Adalet.az | ÖMRƏ ŞÖHRƏT OLAN İLLƏR Adalet.az | ÖMRƏ ŞÖHRƏT OLAN İLLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ÖMRƏ ŞÖHRƏT OLAN İLLƏR

6399    |   2018-06-13 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

MƏCNUN
NAMAZƏLİYEV
"Qayıdış" (keçmiş "Araz")
qəzetinin redaktoru

Eşidəndə ki, Nəbi müəllimin 70 yaşı tamam olur, qəribə hisslər keçirdim. Xatirələr məni qanadına alıb düz 50 il bundan əvvələ apardı.
Elə bil dünən idi.
1968-ci ilin sentyabr ayı idi. Füzuli rayonunda çıxan "Araz" qəzeti redaksiyasında məsul katib işləyirdim. Axşamüstü idi. Redaksiyanın qarşısında dayanmışdım. Qəzetdə işləyən, əslən Yuxarı Veysəlli kəndindən olan Kərəm Hətəmov (rəhmətlik gözəl jurnalist idi) cavan bir oğlanla mənə yaxınlaşdı:
- Sənə dəfələrlə dediyim, kəndimizin ən yaxşı, savadlı gənci Nəbi ilə tanış ol.
Adını eşitmişdim, Kərəm həmişə tərifləyərdi. Ucaboylu, yaraşıqlı, təmiz simalı, həyalı gənc olan Nəbi Muxtarovla ilk tanışlığım belə oldu. O dövrün müasir gənci təsirini bağışlayırdı. İlk tanışlığımızdan, necə deyərlər, quşum ona qondu. Hiss elədim ki, biz dost olacağıq. (Həyat sübut elədi ki, mən yanılmamışam. Tanışlığımız dostluğa, qohumluğa çevrildi. İllər keçdi, Nəbi müəllim oğlum Nurəddinin kirvəsi oldu, sonralar qardaşı Əflatun mənim qızımla ailə qurdu, onun qızı Mətanət bacanağım professor Məmməd Məmmədovun oğlu Süleymanla ailə qurdu, münasibətlərimiz daha da şirinləşdi, şükürlər olsun, dostluğumuz bu gün də öz məcrasındadır).
Bəli, sözümün əvvəlinə qayıdıram. Əlli il bundan əvvəl biz tanış olduq. Mənim 26 yaşım, onun 20 yaşı var idi.
Bir neçə gündən sonra Nəbi Muxtarov Füzuli rayon Komsomol Komitəsinə şöbə müdiri, qısa vaxtdan sonra ikinci katib vəzifəsinə təyin edildi.
Sıravi kənd məktəbindən Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilmək çox məsuliyyət tələb edir. Kənddən gəlmiş gəncin rəhbər vəzifəyə irəli çəkilməsi ilə ictimaiyyət arasında özünü doğrultması çətin məsələdir. Lakin Nəbi müəllim çox qısa müddətdə rayonda böyük nüfuz qazandı - savadı ilə, insanlarla ünsiyyət qurması ilə, məsələlərin həllinə ədalətli münasibəti ilə, ən əsası özünə inamı, qətiyyəti ilə mənəvi təmizliyi ilə.
Nəbi Muxtarov həyatda nə uduş eləyibsə öz qabiliyyəti, iradəsi, inamı və mübarizəsi ilə qazanıb. O, çox sədaqətli, etibarlı olub, özündən aşağı, vəzifəcə ona tabe olanlara qayğı göstərməyə çalışıb, mərdimazar olmayıb, heç kəsin çörəyini tökməyib, Allahı tanıyıb, ondan qorxub. Və bunlar ondakı ən müsbət keyfiyyətlərdəndir.
Nəbi müəllim həmişə məsul vəzifələrdə çalışıb. Rayon Komsomol Komitəsinin birinci katibi, Rayon Partiya Komitəsində şöbə müdiri, Həmkarlar İttifaqları rayon Şurasının sədri, rayon XDS icraiyyə komitəsi sədrinin müavini, Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru, sonralar Respublika Üzümçülük və Şərabçılıq Komitəsi sədrinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində sədr müavini, avqust 1993-cü ildən fevral 2011-ci ilədək isə Füzuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyib. 
