adalet.az header logo
  • Bakı 13°C
12 Iyun 2018 13:43
13169
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ÜRƏYİM PARA-PARA OLDU

Torpağa toxum səpməyin, onu suvarmağın, becərməyin necə əziyyətli bir iş olmağını o torpağa toxum səpən, o torpaqda məhsul becərən adamlar qədər heç kəs duya bilməz. Çünki o adamlar alın təriylə torpağı suvarmaqla yanaşı, həm də hər dəqiqələrini, saatlarını, günlərini və aylarını o torpağa xərcləyirlər. O torpaq isə alın təri tökən, əziyyət çəkən insanları çox vaxt sevindirir.

Ancaq bu sevincin qarşısını bir çox halda təbii fəlakətlər və bir də daş ürəkli vəzifə sahibləri ala bilərlər. İndi bir-iki fakt sadalayacam, siz də fikir verərsiniz, görün düz deyirəm, yoxsa düz demirəm?! Və heç kəs öz ayranına turş deməz. Ki bu ayranı turş eləyən, bu ayranı ayranlıqdan çıxaran qüvvələr var.

Hələ on gün bundan əvvəl qeyd eləmişdik ki, rayonlarda taxıl yetişib, onu biçməyə kombaynlar çatışmır. Və hələ on gün bundan əvvəl yazmışdıq ki, imkansız, zəif fermerləri çox çətin günlər və anlar gözləyir. Çünki onların alın təriylə yetişdirdikləri arpa, taxıl sahələrdə qalıb, texnika sarıdan çatışmazlıqlar var. Və onlar da rayonlarda yerli aqrolizinq rəhbərlərinə müraciət edirlər, o rəhbərlər də bildirirlər ki, bir az da gözləyin, sizə növbə çatacaq. Onlar növbə gözləməkdə olsun, təbiət də öz işində. Hava necə bir neçə günün içində çöndüsə, leysan yağışlar və sel ara vermədi. Onsuz da imkansız fermerlərdən biri televiziya çıxışında demişdi ki, gözümüz keçən ildən bərk qorxub. Çünki keçən il möhkəm leysan yağış yağdı, məhsulumuzun əksəriyyəti puç olub getdi. Allah bu ildən saxlasın.

Heç deyəsən Allah da bu kasıbların duasını eşitmir. Çünki eşitsəydi, bir neçə gündə yenidən leysan yağışlar yağmazdı, taxıl sahələri pis günə düşməzdi. Yağan yağışlar Tovuz rayonunun fermerlərinə də böyük ziyan vurub. Xüsusən də bu ziyanı iki-üç hektar taxıl sahəsi olan sahibkarlar görüblər. O gün televiziya kanallarının birində bir süjetə baxdım və baxandan sonra ürəyim para-para oldu. Həmin süjetdə göstərilirdi ki, Tovuz rayonunun sahibkarlarından biri leysan yağışdan çox böyük ziyan görüb. Belə ki, onun televiziya kanalında çıxışı zamanı bir daha bəlli oldu: iki hektar taxıl sahəsi leysan yağışın nətcəsində tamamilə sıradan çıxıb və məhv olub. Televiziyada həmin adamın çöhrəsinə baxanda nə qədər əzab-əziyyət yaşadığını və sıxıntılar içində olduğunu hiss etmək üçün bir o qədər də baş sındırmaq lazım deyil. Bu adam deyirdi ki, ailəmin və özümün gözümüzü dikdiyimiz iki hektar taxıl sahəsi bir göz qırpımında yağışın qurbanı oldu. Hansı ki, biz Tovuz rayon Aqrolizinqinə dəfələrlə yalvarıb-yaxarmışdıq ki, kombayn göndərsinlər, taxılımız biçilsin. Onlar da günü-günə satdılar, kombaynları imkanlı vəzifə sahiblərinin taxıl sahələrinə göndərdilər, biz də qaldıq çıxılmaz vəziyyətdə. O imkanlı adamların yüz hektarla taxılı var. Amma mənim kimi əlləşib-vuruşan adamların cəmi-cümlətanı iki-üç hektar taxıl sahəsi var idi. Gözümüzü ona dikmişdik, taxıl da belə əldən çıxdı. Belə çıxır ki, indi biz ilboyu sıxıntı içində yaşayacağıq və ümidlərimiz də puç olacaq.

Çox qəribədir ki, Kənd Təsərrüfatı Nazirliyi və eləcə də onun yerlərdəki qurumları imkansız sahibkarlara hələ ki, elə bir köməklik göstərə bilmirlər. Çünki o imkansız sahibkarlar ötən il hansı çətinlikləri yaşamışdılarsa, bu il də taxıl biçimi zamanı həmin sıxıntıların yenidən içinə düşüblər. Və bu sıxıntıların içindən onları çıxaran tapılmır ki, tapılmır.

Milyonlarla vəsait xərclənib, xarici ölkələrdən dünya standartlarına cavab verən maşın, texnika və kombaynlar alınıb. Təəssüf ki, bu texnika da bu gün yetərincə deyil. Bir çox işbazlar həmin texnikaların bəzilərini istismar müddəti başa çatdığına görə, «siliblər». Və sonra da götürüb şəxsi malları kimi istifadə eləyirlər. Bax, bu məsələlər yeni təyin olunmuş kənd təsərrüfat nazirinin diqqətindən yayınmamalıdır. Üstəlik də əgər maşın və kombayn çatışmırsa, onda yeni kombaynlar alınmalıdır. Amma od qiymətinə yox, bazar qiymətinə. Çünki əvvəllər ölkəyə gətirilmiş kombaynlar ucuz qiymətə alınıb baha qiymətə sənədləşdirilib. İndi bundan gəl baş aç görüm necə açırsan.

Həmişə taxıl biçini zamanı kombayn çatışmazlığı yaşanır və fermerlərin hektarlarla taxıl sahələri vaxtında biçilmədiyi üçün təbii hadisələr zamanı onun çox hissəsi məhv olur. Taxıl da strateji sahə sayılır. Yəni bir ölkənin, bir millətin həmişə taxıl ehtiyatı çox olmalıdır. Özü də müharibə edən dövlətin. Bu mənada gələcəkdə yeni kombaynların alınması ilə bağlı ciddi addımlar atılmalıdır.

Düzdür, indi də kifayət qədər kombaynlar var. Ancaq o kombaynlar öncə vəzifəli şəxslərin taxıl sahələrini biçirlər. O sahəni biçib qurtarandan sonra növbə xırda sahibkarlara çatsa, o da biçilir. Çatmasa isə bax, beləcə leysan yağışlar nəticəsində tovuzlu fermerlər kimi çoxlarının əkdiyi və becərdiyi taxıl sahələri məhv olur. Deməli, yeni kombaynların alınması və ölkəyə gətirilməsi kənd təsərrüfatının inkişafına, o cümlədən taxılçılığın tərəqqisinə kömək etmiş olur. Ki bu yazıq-yuzuq xırda sahibkarlara da növbə çatar, onlar da taxıl sahələrini biçər, ailələrini, balalarını sevindirərlər.