı-acılarını özündə yaşadan bu eksponatlar Gəncə şəhər sakini Elnarənin şəxsi təşəbbüsü və şəxsi evində təşkil etdiyi "Vətən igidləri muzeyi"ni ildən-ilə zənginləşdirdiyi kolleksiyalardandır.
- 51 yaşım var. Ömrümün yarıdan çoxunu bu muzeyin ağrılı-acılı eksponatlarını toplamağa, 300 nəfərdən artıq şəhidin - vətən mücahidlərinin qırılmış talehləri barədə məlumat toplamağa həsr etmişəm!.. Hazırda 2280-dən artıq eksponat, eləcə də şəhidlərə aid yüzlərlə sənəd, onların igidliklərindən yazılmış çoxlu sayda qəzet, jurnal və kitablar burada qorunub, saxlanılır, çoxsaylı tamaşaçılara təqdim edilir... Müharibənin ilk illərindən müdafiə nazirliyinin nəzdindəki əşya-əmlak xidməti kombinatında çalışırdım. O zaman bizim camaşırxana Gəncə qarnizonunu və bütün cəbhəboyu bölgələri təmiz hərbi geyimlə təchiz edirdi. Müharibə getdikcə qızışır, cəbhədən hər gün ağır xəbərlər alırdıq. Hər dəfə paltarları aparmağa ayrı-ayrı əsgərlər gəlirdi. Geyimlərin bir neçəsini isə orada qoyub gedirdilər. Kombinatda yeni işə düzəldiyimə görə ilk günlər nələrin baş verdiyinin fərqində deyildim. Aparılmayan paltarları səliqə ilə bir kənara yığır və həmin paltarların sahiblərini gözləyirdim. Bir gün kombinatımıza gələn zabit dedi ki, aparılmayan həmin paltarların sahibləri artıq həyatda yoxdular, onlar şəhid olublar. "Bax, o zaman anladım ki, bura gələn əsgəri niyə sonra görə bilmirəm. Artıq bu gün gördüyüm əsgəri bir də görəcəyimə ümidim yox idi. Ona görə də hər dəfə kombinatımıza gələn əsgərlərdən xahiş edirdim ki, öz siqaretlərindən, şəxsi əşyalarından birinin üzərinə ürək sözlərini və tarixi yazıb mənə bağışlasınlar. Sonra cəbhədə baş verənləri evdə valideynlərimə danışdım və onların razılığı ilə şəxsi mənzilimizin bir otağını muzeyə çevirdik... İndi gördüyünüz kimi muzeyimiz üç otağı əhatə edir - Elnarə Tağıyeva bu sözləri söyləyərkən bir neçə dəfə kövrəlib, göz yaşlarını silirdi.
Çox keçmədi Elnarənin işlədiyi kombinat öz işini dayandırdı və Elnarə digər iş yoldaşları kimi ixtisara düşdü. Lakin başladığı xeyirxah iş onu muzeyin eksponatlarının artırılmasına, dəyərli sənədlərin toplanılmasına marağını daha da artırdı. Ötən bu illərdə ağır döyüşlərin getdiyi cəbhə bölgələrində, hospitallarda olan Elnarə Tağıyeva dəfələrlə ölümlə üz-üzə gəlib. Güllələrin göydən yağış kimi yağdığı, mərmilərin yanında partladığı anlarda ağır yaralanan, bəzən də şəhid olan əsgərləri öz gözləri ilə görüb. Döyüşlərdən birində başını sıyırıb keçən gülləni şəxsi muzeyində saxlayan Elnarə deyir ki, hər dəfə efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini eşitdikdə əvvəlcə onun ünvanını axtarıb tapır, sonra da yaşadığı rayona, şəhidin evinə gedir. Yaralı əsgərlərlə, şəhid ailələri ilə həmsöhbət olur, geri qayıdanda isə ya onların özündən, ya da ailə üzvlərindən muzey üçün bir əşya alıb gətirir. Maraqlıdır ki, Elnarənin muzey işi barədə heç bir təhsili, biliyi olmasa da, hər bir eksponatın, hər bir əşyanın dəqiq hesabatını, kartatekasını hazırlayır, kitablara salır ki, lazım gələndə faktlardan dəqiq istifadə etsin.
Beləcə, uzun illərdir ki, nə müharibə bitib silahlar susur, nə də qəlbi Vətən eşqi, qələbə soraqlı Elnarə Tağıyevanın şəhərlərə, kəndlərə gedib qapısını döydüyü yaralı əsgərlərin, şəhidlərin ünvanı bitib tükənir. Hər dəfə də eyni nisgil, eyni acı həqiqət və göz yaşları!.. Muzey isə ildən-ilə böyüyür, eksponatlar artıb çoxalır. Yuxarıda qeyd etdiyim kimi, Elnarə Tağıyeva 2013-cü ildən nə işləyir, nə də təqaüd alır. Eksponatları toplamaq üçün səfərlərini təqaüdçü atasının onsuz da məhdud olan təqaüdü hesabına maliyyələşdirir!.. Budur, vətəndaş mövqeyi!.. Elnarə respublikanın cənub bölgəsindəki beş rayondan başqa bütün bölgələrdə olub. 120 Milli Qəhrəman, 394 nəfər şəhid barədə üç minə yaxın eksponat, sənəd, şəkil toplayıb.
Muzeyin qapıları neçə illərdir geniş tamaşaçı üzünə açıqdır. Tez-tez şəhid ailələri, qazilər, məktəbli-gənclər, tələbələr buraya gəlir, eksponatlarla tanış olur, Elnarənin eksponatların hər biri barədə maraqlı, ürək yandıran söhbətlərini dinləyirlər. Şəhərin 2, 4, 8, 38 nömrəli məktəblərinin müəllimləri, şagirdləri vətənpərvərlik mövzularında bir çox dərslərini burada keçirlər.
Hər bir tamaşaçı, hər bir kollektivin dəqiq uçotu aparılır. Elnarə bir neçə kitabçanı bizə göstərir. Eksponatların muzeyə daxil olma tarixi, kimdən və haradan, nə zaman alınması! Hansı şöbədə, otaqda nümayiş edilməsi, ayrıca kitabda qeyd olunur. Eləcə də tamaşaçıların haradan, nə vaxt və neçə nəfər gəlməsi barədə də ayrıca qeydlər aparılır. Bax, bu kitabda isə ekskursiyaya gələnlərin ürək sözləri yazılıb. Hər şey dəqiqliklə, qayğı ilə, ustalıqla qeyd olunur...
Muzeyin otaqlarını gəzir, Elnarənin ürəkyandıran söhbətlərini dinləyirik. Burada hər əşyanın bir acı xatirəsi, arxasında neçə-neçə insanın göz yaşı, həsrəti var. Hər bir eksponata, hər bir şəkil və ya sənədə həyəcansız, ürək ağrısız baxmaq olmur.
Elnarə əsgər çəkmələrinin sıralandığı cərgəyə yaxınlaşır. Bir tayı olmayan parçalanmış çəkməni qaldırıb deyir:
- Bu çəkmələrin sahibləri də şəhid olub. Əlimdəki tək və parçalanmış çəkmənin sahibi olan əsgər minaya düşüb. Ondan qalan yalnız budur. Divardan asılmış əllə kəsilmiş "abrez" Gəncənin ilk şəhidi Rüzigar Qasımovundur. Bu büst və şəkillər, qəzetlər də ona məxsusdur. Müharibənin ilk illərində nə ordumuz var idi, nə də silahlarımız. Baş leytenant Rüzigar Qasımov 12 nəfərlik bir dəstə düzəldib gah Nüvədidə, gah da Gəncəbasar döyüşlərində "abrez" quş tüfəngi ilə döyüşlərə atılırdı. Üç ay Nüvədidə vuruşdu, 1990-cı ilin yanvar ayının 12-də Todanda gedən ağır döyüşlərin birində məslək, əqidə dostları - Bəxtiyar Əliyev və Abbasqulu Məmmədovla birgə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə yüksəldilər. Rüzigar Qasımovun igidliyinə həsr edilən 200-ə yaxın şeir, oçerk yazılıb. Şəhərimizdə hər üçünün adına küçə verilib. "Gəncənin igid oğlu Rüzigar" adlı mahnı bəstələnib...
Şəhid fotoları arasından bir qadın şəkli də boylanır. Muzey sahibi bu şəklin Gəncənin yeganə qadın şəhidi olan Sevda Cabbarovaya aid olduğunu söyləyir. Sonra didilmiş əlcəkləri göstərib onun minaya düşən hansı şəhidə aid olduğunu, qanlı bayrağa kimin büküldüyünü, öldüyü düşünülüb morqa qoyulan, lakin beş gündən sonra meyitlər arasından çıxarılıb cərrahiyyə əməliyyatı aparılan və yenidən həyata qayıdan qazinin hekayəsini söyləyir. Stolun üstündə düzülmüş, üstünə adlar və soyadlar yazılmış irili-xırdalı qəlpələr və güllə başlıqlarının hər biri bir evin işığını söndürüb, bir vətən oğlunu bizdən alıb. Azərbaycanın Milli Qəhrəmanlarına aid qana bulaşmış əşyalar da divardan asılıb. Eksponatlar arasında bir əsgər papağı diqqətimi cəlb edir. Onun üstünə yapışdırılmış kiçik sarafan torbacıqda bir neçə saç tükü gördük. Elnarə deyir ki, bu Milli Qəhrəmanımız Mübariz İbrahimova məxsusdur. Onu Mübarizgildən alıb gətirəndən sonra Elnarə papağın içindən bu tükləri tapıb, beləcə mühafizə edib.
E.Tabıyevanın "Vətən igidləri muzeyi"ndə yalnız şəhidlərin, qazilərin, Milli Qəhrəmanların əşyaları deyil, həm də onlara aid çoxlu sayda sənədlər də var. Burada əşyası sərgilənən hər bir döyüşçü üçün kiçik guşə yaradan, şəxsi qovluq düzəldən E.Tağıyeva şəhidin valideynlərinə və ailə üzvlərinə, bəzən də yaralı əsgərlərin özlərinə tərcümeyi-hallarını, onların keçdiyi döyüş yollarını və xatirələrini yazdırıb, muzeyin eksponatları sırasına daxil etmişdir.
Elnarə daha bir eksponatı bizə göstərir. "Baxın, bu şəkillər ən xoş günün xatirəsi kimi toyda çəkilib. Bu ağ qızılgül də həmin toydakı güldür. Atanın-ananın tək övladı olan bu yaraşıqlı oğlan, toyundan 3 gün sonra qəhrəmancasına..."
Qəhər hər ikimizi boğur. O daha heç nə danışa bilmir və biz səssizcə otaqdan çıxırıq. Yenə əvvəlki kimi lal bir sükut bu otaqlara hakim kəsilir...
Küçəyə çıxıram. Yenidən ünvana baxıram. Bir nəfərin vətəndaşlıq qayəsi nəticəsində nəinki, Gəncədə, ölkəmizin bütün bölgələrində tanınan "Vətən igidləri muzeyi", eləcə də onun təşəbbüsçüsü və təşkilatçısı, rəhbəri Elnarə Tağıyevanın xeyirxah işinin əzəməti gözlərim qarşısında daha da böyüyür. Elə bu an xatırlayıram ki, dövlət səviyyəsində aparılan yoxlamalar nəticəsində məlum olub ki, yüzlərlə "işbilən" cibində saxta "müharibə veteranı" vəsiqəsi gəzdirir!.. Onların heç biri müharibəni görməyib, o hissləri yaşamayıb.
Elnarə Tağıyeva isə şəxsi üçotaqlı evində muzey yaradıb, şəxsi vəsaiti ilə bölgələrdə olub, şahidlərlə görüşüb, ekspontlar toplayıb!.. Məgər bu qəhrəmanlıq deyilmi?! Özü də 2013-cü ildən heç harda işləmir. Səfərləri, muzey üçün lazım olan vəsaitləri atasının təqaüdü hesabına toplayır, hazırlayır, insanlara, məktəbli-gənclərə uzun illərdən bəri davam edən müharibənin törətdiyi acı həqiqətləri təbliğ edir, insanlarda möhtəşəm vətənpərvərlik hissləri aşılayır.
Məgər, onun şəxsi evində təşkil etdiyi "Vətən igidləri muzeyi"ni əlaqədar təşkilatlar uçota alıb, ona zəhməti müqabilində məvacib verə bilməzmi?!. Bizcə bu mövzu ətrafında əlaqədar təşkilatlar ciddi düşünsələr yaxşı olardı!..




SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK