adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Iyun 2018 00:39
10877
GÜNDƏM
A- A+

Saçlarında qəm əkir, sözün şəklini çəkir...

"Lerik" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Mütəllim oğlu Şükürlünün "Çəkirəm dünyanın şəklini sözlə" şeirlər kitabını başdan-ayağa oxuyub qurtardıqdan sonra kitabın redaktoru olan şair Xalid Mahmudun ön sözdə dedikləri bir daha beynimdə əks-səda verdi: "O, dünyanın gözəlliklərini öz mənəviyyatında əks etdirir. Əsərləri də İdris müəllimin şəxsiyyəti kimi bütövdü, safdı".
Doğrudan da, İdris Şükürlü həyatda bir insan kimi necədirsə, hansı saflıqdadırsa, o necəliyi, o saflığı da yazdıqlarında üzə çıxardır. Burada Xalid müəllimin İdris müəllimlə bağlı dediyi "dünyanın gözəlliklərini öz mənəviyyatında əks etdirməsi" fikri üstündə bir az ayrıca dayanmaq istərdim. "Dünyanın gözəlliklərini öz mənəviyyatında əks etdirmək" prinsipcə humanizmin insan simasında təcəssümüdür. Dünyanın gözəllikləri İdris müəllimin şüşə kimi - güzgü kimi təmiz və parlaq olan qəlbində şəffafıqla əks olunur və oradan da yazdıqları vasitəsilə cəmiyyətə ötürülür. Axı insan (yazar) mahiyyətcə özünü - öz iç dünyasını, mənəvi aləmini yazır və bunu cəmiyyətə oxucu vasitəsilə təqdim edir. Əslində "dünyanın gözəlliyi" dedikdə elə insanın gözəlliyi başa düşülməlidir. Çünki bu dünyamızı (elə o dünyamızı da!) gözəlləşdirən insandır. Ona görə ki, insan təbiət gözəlliyinə baxıb bu gözəllikdən zövq duyursa, bu, həm də elə gözəlliyi görə bilmək və dəyərləndirmək nisbətində insanlara bu gözəllikdən xoş aura ötürməkdir. İkincisi, insan yaradıcı-qurucu əməyi sayəsində bu dünyada gözəlliklər yaradıb dünyamızı gözəlləşdirir. Üçüncüsü, gözəllik anlayışı insanın daxili-mənəvi aurasında bərqərar olmalı və insandan insana gözəl hisslər aşılamalıdır və s. Beləliklə, həyata baxsan, gözəllik məfhumu insan amilindən kənarda cansız, mənasız görünər. Və bütün bu deyilənlərin üstündən bir daha təkrar edib deyirəm ki, dünyanı gözəl edən də insandır, çirkin edən də... Və nə yaxşı ki, dünya gözəllikdən xali deyildir və o gözəllik ovqatını daşıyanlardan biri də bizim jurnalist həmkarımız, şair dostumuz İdris Şükürlüdür. Ona görə də onun yazdıqlarında gözəllik dünyası dil açıb danışır:

Haqqı üzə çəkdim, buxovlamadım,
Araz tək açıldı hörüklü şeirim.
Torpağın ətrini, dadını duydum,
Torpaqdan güc aldı ürəkli şeirim.

Bəli, onun şeiri Araz çayı kimi təbii şəkildə sözlərdən hörük bağlayıb sinədən süzülərək axır, çünki haqq sözdür, haqdan gələn sözdür, haqdan gəldiyinə görə də cəsarətlə deyilmiş, ürəkdən gələn "ürəkli söz"dür. Təsadüfi deyildir ki, bu şeirin ilk misraları belə başlanır ki, "ürəksiz yazılan sözlər görmüşəm, hardasan, hardasan, ürəkli anlar?". Burada şair "ürəksiz yazılan sözlərə" etiraz edib, "ürəkli anları" soraqlayır. Yəni demək istəyir ki, söz ürəkdən gəlməyəndə zəif, cılız təsir bağışlayır, sözü də gərək həm məqamında, həm də cəsarət sahibi olub ürəklə deyə biləsən. Sözü ürəklə deyə bilmək üçün isə gərəkdir ki, ürəkli olasan, qorxmaz olasan. Ürəkli olmaq üçün isə "ürəkli anlar" deyilən bir ovqatı yaşamalısan, o ovqatı yaşaya bilmək üçünsə gərəkdir ki, haqq sözü, düz sözü deyəsən, ədalətli olasan. Bəli, insan haqlı olanda, sözü də ürəkdən gəlir, özü də cəsarətli olur, sözü də ürəkli olur. Yəni cansız dediyimiz sözü cana gətirən insandırsa, ikinci bir tərəfdən də sözün canla-başla, ürəklə deyilməsidir, bax bu məqamda söz sahibinin özü kimi sözü də "ürəkli" - cəsarətli olur. Məhz İdris Şükürlünün bir vətəndaş-şair kimi istəyi odur ki, insan sözündə və əməlində haqqın və ədalətin carçısı kimi çıxış etməli və bu zaman möhkəm, qətiyyətli olan özü kimi sözü də kəsərli, ötkəm - öz təbirincə desək, "ürəkli söz", "ürəkli şeir" olmalıdır.
Bəlkə də bu misraları İdris müəllimə diktə eləyən hissin bir səbəbi də onun jurnalistlik peşəsilə bağlıdır ki, jurnalist öz qələmi, sözü ilə cəmiyyətin haqqını müdafiə edib, qanun-ədalət keçikçisi olmalı və bu səbəbdən də sözü də ürəkdən gəlməlidir. Başqa cür ifadə etsək, İdris müəllim sanki şair olanda da jurnalist mövqeyindən çıxış edib, öz sənətinin ifadəçisinə çevrilir. Dediyimiz amili növbəti misralar da dolayısı ilə də olsa, təsdiqləyir:
Hardasa misrada büdrədi bir söz,
Əlini tutmadım, yıxıldı qaldı.
Gördüm sinəsində nə od var, nə köz,
Lazımsız şey kimi yıxıldı qaldı.

Fikir verin, bir tərəfdən bədii sözün urvatını qorumaq uğrunda çağırış edir ("hardasa misrada büdrədi bir söz"), bu "büdrəyən misra"nın əlindən tutmur, nəticədə o misra yerindəcə "yıxılıb qalır" - ölümə məhkum olur. "Gördüm sinəsində nə od var, nə köz" - misrası ilə müəllif həmin misranın əslində bədii cəhətdən sönük (odsuz-közsüz) olduğunu deyir, belə zəif misraları - şeirləri özünün timsalında bütün yazarlara xitabən yerindəcə "öldürməyi" - "makulaturalıq eləməyi" məsləhət görür. Bununla bir şair kimi İdris Şükürlü şeirində bir ədəbi tənqidi ruhunda da çıxış etməyi bacarır:
"Sinəsində odu-közü olmayan" bədii cəhətdən zəif nümunələrin "lazımsız şey kimi yığılıb qaldığını" bəyan edir. Demək və tövsiyə etmək istəyir ki, qələmdaşlarım, siz də bədii dəyəri olmayan misralarınızı - içinizdən gəlməyən, qəlbinizin odunu- közünü verib isidə bilmədiyiniz sözlərinizi elə yerindəcə qoyun qalsın, çünki söz ürəkdən gələndə odlu-közlü olur, təsirli olur. Elə bu tövsiyənin mabədi kimi də davam edir ki:

Susmasın ətalət məngənəsində,
Ürəkli olmalı bu gün sözümüz.
Bu minvalla sözümüzün də özümüz kimi "ürəkli olmasını" istəyir, canlı olmasını arzulayır. "Ətalət məngənəsində susmamağın" təbliğatçısı kimi çıxış edən şair-publisist İdris Şükürlü eyni zamanda cəmiyyətə bir vətəndaş həmrəyliyi də nümayiş etdirir ki, "Yaxşını yamandan ayıra gərək tərəzi gözümüz, ölçü gözümüz". Bununla gözümüzün gördüklərini tərəzidə-çəkidə, ölçüdə düzgün qiymətləndirməyimizi təlqin edir. Yaxşı və yaman (pis) tərəflərin nisbətini görən gözlərimizlə düzgün müəyyənləşdirməklə sözümüzü də haqq-ədalət carçısı kimi ürəklə dilə gətirib "ürəkli söz-şeir" sahibi olmağımızı bəyan edir.
Məncə, insanın gözəlliyi onun mənəvi dünyasının saflığında öz ifadəsini - daha aydın ifadəsini tapır. Bu saflıq isə öz rişəsini həqiqətə söykənməkdən alır. İdris Şükürlü bir publisist kimi özünün publisistik yazılarında olduğu kimi şeir adına yazdığı örnəklərində də şair kimi haqqın-ədalətin carçısı olaraq çıxıs edir. Publisistikası - jurnalistliyi şairliyinin, şairliyi də jurnalistliyinin tənböləni olub, fəqət bu tənbölənin tərəflərinin bir-birilərini üzvi vəhdətdə tutularaq tamamlaması faktı İdris Şükürlü şəxsiyyətinin bir bütöv kimi özü-özünü tamamlamasının sənətdəki (yaradıcılıqdakı) inikası kimi düşünülməlidir.
Əgər insan özündə - şəxsiyyətində və sənətində bir-birini tamamlayırsa, bu özü də bir özübütövlüyün - sözübütövlüyün mükəmməl göstəricisi olub, oxucu gözündə özünəiman və nüfuz qazanmağın bir ümdə, səciyyəvi keyfiyyətidir. İnsan öz sözünün ağası olmalıdır. Bir ordunun gücünə bərabər olan sözün qüvvəsinə bələdçilik edən, sözü həmişə uca bir məqama qaldıran qələm adamı, öz yazılı sözünün-yazdığının ağası olduğunu məhz bu cür keyfiyyətlərə yiyələnməklə mümkünləşdirə bilir. Sözünün-yazılı sözünün ağası olan söz adamı İdris Şükürlüyə həmişə sözünün beləcə ürəkdən gəlməsini və sözünün ağası kimi qalmasını arzulayıram!