adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Iyun 2018 15:05
12124
MƏMLƏKƏT
A- A+

Qarabağ əlili üçün ev tikiləcək

Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun bəzi mətbuat orqanlarında yayılan şikayət xarakterli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) baxılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsi dövlətin diqqət mərkəzindəndir. Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun da sosial müdafiəsi üçün zəruri işlər aparılıb. Hazırda ikinci qrup Qarabağ müharibəsi əlili kimi ayda 191,36 manat əmək pensiyası ilə təmin olunan Ş.Qasımova, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü olaraq hər ay 158 manat ödənilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi istiqamətində də ƏƏSMN tərəfindən müvafiq işlər aparılır. Qeyd edək ki, onların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır.

Ucar rayon İH tərəfindən ƏƏSMN-ə təqdim olunmuş fərdi ev tikintisi üçün növbəlilik siyahısında Qasımov Şöhrət Mülkədar oğlu 29-cu şəxsdir. Ş.Qasımov üçün növbəlilik əsasında yaşadığı kənddə fərdi ev tikintisi həyata keçiriləcək. Nazirliyin nümayəndəsi Ş.Qasımovun yaşadığı ünvanda olaraq, ona bu barədə ətraflı izahat verib.