adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyun 2018 00:22
24858
GÜNDƏM
A- A+

Yaşamağa və yaratmağa can atan insan

O, böyük bir ailənin, nəslin ağsaqqalıdır. Onun söhbətlərinə qulaq asdıqca düşünürəm ki, böyüklük eləmək, yol göstərmək, bir növ, ağsaqqallıq, ağbirçəklik etmək tale yazısıdır, yaşa, başa bağlı məsələ deyil. Evi həmişə qonaqlı-qaralıdır. Qohumların biri getməmiş o biri gəlir. Gülzar xanım və qızları onları necə qarşılayıb yola salır, Bir Allah bilir. Hər evin öz sirri olduğu kimi bu da yalnız onların bildiyi bir sirrdir deyə mən də heç nə soruşmuram, Əvəz müəllimlə söhbət edə-edə sakitcə gəlib gedənləri seyr edirəm.
Əvəz Mirzəyev 1943-cü ildə iyunun 12-də Qərbi Azərbaycanda Zəngəzurun Qızılcıq kəndində doğulub. Hamının yaxşı tanıdığı, sevdiyi bir qələm sahibi - professor Qulu Xəlilov da o kənddə dünyaya gəlib - 1930-cu ildə. 1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçməli olub". O koçün davamını atam, anam və qohumlarım sonrakı illərdə yaşamalı oldular", - deyə Əvəz müəllim sanki gələcək faciələri göz önündən keçirir. 15-16 yaşında o, Bakıya üz tutub. Neft sahəsində çalışan qohumlarının birinin təklifi ilə Neft Texnikumuna sənədlərini verib. 1961-ci ildə texnikumu bitirib Sumqayıtda Sintetik Kauçuk zavodunda əmək fəaliyyətinə başlayıb. 1963-68-ci illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunda təhsilini davam etdirib mühəndis ixtisasına yiyələnib. 1968-71-ci illərdə Ümumittifaq Elmi-tədqiqat Geofizika İnstitutunda mühəndis-geofizik vəzifəsində çalışıb. Sonrakı illər müəllimlik fəaliyyəti ilə bağlıdır. 1971-84-cü illərdə Bakı Neft Texnikumunda, 1984-96-cı illərdə Maşınqayırma texnikumunda, 1996-99-cu illərdə Bakı Texniki Kollecində əvvəlcə müəllim və fənn birləşməsinin sədri olub. Minlərlə tələbəsi, yetirməsi hazırda iqtisadiyyatımızın müxtəlif sahələrində çalışmaqdadır. O, xeyli vaxtdır başqa sahədə fəaliyyət göstərsə də, onlar üçün böyük nüfuz sahibi, əvəzsiz bir müəllim olaraq qalmaqdadır.
Onun uşaqlığı da müharibə dövrünə düşdü, yaşlı dövrü də

"Mən bunları görməmişəm. Hamısını atamdan və anamdan eşitmişəm. Onların söhbətləri ilə böyümüşəm və o günlərdə olub keçənlərə onların gözlərilə baxmışam. Elə indi də baxmaqdayam. Necə ki xasiyyətləri, dünyaya, insanlara baxışları dəyişməyib, eləcə də özləri dəyişməyib. Anamı da, atamı da uşaqlığımda gördüyüm kimi görürəm-sağlam, cavan və gümrah. Ancaq bu yaşadıqları ağrı-acılar, itkilər olmasaydı, bəlkə daha yaxşı və daha gümrah olardılar".
Bunu evin kiçik qızı - hamının efirlərdən yaxşı tanıdığı Kəmalə xanım deyir. Böyük qızı Rəna xanım söhbəti davam etdirir: Atamın uşaqlığı da müharibə dövrünə düşdü, yaşlı dövrü də. Onun əziyyətləri, sıxıntıları heç vaxt azalmayıb, az olmayıb. Ana tərəfdən də, ata tərəfdən də qaçqınlıq, köçkünlük həyatının içində böyümüşük.
Əvəz müəllim hələ nisbətən o sakit illərdə Qulu Xəlilovun kəndə gəlişini xüsusi bir şövqlə yada salıb danışır. O vaxt hamı uşaqlı-böyüklü ondan danışar, uşaqlar, cavanlar ona bənzəmək istərdi: "Bəlkə mənim sonralar müəllim kimi fəaliyyətimi davam etdirməyimdə bu faktın da rolu az olmadı. Yadımdadır, Qulu Xəlilov vaxtilə - ömrünün sonlarına yaxın televiziya müsahibələrinin birində deyirdi: "Allah mənə bir yaratmaq, yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü düzəldə bilməz". Qulu müəllimin bu müdrik sözlərini hazırda torpaqsız, yurdsuz minlərlə ruhu və qəlbi yaralı insan söyləyə bilər. Elə mən də..."
Əvəz müəllim bir gün valideynlərini və bacılarını ermənilərin daima yaşatdığı sıxıntılardan qorumaq üçün Bakıya gətirəndə atasının arzusu ilə Qaraçuxurda yer götürüb ev tikməli olub. Atası buranı qoyub gəlməyə məcbur olduqları o yerlərə, az da olsa, oxşatdığı üçün. Ata-ana gözləri o yurdda, o torpaqlarda ola-ola özlərinə məzar yerini də elə bu ərazidə tapmalı oldu.
Ailə böyük idi. - 7 bacı, iki qardaş. Sonradan böyük qardaş qəflətən dünyasını dəyişdi. Sanki onu o dünyada qardaşını tək qoymamaq üçün bir gün bacılardan biri də hamı ilə vidalaşıb getdi. Oldu altı bacının bir qardaşı. Əvəz müəllim o gündən başlayıb bacıları üçün qardaşını və valideynlərini əvəz etməyə. Bütün qohum-əqrəbanın xeyrində-şərində, xoş və çətin günlərində Əvəz müəllim həmişə öndədir.
Bir azdan qonaqları yerbəyer eləməkdə olan Gülzar xanıma baxıb bu çətinliklər içində ailəni necə qurması barədə soruşuram. Gülə-gülə: "Uzun bir söhbətin mövzusudur, - deyir. - Onu da burda gördüm, qonşuluqda. Qarabağdandır, Zəngilandan. Neçə dəfə gedib gələndən sonra birtəhər ata-anasını, qardaşlarını inandıra bildim. Zəngilanla Bakı arasını su yoluna döndərmişdim... Allaha şükür onu tapdım, 3 övlad verdi mənə, amma əvəzində onun doğulub böyüdüyü torpaqları itirdim. Qarabağı deyirəm..."
Gülzar xanımın dilindən düşməyən bir neçə misranı o da öz ağrı-acısı kimi yenidən təkrarlayır. Bunlar işğalda qalan torpaqlarla yanaşı bütün itirdiklərimizə, gedib gəlməyənlərə bir ağı, bir elegiya kimi də səslənir:
Ömrüm-günüm sənə qurban,
Məhəbbətim-Zəngilanım.
Ayrı saldı bizi hicran,
Ülviyyətim-Zəngilanım.
Bələd adamlar - bələdiyyələr

Qaraçuxurda yaşaya-yaşaya torpağı da tanıdı, adamları da. Hamı ilə qaynayıb qarışdı. 1999-cu ildə respublikamızda ilk dəfə bələdiyyələr yaradılanda yaşadığı ərazidə onun namizədliyi mübahisə mövzusu olmadı - Qaraçuxur bələdiyyəsinə üzv seçildi. Elə o vaxtdan sədr müavini kimi gərgin zəhmət və fəaliyyətdədir.
Niyə bələdiyyə? - sualına Əvəz müəllim əsaslı cavab verməyə çalışır: "Bu sahədə çalışmağa başladığım dövr mənim üçün ən xoş və ən maraqlı bir dövrə çevrildi. Bildiyiniz kimi, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Onun öz mülkiyyəti, büdcəsi, seçkili orqanları var və o, yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Ümummili liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosia-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər Əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, "Yerli özünüidarəetmənin yaradılması Azrbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir".
Əvəz müəllim Azərbaycanda ilk bələdiyyə seçkilərinin 12 dekabr 1999-cu ildə keçirildiyini yada salaraq deyir: "Respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilib".
Bu ərazidə yaşayan insanları yaxşı tanımağı və problemlərinə bələd olmağı, rayonda ona olan inam Əvəz müəllimin bu seçkilərin hamısından uğurla keçməsində əsas rol oynayıb.
"Uşaqlıqdan zəhmətin hər üzünü görmüşəm. 9-10 yaşımda gecələr qoyun-quzu otarmaq, onu həm də ayının-canavarın ağzından xilas eləmək asan məsələ deyildi. Bir tikə çörək üçün eləmişəm bunları. O vaxtdan gəldiyim qənaətdir: Torpağın da, insanın da, elə vəhşi dediyimiz o heyvanların da dilini bilib xasiyyətinə gərək yaxşı bələd olasan. Yoxsa heç bir işin getməz, istədiyinə nail ola bilməzsən. Müəllimlik vaxtı uşaqların, tələbələrin dilini, istəyini yaxşı bilməlisən. Bələdiyyədə isə şərtlər daha başqa, vəzifələr daha mürəkkəbdir: hamı ilə dil tapmağı, işləməyi bacarmalısan. Verdiyin sözə sahib olmalısan. Şəxsən mənim üçün insanların inamını itirməkdən dəhşətli heç nə yoxdur. Gənc bələdiyyə üzvlərinə də çalışıb öyrətmək istədiklərimiz bunlardır..."

Elin və evin ağsaqqalı

Ömrünün 75-ci ilində Əvəz müəllim işləməkdən, fəaliyyətdən, insanlara əl tutmaqdan doymur, yorulmur. "Məni belə gümrah saxlayan elə bu qayğılarım, zəhmətim,yaxşı mənada, bu əziyyətlərimdir. Başqa cür yaşaya bilməzdim. Yaşasam da mən "mən" olmazdım.
Övladlarımın, nəvələrimin uğurları, qohumlardakı xoş münasibət, nəslimdəki ürəkaçan hadisələr, dostlar, yoldaşlar, sevimli kollektiv, insanlarda bir-birinə məhəbbət və bağlılıq bu ağrı-acını azaldır, həyatıma rəng qatır, məna verir. Böyük eloğlum Qulu Xəlilov demişkən: "Dünyanın ən böyük adamlarını həyat cana gətirdikdə yaşamaq istəmir". Amma mən yaşamaq istəyirəm. Necə deyirlər: "Yaşamaq yanmaqdır, yanasan gərək..."
Bunları dinləyə-dinləyə samovara od atan evin böyük oğlu İsmayıla, gəlini Xatirə xanıma, dayısı ilə üzbəüz oturan Əvəz müəllimin bacısı oğlu Quluya, qaynı oğlu Fəxrəddinə, kürəkəni Barata, CBC Kanalında çalışan, indicə qapıdan içəri keçən böyük nəvəsi Nərmcana, nənəsinə əl tutmağa çalışan oğul nəvəsi Ləmana baxıram. Qəribə bir xoşluq və rahatlıq hakim kəsilir mənə. Həqiqətən bütün bunları təkrar-təkrar görmək üçün yüz də yaşasan azdır, Əvəz müəllimi

Bəxtiyar QARACA,
yazıçı-publisist