adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Iyun 2018 16:44
12469
MƏMLƏKƏT
A- A+

Bakının bu çimərliyi təmizlənir

Çimərlik mövsümünün açılışı ilə əlaqədar iyunun 10-da İDEA İctimai Birliyinin, "Təmiz Şəhər” ASC-nin, Azərbaycan Respublikası Gənclər Fondunun və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

Adalet.az xəbər verir ki, təmizlik aksiyası Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş "Yaşıl həftə” tədbirlər silsiləsi çərçivəsində Buzovna çimərliyi ərazisində keçirilib. "Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca doqquzuncu aksiyadır.

Təqribən 300 könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bütün gəncləri dəniz sahillərində ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 5 tona yaxın tullantı toplayıblar. Daha sonra tullantılar çeşidlənərək çimərliklərdə ən çox müşahidə olunan zibillər müəyyən edilib. Tullantıların toplanması prosesini daha səmərəli təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da (kiçik traktorlar) cəlb olunub. Bütün tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Tullantıların toplanmasından sonra gənclər təmizlənmiş ərazidə peşəkar yoqa ustası, Yoqa Şiromani tituluna malik Elçin Quliyevlə birgə yoqa ilə məşğul olub, akustik gitaranın xoş sədaları altında əylənərək futbol, badminton və s. idman növlərində məharətlərini sınayıblar.

Könüllülər Eltac Məmmədzadə, Murad Həsənxanlı və digərləri belə ekoloji aksiyaların ətraf mühitin və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar bu nəcib təşəbbüsə, eləcə də aksiyada gənclərin fəal iştirakı üçün yaradılmış imkana görə IDEA İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.

İDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

Hər il bir deviz altında keçirilən Ümumdünya Ətraf Mühit Gününün cari ildəki şüarı "Plastik çirklənməyə qalib gəl” (#BeatPlasticPollution) seçilib. Buna səbəb isə dünya əhalisi arasında plastik məhsullardan asılılığın artması nəticəsində ətraf mühitə və biomüxtəlifliyə dəyən mənfi təsirlərin artmasıdır. Sahillərdə keçirilən təmizlik aksiyaları zamanı toplanan tullantılar içərisində məhz plastik tullantıların çoxluq təşkil etməsi də bunun əyani sübutudur. Plastik tullantıların təkrar emalı, təkrar istifadəsi və azalması ilə bağlı görülən tədbirlər bu problemin əsas həlli yoludur ki, gənclər də bu prosesdə mühüm rol oynayır.