Adalet.az | Ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm… Adalet.az | Ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm…

14455    |   2018-06-14 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mən, ruhum qane olduğu zaman
xoşbəxt oluram və şeirdir ruhumu qane edən.”

"Mənzil başına çatmaq necə olur bilmirəm,
amma heç şübhəsiz bütün
varlığım bir məqsədə doğru can atır.”


Doğumu ilə ölümündəki iki qış arasında 32 illik qısa bir ömür sığdıran İranlı məşhur şair Füruğ Fərruxzad həyatı, hüzn dolu şeirləri və ölümü ilə tam bir qış qadınıydı. Sənətiylə olduğu qədər xarakterik özəllikləriylə də diqqət çəkən Füruğ, dünyada qalacağı sayılı günləri hissedərcəsinə həyatındakı hər şeyi yaşayıb tükətdi. Yeganə qazancı isə xoşbəxtlik və rahatlıq mənbəyi hesab etdiyi şeirləri oldu. Bir ovuc xoşbəxtlik və azadlıq üçün çiyinlərində bir kisə dolusu kədər yükü gəzdirdi. Eşqə, cəsarətə, şeirə heyranlıq duyaraq yaşadı.

Qısa arayış

Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsəri həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan"). Cüzam xəstəliyindən əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə çəkilib və tezliklə bütün dünyada şöhrət qazanıb. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şeirlər məcmuəsini nəşr etdirib.

Füruğ Fərruxzad 1967-ci ildə avtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq üçün o idarə etdiyi maşını divara çırpıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Kaş düşündüyünüz kimi…

Ən böyük istəyi anlaşılmaq idi. Bu səbəbdən atasına yazdığı məktubunda nə cür haqsızlıqlara məruz qaldığını izah etməyə çalışıb:

"Mənim ən böyük dərdim sizin məni tanımamağınızdır. İş orasıdır ki, heç bir zaman da tanımaq istəmədiniz. Bilirəm, nəzərinizdə hələ də ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm. Kaş düşündüyünüz kimi olsaydım və xoşbəxt ola bilsəydim. Onda dünya mənim üçün kiçik bir otaq olardı, mənsə əyləncəli yığıncaqlara getməklə, gözəl və cəlbedici paltarlar geyinməklə, qonşudakı qadınlarla çənə çalmaqla, qayınana ilə dilləşməklə və bu kimi minlərlə mənasız və axmaq işlərlə kifayətlənən bir cahil qadın. Böyük və gözəl dünyadan bixəbər, ipəkqurdu kimi öz baramamın dar və qaranlıq divarları arasında qıvrınaraq böyüyüb həyatımı sona çatdırardım. Ancaq mən belə yaşaya bilməzdim. Mən özümü dərk eləyəndən bu yana daxilimdə böyüyən üsyan bu axmaq və cahil cəmiyyətdən qaynaqlandı. Mən böyük olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulub sabah ölən və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm.”

Zamanın ötəsində vurur ürəyim

Həyat yenidən doğacaq onu

Yenidən yaşadacaq məni...

Füruğun o dövrün İranında yazıb dərc etdirdiyi çox cəsur bir şeiri var. Günahlar və günahkarlar haqqında... Birinci misrası belədir:


Günah işlədim, ləzzət dolu bir günah

Titrəyən, bir bədənin yanında.

Tanrım, bilmirəm nə etdim,

o qaranlıq, susqun gecədə...

Bu şeirdə cavan şairə başqa bir kişiyə olan məhəbbətindən və gizli eşqindən bəhs edir. Bir mənada özünü ifşa edir, öz-özünü sorğuya çəkir. Şeir dərc olunan kimi aləm bir-birinə dəyir. Həm cəmiyyətin müxtəlif təbəqələrindən təhqiramiz tənqidlərə məruz qalır, həm də ailəsindən, xüsusilə də qaynanasından ağır ittihamlar eşidir. Oğlunu görməyə qadağa qoyulur, himayədarlığı əlindən alınır. Cəmiyyət ona çirkli, namussuz bir qadın gözü ilə baxır. Füruğu ən çox tənqid edən və onu cəmiyyətdən təcrid edənlər isə ziyalı təbəqə olur. 1955-ci ildə birinci şeir kitabı çapdan çıxır. Ürəkdən, səmimi sözlərlə yazan Füruğun hər misrası bir fəryaddır.


