adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Iyun 2018 21:35
25833
ƏDƏBİYYAT
A- A+

KƏMALƏ XANIMIN SƏNƏTİNƏ LAYİQ

Həmzə Vəliməmmədov,
respublikanın əməkdar
jurnalisti

"Naxçıvanda dünyaya göz açan, Azərbaycanda ilk dramaturq qadın, mənzum dramların ilk qadın müəllifi, Məshəti Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan və başqaları kimi qadın yazarlar arasında özünəməxsus yeri olan, sənətin zirvələrinə inamla addımlayan, 22 yaşında "Məshəti" mənzum dramı ilə aləmə səs salan Kəmalə Ağayevanın həyat və yaradıcılığı haqqındadır bu kitab".
Yuxarıdakı sətirlər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əli Səfərli və şairə-telejurnalist Aybəniz Ağaqızının "Naxçıvan" nəşriyyatında çap olunmuş "Nuh yurdunun heyranı" kitabından götürülmüşdür. Əsər əsasən altı bölmədən ibarətdir: "Uşaqlıq və gənclik illəri", "Pedaqoji fəaliyyət", "Kəmalənin şeir dünyası", "Dramaturgiya", "Tərcümə əsərləri", "Xarici ölkə görüşləri". Bunlardan başqa şairənin əsərlərinin biblioqrafiyasına da kitabda yer ayrılmışdır.
Naxçıvan Şərqin qapısında qədim diyardır, memar Əcəminin, Behruz Kəngərlinin, Rza Təhmasibin, Kazım Ziyanın, Kəngərli generallarının, Məmməd Səid Ordubadinin, Hüseyn Cavidin, Məmməd Arazın, İslam Səfərlinin, Ramiz Mirişlinin, Nəriman Məmmədovun, Elmira Şaxtaxtinskayanın və onlarla, yüzlərlə başqa övladların vətənidir.
Dünya şöhrətli diplomat, müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev də Naxçıvanda doğulub boya-başa çatmışdır.
Müəlliflər diyarın qədim guşələrindən Əlixan məhəlləsindən söhbət açır, yetirmələrini oxucuya təqdim edirlər. Onlardan biri şairə Kəmalə xanım Ağayevadır. Uşaqlığından uzun hörükləri ilə diqqəti çəkən bu cılız qız məktəb illərindən, 11-12 yaşlarından şeir yazmağa başlayır. "Bahar", "Əziz bayram", "Qış", "Maral səsi", "Şirin gəl və şirin get" şeirləri ilə titrək addımlarını atır.
Qanlı-qadalı müharibənin sorağı Naxçıvana gəlib çatır. Kəmalənin atası Ağa cəbhəyə yola salınır. Ailə çətin günlərkeçirir. Şairə sonralar bu illəri xatırlayaraq "Mənim anam" şeirində yazır:

Yoxsul evin bucağında,
Gah çılpaq, gah ac olmuşam.
Kətmən vurub, taxıl biçib,
Dən sovurub mənim anam.
Su yerində Günəş içib,
Can qovurub mənim anam.
Kitabda Kəmalə xanımın tələbəlik illəri əksini tapıb. Orta məktəbdə oxuduğu zaman çox sevdiyi fənn fransız dili olur. Ürəyinin səsi onu Xarici Dillər İnstitutuna gətirir. İmtahanları müvəffəqiyyətlə verib fransız dili fakültəsinə daxil olur. Tələbəliyin ilk ayları onunçün çətin keçir. Bir müddət Bakı həyatına alışa bilmir. Atasından aldığı məktublar onu darıxmağa qoymayır.
Tələbəlik Kəmalənin qəlbində dərin izlər buraxır, xatirələr poetik misralara çevrilir. "Azərbaycan" jurnalında dərc olunan "Hilal olaydım" ilk mətbu şeiri onu sevindirir. Bununla o, ədəbi mühitdə imzasını atır:

Görəydim iki gənc çəkir avarı,
Qayıq dalğalarla yarışıb gedir,
Mehriban bir qızın oxuduqları,
Axşam yellərinə qarışıb gedir.

Müəlliflər Kəmalə Ağayevanın pedaqoji fəaliyyətini geniş işıqlandırırlar. Ali təhsilini uğurla başa çatdıran şairə Naxçıvana dönür, kənd məktəblərinin birində şagirdlərə fransız dilindən dərs deyir. Bir müddətdən sonra iş yerini şəhərə dəyişir, internat məktəbində çalışır. Müəllim işlədiyi illərdə Azərbaycanda nəşr olunan qəzet və jurnallarda şeirləri dərc edilir. 22 yaşında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.
Kəmalə Ağayeva 40 ilə yaxın müəllim işləmiş, bu peşə ilə fəxr eləmişdir. Söz düşəndə "müəllim gələcəyin xatirəsidir" deyir. O, yetirmələri ilə görüşəndə xatirələr dilə gəlir, onları övladları kimi bağrına basır. Kəmalə xanımın kitabdakı söhbətindən bir cümlə: "Müəllim uşaqlarımıza təmiz yaşamağı, tərbiyəli, əxlaqlı olmağı aşılamalıdır".

***
Kəmalə xanım çağdaş ədəbiyyatımızın tanınmış və sevilən simalarındandır. "Şeir dünyası" bölməsində bu barədə geniş söhbət açılır. Azərbaycanın hər bir guşəsi şairəyə anası qədər əziz və doğmadır. Sonsuz məhəbbətini belə ifadə edir:

Əlimdəki bu qələm də sənindir,
Könlümdəki xoş aləm də sənindir.
Gözümdəki bu şöləm də sənindir,
Ömrə həyanım mənim,
Azərbaycanım mənim.

Həzin bahar yelləri, otların nəğməsi, çeşmələrin pıçıltısı, laləli-nərgizli çöllər, göylər qızı Günəş, ulduzlar arasından boylanan Ay, Naxçıvanın Duz dağı, pəmbə buludlar, zümrüd zəmilər, çəmənlərin qırmızı lalələri, "başı dumanlı" Şuşa dağları, qədim Gəmiqaya, Üzeyirin, Vaqifin, Natəvanın, Xan əminin ayaq izləri qalmış Qarabağ, yaşıl meşələr, daha nələr, nələr... Şairə bunların hamısına qəlbində məhəbbət yeri saxlayıb:

Orda Üzeyirin ayaq izləri,
Orda Vaqifimin sözləri qaldı.
Natəvan bacımın bulaq gözləri,
Neçə sənətkarın özləri qaldı.
Orda torpağımın yanıq naləsi,
Əziz Xan əminin can şikəstəsi.

Şairə-dramaturq ulu öndər Heydər Əliyevə silsilə şeirlər həsr etmişdir. Kitabda qeyd edildiyi kimi, bu şeirlərdə məhəbbət hissi yüksəkdir. Dahi rəhbərin unudulmaz xatirəsinə yazdığı "Səni unutmarıq" şeirində ümummilli liderimizin heç vaxt unudulmayacağını, qəlblərdə əbədi yaşayacağını qələmə alır:

Bu gün ayrılığın yaşı bir ildir,
Amma unutmadıq bir an da səni,
Kədər ürəklərdən gedən deyildir,
İtirdik bir ağır zamanda səni.

Fəqət yad edirik səni vüqarla,
Çünki şərəfimiz, qürurumuzsan.
Özün yaratdığın bu xoş diyarda
Sabaha aparan uğurumuzsan.

Kəmalə xanımla Bakı şəhərindəki evində görüşümü xatırladım. Biz ilk dəfə masa arxasında əyləşmişdik. Uzun illərdən bəri yaradıcılığını izlədiyimdən söhbət saldım. Kitablarını dönə-dönə oxuduğumu, şeirlərini nəvələrimin əzbərlədiyini söylədim. Oğlu Ələddinlə şairənin sözlərinə bəstələnmiş mahnılara qulaq asdıq, Azərbaycan radiosunun tanınmış diktorlarının ifasında poeziya nümunələrini dinlədik. Kitabxanasından bir neçə əsərinə avtoqraf yazıb mənə bağışladı. Otağındakı pəncərənin qabağında ulu öndərin təbəssümlü portretini göstərib:
-Hər səhər namaza duranda o böyük insanın ruhuna salavat çevirib Tanrıdan rəhmət diləyirəm. Həmişə qayğıma qalırdı, ad günlərimdə zəng vurub təbrik eləyirdi. Övladı İlhamdan çox razıyam. Bu mənzillər onun sərəncamı ilə verilib. Rahat yaşayıb yaradıcılıqla məşğul oluram, - dedi.

***
"Nuh yurdunun heyranı" kitabında şairənin epik əsərləri-poemaları haqqında geniş söhbət açılır. Qeyd edilir ki, Kəmalə xanımın poemaları oxucunu özünə cəlb edir, birnəfəsə oxunur. Onun Böyük Vətən müharibəsindən qayıtmayan igidlərin xatirəsinə həsr etdiyi "Ürəklərdə qaldı adınız" poeması döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımızın lirik portretini canlandırmışdır:

Geri qayıtmayan siz, ey cavanlar,
Bu gün baş əyirik xatirənizə.
Aldı ömrünüzü odlu tufanlar,
Lakin bu ömürdür hər birinizə.
Nə qədər kədərli olsa da bu hal,
Sizin həyatınız olsa da xəyal,
Özünüz bizimlə yenə varsınız.

Şairənin "Gözü yolda qalan var" poeması 1994-cü ildə Ağdam döyüşlərində mərdliklə vuruşan Hacıqabul şəhidi Həmidağanın əziz xatirəsinə yazılıb. Poemanı qələmə alarkən Kəmalə xanım qəhrəmanın qəbrini ziyarət etmiş, onun yaşadığı evdə olmuş, ömür-gün yoldaşı Təranə xanımla görüşmüş, ondan yadigar qalan övladlarının saçlarını tumarlamışdır.
"Nurun yayılıbdır bütün dünyaya" poeması kitabda geniş təhlilini tapmışdır. Əsər ulu öndərimiz Heydər Əliyevin şərəfli ömür yolu haqqında sanballı dastandır:

Heydər memarıdır Azərbaycanın,
Hər daşda, torpaqda onun əli var.
Səsi hər yerindən gəlir dünyanın,
Onun Vətən boyda bir heykəli var.

***
Kitabın müəllifləri Naxçıvan teatrında Kəmalə xanımın fəaliyyətini dolğun işıqlandırmışlar. Şairənin 27 yaşında "Məshəti" mənzum pyesinin tamaşaya qoyulması həm ona, həm də teatra şöhrət gətirir. 1965-ci ilin iyul ayında Bakıda Milli Teatrda Naxçıvan artistlərinin tamaşaya qoyduğu bu pyesə tələbə dostlarımla maraqla baxmışdıq. Alqışlar altında səhnəyə dəvət olunan müəllifi görəndə inana bilmirdik bu böyük əsər balacaboy, çəlimsiz qızın qələmindən çıxmışdır. Məhsəti rolunda gözəl sənətkar Zəröş Həmzəyeva bizi məftun eləmişdi. Tamaşanın rəssamı, şairənin ömür-gün yoldaşı Məmməd Qasımovu da ehtiramla xatırlayırıq.
Naxçıvan teatrında Kəmalə xanımın "İsmət", "Mənim tanrım gözəllikdir, sevgidir", "Apardı sellər Saranı" dram əsərləri, nağıl-tamaşaları müvəffəqiyyət qazanır, dövri mətbuatda təqdir olunur.
Kəmalə xanım dünya ədəbiyyatından Azərbaycan dilinə bir çox uğurlu tərcümələr etmişdir. Özünün şeirləri rus, ukrayna, türkmən, özbək, tacik, fransız dillərinə çevrilmiş, oxucu rəğbəti qazanmışdır. Kitabda tərcüməçilərdən V.Konstantinovanın, G.Svetkovun, O.Yurenkonun, T.Yesenovanın adları çəkilir, tərcümələrdən nümunələr verilir.
Mətbuat səhifələrində Kəmalə xanımın 200-ə yaxın oçerki, resenziyası və məqaləsi çap edilmişdir. Müxtəlif illərdə, müxtəlif ünvanlardan, müxtəlif peşə sahiblərindən onlarla məktub almışdır. Bu məktublar arasında mənim də imzam var. Məktubun mətni kitabda tam verilmişdir.
***
"Hələ lap gənc vaxtlarından Amerikanı görmək arzusu ürəyində baş qaldırmışdı. O dövrdə bunu həyata keçirmək yuxu kimi görünürdü. İllər keçdi... günlərin birində xoş xəbər gəldi. Düz iyirmi il bundan qabaq xəyallarındakı arzu həyata keçdi".
Kitabın "Xarici ölkə görüşləri" bölməsinin ilk cümlələri belə başlanır: Kəmalə xanım 43 yaşında Amerikaya səfər edir, Nyu-Yorku gəzib-dolaşır, muzeylərlə, teatrlarla tanış olur. Kaliforniya ştatının San-Fransisko şəhərinin küçələri ilə irəlilədikcə bələdçi ona maraqlı məlumatlar verir. "Amerika görüşləri" silsiləsindən şeirlər yazır.
Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edən şairə xanım dinləyicilər qarşısında şeirlərini oxuyur, bu səfər qəlbində dərin hisslər oyadır, diyara həsr olunmuş şeirlər yazır.
Fransa səfərində Kəmalə xanım Parisin, Strasburqun görməli yerlərində olur, əzəmətli Eyfel qülləsinə tamaşa eləyir.
Şairənin Türkiyəyə səfərləri nəşrdə ətraflı əksini tapmışdır. Ilk səfəri İstanbuldan başlanır, Y.İmrə yürüşündə iştirak edir. Türkiyənin paytaxtı Ankarada olur. Sonralar müxtəlif bölgələrdə yeni dostlar və tanışlar tapır.
İstedadlı şairə-dramaturq, əməkdar incəsənət xadimi, gözəl ana, mehriban nənə haqqında yazılmış bu kitab maraqla oxunur, oxucusunu yormur. Xatirələrdən, fotoşəkillərdən yerli-yerində istifadə olunmuşdur. Yazını kitabdakı son sözdəki bu fikirlə bitirmək istəyirəm: "Kəmalə xanım uzun yolun yolçusudur. Bu yol sənət yoludur. Bu yol bitib tükənən deyil, uzandıqca uzanır..."