adalet.az header logo
  • Bakı 19°C
09 Iyun 2018 14:52
11638
GÜNDƏM
A- A+

Millət vəkili Təbrizdən yazdı

Təbriz, şəkildən belə baxışı o qədər canlı, sevgi və mərhəmət doludur ki...Həyat necə qıydın bu oğula, torpaq necə aldın ağuşuna? Sözsüz, torpaqdan gəlmişik torpağadır qayıdışımız, amma bar verməyən arzular, qovuşmayan sevgilər, yerinə yetməyən niyyətlər var... 

Bu evə gəlmək çox ağırdır, bu niskillə qarşılaşmaq çox çətindir...Aprel şəhidlərimizin ailəsi ilə görüşmək mənim üçün ən ağır missiyadır, ancaq Kifayət ananın oğul həsrətiylə çağlayan üsyanı hədsiz hüdudsuzdur... O üsyan ki, səni yerlə bir edir, hissini və sözünü itirirsən və sadəcə susursan, susduqca alovlanan kədərin bütün bədəninə yayılır... və anlayırsan ki, bir ana bir oğul yox, bir dünya itirib, arzularının, sevgisinin, varlığının mahiyyətini daşıyan bir ümman itirib... qapıda qarşıladı bizi, soyuq, yad və susqun baxışlarından bir sual oxudum... Niyə gəlmisiz, nəyə gəlmisiz, artıq nə mənası var? Mən ona oğlunun xatirəsini gətirmişdim, əslində oğullarının, beş qardaşın beş şəhidin, beş qəhrəmanın... Kədər insanları birləşdirən ən güclü duyğudur... Bu kədər bir taleyin qismətini yaşayan beş ayrı oğulun qardaşlığıydı, beş ayrı ailənin birlikdə duruşuydu, Vətən naminə, torpaq sevgisinə olan ehtiramıydı... Toxunmadı alboma, dedi gəl gedək evə, sakitcə əlimdə ağır bir yük daşıyar kimi, özümü güclə apardım o evə, stolun ustu şəkillərlə dolu idi, hamısından Təbriz baxırdı, xoş təbəssümlə. Biz də ona baxırdıq səssiz səmirsiz, İlahi, bu səssizlikdə qulaq batıran o qədər inilti yanğı vardı ki... Gəlin bu otağa...dedi... Burda Təbrizin bütün əşyalarını saxlayıram, amma əlimi vura bilmirəm. Mənsə toxundum o xatirələrə, hərbi paltarını aldım əlimə... Bəlkə mən Kifayət ananın yerində olsam gündə yüz dəfə qoxusunu almaq üçün o paltarları bağrıma basardım, bəlkə gecələr sinəmdə yatardım, bilmirəm, amma o oğlunun xatirəsinə toxuna bilmir, anlayıram, çünki ona bu istiliyi, bu qoxunu yalnız oğlu verə bilərdi... o isə yox idi, yoxluğu isə dünyanın var olan hər şeyinin yoxluğuydu... Mənsə sakitcə baxırdım, köynəklərinə, gödəkçələrinə üst üstə qalaqlamış paltarlarına... və bu cansız və dəyərsiz əşyalara dəyər qatan insanın yoxluğuna... Və oğul itirmiş Anaya... Bu otaqda hər şey qarışmışdı bir birinə, hüzün, kədər, sevgi, ümid, acılar... Nə hardaydı bilmirəm, bu xaosun icində bir görünən duyulan həqiqət vardı, kainata bəşəriyyətə və insanlığa üsyan... Zamanın durduğu bu otaqda düşünə bilməməyin, təsəlli, söz tapa bilməməyin əzabını çəkirdim. Həyatdan, daha doğrusu həyətdən səs gəldi... Sevindim, çünki zamansızlığın zamanı uzandıqca gücümün tükəndiyini hiss edirdim, mən ağlaya bilmirəm, Tanrı məni bu qabiliyyətdən məhrum edib, ona görə mənə bu anı yaşamaq dünyanın ən böyük məşəqqəti kimi gəlirdi, ağlamaq gözəldir, insana sakitlik və rahatlıq gətirir, çünki səni didib parçalayan acın göz yaşlarında yumşalır və o yumşaqlıqla səni də həfiflədir... Mənsə kədərimi içimə boğuram, kitab rəfindəki kimi cərgəylə, yan-yana, üst-üstə, o artdiqca mən böyüyürəm, çünki o məni buraxmaq istəmir, indi də beləydi, həyatın səsi məni hüzn dənizindən bayıra səslədi... Birlikdə çıxdıq Kifayət anayla, səssizcə göz yaşlarını silə silə sakitcə gəldi mənlə... Təbrizin atasıydı, tək məni səsləməmişdi həyata, o hər gün Kifayət ananı da həyata səsləyir, hamının əvəzinə xiffət çəksə də ailə böyüyüdür, O bunu bilir... Keçdik içəri oturduq, oğlunun xatirəsi, həyatının anları və təbəssümü həkk olunmuş albomu uzatdım ona. Heç zaman bir övladın təsəllisi ola bilməyəcək qədər kiçik bir şeydi bu... Amma biz bilmirik, hiss etməyə çalışsaq da anlamırıq, kədərin ağırlığından yorulmuş gözlərlə sanki övladının üzünə baxırmiş kimi bir ata-ananın sevgi dolu baxışını, o həsrətin dərinliyini duymuruq...

Yaradan, yaratdığının sahibidir, sevgisi də rəhməti də onundur, amma eyni hissləri də oğluna- insana verib, bunu yaşamağı hökm bilib...Çətinlik yaxşıların sınağıdır, deyirlər, mənsə bu təsəllini eşitmək istəmirəm, ağrıdan- acıdan doğan müdrikliyə,məğrurluğa, dözümə, güclü durmaq və olmaq istəyinə qarşıyam, bəlkə mən də üsyankar kimi görünürəm, amma biz sadəcə insanıq, bütün canlılar kimi əsas instinktlərə sahib adi canlıyıq... Odur ki, dərdinlə dərtləşməyi, kədərinlə ağlamağı, sevincini bölüşməyi, nifrətinlə yanmağı bacarmaq hələ zəif olmaq deyil... İnsan olmaqdır, sadəcə insan... Mən bu düşüncələrlə, özü yad, xatirələri doğma olan Təbrizin atasına, qəhəri ilə mübarizədə məğrurluğun qalibiyyəti ilə qarşımda durana baxıram, qibtəylə, fəxrlə qürurla, həm də böyük kədərin verdiyi əzabla...Dünyanın ədalətsizliyinin, həyatın zalımlığının, Tanrının səbrinin əzabını çəkirəm...Danışır Ata, Təbrizin uşaqlığından, insanlara mərhəmətindən, həyata olan sevgisindən, valideyninə olan hörmətindən... ona qalan əmanət yalnız budur, yaşadığı xatirələr... Heç kəsi incitməzdi, heç kəs ondan narazı qalmazdı, xidmətdən gələndə nə qədər yorğun olsa da, köməyini əsirgəməzdi, mənə işlərimdə kömək edərdi deyir, uşaq olub yaşlı qocalarla dostlaşmağından, insanlara münasibətindən danışır və O, elə səmimi, elə içdən danışır ki, bizi də özü bilmədən aparır o xatirələrə... Biz isə, o xatirələrdə hara gemədik, kimləri görmədik... yaxşı həmişə yer payı olur, deyib atalar... eynən... Özü hərbiçi olub Hamlet qardaş. Vətəni qorumağın ən böyük şərəf olduğunu bilənlərdəndir, övladını yoluna yolçu edənlərdəndir... Mənim aləmimdə şəhid ataları böyükdən böyükdür, müdrikdən müdrikdir... Çünki, onlar olacaqları bilə bilə Vətən naminə oğul fəda edənlərdi... İnsan oğlunun yaradılışdan özünümüdafiə instinkti var, o ağrıdan, əzabdan, onu incidəcək hər məqamdan qaçmağa, özünü qorumağa çalışır... Bu isə tam əksidir, ağrının, əzabın gözünün içinə baxaraq, Vətəni qorumaq xatirinə bir ömür qəhəri sahiblənmək...ağırdır, bunu anlamaq da, yaşamaq da, yazmaq da... Bir ananın üsyanına, qəhərinə şahid olmaq... 

Bir oğulun şəkillərdən boylanan gözləri ilə rastlaşmaq...Bu yolu Təbriz seçmişdi, özü sevə-sevə getmişdi, sevgisini vətəninə vermişdi, qəlbini onun böyüklüyünə bağışlamışdı... Baxırdıq şəkillərə, əslində Təbrizlə danışırdıq, gah gülümsəyir, gah qəhərlənirdik, zamanın axıb getdiyini belə hiss etmirdik. Bəlkə də zaman durmuşdu, biz idik keçmişin səyahətçiləri... çətin də olsa qayıtdıq indiyə, reallıqlara, olanlara, hisslərə, duyğulara...getmək vaxtıydı, getməliydim, başqa valideyinlərimizlə də görüşməliydim, söz verdiyim əmanəti çatdırmalıydım... Durdum ayağa, əmanəti qoyub getsəm də, yüküm yenə ağırıydı... EL qızı, tez tez gəl, qapım sənə həmişə açıqdır dedi... düşündüm, böyük dəyərin ağır məsuliyyəti sıxdı məni, Elin qızı olmaq, şərəfdir, çətinliyi qorxutmur, amma bir şəhid atasının verdiyi dəyər, rəsmiyyətsiz ən ağır vəzifə...Çiyinlərim yükə alışıb, həyat məni çoxdan bərkidib, o da bunu bilir... Nə deyə bilərdim ki... qərarı verilib, adı qoyulub, mənə şərəfi ilə daşımaq qalıb... bu düşüncələrlə çıxdım ordan, qazandığım yad doğmalar və yeni vəzifəmlə, yeni günə başlamaq ümidiylə...

Bəzən yenidən dərk etmək üçün bildiklərimizi bizə birilərinin deməsi lazımdır... Mənim artıq bir həqiqətim var, Öncə Vətən!

Millət vəkili Sona Əliyeva