ANA SƏHİFƏ / Layihə

AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR

6285    |   2018-06-12 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


(əvvəli ötən saylarımızda)

Qeyd edilən hər iki məqam bizə güman etməyə əsas verir ki, fraksiyaya ilk əvvəl Aslan bəy Qardaşov, sonra isə müəyyən müddət ərzində Abdulla bəy Əfəndizadə rəhbərlik etmişlər və ola bilər ki, faraksiyaya rəhbərlik rotasiya qaydasında həyata keçirilmişdir. Məclisi-Məbusanın 22 yanvar 1920-ci ildə keçirilmiş 120-ci iclasında "Əhrar" fraksiyası tərəfindən məclisə daxil olmuş müraciət müzakirəyə çıxarılır.
Həmin ərizədə Abdulla bəy Əfəndizadənin fraksiya sıralarından istefa verməsi ilə əlaqədar olaraq onun eyni zamanda üzvü olduğu komissiyaların sıralarından da xaric edilərək, fraksiyanın digər üzvləri - "Məclisi-Müəssisan"və "Maliyyə-Büdcə" komissiyalarında Aslan bəy Qardaşovla, "Ləvazim" komissiyasında isə Hacı Hüseyn Əfəndizdə ilə əvəz edilməsi xahiş edilirdi. Lakin məclisdə bu məsələ ilə bağlı aparılan müzakirələrin nəticəsi olaraq "Əhrar" fraksiyasının müraciətində qaldırdığı məsələ qəbul edilmir. Bu zaman Abdulla bəyin fraksiyanın tərkibindən istefa etdiyi, məclisdən və onun komissiyalarından istefa vermədiyi, komissiyaların tərkibinin fraksiyalar tərəfindən deyil, məclis tərəfindən təsdiq edilməsi əsas olaraq qeyd edilir.
Aslan bəy Qardaşovun imzası ilə 1918-ci ilin dekabr ayının 25-də Məclisi-Məbusana göndərilmiş və parlamentin 1918-ci ilin dekabr ayının 30-da təşkil edilmiş altıncı iclasında müzakirəyə çıxarılmış təklifə gəlincə isə sözügedən təklifdə məclisdə nümayəndə kvotasının müəyyənləşdirilməsi zamanı Nuxa qəzası üçün ayrılmış 2 nəfərlik yerin qəzanın mövcud demoqrafik-statistik durumu ilə uyğun gəlmədiyi və Nuxa qəzası üçün daha bir yerin ayrılmasının zəruriliyi qeyd edilir. Həmin təklifin əsaslandırıcı hissəsində 1917-ci il üçün tərtib edilmiş Qafqaz kalendarında əksini tapmış məlumatlara istinad edilərək, Nuxa şəhərində 52.343 nəfər, bütövlükdə qəza ərazisində isə 133.505 nəfər (cəmi 185.748 nəfər) əhalinin yaşadığı qeyd olunur. Əhalinin 145.209 nəfərinin müsəlman olduğu göstərilir. Eyni zamanda, sonuncu ərzaq siyahısına əsasən, qəza üzrə bütün əhalinin 200 min nəfərə yaxın olduğu qeyd edilir. Müraciətdə əvvəlki seçkilərdə də bu məqamların nəzərə alınmadığı, Məclisi-Məbusana Nuxa qəzasının müsəlman əhalisindən üç nümayəndə əvəzinə iki nümayəndənin dəvət edildiyi bildirilir və təklif olunur ki, qəzadan "təcili surətdə" daha bir vəkil dəvət edilsin. Məclisi-Məbusana təqdim edilmiş bu təklif müzakirə edilmək üçün Rəyasət heyətinin təklifi ilə "etibarnamə komissiyası"na göndərilir. Bu təklif Məclisi-Məbusanın 1919-cu ilin yanvar ayının 28-də keçirilmiş iclasında yenidən müzakirəyə çıxarılır. Müzakirələr zamanı çıxış edən Abdulla bəy Əfəndizadə yer haqqındakı maddənin (Məclisi-Məbusanda müxtəlif qəzalar üçün müəyyənləşdirilmiş say kvotasına dair) əhəmiyyətindən bəhs edərək bu maddənin Şəki şəhəri və qəzası üzrə düzgün tətbiq edilmədiyini əsaslandırmış, ölkənin şəhərlərində yaşayan müsəlman əhalinin sayına görə Bakı şəhərinin birinci, Nuxa şəhərinin ikinci, Gəncə şəhərinin isə üçüncü yeri tutduğunu qeyd etmişdir. Fikrini davam etdirən Abdulla bəy, Bakı şəhərinin həm də Cümhuriyyətin paytaxtı statusuna malik olduğuna görə istisna hal hesab ediləcəyi təqdirdə ölkə ərazisində ən çox müsəlman əhalinin yaşadığı şəhərin Nuxa olduğunu vurğulayır və cümhuriyyət ərazisinə daxil olan şəhərlərdə yaşayan müsəlman əhalisinin sayı barədəki aşağıdakı statistik rəqəmləri məbusların diqqətinə çatdırır:
"Bu şəhərdə ( yəni Nuxa şəhərində -V.B.)- 52 min 243 candan 43 635-i islamdır.
Gəncədə - 38 331 ;
Şamaxıda - 21 172;
Şuşada - 19 136 ;
Lənkəranda - 15 329 ;
Qubada - 11 465".
Daha sonra o, yerdə qalan şəhərlərin əhalisinin 5-6 min nəfərdən ibarət olduğunu qeyd edir. Bu kimi az əhalisi olan şəhərlər üçün yalnız şəhər olduqlarına görə məclisə bir nümayəndənin göndərilməsinin nəzərdə tutulmasını böyük bir ədalətsizlik olduğunu vurğulayır. Məsələyə belə yanaşılma nəticəsində 5 min nəfər əhalisi olan şəhərlərlə, əhalisi 50 min nəfərdən çox olan şəhərlərin parlamentdə eyni sayda nümayəndə ilə təmsil olunmasına gətirib çıxardığını bildirərək bunu doğru hesab etmədiyini qeyd edir. O, digər ölkələrin heç birində 5 min nəfər əhalisi olan şəhərlərin qanunverici orqana nümayəndə göndərmək təcrübəsinin olmadığını məbusların diqqətinə çatdırır. Əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşılarsa, onda Şəkinin təkbaşına parlamentdə 10-12 nəfər müsəlman nümayəndə ilə təmsil olunmalı olduğunu ifadə edir. Çıxışinı davam etdirən Abdulla bəy Şəki şəhərinin müsəlman əhalisini Məclisi-Məbusana 2 nəfər nümayəndə göndərmiş digər qəzalarla müqayisə edərək Şəkinin müsəlman əhalisinin bu şəhərlərin ən böyüyündən 30 min nəfər, ən kiçiyindən isə 80 min nəfər çox olduğunun konkret statistik rəqəmlər əsasında təhlili- müqayisəsini verir. Şəkinin "xətm olunmuş haqqı özünə qaytarılmaqla, ədaləti bərpa etmək təklifini veririz. Əks surətdə dəfəat ilə rəva görülmüş ədalətsizliyi bir dəxi parlament təsdiq etmiş olacaqdır" şəklində fikrini əsaslandırır. O, əlavə olaraq, firqə seçkisi prinsipinə əsasən, Şəkidə mövcud olan 12 min nəfərdən ibarət fəhlə sinfinin də məclisə bir nümayəndə göndərməsinin məqsədəuyğun olacağını vurğulayır. Mandat komissiyasının bu zaman parlament üzvlərinin sayının 120-dən artıq olmalıdır iddiasını bir daha edəcəyi təqdirdə, ona cavab olaraq, seçki məcəlləsinin tək bir məhəl üçün tətbiq olunmamasını böyük ədalətsizlik hesab etdiyini, 120 ədədini 121 ilə əvəz etməyin mümkün olduğunu və bunun ədalətsizliyə yol açmayacağını ifadə edir.
Bu dövrdə Məclisi-Məbusanın təşkili və onun işində iştirak etməli olan şəxslərin kateqoriyasının seçilməsində bir sıra mübahisəli məqamlar var idi. Həmin məqamlardan biri də dövlət qulluqçusu kateqoriyasına aid edilmiş müəllimlərin parlamentə buraxılması məsələsinə münasibətlə əlaqədar idi. Bu məsələyə münasibəti özündə əks etdirən və "Müsavat" fraksiyası tərəfindən hazırlanaraq parlamentin müzakirəsinə təqdim edilən "Məbusluq və məmurluq haqqında"kı qanun layihəsinə əsasən, Məclisi-Məbusan üzvlərinin heç birinin hökumət qulluğunda olmalarına yol verilmirdi. Bu qanunvericilik təşəbbüsünün müzakirəyə çıxarıldığı Məclisi-Məbusanın 1919-cu ilin yanvar ayının 18-də keçirilmiş səkkizinci iclasında məsələyə münasibət bildirən Abdulla bəy Əfəndizadə, belə bir qanunun tətbiq edilməsi nəticəsində "30 il xalq içində qulluq edib və etibar qazanmış müəllimlərin" məbus kimi parlamentdə fəaliyyət göstərə bilməyəcəklərindən narahatlığını ifadə edir, qanunu hazırlayan komissiyaların bəzi istisnalar etməli olduğunu düşündüyünü ifadə edirdi.
Həmin dövrdə ölkədə və bütövlükdə bölgə ətrafında cərəyan edən geosiyasi proseslərlə bağlı Abdulla bəy Əfəndizadənin mövqeyi və siyasi münasibəti kifayət qədər peşəkar hesab edilə bilər. Bu mənada onun Cənubi Qafqazda baş verən siyasi proseslərlə bağlı Məclisi-Məbusanın 20 dekabr 1918-ci il tarixdə keçirilmiş dördüncü iclasındakı çıxışı dövrümüzdə də davam edən Azərbaycan-Ermənistan arasındakı müharibə və həmin problemin dinc-danışıqlar yolu ilə həllinə ermənilərin mane olmaq səylərinin davam etdiyi bir zamanda aktual olmaqla, günümüzün reallıqları ilə səsləşir. Həmin çıxışında Abdulla bəy I Dünya savaşının Azərbaycan üçün də olduqca acınacaqlı nəticələr verdiyini və vətənimizin uzun zaman ərzində müharibə ağırlığında inildədiyini qeyd edir. Müharibənin sonunda əldə edilmiş barış şərtlərinin bizim milli maraqlarımıza uyğun olmayıb, işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə nəticələnməməsinə baxmayaraq, millətimizin heç bir ədavət hərəkətləri nümayiş etdirmədiyini, qonşularımızla (ermənilər nəzərdə tutulur) aramızda olan ixtilafları dinc, danışıqlar yolu ilə həll etməyə ümid etdiyini, ermənilərin isə qeyd olunanların tam əksinə olan davranış nümayiş etdirərək danışıqlardan hər vəchlə boyun qaçırmaq yolunu tutduqlarını qeyd edir. Gürcüstanın təşəbbüsü ilə çağırılmış Tiflis konfransının baş tutmamasının da başlıca səbəbkarının erməni hökuməti olduğunu bildirir. Fikrini davam etdirən Abdulla bəy, Ararat Respublikasının ümumsülh konfransına rəsmi dəvət almasına rəğmən nümayəndə göndərməməsi səbəbindən konfransın baş tutmamasını erməni hökumətinin razılaşma axtarmaq, mübahisəli məsələləri sülh yolu ilə həll etmək istəyindən uzaq olmasının təcəssümu olduğunu ifadə edir. Abdulla bəy hazırda cərəyan edən hadisələrin ermənilərin təqdim etməyə çalışdıqları kimi bir quldur işi olmayıb, əslində əsgəri plan üzrə icra edilən müəyyən məqsədlərin reallaşdırılmasına xidmət edən bir savaş olduğunu vurğulayır. O, baş verən hadisələrə rəsmi etiraz bildirilməyin vacibliyini, hökumətin isə öz növbəsində lazımi tədbirləri görməklə yanaşı, mümkün qədər məsələnin sülh yollu ilə həllinə səy göstərilməli olduğunu qeyd edir.
Məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı təqdirdə isə digər vasitələrə müraciət etməyin vacibliyini vurğulayır, hazırda "bizim qüvvəmiz yoxdur" deyən kəslərlə razılaşmadığını, millətin böyük qüvvə olduğunu bildirir. Fikrini davam etdirən Abdulla bəy nitqini bu cümlələrlə tamamlayır:
"Millət görsə ki, vətən və istiqlalın müdafiəsinə durmaq lazımdır, dərhal çeteçilərin müqabilinə cümhuriyyətimizi müdafiə və mühafizə etməyə hazırdır. Hökumətimiz millətin belə hazırlığına istinad edərək məsələni sülh ilə həll etmək mümkün olmasa, qüvvə müqabilinə qüvvə çıxara bilər".

(ardı gələn sayımızda)

Vüsal Baxışov
Şəki

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK