Adalet.az | Yazmasaydım killer olardım... - SORĞU Adalet.az | Yazmasaydım killer olardım... - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazmasaydım killer olardım... - SORĞU

34231    |   2018-07-19 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbiyyat həm də digər insanların talelərini yaşamaq mesajıdır. Bir əsər oxuyuruq ordakı obrazın həyatı bizə öz həyatımızı unutdurur. Təbii ki, bəzən insan öz həyatından, peşəsindən, taleyindən didərgin düşmək istəyir. Bəs yaradıcı şəxslər necə düşünür. Sənətlə məşğul olmasaydılar hansı peşəyə maraqları olardı. Adalet.az mövzuyla əlaqədər yazarların münasibətini öyrənib.


Yazıçı Səfər Alışarlı: "Mən yazıçı olmasaydım, kim olacaqdı yazıçı bu Azərbaycanda? Müxtəlif vəzifələri tutub ədəbiyyata zorla özünü dürtüşdürənlər? Onun-bunun məlum məzmunlu proteksiyası ilə geydirmə "fəlsəfə doktoru” adını alıb ədəbi müstəvilərdə bu bezdarnı işbazların yazdığı zir-zibili "bəh-bəh”lə kütləyə yedirtmək istəyən o qədim peşə sahibləri? İstedadlara qarşı mafiyalaşmış o agentlərdən fərqli olaraq məni taleyim, Allahım bu sənətə gətirib və onlarla mübarizədə həmişə varam.”



Yazıçı Azad Qaradərəli: "Mən ixtisasca müəlliməm. Gəncliyimdə müəllim, məktəb direktoru işləmişəm. Hətta deyərdim ki, yaxşı müəllim olmuşam.Son zamanlar 2 il universitetdə də dərs apardım. Yəni, yazıçılıqla məşğul olmasaydım, yəqin ki, ancaq və ancaq müəllim olardım.”









Şair Aqşin Yenisey: "Kimsə bəyəm öz istəyi ilə yazıçı, şair, rəssam olur? Yazıçılığın, homoseksuallığın, manyaklığın altında o qədər ciddi psixoloji səbəblər var ki. "İstək” sözü burada cahilliyin təntənəsidir. Əsl yazıçılar bundan bixəbər olanlardır. "







Yazıçı Mübariz Örən: "İndinin özündə də yazıçılıqla peşəkər şəkildə məşğul ola bilmirəm. Səbəbi hamıya məlumdu: bizdə yazıçının mətnə, kitaba qoyduğu "investisiya" özünü doğrultmur, bəhrəsini vermir. Qazanc, beş-on oxucunun xoş reaksiyasıdı, bir də, beş-üç vicdanlı tənqidçilərin, ədəbiyyat adamının verdiyi qiymət, yazdığı yazı! Əslində yazıçı üçün bu da böyük qazancdı. Amma peşəkarlıq başqa şeydi axı; peşəkar öz gördüyü işin müqabilində, nəsə qazanmalıdır ki, ac qalmasın, dolana bilsin. Gözümüzün önündə maddi problemlər girdabında neçə-neçə istedadlımız... batır! Sualın isə cavabı budur: başqa işlər macal versəydi, yazıçı olardım.”




Yazıçı Narıngül Nadir: "Mənə elə gəlir, yazıçılıq mənim xarakterimdir. Başqa işlə məşğul olsam da, yəqin ki, yenə yazıçı olacaqdım. Yaradıcılıqdan tam təcrid olunmaq üçün hisslərimi, beynimi dəyişməliyəm. Bu da mümkün deyil. Əvvəllər, özümü tam tanıyana, düşüncəmi, xasiyyətimi formalaşdırana kimi, başqa peşə arzularım olub. Kiçik yaşlarımda mağazada satıcı işləmək arzum idi. Uşaq ağlımla kənddəki balaca, köhnə qarışıq mallar dükanındakı satıcıya həsədlə baxırdım. Sonralar, məktəb illərində, müəllim olmaq istəyirdim. Özümü tanıyandan, xarakterimi müəyyənləşdirəndən sonra anladım ki, xarakter özü elə insanın taleyini təyin edir. Müəllim işləsəm də yəqin ki, yenə yazacaqdım. Necə deyərlər, taledən qurtulmaq olmur.”



Yazar Sevinc Elsevər: "Arzum kinorejissor olmaq idi. O sevda ilə kinoşünaslığa daxil oldum. Orta məktəb illərindən yazırdım. İçimi dəftərə tökmək və sakitləşmək amacıyla. Yazıçı olmaq istəyi heç ağlımın ucundan keçmirdi. Hətta universitet illərində də yazmağa hobbi kimi yanaşır, film çəkəcəyim günü səbirsizliklə gözləyirdim. Məncə, evlənməsəydim, rejissor olmaq arzuma çatardım. Bakalavrda oxuyanda xarici ölkələrdən birində, yaxud Moskvada rejissorluq oxumağın xəyalını qururdum. Sevdim, evləndim, uşaqlar oldu, yazmaqla azarımı öldürdüm. Bakalavrı bitirəndə müəllimlərimdən biri Ötkəm İsgəndərov mənə dedi ki, Naxçıvan dövlət teatrında ikinci rejissora ehtiyac var. Məndən talantlı bir tələbə istəyiblər. Mən də səni görürəm bu işdə. Gedəcəksən Naxçıvana, orda yaşayacaq, işləyəcəksən, özünü göstərməyə meydanın olacaq. Getsəm, Elsevərdən uzaq qalacam fikriylə imtina elədim. Hərdən Elsevərə deyirəm gəl ikimizə bir film çəkək. Uşaqları da oynadaq. Ailə filmi olsun. Ola bilər çəkdik. Həyat davam edir.


Yazar Ayxan Ayvaz: "Mən matros, yaxud da pinəçi olmaq istəyərdim. Çünki bu iki peşə mənə çox romantik gəlir. Həyatın dənizlərdə keçir, maraqlı və fərqli hadisələrlə qarşılaşırsan. Bəlkə də uzaqlara getmək arzusundan bu istək məndə olub. Pinəçiliyi də çox sevirəm. Məncə, bu işdə yaradıcılıq var. İnsanların yırtıq-sökük ayaqqabılarına can verirsən. Ümumiyyətlə, ayaqqabıların məndə hüznlü tərəfi var. Bilmirəm, nədəndir. Amma hesab edirəm ki, insanların taleyi ayaqqabılarından oxunur. Bu ayaqqabılara təzədən yaşamaq şansı verən də pinəçilərdi. Bir növ yazıçılar da elə deyilmi? Onlar da kağız üzərində istədiklərinə can verir, istədiklərini öldürür. Öldürmək demişkən... Hərdən düşünürəm ki, yazmasaydım yəqin ki, killer olardım. Qatil olmaq potensialımı ədəbiyyat həmişə məhv edib."



Yazar Kəramət Böyükçöl: "Yazıçı olmasaydım, Çingiz Abdullayev kimi detektiv əsərlər yazardım.”




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK