ANA SƏHİFƏ / Layihə

AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR

4905    |   2018-06-13 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 26-da keçirilmiş beşinci iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil ediləcək hökumətinə "Əhrar" fraksiyasının münasibəti barədə çıxış edən Abdulla bəy, millətin, vətənin mənafeyinə xidmət etməyin quru sözlərdən və boş vədlərdən ibarət olmadığını qeyd edərək, yeni hökumətin ciddi fəaliyyət göstərməyə və fədakarlıq etməyə doğrudan-doğruya hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə, arxasında "Əhrar" fraksiyasını görəcəyini və onun dəstəyini qazanacağını bildirir, zamanın əhəmiyyətini, siyasətin həssaslığını nəzərə alaraq təmsil etdiyi fraksiyanın yeni hökumətə etimad göstərdiyini bəyan edir.
Daha sonra yenidən təşkil ediləcək hökumət kabinetinə "Əhrar" fraksiyasının münasibəti barədə geniş və əhatəli çıxış edən Abdulla bəy, dünya savaşının bəşəriyyət tarixində misli görünməyən, ölçü və çəkiyə gəlməyən can, mal və pul itkisinə səbəb olmaqla yanaşı, istibdadın və qaniçən millitarizmin əsaslarını dağıtdığını, üsul-idarələrin mahiyyətini dəyişdiyini, yüz illər boyu demokratiyanın bərqərar olmasından qorxan və həmişə onun əleyhinə çıxan sosial sinifləri bu gün istər-istəməz demokratiya tərəfdarı etdiyini, "hər millət öz müqəddəratını təmin etməyə haqlıdır" kimi müqəddəs və ali fikirləri doğurub meydana gətirdiyini qeyd edir. Bu gündən etibarən millətlərin təkamülünün onların diriliyindən və fədakarlıqlarından asılı olduğunu vurğulayır və təmsil etdiyi fraksiyaya ""Haqq alınar, verilməz!" Hüquqi-bəşəriyyəyi ancaq ləyaqəti olan, onun yolunda qurbanlar verən və hava su kimi onun qədr və qiymətini bilən millətlər malik olacaqlar" gerçəyinin məlum olduğunu, azadlıq yolunda heç bir fədakarlıq göstərməyən millətlərin yenidən müstəmləkə əsarətində yaşamağa məcbur qalacaqlarını və keçmişdən daha dəhşətli bir əsarətə məhkum olacaqlarını ifadə edir. Çıxışını davam etdirən Abdulla bəy, bəşər tarixində parlaq ad qazanmış türk millətinin bir hissəsini təşkil edən Azərbaycan türklərinin baş verən son hadisələr nəticəsində öz diriliyini və bu diriliyi sayəsində hər hüquqa malik ola biləcəyini isbat etdiyini, bu millətin (Azərbaycan türklərinin) hər cəhətdən müstəqil yaşamağa layiq millətlərdən olmasını və mədəni millətlər sırasında məqam tutmağa haqlarının olduğunu dilə gətirir. Abdulla bəy hökumətin istiqlalın elanından keçən altı-yeddi aylıq dövr ərzindəki fəaliyyətinə qiymət verərək, "Təəssüflər olsun ki, millətimizdə gördüyümüz diriliyi, fədakarlığı bu ana kimi hökumətimizdə görmədik. Fəqət, nə etməli keçən keçibdir. Hal-hazırımızın siyasəti böyük əhəmiyyət kəsb etməklə bərabər öylə nazik, öylə incə məqamlara varıb ki, həm parlament və həm hökumət tərəfindən böyük çalışqanlıq və həkimanə bir taktika istər" şəklində münasibət bildirir. Məclisi-Məbusan qarşısında duran başlıca vəzifənin ədalətli seçki qanunu hazırlayaraq, həmin qanun əsasında Müəsisslər Məclisini çağırmaq olduğunu bildirən Abdulla bəy, ancaq bu yolla toplanılmış məclisin vətənin ağır vəzifələrini daşımaqda haqqı olduğunu ifadə edir. Yeni təşkil ediləcək hökumətin qarşısında duran vəzifələr barədə danışan Abdulla bəy, onun parlament qarşısında hesabatlı olmalı olduğunu və parlamentin göstərdiyi yollar ilə getməli olsa da, müstəqil, möhkəm, müttəhid, mötəbər və mükəmməl icra hakimiyyəti orqanı funksiyasını icra etməli olduğunu qeyd edir. Daha sonra o, fikrini obrazlı ifadə edərək cümhuriyyəti bir bədən kimi təsəvvür etdikdə həmin vücudun başının Məclisi-Məbusan, digər mühüm üzvünün isə hökumət olduğunu söyləyir. Gözün görmək, qulağın eşitmək, əlin işləmək, dilin danışmaq üçün olduğunu, bu üzvlərdən hər birinin öz funksiyaları ilə yanaşı, əsas məqsədlərinin bir ruha, bir bədənə xidmət etmək olmasını qeyd edir. Bədən üzvlərindən birinin öz funksiyasını yerinə yetirə bilməməsinin bədənin məhvinə səbəb olduğu kimi, hökumət üzvlərinin də vəzifələrini icra edə bilməmələrinin vətəni və milləti böyük fəlakətlərə düçar edə biləcəyini bildirir. Nazirlərdən hər birinin onlara həvalə edilmiş sahənin mütəxəssisi olmasının və fəaliyyətlərini ölkənin mövcud durumuna müvafiq şəkildə qurmalarının vacibliyini dilə gətirərək "Daxili işlərlə məşğul olmayan nazirin daxili naziri namini daşımağa həqqi yoxdur. Maarif işləri ilə məşğul olmayan nazir maarif naziri namini daşıyamaz və həkəza bunlar sabiq hökumət tərəfindən bizə verilən bəyənatın ziddinə olaraq hərəkət etməlidir. Yəni siyasət incəliyinə hər nazir ixtisas dairəsində fəaliyyətini çoxaltmalıdır. Rabiən ayrı-ayrı nazirlərin yürütdüyü siyasət ümumi vətən siyasətinə zidd olmamaq şərti ilə onların bütün heyəti yəni heyəti-vükəla ümumi işlərdə bir vücud kimi hərəkət etməlidirlər. Belə olmaz isə övzayi-vətən şimdiki halından dəxi fəna hallara düşəcəkdir" söyləyir. Daha sonra çıxışını davam etdirərən Abdulla bəy ölkədəki mövcud sosial problemlər haqqında ətraflı tənqidi fikirlərini məclis üzvlərinin nəzərinə çatdırır. Yaranmış bu vəziyyətdən çıxmaq, siyasi, sosial-iqtisadi problemlərin həlli yollarını tapmaq və onları həll etmək üçün təmsil etdiyi fraksiyanın mükəmməl bir hökumətin formalaşmasına yardım edəcəyini bildirir, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların bərabərhüquqluluq və bütün azadlıqların təmin edilməli olması prinsipinə riayət edilməsinin vacibliyini vurğulayır. Bu çıxışında Abdulla bəy, ölkədəki ağır iqtisadi vəziyyətə toxunaraq əkinçi və fəhlələrin vəziyyətlərinin əsaslı şəkildə yüngülləşdirilməli olduğunu dilə gətirir, aqrar məsələnin həlli yollarına təmsil etdiyi fraksiyanın baxışını ortaya qoyaraq, əvvəllər iri mülkədarlara və dövlət adamlarına məxsus olmuş torpaq sahələrini xəzinəyə təslim edərək, əkinçi ailələrinin say tərkibi nəzərə alınmaqla onlar arasında paylaşılmasının, xəzinəyə cəlb edilmiş xüsusi torpaqların əvəzinin ödənilməsi məsələsinin Müəssisələr Məclisinə həvalə edilməsinin vacibliyini qeyd edir. Kəndlilərə paylanılmış torpaqların sonrakı dövr ərzində yenidən varlı şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə pay torpaqlarının alqı-satqı yolu ilə özgəninkiləşdirilməsinin qadağan edilməsini təklif edir. Sənaye sahəsində çalışan fəhlələr üçün günlük 8 saatlıq iş rejiminin tətbiq olunmasının, onların rifah halının yaxşılaşdırılması istiqamətində qanunvericilik səviyyəsində ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, kasıb təbəqələrin vergi yükünün azaldılması məqsədilə onlardan alınan bütün vergiləri ləğv edərək, yalnız gəlir vergisinin tutulmasını təklif edir. Təhsil siyasətinə münasibətdə təmsil etdiyi fraksiyanın mövqeyini məclis üzvlərinin nəzərinə çatdıran Abdulla bəy, Cümhuriyyətin maarifə olan ehtiyacının digər bütün ehtiyacların fövqündə dayandığını, bütün fəlakətin əsas səbəbinin maarifin yoxluğundan qaynaqlandığını vurğulayaraq, hər kəsin məcburi qaydada pulsuz ibtidai və ümumi təhsil almaq hüququnun reallaşdıra bilməsinə şərait yaradılmasının, məktəblərin mümkün qədər tez milliləşdirilməsinin, ölkədə ümumi məktəblərdən başqa, müəllimlər institutlarının, hərbi, sənaye, ticarət, əkinçilik sahələri üzrə ixtisaslı kadrlar hazırlayan məktəblərin açılmasının, müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlərin görülməsinin zəruriliyini ifadə edir. Abdulla bəy təhsil sahəsi üzrə görülməli olan işlər sırasında cari ildən (yəni 1919-cu ildən) etibarən universitetin təsis edilməli olduğunu, bundan əlavə sadə camaatın anlaya biləcəyi üslubda qələmə alınmış siyasi, elmi qəzet və jurnalların, təlim-tərbiyəyə dair əsərlərin çoxtirajlı nəşrinin və yayılmasının təşkilinin vacibliyini qeyd edir. Çıxışında dövlət idarəçiliyinin səmərəli təşkili məsələlərinə toxunan Abdulla bəy, hökumət idarələrinin ixtisaslı kadrlara olan ehtiyaclarını qarşılamaq məqsədilə xüsusi kurslar açılmasını və həmin idarələrin (hökumət idarələrinin) qısa zaman ərzində milliləşdirilməsini, bütün rəsmi yazışmaların türk dilində aparılmasının təmin edilməsini təklif edir. Məhkəmə-ədiliyyə sistemi sahəsində həyata keçirilməli olan islahatlardan bəhs edərək məhkəmələrin demokratik üsul üzrə təsis edilməli olduğunu, fərdlərin dini inanc və milli mənsubiyyətlərinə fərq qoyulmadan yalnız cümhuriyyət qanunları əsasında mühakimə edilmələrinin, təcili surətdə yerlərə təftiş komissiyaları göndərərək, "rüşvətxor və xain xidmətçilər"in vəzifələrindən uzaqlaşdırılaraq ədalət divanına təslim edilməsinin zəruriliyini vurğulayır. Ölkədə müşahidə edilən ərzaq qıtlığını aradan qaldırmaqdan ötrü bu sahənin "möhtəkirlər və müstəbidlər əlindən xilas edilməli olduğunu söyləyən Abdulla bəy taxıl, çit, yağ, qənd, çay, sabun və başqa ləvazimatların təmini qayğısına indidən qalınmalı olduğunu bildirir. Yol infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində əsaslı işlərin görülməli olduğunu dilə gətirən Abdulla bəy köhnə şose yollarının təmir edilməli olduğunu, eləcə də hər yerdə yeni yolların salınmasının, bir zamanlar mövcud olmuş Orta Qafqaz dəmir yolu layihəsinin reallaşdırılmasının vacibliyini vurğulayır.
Abdulla bəy ölkədə səhiyyə xidmətinin təşkili vəziyyətinə toxunaraq yerlərdə pulsuz müalicəxanaların açılmalı olduğunu və həmin səhiyyə müəsissələrinin ucuz qiymətə əldə edilmiş dava-dərmanla təmin edilməsi məsələlərinə diqqətin ayrılmalı olduğunu bildirir. Çıxışında milli təhlükəsizliyin qarantı olan ordu quruculuğu prosesinin təşkili məsələsinə fraksiyasının münasibətini bildirən Abdulla bəy, milli istiqlalın əsas sütununun sağlam və güclü bir orduya malik olmaq olduğunu dilə gətirərək deyir:
"...bizləri Azərbaycana sahib edəcək, qüvvə, bizə ordumuz olacaqdır. Ordu sağlam və mohkəm bir qüvvə təşkil edirsə, hökumət də ona istinadən iş görə bilir, millət də onun sayəsində tərəqqiyə üz qoyub millətlər sırasına keçir".

(ardı gələn sayımızda)

Vüsal Baxışov
Şəki

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK