ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Biz o kitablara görə yaşayırıq

16061    |   2018-06-14 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər şeyin sürətlə dəyişdiyi, depressiya dövrünün dəbdə olduğu, internetin insanı duyğularından yoxsullaşdırdığı bir dünyada yaşayırıq.

Bu, yeni dünyanın özüdür. Hisslərimizi dupduru, təmiz saxlamağa daha çox ehtiyacımızın olduğu dünya...

Dünya günü-gündən çirklənir. Terrorlar, kütləvi qırğınlar insan həyatını parçalayır. Belə olan halda intiharlar, depressiyalar da birə-beş artır. Buna görə də özümüzü tək bir kitabla tapmaq istəyir, həyatımızı tək bir kitabla tezliklə dəyişdirmək istəyirik.

Fərdi inkişaf kitabları da böyük bir "fəsd fuud” menyusu kimi, aclığımızı ört-basdır etməklə çıxır qarşımıza. Kapitalist sistem, özümüzü bədbin hiss etməyimizə, özgüvənizimi itirməyə, özümüzə yadlaşmağımıza səbəb olur. 

Bu "fəsd fuud” kitabları sürətlə dünyaya yayılır. Bu keçici toxluq hissi verir, ancaq sağlıqsızdır. Aclıq hissini sürətlə təkrar-təkrar gündəmə gətirməklə məşğuldur. Hətta təklif edilən arqumentlər fərdi inkişafdan çox fərdin gərginliyinə yol açmaqdadı. Ancaq kütlə nə yazıq ki, bu kitabları sevməkdə davam edir...

Halbuki insan ilk öncə öz həyatını, öz düşüncələrini, seçimlərini, həqiqətlərini dərk etməli, ona görə addım atmalıdır. Təbii, çətin məsələdi, lakin insan böyük xəzinədi. Öz içindəkiləri axtarıb taparsa müdrikliyə də yolu açılar. Bizim gənc oxucu kütləsində də "n” qədər fərdi inkişaf kitablarıyla həyatlarını dəyişdirən adamlar var. Dırnaq arası, kimliksiz həyatlar.

Hərdən öz-özümə deyinirəm ki, yaxşı bir rejissor olmadı da bizim ölkədə. Ki, cəmiyyətdən silsilə filmlər çəksin. O qədər maraqlı, təzadlı detallarla zəngin bir cəmiyyətik ki... Heyf! Dünya kinosu bundan xəbərsizdi.

Nəysə, qayıdaq söhbətimizə. Kitablardan danışırdıq. Mən razıyam ki, oxumağa yeni başlayan insanlar fərdi kitablardan, uğurun min bir sirri kitablarından başlasın. Qoy oxusun, ancaq bu kitabları həyatının bir parçası etməsin. Bu kitablar uzaq başı insanda oxuma vərdişi yarada bilər. Kitab oxumağın da insana min bir xeyri olur.

Kitablar yüz illər boyunca insanın həyatında dərman rolunu oynayıb. Yunan tarixçi Diodorusun xatirələrinə görə, Antik Yunan şəhəri Tebdəki bir kitabxananın giriş qapısının üzərində "İnsanın Ruhunun Yaxşılaşdığı Yer” yazılmışdı. Dünyanın bilinən ilk xəstəxanaları qəbul edilən Asklepionlarda da kitabxanalar vardı. Dünyanın ilk psixi xəstəxanası olaraq tarixə keçən Berqama Asklepionu bir kitabxanaya sahibdi. Lakin ABŞ-da psixiatr Benjamin Rush biblioterapiya təklif edərkən kitab oxuma müalicəsi kimi qəbul edildi. 1853-cü ildə ABŞ-lı həkim Con Minson Galt, "ağıl və ruh xəstələri” üçün oxumağın faydaları səbəblərini beş başlıqda yazdı. Fəqət biblioterapiya çalışmalarının ilk dəfə 1930-cu illərdə kitabxanaçıların, insanların üzərində sağaldıcı təsirləri olan kitabları tapmaq və siyahıya salmaq mübarizələriylə başladığı bilinir. Bu çalışmalar daxilində, əgər bir ədəbi mətn insanların düşüncələrini, duyğularını, davranışlarını dəyişdirməkdə təsirliysə, bu mətn, potensial bir sağaldıcı gücə sahib qəbul edilərək siyahıya alınırdı. İkinci addım isə, terapevtlərin bu kitablarla, problemlər yaşayan fərdləri görüşdürməsidir. Bir çox tərifdə, biblioterapiya ədəbiyyatla oxucunun arasında dinamik bir əlaqə qurma prosesi olaraq təyin olunur. Bu münasibət, bir terapevtin müşahidəsində oxucu duyğusal problemləriylə üzləşə bilir və müsbət yöndə dəyişir.

Tarixdə kitabların insan həyatına güclü təsirindən qısa da olsa danışdıq. İndinin özündə də kitablar insanların həyatlarını dəyişir. Elə götürüm özümdən.

Yeniyetməliyimdə avara, sərgərdan həyat yaşayan varlıq idim. İnsan belə demirəm özümə. Sonra nə oldusa əlimə Daniel Defonun "Robinzon Kruzo” əsəri keçdi. O əsər həyatımı başdan ayağa dəyişdi. Əslində daxili dünyamı dəyişdi, düşüncələrimi alt-üst elədi. Elə bil əsər yaxamdan yapışıb silkələdi məni. O gündən kitablar, əsərlər həyatımın dəyişməyən parçaları oldu. Yazının əvvəlində "fəsd fuud” kitablarını tənqid etdim, ancaq istənilən halda kitab oxumaq bir kult, mədəniyyətdir.


Təki, insan öldürməsin, kitab oxusun!

Təki, intihar etməsin, kitab oxusun!




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK