adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Iyun 2018 16:39
16212
ELM VƏ TƏHSİL
A- A+

BMU- da “15 İyun Milli Qurtuluş Günü” qeyd olunub

Bakı Mühəndislik Universitetində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitetin müəllim –tələbə heyəti ilə yanaşı millət vəkili, akademik Ziyad Səmədzadə və YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev iştirak edib. Tədbirdən öncə universitetin foyesində Ümummilli liderimiz Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətlərinə həsr olunmuş "Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı xüsusi guşənin açılışı olmuşdur.

Dövlət himninin oxunmasından sonra başlayan tədbirdə müstəqilliyimizin ilk vaxtlarında baş verən hadisələrdən,Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə 15 iyunda hakimiyyətə gəlməsindən sonra ölkəmizdə müsbət mənada cərəyan edən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da 1993-cü ilin ilk vaxtlarında müstəqilliyimizin ən ağır vaxtları idi. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü” kimi daxil oldu.

Rektor qeyd edib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi: "Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqçıl layihələrində iştirak edir.

Rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.