adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Iyun 2018 17:59
12672
GÜNDƏM
A- A+

Əmək müqaviləsi olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır

Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynayır. Həmin müqavilə olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır və işçinin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur. İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanan və əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilənin olması vacib şərtdir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Siyəzən rayonunda "Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Şimal rayonlarındakı iri sahibkarların nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Anar Xıdırov, baş əmək müfəttişləri Tengiz Nəzərov, Asif Şalbuzov və başqaları çıxış edərək mövzu ilə əlaqədar ətraflı məlumatlar veriblər.

Çıxışlarda bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatların mühüm tərkib hissəsi sosial sahənin inkişafı, işsizliyin və yoxsulluğun aradan qaldırılması, əmək münasibətlərinin hüquqi və sivil müstəvidə qurulmasıdır.

Qeyd olunub ki, əmək müqaviləsi sərbəst bağlanır və əmək münasibətləri yaratmayan, yaxud yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əks halda həmin müqavilə hüquqi qüvvəyə minmir.

Tədbirdə əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçılara izah edilib.

Seminarda əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə də ətraflı məlumat verilərək bildirilib ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədər olan dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu, o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.

Tədbirdə iştirakçılara müvafiq mövzu barədə maarifləndirici çap materialları paylanılıb, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı konkret məsələlərə dair izahatlar verilib.