adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Iyun 2018 00:13
7936
GÜNDƏM
A- A+

Böyük şəxsiyyət gəncləri də qoruyurdu

Hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi zaman Heydər Əliyev bu orqanın milliləşməsi istiqamətində çox mühüm işlər görmüşdür. Xalqa sədaqət, vətənə xidmət Ulu Öndərin ən böyük prinsiplərindən biri idi. O, xalqını böyük fəlakətlərdən, təhlükələrdən çox cəsarətlə qoruya bilirdi.
Yaxşı xatırlayıram, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin birinci kursunda oxuyurdum. Beşmərtəbə adlanan indiki Füzuli meydanından bir az qərbə tərəf Dəvəçi məhəlləsində Məşədi Xeyransa xanımın evində kirayə qalırdıq. Tələbə yoldaşım salyanlı Əli Kərimbəyli, göyçaylı Adil Məmməd və mən sıxıntı çəkmədən kiçik bir otaqda qəlb genişliyi ilə yaşayırdıq.
Bir axşam payız yağışında islana-islana evə gələndə ilk dəfə gördüyüm qonağı mənimlə Əli tanış etdi: - Bağırdır, dostumdur, Solyenitsinin yaxın dostudur, - dedi. Bu, Əlinin özünəməxsus zarafatı idi. Sonra - o da sənin kimi leysana düşüb, - deyə əlavə etdi. İlk dəfə görəndə Bağır mənə nədənsə Çarli Çaplini xatırlatdı. Əslində zahirən elə bir oxşarlıqları yox idi. Balacaboy, çəlimsiz Bağırın sifəti mis rəngində idi. Üz cizgilərindən bizdən xeyli yaşlı olduğu hiss olunurdu. O, az danışır, Əlinin və Adilin suallarına cavab verməklə kifayətlənirdi. Əlinin Bağır haqqında təqdimatında bir eyham, çox ustalıqla gizlənmiş bir həqiqət var idi. Əli Bağır haqqında qısaca bunları dedi: - Bağır əslən cənubdan, Lənkərandandır. Əvvəl Mədəni-Maarif Texnikumunu, sonra isə universitetin jurnalistika fakültəsini bitirib. Azərbaycan Sovet Ensiklopediyasında elmi işçidir. Bayıldan tanıyıram.
Əli mənalı baxışlarla Bağırı süzərək dilləndi:
- Mən ölüm, Bağır o əhvalatı danış da. Xahiş edirəm danış, Adil də, İlqar da bilsin.
Bağır həm Adili, həm də məni diqqətlə süzüb sözə başladı:
- Hə, Lənkəranda Turan cəmiyyəti yaratmışdıq. Bura istedadlı gəncləri dəvət etmişdim. Turan ellərinin birliyi haqqında düşünürdük. Yana-yana qalırdıq. Lənkərana getmək üçün mütləq milis şöbəsindən arayış almalıyıq. Salyanın Şorsulu postunda cənuba gedən sakinlər hansısa bir serjantın təzyiqi ilə üzləşirlər. Vətəndə vətənsiz olmuşuq. Taleyə bax ki, Lənkərandan Astaraya gedən insan Pensər kəndində mütləq yoxlamadan keçməlidir. Belə olmaz. Lənkəranda iki il işlədikdən sonra oxumaq həvəsi mənə rahatlıq vermədiyinə görə universitetin jurnalistika fakültəsinə sənəd verdim. İmtahanlardan yaxşı qiymətlər alıb qəbul olundum. Yataqxanada qalırdım. Turan sevdası, Turan eşqi başımdan getmirdi. Otaq yoldaşlarımla isti münasibətlər quraraq fikrimi onlarla bölüşürdüm. Yavaş-yavaş qonşu otaqlarda qalan tələbə yoldaşlarımız da bizə qoşuldular, həmsöhbət oldular. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını tələbələrin əksəriyyəti əzbər bilirdi. Üçüncü kursda oxuyan zaman elə beləcə payız gecəsində məni yatdığım çarpayıdan necə qamarlayıb götürdülərsə, bir də özümə qaranlıq bir otaqda gəldim. Heç kim, heç nə demirdi. Yaxşı ki, paltarlarımı gətirmişdilər. Məni orada iki gün saxladılar. Yalnız bir tikə çorək və su verirdilər. Yataqxanadakı yoldaşlarımı düşünürdüm. Başıma əcaib-qəraib fikirlər gəlirdi. İki gündən sonra məni həmin otaqdan çıxarıb üst-başımı qaydaya salmağı əmr etdilər. Əl-üzümü yuyub özümü qaydaya saldıqdan sonra məni qapalı həyətə çıxardılar. Orada qara "Volqa" dayanmışdı. Məni maşına əyləşdirib gözlərimi qara parça ilə bağladılar. Sürücü əvvəldən tapşırıq aldığına görə heç bir sual vermədən maşını hərəkətə gətirdi. Fikirləşdim ki, məni yəqin məhkəməyə aparırlar. Sonradan bildim ki, məni iki gün Dövlət Təhlükəsizlik Komitəsinin Oktyabr rayon bölməsində saxlayıblarmış. On-on beş dəqiqədən sonra sürücü əyləci basdı. Yanımda oturan cavan oğlan qolumdan yapışıb:
-Cəld ol, cəld ol, - dedi.
Bir qapıdan keçdikdən sonra elə pilləkənin astanasında gözlərimə bağlanan qara parçanı açdılar. Gözlərim qaraldı. Hündür, uzun pilləkənlə yuxarı çıxmağa başladıq. Bir az qalxmışdıq ki, otaqların hansındansa ləzzətli xörəklərin ətrini hiss etdim. Mənə elə gəldi ki, xörək qoxularının içərisindən yağlı borşun qoxusu daha çox hiss edilir. Ac, zəif adam, yeməklərin qoxusu, düşdüyüm vəziyyəti özünüz təsəvvür edin. Nəhəng dəhlizdə əllərində qovluq olan, qara kostyumlu, ağ köynəkli adamlar gördüm. Məni gətirən adam bir kabinetin qapısını döydü, bir az keçmiş içəri daxil olduq. Qəbul otağına oxşayırdı. Məni gətirən əməkdaş dərhal otaqdan çıxdı. Orta yaşlı zabit:
-Bağır Ağayev?- deyə sual etdi.
- Bəli,- dedim.
Zabit:
-Sizi indi sədr Heydər Əliyev qəbul edəcək, - dedi. Onda bildim ki, məni Dövlət Təhlükəsizlik Komitəsinə gətiriblər. Mənim bütün vücudum əsdi. Bilmədim ayaq üstə qalım, yoxsa oturum.
Köməkçi:
-Əyləşin, - dedi. Göstərilən yerdə oturdum. Beş dəqiqə keçməmiş ağ xalatlı bir nəfər əlində sini, içərisində bir kasa borş və çörək içəri girdi. Gətirdiklərini stolun üstünə qoydu. Qəbul otağındakı zabit dedi:
-Yeyin. Mən tərəddüd içində qalmışdım. Yuxu görürdüm sanki. Həmin zabit baxışlarıyla təkrar borşa işarə etdi. Mən borşu acgözlüklə yedim. Dəsmalla əlimi ağzımı silib çox çətinliklə minnətdarlıq etdim. Köməkçi heç bir reaksiya vermədi. Sanki elə belə də olmalı imiş kimi öz işi ilə məşğul idi. Birdən açılan telefonun zənginə növbətçi ayağa qalxdı, dəstəyi götürən kimi, - oldu, yoldaş sədr, - dedi.
Köməkçi:
- Sizi yoldaş Heydər Əliyev qəbul edəcək, buyurun, - deyə qapıya tərəf işarə etdi. Mən çətinliklə özümü toplayıb içəri keçdim. Qapının ağzında dayandım. Nə edəcəyimi bilmirdim, birdən Heydər Əliyev tər-təmiz Azərbaycan dilində:
- Keç otur, - dedi. Ayağmı sürüyə-sürüyə keçib əyləşdim. Heydər Əliyev qarşısındakı qovluğu vərəqləyə-vərəqləyə:
- Bağır, anana yazığın gəlmir? Heç bilirsən hansı yoldasan, - dedi. Qovluğu vərəqlədikdən sonra Heydər Əliyev qəfildən ayağa qalxdı. Ürəyimdə fikirləşdim ki, bu da sonu, indi işçiləri çağırıb məni həbs etdirəcək. Lakin belə olmadı. Heydər Əliyev mənim qolumdan tutub pəncərə qarşısına gətirdi. Buradan Lenin (indiki Azadlıq) meydanı tər-təmiz görünürdü. Orada çoxlu əsgər, zabit və hərbi texnika cəmləşmişdi. 7 Noyabr bayramı münasibətilə hərbi parada hazırlıq görülürdü. O, bir qədər meydana baxdıqdan sonra dilləndi:
-Görürsən bu texnikanı? Bu Sovet hökumətinin 40-50-ci illərdəki cəbbəxanasındandır. Hansı güclə bu dövlətə qarşı çıxmaq istəyirsiniz?
Mən heç bir söz demək taqətində deyildim. O, yerində əyləşdikdən sonra sözünə davam etdi:
- Siz gənclər oxuyub öyrənməli, təhsil almalısınız. Öz hərəkətləriniz barədə ciddi düşünün. Tələbənin işi oxuyub öyrənmək olmalıdır. Başa düşdün? Gedə bilərsən.
Nə deyəcəyimi bilmirdim. Qapıya tərəf yaxınlaşdım. Qapını özümə tərəf çəkməkdənsə irəli basırdım. Qapı açılmırdı ki, açılmırdı. Özümü ələ alıb axır ki, qapını aça bildim. Ayağımı kandara basmaq istəyirdim ki, Heydər Əliyevin gur səsi eşidildi:
-Bağır, yadında saxla, burada yağlı borşu adama bir dəfə verirlər.
Mən Qəbul otağına keçəndə növbətçinin yanında cavan bir zabit dayanmışdı. Heç bir söz demədən məni birinci mərtəbəyə, qapının ağzına qədər ötürdü və "azadsan" - deyib qapını bağladı. Hə, yağlı borş məsələsi heç zaman yadımdan çıxmır. Universiteti bitirdikdən sonra bir müddət "Abşeron" qəzetində işlədim. Yol uzaq olduğuna görə qəzetdən getdim. Bir müddət işsiz qaldım. Ensiklopediyaya işə qəbul olunmaq üçün xalq şairi Rəsul Rzaya müraciət etdim. Böyük şair məni bir qədər sorğu-sual etdikdən sonra tarix şöbəsinə işə qəbul etdi.
Mən uzun müddət Bağırın dediklərini unuda bilmədim. Tam səmimi deyirəm ki, onun dediklərinə bir az şübhə ilə yanaşmışdım. Biz onunla dostlaşmışdıq. Əli Kərimbəyli son nəfəsinə qədər Bağıra qayğı göstərmişdir. Adil hər dəfə Bakıya gələndə Bağırı soruşur, imkan tapanda görüşürdü.
1992-ci ildə mən ehtiyatda olan zabit kimi təhlükəsizlik orqanlarına xidmətə çağırıldım. DTK-nın köhnə poliklinikasını bizim xidmətə vermişdilər. İşə gələn zaman yolda tez-tez Bağırla rastlaşırdım. Zarafatla soruşurdu:
-Necədi, birin altdan, birin üstdən deməmişəm ki?
Xatirimdədir, Ümummilli lider Respublika Prezidenti Heydər Əliyevin 75 illik yubileyi xalqımız tərəfindən böyük sevgiylə qarşılanırdı. İstedadlı rejissor Vaqif Mustafayev Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən çoxseriyalı sənədli filmlər üzərində işləyirdi. Filmin müəyyən hissəsi Heydər Əliyevin təhlükəslik orqanlarındakı fəaliyyəti ilə bağlı olduğundan çəkilişlərin müəyyən hissəsi DTK- nın bir zamanlar yerləşdiyi inzibati binada aparılırdı. Həmin vaxt Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin baş idarələrindən biri idi. Çəkiliş zamanı fasilədə Vaqif müəllim o zaman mətbuat xidmətinin rəhbəri Araz Qurbanovun kabinetində əyləşib çay içirdi. Söhbət əsnasında Vaqif müəllim dedi ki, Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman görkəmli ədiblərimizi, bəstəkarlarımızı, mədəniyyət xadimlərini fəlakətlərdən qoruyub, hifz edib. Onun xilas etdiyi, qoruduğu sadə adamlar da yəqin ki, olub. Belə bir fakt filmdə çox maraqlı bir epizod ola bilər.
Mən həmin anda Bağır Ağayevlə bağlı əhvalatı ona söylədim. Vaqif müəllim bir anlığa fikrə getdi və birdən:
- Onu tapın, onu tapın, bu olduqca maraqlı olacaq, - dedi.
Mən Bağırı tapıb Vaqif müəllimlə görüşdürdüm. Film çəkilib ərsəyə gələndə Bağır Ağayevlə bağlı epizod çox maraqla qarşılanmışdı. Vaqif Mustafayev deyir ki, filmə baxış zamanı Ümummilli lider Heydər Əliyev bu epizodu təbəssümlə qarşılayıb, Bağır Ağayev barəsində maraqlanıb. Bayıl qəsəbəsində uzun illər təmir görməyən evinin qısa müddətdə təmiri Bağırın ürəyincə olmuşdu. Böyük şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyev 60-cı illərdə bir gəncin həyatının məhv olmasının qarşısını belə almışdı, müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə isə həmin şəxsə diqqət yetirilməsini tapşırmışdı.
Tərəqqipərvər bəşəriyyət Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini yad edir, adını uca tutur. Böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin adı daim xalqımızın qəlbində yaşayacaqdır.

İlqar Quliyev