adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2018 21:24
17488
ƏDƏBİYYAT
A- A+

Uşaqlıq illərimizdən başlayan yol

Aydın Avşar (Alıyev)

Mən Nəbi Muxtarovu uşaqlıq illərimdən tanıyıram. O illərdə Nəbi ailə dostları ilə yaylaqlara gedərdi. Laçın və Kəlbəcər yaylaqlarında göy çəmənliklərdə gəzərdi. Avşar uşaqları ilə birlikdə köçəri tərəkəmələrin qədimdən qoruyub saxladıqları müxtəlif oyunlara qatılardı. Dirədöymə, çilingağac, atçapma, özü də atı çılpaq və cilovsuz çapmaq, çınqıllardan daş qoparmaqla atmaq, həmçinin güləş və sair oyunların iştirakçısı olardı. Özü də əksər hallarda yaşıdları arasında fərqlənərdi. Onu da deyim ki, bu oyunlar iştirakçıdan dözüm və cəsarət tələb edirdi.
Bəlkə də gələcəkdə onun həyat fəaliyyətində özünü büruzə verən dözümlülük, cəsarət, dostluqdakı sədaqət, inadkarlıq, məqsədə nail olmaq həmin uşaqlıq illərinin yaylaqlarda keçən ağır və çətin oyunlarından bəhrələnib. Məhz o oyunlar onun həyatına öz təsirini göstərib.
Nəbi Muxtarovla gənclik illərində də yollarımız kəsişib. Mən Komsomolun Mərkəzi Komitəsində, o isə Füzuli Rayon Komsomol Komitəsində işlədiyindən xoş münasibətlərimiz, bir-birimizə sayqımız heç vaxt əskilməyib. Şükürlər olsun ki, həmin münasibətlər bu gün də davam edir. Nəbi Muxtar oğlu böyük həyat yolu keçib. Respublika Üzümçülük və Şərabçılıq Komitəsində sədr müavini, Kənd Təsərrüfatı Nazirliyində Partiya Komitəsinin katibi, Qaçqınkomda sədr müavini kimi məsul vəzifələrdə çalışıb.
Tarixdə elə hadisələr olub ki, ayrı-ayrı siyasi xadimlər yaranmış ağır vəziyyətdən düzgün nəticə çıxarıb, çətinliklərə qalib gəlib, çiyinlərini ağır yük altına verib, məqsədlərinə nail olublar. Belə ki, İngiltərədə Uinston Çörçil, Amerikada Corc Vaşinqton, Türkiyədə Mustafa kamal Atatürk, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev xalqın dar günündə ağır yükün altına çiyin verərək ölkəni vəziyyətdən çıxarmışlar.
Mən Nəbi müəllimi Ulu Öndərlə müqayisə etmək fikrində deyiləm. Ancaq onu demək istəyirəm ki, Qarabağ müharibəsi zamanı çox ağır müsibətlərlə üzləşmiş Füzuli rayonunu vəziyyətdən çıxarmaq, insanların hörmətini, güvəncini qazanmaq, dərdlərinə şərik olmaq çox məsuliyyətli bir iş idi. Bu işin öhdəsindən gələ biləcək bir şəxs lazım idi. Bu şəxs Nəbi Muxtar oğlu Muxtarov oldu. O, heç nədən qorxmadan Füzuli rayonuna rəhbərlik etməyə razılıq verdi və düz on səkkiz ilə yaxın bir müddətdə bu vəzifənin öhdəsindən layiqincə gəldi.
Onun gərgin zəhməti nəticəsində Füzuli rayonu yenidən qurulmağa başladı, tikinti-quruculuq, abadlıq işləri görüldü.
Füzulililər geri qayıtmağa başladı. Çox qısa bir müddətə Füzuli gözəl bir yaşayış sahəsi olmaqla öz sakinlərini qoynuna aldı. Böyük Nizami Gəncəvi demişdir:

Bilir bu hikməti hər arif kişi,
Pis nəticə verməz yaxşının işi.

Mən Nəbi müəllimi belə kişilərdən biri kimi tanıyıram. Onun gözəl ziyalı olduğunu da bilirəm. Daxili və xarici mədəniyyəti vəhdət təşkil edən Nəbi müəllim möhkəm xarakterə malikdir, cəsarətlidir, mərddir, həssasdır, ətrafındakı adamlara qarşı həm sayqılı, həm də ehtiyatlı olmağı gözəl bacarır. Bununla yanaşı o, həm də xeyirxah bir insandır. Onun əxlaq hissi halallığa söykənir. Başlıca amalı yaxşılıq etməkdir. O, pisliklərdən, namərdlərdən, kin-küdurətdən uzaq qaçan adamdır.
Əziz dostum Nəbi Muxtar oğlu əsli-nəcabəti, tərbiyəsi, həyat tərzi yaxşılıqdan yoğrulmuş və məqsədi də hər şeyi yaxşı görmək, hər şeyi gözəl görmək, hər şeyi gözəlləşdirməkdir.
Böyük mütaliəyə malik olan Nəbi müəllim Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı, dünya tarixi və ədəbiyyatını da gözəl bilir. Ona görə də həmişə biliyi, savadı var-dövlətdən üstün tutub. O, öz fəaliyyətində Həzrət Əlinin (ə) belə bir kəlamını əsas götürüb: "Elm sahibini, sahibi isə var-sərvətini qoruyur". Elm sahibinin dostu, var-dövlət sahibinin isə düşməni çox olar.
Nəbi müəllim Azərbaycanın dahilərindən söhbət düşəndə mütləq onların yaradıcılığından danışıb nümunələr söyləyib, bəzən şeirlərini əzbər deyir. Özü də bunu o qədər həvəslə edir ki, sanki əlində kitab tutub oxuyur. Mən bilirəm ki, o, şeirlər də yazır.
Onu da qeyd edim ki, Nəbi Muxtarov çox ailəcanlıdır. Uşaqlarını, nəvələrini canından çox istəyir, onların dilindən danışır. Gözəl ailəyə malik olmaq həqiqətən xoşbəxtlikdir. Mən dostumu 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı arzu edirəm.