adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Iyun 2018 13:14
11068
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: DOQQUZ QƏPİKLİK YUMURTA NİYƏ ON BEŞ QƏPİYƏ SATILIR?

Mayın axırlarında Bakının əksər market və mağazalaranda yumurtanın qiyməti birdən-birə 15-16 qəpikdən 8-9 qəpiyə düşdü. Və camaat da çox sevindi ki, nə yaxşı yumurtanın qiyməti ucuzlaşdı. Axı, yaz və yay mövsümündə bir qayda olaraq yumurta ucuzlaşır. Üstəlik də həmin mövsümdə əhali yumurtadan daha çox istifadə eləyir. Yəni pomidor-çığırtması hazırlayıb yemək çoxlarına ləzzət verir. Hələ mən lobya, badımcanla hazırlanan yeməyin dadını-tamını demirəm. Çünki bu yeməklər sözün həqiqi məsanıda çox ləzzətli olur.

Kənd yerlərində isə yeni çıxan beçələrdən bişirilən çığırtmanın yerini heç nə verə bilməz. Mənim bir dostum var. Bu mövsümdə kəndə gedəndə başını kəssən də başqa yeməklər istəməz. Hətta qohum-əqrəbası ona quzu kəsib kabab eləsə də bundan imtina eləyir. Deyir ki, ən yaxşısı o qapıda gəzən çolpanın kəsilməsi, pöştənməsi və çığırtma bişirilməsidi. Çığırtmanı da təbii ki, yumurta ilə bişirəndə özgə bir aləm olur.

Elə bil mətləbdən bir qədər uzaqlaşdıq. Mənim özümün də bu yaz-yay mövsümündə pomidor-yumurta çığırtmasından çox xoşum gəlir. Onu yeyəndə uzun müddət bu yeməyin dadı damağımdan getmir. Əlqərəz, hamı yaxşı bilir ki, bir kiloqram mal ətinin qiyməti Bakı şəhərində 10 manat yarıma, 11 manata satılır. Elə camaat da bir kilo ət alana qədər pomidordan, yumurtadan alır, birtəhər hər şeyi yola verir. Yəni ucuzluq olduğu üçün insanlar buna daha çox meyl göstərirlər.

Yazımızın əvvəlində qeyd elədik ki, mayın axırında yumurtanın qiyməti ucuzlaşdı. Ancaq camaatın bu sevinci çox çəkmədi. Cəmi bir həftədən sonra işbazlar əhalinin kefinə soğan doğradı. Yəni 8-9 qəpiyə satılan yumurtanı bir günün içində bahalaşdırıb elədilər 14-15 qəpik. Və təbii ki, mağaza-dükanlara yumurta almağa gedən alıcılar bu bahalaşmanı görəndə istər-istəməz şok anlar yaşayıblar. Çünki indiki şəraitdə bahalaşmış yumurtanı həddindən artıq yüksək qiymətə almaq heç bir alıcıya sərf eləmir.

Yumurtanın qiymətinin bahalaşması ilə əlaqədar olaraq biz bir neçə ekspertin fikirlərini dinlədik. Onlar çox maraqlı faktlar səsləndirdilər. Məsələn, ekspert Əzim Əhmədov bildirdi ki, bizim məmləkətdə əksər məhsulların monopoliyası var. Yəni qaz vurub qazan dolduran və bir əldə cəmləşən yumurta eyni zamanda müəyyən inhisarçıların nəzarəti altındadı. Onlar həm xaricdən gətirilən, həm də ölkədə olan yumurta istehsalına və satışına əl qoyurlar. Və bu əllər də həmişə o dediyimiz məhsulun üstündə olur. Təsəvvür edin, hər hansı şeyin qiyməti bir qəpik ucuz və baha satılsa, bu həmin inhisarçıların diqqətindən yayına bilməz.

Göründüyü kimi, yumurtanın da qiymətinin yenidən bahalaşması bir daha dediyimiz həmin məqamlarla bağlıdır. Hansı ki, ölkə prezidenti bir dəfə yumurta bahalaşanda onun istehsalçılarına və məhsulu Azərbaycana gətirənlərə möhkəm təpinəndən sonra qiymətlər bir müddət ucuzlaşdı və sabit qaldı. Prezidentin o qədər həll etməli problemləri var. İndi durub prezident hər şeyə müdaxilə etməlidir? Hansı ki, nə qədər nəzarət orqanları və qurumlar var ki, süni bahalaşdırma yaradanlara qarşı mübarizə aparmalıdır. Bəs o qurumlar niyə bu mübarizəni aparmır və hər şeyə soyuqqanlı yanaşır?

Quşçuluq fabrikləri bahalaşmaya görə susurlar. Hansı ki, yemin və digər dənli bitkilirən qiyməti əvvəlki vaxtlarla müqayisədə bir o qədər də baha deyil. Üstəlik də ölkəmizdə bu gün kifayət qədər dənli bitkilər – qarğıdalı, arpa və digər məhsullar istehsal edilir. İnd idə arpanın ən ucuz mövsümüdür. Bir çox quşçuluq fabrikləri bu arpanı fermerlərdən çox sərfəli qiymətə alırlar. Əgər belədirsə, bəs nə üçün iyun ayında yumurtanın qiyməti 15 qəpikdən aşağı düşmür?! Elə yumurta da ən çox iyun, iyul, avqsut aylarında ucuz satılır.

Məsələn, rayonlarda kənd yumurtası bu gün 15 qəpiyə satışa çıxarılır. Düzdür, onu alverçilər əldə edərək 20 qəpiyə və daha baha qiymətə satışa çıxarırlar. Ancaq əsl istehsalçı onu 15 qəpikdən, bəzən də daha ucuz qiymətə kənd mağazalarına verir. Mən bir alverçi tanıyıram, gedib kənddən bir ədəd yumurtanı 13 qəpiyə aldığı halda, Bakı bazarında 25-30 qəpiyə satır. Görürsünüzmü, min bir əziyyətlə toyuq saxlayan, yumurta əldə eləyən adam bir yumurtadan 13 qəpik qazanır, amma alverçi ondan daha çox pul əldə eləyir.

Bizim yaxınlığımızdakı marketin satıcıları da deyir ki, müəllim, biz heç vaxt yumurtanın qiymətini bahalaşdıra bilmərik. Uzaqbaşı biz onun qiymətinə bir qəpik əlavə edərik. Bizə qaiəmədə nə yazılırsa, biz də o qiymətə yumurtanı satışa çıxarırıq. Hər şey quşçuluq fabriklərindən asılıdır. Biz ucuz qiymətə yumurta alanda ucuz satırıq, baha qiymətə yumurta alanda baha satışa çıxarırıq.

Çox təəssüf ki, bu məsələlər gündəmdə olsa da, yenə onu həll edən tapılmır ki, tapılmır. Süni bahalaşmanı quşçuluq fabrikləri market və mağazaların üstünə atır, market və mağazalar da bildirir ki, biz nə karəyik ki, qiymətləri qaldıraq. Hər şey quşçuluq fabrikindən asılıdır.

Səhv eləmiriksə, bizim məmləkətimizdə Quşçular Cəmiyyəti də fəaliyyət göstərir. Və bu cəmiyyət də bu və ya digər dərəcədə süni yaradılmış bahalaşmanın qarşısının alınmasında məsuliyyət daşıyır. Amma ən böyük məsuliyyəti İqtisadiyyat Nazirliyinin Anti-inhisar departamenti və eləcə də hüquq-mühafizə orqanları daşımalıdır. Çünki süni yaradılmış bahalaşmaya qarşı bu qurumların həm böyük səlahiyyətləri var, həm də təcrübələri.

Yəni həmin qurumlar istəsələr bir günün içərisində yaranmış süni bahalaşmanın qarşısını almağı bacararlar. Və biz də bir daha yaranmış mənzərəni həmin qurumların diqqətinə çatdırdıq. İndi gözləyək görək onlar hadisələrə necə müdaxilə edəcəklər. Əgər bu müdaxilə zamanında və vaxtında edilsə, bax onda yumurtanın qiyməti gəlib əvvəlki ucuz qiymətinə düşə bilər. Mübarizə aparılmasa belə, nəinki yumurtanın qiyməti 15 qəpik olacaq, hətta bir az da qalxacaq!..