Nəbi müəllim konkret xarakterli insandır. Onun bir şüarı var: "Ya işlə, ya da çıx get, can dərdi, can harayı işləmək, birtəhər baş hərləmək yaraşmaz".
Bu keyfiyyəti ona həmişə qələbə qazandırıb. O, rəqabətdə olduğu məsələlərdə mütləq qalib gəlib. Amma yıxdığını kəsməyib, bağışlayıb. Bu onun anadangəlmə qanında olan xasiyyətidir. Sözündə konkretdi, nə vəd verirdisə, sözünün arxasında dururdu.
Sağlamlığının qeydinə az qalan adamdır Nəbi müəllim. 1993-cü ilin oktyabrında mühasirəyə düşən əhalini çox böyük çətinliklə İran İslam Respublikası ərazisinə keçirən zaman şəkər xəstəliyinə tutuldu. Neçə illərdir onunla yoldaşlıq eləyir.
Uşaq təmizliyi var onda, kövrək adamdır. Qarabağ hadisələri zamanı, çətin vəziyyətdə olan insanları görəndə necə təsirləndiyinin şahidi olmuşam.
Nəbi müəllimin həyatda ən çox istədiyi adam atası Muxtar müəllim olub. Muxtar müəllim Füzuli rayonunun ən yaxşı ziyalılarından sayılıb. O, II Dünya Müharibəsinin iştirakçısı, müharibə əlili idi. Məktəb direktoru işləyirdi. Halal və sadə adam idi, "Allah heç kəsi çörəklə imtahana çəkməsin" - deyərdi.
İndi o, həyat yoldaşı Mələk bacı ilə birlikdə Beyləqandakı Peyğəmbər qəbiristanlığında uyuyur. Allah rəhmət eləsin!
Nəbi müəllim həyatının ən çətin, ağır illərini Füzuli Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi illərdə yaşayıb. O, başçı vəzifəsinə rayon işğal olan gün başlamışdı. Təsəvvür edin ki, Nəbi müəllim başçı işlədiyi dövrdə aparatın iş yerini 10 yaşayış məntəqəsinə dəyişmişdi. Məcburi köçkünlük həyatı insanları bir növ sındırırdı. Onlara inam vermək, hər şeyin yaxşı olacağına inandırmaq Azərbaycanın 51 rayon və şəhərində məskunlaşmış füzulililərlə görüşmək, şərait yaratmaq, Ulu Öndərin gördüyü tədbirlər nəticəsində işğaldan azad olunmuş əraziyə qayıtmış insanlara kömək göstərmək, onlar üçün məşğuliyyət şəraiti yaratmaq və sair problemləri həll etmək çox çətin idi.
Təcrübə göstərir ki, insanlar rəhbərə inananda ən müşkül problem belə həll olunur. Camaatımız 50 il bundan əvvəl tanıdığı Nəbi Muxtarova inanırdı. İnam isə qələbə deməkdi.
Nəbi müəllimin fenomen yaddaşı var. Bir dəfə gördüyü adamı 20-30 il keçsə də yadında saxlaya bilir. O, yaxşı, işgüzar insanları ətrafına yığdı. Əkin-biçin, quruculuq işlərinə başladı. El gücü, sel gücü füzulililəri ağır imtahandan çıxarmağa başladı.
Nəbi müəllimin konkret xarakteri var. Onun üçün yaxşı adama yaxşı, pis adama pis demək çox asandı. Yaxşılarla əlaqəni kəsmir, pislərdən uzaqlaşır. Ona görə onu istəməyən pislər də vardır.
Nəbi müəllim çox savadlı, dünyagörüşlü adamdır. Üç ali təhsil məktəbini bitirib - həm müəllimdir, həm iqtisadçıdır, həm də partiya təhsili var. Güclü müşahidəyə malikdir. Dünya ədəbiyyatını, rus klassikasını, Azərbaycan ədəbiyyatını çox yaxşı mütaliə edir. Bu gün də mütaliədən əl çəkmir. Oxuduqlarının hamısı yadındadır. Hansı sahədən söhbət getsə, onu əsaslandırmaq üçün müdrik insanlardan o saat nümunə, misal gətirə bilir. Hansı məclisdə olursa, kütləni ələ almaq qabiliyyəti var - gözəl diksiyası ilə, əsaslandırmaq bacarığı ilə və savadı ilə. Təbiətin vurğunudur. Daha çox təbiətin qoynunda olmaqdan zövq alır. Yadımdadır, 1978-80-ci illərdə Bakıda partiya məktəbində oxuyurdu.
Qış tətilinə gəlmişdi. İkimiz getdik rəhmətlik Yurikin yeməkxanasına nahara. Kabab hazır olanda kababçıya dedi ki, yeməkləri, bir yarım litr də arağı yığ bir qaba qoy maşına. Dedim a kişi, yerdə bir metr hündürlüyündə qar var, qoy bu isti peçin yanında çörəyimizi yeyək. Dedi, darıxma. Özü oturdu sükanın arxasında, sürdü Məngələnatanın başına. Yerdə qar dizdən yuxarı, şaxta da adamı kəsir. Dağın başında biz buz kimi kabab, buz kimi araq, özümüz də buz kimi. Yəni, donmuş bir vəziyyətdə.Yedik, içdik, dedi ki, 40-50 ildən sonra da bu gün yadımızdan çıxmayacaq.
Nəbi müəllimlə dostluq eləmək, onunla bir yerdə işləmək çox gözəldi. Dostluqda dizi bərkdi, hara desən gedir. Tabeliyində olanlara qarşı tələbkar və məsuliyyətlidir. Çünki o, özünə qarşı da tələbkardı. Ulu Öndər Heydər Əliyevə çox sədaqətli olub Nəbi müəllim. Özünü həmişə ona oxşatmağa çalışıb. Elə ilk vəzifəyə təyinatı da onun dövründə alıbdı. Ulu Öndərin Azərbaycana ikinci dəfə qayıdışı zamanı icra başçısı vəzifəsinə birinci təyinat sərəncamını da Nəbi Muxtarova vermişdi. Yəni, 18 avqust 1993-cü ildə.
Nəbi müəllim yaxşı ailə başçısıdı, həyat yoldaşı, üç qızı və bir oğlunu, nəvələrini çox sevir. Övladları ilə dostluq etsə də, onlara qarşı çox tələbkardı.
Nəbi Muxtarov haqqında bir qalın kitab yazaram, yenə sözüm qurtarmaz. Onu ölkədə bəlkə də mənim kimi tanıyan tək-tək adam olar. O, Füzulinin ən ağır illərində, günlərində gəldi, kişi kimi işlədi, el-oba qarşısında borcunu Kişi kimi ödədi. Dünyanın düz vaxtında rəhbər işləməyə nə var ki? Nəbi Muxtarov Füzulinin ən məşəqqətli günlərində 18 il başçı işlədi. Vicdanla borcunu yerinə yetirdi. Bu, bütün füzulililərin bildiyi və qəbul etdiyi həqiqətdi!!!
Nəbi müəllim, yaxşı yaşamısan. Kaş ki, hər bir insan el-oba, torpaq, Vətən qarşısında sənin kimi borcunu yerinə yetirə biləydi! İllər, on illər keçəcək, mən, sən bu dünyada olmayanda sənin nəvələrin, nəticələrin, kötücələrin, daha kimlərin fəxrlə deyəcəklər:
- Biz Nəbi Muxtarovun nəslindənik!
70 yaşın mübarək olsun, Nəbi müəllim! Səni sevənlər səninlə birlikdə 100 yaşını da qeyd etsinlər. Allah ömür versin!



İmza:
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK