adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyun 2018 17:36
8768
MƏMLƏKƏT
A- A+

Azərbaycan Polisi – 100 il də arxada qaldı...

Hər bir xidmət sahəsi şərəflidir.
Polisdə xidmət isə xüsusi növ qulluq
və vətənə sədaqətin ətrafa görk
olacaq nümunəsidir-deyərdim..

Zaman və cəmiyyət dəyişdikcə dövlətin və hüquq mühafizə orqanlarının funksiyalarının da dəyişilməsinə zərurət yaranır. Cəmiyyətdə yaranan yeni ictimai münasibətlərə zidd ideologiyaya qarşı, yeni təhlükəsizlik sisteminin tətbiqinə ehtiyac duyulur. Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri dövlət mexanizminin və ictimai qaydanın mühafizəsi məqsədilə polis orqanın təsis edilməsindən ibarət olur. Polis hər zaman ölkənin daxili təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamış, dünya sivilizasiyasının qədim və ayrılmaz komponentlərindən biri kimi fəaliyyət göstərmişdir. Polis çevik, mürəkkəb və özünə xas fəaliyyəti ilə özgəninkiləşdirilməyən hüquq və azadlıqların təmin olunmasında fasiləsiz çalışır, fəaliyyət prinsiplərinə sadiq qalır, hakimiyyətin icra budağında heç bir orqanın malik olmadığı səlahiyyətlərlə qərar tutur.


Dövlət mexanizminin sınanmış tərkib hissəsi olaraq vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin edilməsi, ictimai qaydaların mühafizəsi, cinayətlərin kəmiyyət və keyfiyyət göstəricilərinə görə təhlili, əhali arasında cinayətkarlığın qarşısının alınması məqsədilə profilaktik, maarifləndirmə xarakterli tədbirlərin təşkili və təşviqi polisin fəaliyyət istiqamətlərinin ana xəttini təşkil edir.

Azərbaycan polisinin 100 il ərzində cinayətkarlıqla mübarizə yolu, əməliyyat - axtarış coğrafiyası rəngarəng olmuşdur. Xalq Cümhuriyyəti dövründə fəaliyyətini kövrək addımlarla başlayan Azərbaycan Polisi, uzun illər ərzində totalitar siyasi rejimli fövqəl Sovet dövlətinin maraqlarına paternalizm (atalıq qayğısına xas) prinsiplərinə xas xidmət etmişdir. Həmin dövrlərdə polisin əsas vəzifəsi dövlətin iradəsini realizə edən repressiv fəaliyyət formasından istifadə etməsi ilə bağlı olmuşdur. Cinayətkarlığın kökünü kəsmək xülyası kommunist ideologiyasının özünü doğrultmayan yanlış prinsipinə əsaslanırdı. Demokratik, hüquqi dövlətlərdə isə polis orqanları fəaliyyət istiqamətlərini fərqli qurur.

Repressiv cəzalandırma funksiya sistemini, ictimai təhlükəsizliyin və hüquq qaydalarının təmin edilməsi vəzifəsi əvəz edir. Cinayətkarlıq üzərində nəzarət, bu istiqamətdə dövlət siyasətinin formalaşdırılmasına, ictimai münasibətlərə zidd vərdişlərin qarşısının alınmasına, onu doğuran səbəb və şəraitin aradan qaldırılmasına üstünlük verilir, əhaliyə geniş sosial xidmətlər təqdim edilir və s. Qeyd olunan funksiyaların həyata keçirilməsinin təşkili və təmini, habelə polis əməkdaşlarının hüquq düşüncələrinin və peşəkarlıq mədəniyyətinin yüksəldilməsi üçün əməkdaşlar qarşısında mühüm tapşırıqlar qoyulur.

Bütün bunlarla yanaşı, müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizədə, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının, ictimai təhlükəsizliyin təmin olunması, şəxsi heyətin ideya, bilik və mədəni səviyyəsinin yüksəldilməsi zamanı demokratik dövlətlərin təcrübəsindən istifadə edir, nəzəri və praktik əhəmiyyət daşıyan müasir forma və metodları fəaliyyət istiqamətlərində tətbiq edir.

Polisin fəaliyyəti dövlət quruluşunun formasının, onun daxili və xarici funksiyalarının, habelə siyasi rejimin mahiyyəti ilə səciyyələnir. Ona görə də, polis dövlət mexanizminin əsas zvenalarından biri kimi həmişə ictimai diqqət çəkmişdir.

Beynəlxalq hüququn və BMT-nin subyekti olan demokratik Azərbaycan dövlətinin vəzifəsi yalnız, hamılıqla tanınan ümumbəşəri dəyərlərə, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə hörmətlə yanaşmaq, insan və vətəndaş hüquq və azadlıqlarının təminini bəyan etməklə bitmir, həmin dəyərlərin davamlı mühafizəsinə zamin durur və bu missiyanı real təcəssüm etdirir. Azərbaycan Polisi bu mənada ölkədə əmniyyətin təminatçısı kimi çıxış edir. Polisin fəaliyyətinin unikallığı onunla izah olunur ki, dövlətin cinayətkarlıqla mübarizə siyasətini realizə etməklə xalqa və dövlətçiliyə ləyaqətlə xidmət edir. Onu güc strukturu kimi qəbul etmək arzuolunmazdır. Bu mənada Polis, bütün şəxsi heyətilə Azərbaycan xalqının və hakimiyyətin səlahiyyətli xidmətçisi kimi hüquq mühafizə funksiyalarını həyata keçirən dövlət orqanı kimi özünü təsdiqləyir.

Polis orqanlarının müəyyən regionda cinayətkarlıqla mübarizə meydanı rəmzi mənada dövlətlə polisin görüş yerini xatırladır. Burada polis üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək səlahiyyətli orqanın nümayəndəsi kimi cəsarətlə hərəkət edir. Dövlətin rəmzləri ilə bəzənən geyimi ilə ətrafa "harda qanun-qayda pozularsa orda polis də var” mesajını verir. Bu da, bir profilaktik hərəkətdir-desəm yanılmıram. Bu prosesdə vəzifə funksiyalarının icrası zamanı Qərb-Avropa modelləri də təsirsiz qalmır.

Bu gün, Azərbaycan polisinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə demokratik islahatlar həyata keçirilir, peşəkar kadrların hazırlanmasında xarici təcrübədən istifadə edilir. Azərbaycan polisi cinayətkarlıqla mübarizə fəaliyyətinin eskalasiyasını genişləndirilmək və təkmilləşdirmək, cinayətkarların ekstradisiyası, transmilli cinayətkarlıq, beynəlxalq aləmdə terrorçuluğun qarşısının alınması sahəsində xarici dövlətlərin polis orqanları ilə əməkdaşlıq edir. Beynəlxalq təşkilatlarla - BMT, AŞ, ATƏT, Aİ, BMqT(Beynəlxalq Miqrasiya Təşkilatı), Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələr qurur. Bu təşkilatlarla qarşılıqlı münasibət nəticəsində DİN-nin müvafiq sahələri üzrə seminarlar, təlim kursları keçirilir. DİN regional beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Beynəlxalq Polis Təşkilatının - İnterpolun üzvüdür, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu fəaliyyət göstərir. Azərbaycan DİN-nin MDB-nin iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanları və birliyin Daxili İşlər Nazirlikləri ilə məhsuldar əməkdaşlığı davam edir.

DİN-nin kollegiya Sədri və kollegiya üzvləri xarici dövlətlərin akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə bəşəri marağa xidmət edən görüşlər keçirilir.

Heç bir şərhə başlamadan belə qənaətə gəlmək olar ki, müasir Azərbaycan polisinin fəaliyyəti qürur duyulan səhifələrlə zəngindir, unudulmur və xoş ovqatla xatırlanır. Cinayətkarlıqla mübarizənin vəziyyətinə nəzər saldıqda qeyd etdiklərimi sezmək çox asandır: 2017-ci il ərzində 26113 cinayətlər qeydə alınmış, 85,5%-nin açılması təmin edilmişdir. 100 illik tarixin statistik vəziyyətinə nəzər salsaq il ərzində baş verən cinayətlərin 85,5%-nin açılması rekord göstəricidir. Dinamikada digər göstəricilərə də nəzər salaq: Ötən il ərzində peşəkarlıq, prinsipallıq, hadisələrə çevik əməliyyat reaksiyası, habelə əməkdaşların alturist mövqeyi nəticəsində qəsdən adam öldürmələr 9,5%(-17); mənimsəmə və israfetmə 6,8%(-10); dələduzluqlar 11,8(-514); qarət faktları 16,6%(-54); quldurluqlar 23,6%(-39): xuliqanlıqlar – ictimai münasibətlərə qarşı müstəsna dərəcədə hörmətsizlik halları 15,1%(-147): korrupsiya ilə bağlı cinayətlər 7,4%(-41) azalmışdır. Sosial faktorların təsir etdiyi səbəblərdən mənzil oğurluqları 190 fakt artmışdır. Ekologiya sahəsində baş verən cinayətlərin 28,3%(+36 faktın) artması narahatlıq doğursa da, bu sahəyə nəzarətin gücləndirilməsi eyni zamanda "ətraf mühiti qorumaq” hər bir Azərbaycan vətəndaşının borcudur - konstitusion vəzifənin yerinə yetirilməsi ilə bağlıdır.

Əhalinin 100min nəfərinə düşən cinayətlərin sayı 246 faktla qeydiyyatda yer almaqla MDB və Şərqi Avropa ölkələrindən azdır. Qeyd etdiklərim ölkədə sabitliyin davamlılığı sahəsində həyata keçirilən dövlət siyasətinin və dövlətin ali məqsədinin canlı təcəssümüdür.

Transmilli mütəşəkkil cinayətkarlığın mühüm qolu kimi insan alverinə qarşı mübarizə fəaliyyəti də güclənmişdir. Milli Fəaliyyət Planının tələblərinə uyğun davam etdirilən əməliyyat tədbirləri nəticəsində ötən ildə ümumilikdə insan alverinə aid 295 cinayət faktı aşkar edilmiş (-19) 17 nəfərdən ibarət cinayətkar qrup zərərsizləşdirilərək cinayət məsuliyyətinə məruz qalmış, onların əməllərinin qurbanına çevrilmiş 71 nəfərin müəyyən tibbi və psixoloji xidmətdən sonra cəmiyyətə qayıdışı bərpa olunmuşdur. 2017-ci il ərzində bilavasitə insan alverini ehtiva edən cinayət tərkibli 142 fakt aşkar edilmişdir.

İctimai mənəviyyat əleyhinə qeydə alınmış 126 cinayət faktları ilə bağlı 157 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşlar.

İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun, polis general-leytenantı Vilayət Eyvazovun həm beynəlxalq tribunalarda, həm də Milli Məclisdəki hesabatları məmnunluqla qarşılanmışdır.

Ötən il ərzində Azərbaycan polisinin qürur duyulan və təqdirə layiq olan fəaliyyət dairəsi - mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurla həyata keçirilməsində əksini tapmışdır. Hesabat dövründə ölkədəki islahatların və vətəndaşların rifah halının yaxşılaşdırılması əleyhinə yönələn, sabitlik üçün təhlükə mənbəyi olan 3179 cinayət faktları vaxtında həyata keçirilən, düşünülmüş çevik əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş, cinayətlərin ağır və xüsusilə ağır növlərinə aid olan 729 fakt üzrə 2698 nəfəri - təhlükəli residiv şəxsləri birləşdirən 1028 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə də mübarizə güclənmiş, prinsipal fəaliyyət nəticəsində 2727 fakt aşkar edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 (+8) cinayətkar qrup yaxalanmış, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 1224 kq narkotik vasitənin qarşısı alınmışdır.

Bu növ cinayətin subyektlərinin sırasında 931 nəfəri əvvəllər məhkum olunmuşlar, 2078 nəfəri işləməyən və oxumayanlar təşkil etmişdir. 1 tona qədər narkotik vasitələr qeyri-leqal dövriyyədən çıxarılmışdır.

Ümumiyyətlə 2017-ci il ərzində istintaq və məhkəmə orqanlarından yayınan 3415 nəfərin yeri müəyyən edilərək tutulmuşlar. Bakı İnterpolun əməkdaşları axtarışda olan 79 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunmuşdur. Keçmiş illərdən bağlı qalmış 418 cinayətlərin açılması polisin fasiləsiz fəaliyyətinin real bəhrəsidir. Zənnimcə cinayətkarlıqla mübarizə başqa vasitələrlə davam edən bir müharibədir. Yəni, cinayətkarlıqla mübarizə ölkə daxilində sabitliyi pozmağa çalışanlara, vətəndaşların əmlak münasibətlərinə qəsd edənlərə və qanunlara zidd davrananlara qarşı müharibənin başqa vasitələrlə aparılmasıdır.

Yuxarıda qeyd etdiklərimə təkrar istinad etməyə ehtiyac duyuram. 1991-ci ildən etibarən dünyada və MDB məkanında tarixi zərurətdən doğan ciddi dəyişikliklər müstəqil Azərbaycan cəmiyyətindən də yan ötməmiş, ictimai münasibətlərə qarşı hərəkət və hərəkətsizliklər artıb-azalma ilə dinamikada yer almışdır.

1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk olaraq müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illər ərzində Azərbaycan polisi Cümhuriyyətin formalaşmasında, milli maraqların, azərbaycançılıq-türkçülük ideologiyasının inkişafında və müstəqilliyin müdafiəsində əvəzsiz rol oynamış, cinayətkarlıqla mübarizə siyasətində fəal iştirak etmiş, əməliyyat-axtarış fəaliyyətində nəsillərə görk olacaq spesifik mübarizə metodu və üsulları yaratmışdır. Vətənə sədaqət hissi, dövlətçilik, milli təəssübkeşlik, ələ alınmama (etibar edilən vəzifəyə sədaqət), loyallıq, vətən, xalq və dövlət marağına üstünlük vermək kimi etik-davranış qaydalarına sadiqlik nümayiş etdirmək ənənəsinin bazasını yaratmışdır.

Erməni işğalçılarına qarşı döyüşlərdə milli ordu ərsəyə gələn dövrə qədər fədakarlıq, rəşadət və döyüş əzmi ilə ön cəbhədə olan Azərbaycan polisi ərazi bütövlüyümüzün, sərhədlərin toxunulmazlığının və suverenliyimizin qorunmasında canını əsirgəmədən qəhrəmanlıq səlnaməsi nümayiş etdirmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrundakı döyüşlərdə fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin aktları ilə DİO-nun 66 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı” ordeni ilə, 247 əməkdaşı isə müxtəlif orden və medallarla təltif edilmişdir. 1000 nəfərə qədər əməkdaş vətən uğrunda şəhid olmuş, mindən çox əməkdaş əlil olmuşdur.

1918-ci ildən 2018-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinə 27 ali rütbəli şəxs rəhbərlik etmişdir. Cümhuriyyətimizin 23 ayı ərzində hökumətin tərkibində Daxili İşlərə 6 nəfər - ilk nazir Xoyski Fətəli Xan İskəndərxan oğlu, sonuncu nazir isə 15.02.20 – 28.04.1920-ci ilin iki ayı ərzində Vəkilov Mustafa ağa Nazir oğlu rəhbərlik etmişlər.

Sovet dönəmində -28 aprel 1920-ci ildən, 9 may 1990-cı ilə qədər isə 14 ali rütbəli şəxs nazirliyə rəhbərlik etmişdir. 1990-cı il may ayının 23–dən başlayaraq 7 nəfər Daxili İşlərə nazir təyin edilmişdir. Hazırda 29.04.94-cü ildən DİO-ya kollegial rəhbərliyi həyata keçirən, dövlətin və xalqın etimadını doğruldan, içdiyi anda sədaqət nümayiş etdirən cənab Ramil Usubov müstəqil dövlətimizin 7-ci naziridir. Ona can sağlığı və uğurlar arzulayırıq.

Allah polisin ali, zabit və sıravi heyətini, Milli Ordumuzun vətənpərvər əsgərlərini hifz etsin, onlara güc və qüvvət versin. 100 illik yubileyiniz mübarək, əziz Polis əməkdaşları, Daxili Qoşunların və Milli Ordunun şəxsi heyəti!

Şəmsəddin Əliyev, Hüquqşünas-publisist