Əzabla hörülmüş qadın

Oğlundan və sevdiyi insandan daha da uzağa gedir Furuğ. 1956-cı ildə İtaliyaya, ordan da Almaniyaya böyük qardaşı Əmir Məsudun yanına. O şeirə olan sevgisini atasına yazdığı məktubda bu cür açıqlıyır: "Mənim üçün ən önəmli şey şeirdir. Şeir özümə və şəxsiyyətimə qarşı duyduğum ən böyük məsuliyyətdir. Həyatıma vermək məcburiyyətində qaldığım cavablardan ən vacibidir həm də".

Furuğ 23 yaşında, 1958-ci ildə ikinci şeir kitabı "Üsyan"ı nəşr etdirir. Artıq onu bütün dünya tanıyır. Pərviz onun şeirlərini görməzdən gəlsə də, atası üçün o əxlaqsız bir qadın olsa da... İnsanların fikri Furuğu heç vaxt maraqlandırmayıb. Elə İbrahim Gülistaniyə aşiq olduğu zaman da. İbrahim Gülistani evli idi və iki uşağı var idi. Rejissorla birgə çalışmağa başlayan Furuğun həyatında İbrahimin yeri əvəz olunmazdır. O bu yasaq sevgisini belə ifadə edirdi:


Həyat bəlkə də o çarəsiz olan andı,

mənim baxışımın sənin nəmli gözlərində

özünü paramparça etdiyi

və bir duyğu var bunda

mənim

ay və qaranlığın hissi ilə birləşdirəcəyim.

Yalnızlıq ölçüsündə bir otaqda,

eşq böyüklüyündə ürəyim,

xoşbəxtliyinin sadə bəhanələrini izləyər,

Saxsıda o sevimli güllərin məhvini

və sənin baxçamıza əkdiyin fidanı

və bir pəncərə ölçüsündə oxuyan

bülbül nəğmələrini.

Bir dəfə Puran studiyaya Furuğu görməyə gəldiyi zaman, onu ağlayan görür. Puranın israrından sonra o İbrahimin həyat yoldaşına yazdığı məktubu gördüyünü deyir. Məktubda o Furuğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətinin heç bir dəyəri olmadığını vurğulayır. Furuğ özünə söz verir ki, ondan ayrılacaq. Amma hər şey başqa cür olur və onların arasındaki eşq daha da qüvvətlənir. İbrahim Furuğa bir neçə dəfə evlilik təklif etsə də, rədd cavabı alır. Furuğ onun həyat yoldaşına və uşaqlarına hörmət edirdi.


Kəşf edilmiş böyük şair

İbrahim Furuğu dəflərlə İngiltərəyə kino haqqında biliklərini dərinləşdirməyə göndərir və Furuğ nəhayət ki, öz filmini çəkir. "Qara ev" adlı sənədli film Təbrizdə Cüzam xəstələrinin yaşadığı xəstəxanada çəkilir. Furuğ film haqqında xatirələrində deyirdi:

"Mən onlara xəstə kimi yanaşmırdım. Onların yaralarına toxunurdum. Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tez məktub yazıb, dərdlərini mənimlə bölüşürdülər".

Furuğ filmi çəkərkən cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru övladlığa götürür. Hüseyn Kamiyarın həsrətini az da olsa, azalda bilir. Hüseyn sonradan anasının şeirlərini alman dilinə ən yaxşı tərcümə edənlərdən biri oldu.

Film bir çox festivallarda mükafata layiq görülür. Daha sonra UNESCO Furuğ haqqında 30 dəqiqəlik sənədli film çəkir. Məşhur rejissor Bernardo Bertoluççi İrana Furuğla bağlı reportaj hazırlamağa gəlir, lakin həyatı haqqında 15 dəqiqəlik film çəkməyə qərar verir. Dünya artıq Furuğu kəşf etmişdi.

Furuğ bir gün İbrahimlə dalaşır. Xidmətçilərin sözünə görə bu dava əvvəlkilərindən daha şiddətli olur. Və Furuğ ikinci dəfə intihara cəhd etsə də, xilas ola bilir. Lakin əcəlin onu tez tapacağından xəbərisiz idi. Bundan sonra Furuğ sevgilisi İbrahimə "Yenidən doğuş" şeirini yazır və 1963-cü ildə eyni adlı üçüncü kitabı nəşr olunur.

Cavan və dul bir qadının patriarxal bir cəmiyyətdə yaşaması çox çətindir. Füruğ kimi çərçivələrə sığmayan, azadlığa vurğun olan bir qadın üçün isə dözülməzdir. Lakin o mətənaətini əldən vermir. Yazmağa davam edir. Dalbadal iki kitab daha çap elətdirir. Birinin adını "Divar", o birinin isə "Üsyan" qoyur.

Füruğun yazıdan başqa incəsənətin digər sahələrinə də marağı və istedadı vardı, xüsusilə də, rəsm və kino sahəsinə. 1962-ci ildə o, sənədli film çəkir. Mövzusu: "İranda cüzamlı olmaq!" Filmdə cüzamlı insanların həyatından bəhs edir. Sənədli film dəfələrlə beynəlxalq mükafatlara layiq görülür. Füruğ bu sənədli filmin çəkimləri zamanı, həqiqətən, cüzamlı insanlarla yaşayır, onlarla birlikdə qalır. Üstəlik, cüzamın keçici olduğuna inandıqları bir dövrdə. Çəkimlərdə bir oğlan uşağı ilə qarşılaşır. Hüseyn adlı bu şirin oğlanın atası da, anası da cüzamdan əziyyət çəkirdilər. Füruğun ana ürəyi yanır. Onu övladlığa götürməyə qərar verir. Ailəsindən razılıq alır. Onu evinə gətirir, yedirir, içirir, oxudur, böyüdür. Füruğ dəlisov qadındır. Ürəyi geniş, xəyalları hüdudsuzdur. Ona "günahkar" deyənlər onun dünyasını anlaya bilməzlər.


Son

1964-cü il 14 fevral yağışlı bir gündə kitabxanada tərcümə ilə məşğul olan Furuğ anasını görməyə gedir. Anasının dediyinə görə, Furuğ onunla sağollaşarkən dodaqları hər zaman olduğundan daha soyuq idi. Və ölümünə getdiyini bilərcəsinə sürücüsünə maşını idarə etməyə icazə vermir. Sükan arxasında özü əyləşir. Darüşşal Marvdosht ve Logumanoddovleh küçələrinin kəsişməsində avtobusla toqquşmamaq üçün maşını divara çırpır. Maşından çölə atılır və başını yoldakı səkiyə vurur. 32 yaşında xəstəxanaya çatmadan dünyasını dəyişir Furuğ...

Din adamları cənazə namazını qılmaq istəmədyi üçün, cənazəsi ikigün gözləyir. Cənazə namazını bir yazar qıldırır. Füruğun zorla əlindən alınan oğlu Kamyar İngiltərəyə mühəndis olmağa göndərilsə də, bir il sonra təhsilini buraxıb rəsmə həsr edər həyatını və Füruğun şeirlərinin arxasından, qeyb olmuş anasını rəsmə gətirər, yenidən və yenidən var edər. Digər oğul Hüseyin isə anasının şeirlərini amlan dilinə tərcümə edər, onu İranın sərhədlərindən çıxaranların ən anlamlı üzvü olar.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO