adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Türkiyədə gün sayılır

HİDAYƏT ELVÜSAL
33736 | 2018-06-14 09:16
Türkiyədə seçki morofonu get-gedə daha da qızışır. CHP-nın namizədi Məhərrəm İncə gözlənildiyi kimi kifayət qədər populyarlıq qazana bilib. Sağdan-soldan vurulsa da yoluna davam edir.
İyi (yaxşı) partiyanın lideri Maral Akşənər MHP-dən ayrılandan sonra daha fəal bir mövqe tutub. Seçicilərin rəğbətini qazana bilib. Maral xanım dövlət idarəetmə təcrübəsinə də malikdir. Vaxtilə Türkiyənin daxili işlər naziri olub. Böyük Millət Məclisində qrup başqan vəkili kimi məclisi idarə edib. Həm də nümunəvi şəkildə.
Səadət Partiyasının lideri Kərəm Qaramollaoğlu AKP-nin əvvəlki yuvasından Rifah Partiyasından ayrılmış bir siyasi qüvvədir. Ərbakanın tələbələrindən sayılır. Təmkinlidir, savadlı və məlumatlıdır. Mühafizəkar zümrəsin müdafiə etdiyi siyasi fiqurdur. Ərdoğan onunla da iqtidar bağlamaq istədi. Olmadı.
HDP-nin namizədi Səlahəddin Dəmirdaş həbsdədir. Təbliğatını vəkilləri vasitəsilə aparır. Hələ də terrorla arasına sədd qoymayan HDP-nin yüksək şansı olmasa da, seçkilərə təsiri olacağı sözsüzdür. İkinci turda kimə səs verəcəkləri həlledici sayılır.
Erməni yalanını puça çıxaran, barışmaz mübariz Doğu Pəricək "Vətən" partiyasının namizədidir. Bu adama heç cür şərait yaradılmır. Heç vəsait də ayrılmayıb. Partiyada kifayət qədər vətənpərvər, Atatürkçü əsgərlər, elm adamları, siyasətçilər var. Prezidentlik şansları olmasa da, millət vəkili çıxarmaq arzusunda olanlar az deyil.
Və nəhayət baş qəhrəman və əsas sima olan indiki prezident Rəcəb Tayyub Ərdoğan. Yenə həmişəki kimi mitinqlərdə, açılışlarda. Bir daha və bir daha prezident olmaq istəyi sonsuzdur. Amma elə hadisələr baş verir ki, bu hadisələrdən danışmadan dayana bilmirsən.
Almaniyada dərc olunan "Şpigel" jurnalının üz qabığında təqdim olunan Otoritorlar kolleji məsələni xeyli qarışdırdı. Əslində "xalq mənəm!" mənasını bildirən bu ifadə dörd ölkə liderinə - Türkiyə, Rusiya, Çin və ABŞ liderlərinin idarəetmə üsullarına - otoritorluğa həsr edilib. Yəni bu liderlər xalqın səsini dinləməz, öz bildiklərini edər və xalqı sözdə xatırlarlar.
Görünür Ərdoğanın indiki müşavirləri və onu müdafiə edən yandaş mətbuat məsələnin əsl mənasına varmadan liderlərini gülünc vəziyyətə salmışlar. Onlardan biri həmin kolleji ilk səhifəsində dərc edib, fəxrlə yazır: ""Şpigel" Merkeli deyil, Ərdoğanı seçdi". Dəhşət!
Ərdoğan da məsələnin nə yerdə olduğunu bilmir. Müşavirləri onu səhv anlatmışlar. O da meydan müraciətlərinin birində deyir:
- O "Şpigel" üz qabığında dörd liderin rəsmini dərc edib. Yəni deyir ki, dünyanı bu dörd adam idarə edir.
Doğrudan da dəhşət! Əslində tənqid, xəbərdarlıq mənası daşıyan kollej Ərdoğan tərəfindən, müşavirlərinin savadsızlığı, səriştəsizliyi ucbatından bəh-bəhlə qarşılanır. Və neçə gündür ki, Türkiyə mediası bu biabırçılıqdan söhbət açır.
Niyə məhz Ərdoğandan söz açdıq. Prezident bir daha prezident olmaq üçün yenə də dövlətin bütün gücündən, sərvətindən, vasitələrindən istifadə edir. O da, dilmancı Binəli İldırım da, kürəkəni, müşavirləri də bütün qüvvələrin səfərbər edib bu məqsəd uğrunda çarpışırlar. Media saatlarla Ərdoğanın, onun adamlarının çıxışlarını birbaşa canlı olaraq təqdim edir. Bəzən isə bu canlı yayımlarda gözlənilməz hadisələr baş verir.
Əlbəttə, Ərdoğanın çıxışları hazır mətnlərin oxunması hesabınadır. Yəni o səhnəyə çıxır, qarşısındakı monitorda çıxışına mətni görünür, üzündən oxuyur və hamıya elə gəlir ki, "sinədən söyləyir". Amma o gün monitor dondu. Elə Ərdoğan da dondu. Özü də mətnin çox çətin anında - iqtisadiyyatdan danışarkən. Uzun-uzun susub, monitora baxdı. Olmadı. Bu işlə məşğul olanı axtardılar. Xəbər gəldi ki, namaz qılmağa gedib. Beləliklə, çıxış yarımçıq qaldı.
Ərdoğanın müşavirləri də, özü də sanki yaddaş burulğanına düşüb. Məsələn, o, deyir: İzmirdə təyyarə limanını kim yaratdı? Biz yaratdıq, AK parti yaratdı".
Əslində bu hava limanı 1975-ci ildə yaranıb. Yəni AKP hakimiyyətə gəlməzdən təxminən 17 il (!) əvvəl.
Daha sonra Spartada, Süleyman Dəmirəlin vətənində "Spartada universiteti biz yaratmadıqmı?"
Yox! Bunlar yaratmayıb. Bunlar hakimiyyətə 2002-ci ildə gəliblər. Spartadakı Süleyman Dəmirəl Universiteti isə 1992-ci ildə, yəni 10 il əvvəl yaradılıb.
Daha bir misal:
- Bu kommunistlər körpüləri əcnəbilərə satmaq istəyirdilər. Rəhmətlik Turqut Özal imkan vermədi.
Əslində hər şey tərsinə olub. O illərin görüntüsünü yenidən canlandırdılar. Körpüləri Turqut Özal satmaq istəyib, digər partiyalar mane olub.
Ərdoğanla bağlı belə misalların sayı-hesabı yoxdur. Bir daha seçilmək üçün bütün yollara baş vururlar. Seçkilərə isə cəmi bir neçə gün qalıb. Dərin iqtisadi böhran keçirən Türkiyənin gələcəyi kimi əlində olacaq? İndi bütün dünyanı bu maraqlandırır. Elə bizi də! Bir neçə gündən sonra Türkiyə hansı siyasi qüvvələr tərəfindən idarə olunacaq? Bu ağır iqtisadi, siyasi vəziyyət necə həll olunacaq?
Nə qalıb ki? Cəmisi bir neçə gün...

TƏQVİM / ARXİV