Ali baş komandan “POLONEZ”lərə baxış keçirdi - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Açılışdan öncə müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib.
Bildirilib ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.
Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.
Yataqxana binasında əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Burada məişət və əşya otaqları, dəftərxana və digər zəruri otaqlar yaradılıb. Yataqxanadakı ideoloji otaqda hərbi qulluqçular Azərbaycanın hərb tarixinin şanlı səhifələri barədə məlumat alacaqlar.
Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün də yaxşı şərait var. Burada quraşdırılan idman meydançasında hərbi qulluqçular minifutbol, basketbol və voleybolla məşğul ola biləcəklər.
Hərbi hissənin əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxana binasında hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və rasiona uyğun yeməklər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır.
Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması onun strateji əhəmiyyətini daha da artırır.
Bütün bunlar göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, bu gün Ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün müasir silah-sursat, hərbi texnika xaricdən alınır. Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.