Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İRFAN NƏĞMƏLƏRİ Adalet.az | İRFAN NƏĞMƏLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İRFAN NƏĞMƏLƏRİ

11061    |   2018-06-08 21:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əli Hacı poeziyası: yerlə göy arasında)

Loğman RƏŞİDZADƏ

Gedək, ruhum tək-tənha,
Mənə iman da dindir.
Döydüm, qapısı bağlı,
Dünya yas yerindədir...

Yolçu, yolun haradır?.. Biz də qoşulaq sənə. Sözümüz sözünə, ünümüz ününə qarışsın. Sənin sözdən-sözə, duyğudan-duyğuya, məqamdan-məqama səyahətlərinə şahidlik edək. Ruhuna hopdurduğun nura biz də bələnək. Biz də səninlə birgə yeri-göyü, ərşi-küyü gəzib-dolaşaq, onun sirrini arayıb-axtaraq. Özümüzdən başladığımız səfəri özümüzdə qurtaraq. Bu din və iman yolundakı döyüşdə, bu əxlaq, mənəviyyat və ruh savaşında, bu sonsuzluq və əbədiyyət çarpışmasında sıra cərgəsində dayanaq, çiyindaş olaq.

Yoruldum bu sevdadan,
İstəyim həsrət yoludur.
Çıxıb təkliyə gedirəm,
Yanım adamla doludur.

Ruhla tək-tənha, baş-başa qalmaq ilahi çabadır, kamillik məqamıdır. Təklik-azadlıq yoludur, ən böyük azadlıq isə Tanrıya yüksəlmək, ona qovuşmaqdır. Əli Hacı poeziyasının bütün estetikası, fəlsəfi mayası bu məntiqdə qərarlaşır. Onun arzusu, istəyi, poetik yaşantılarının, ruhi təlatümlərinin son ünvanı Tanrı dərgahıdır.
Əli Hacının şeirləri göy üzünə söylənən, dərgaha göndərilən dualardır, Böyük Yaradanın şəninə oxunan nəğmələrdir. Bu misralarda zahidlikdən, abidlikdən keçib gələn, ariflik mərtəbəsinə can atan bir insanın qəlb döyüntüləri ruh çırpıntıları qərar tutur. Bu nəğmələr hər gün özü-özüylə döyüşən, özü-özünü təkmilləşdirən, yaradan, formalaşdıran, daxilən təmizləşən, saflaşan, ulu göylərə doğru yır-yığışda olan mənəviyyat mücahidinin qəlb çırpıntılarıdır. Bu nəğmələr səmimi bir irfan əhlinin Sevgili Yaradanla həsb-halıdır, məhrəm söhbətləridir.

Gözümdə şəkli var dumanın, çənin,
Axan göz yaşım da bulanıq gəlir.
Rəngi qanımdandır saralan gülün,
Ruhuma bu dünya qaranlıq gəlir.

Qollarım meşə, budandığından,
Ayağım yorulub yol yeriməkdən.
Bezmişəm adam tək yaşadığımdan,
Bezmişəm Şaman tək söz ələməkdən.

Niyə bezmək?.. Tanrı xidmətindən yorulmaqmı olar?.. Şaman tək söz ələmək deyilmi ən uca məqam, ən böyük Tanrı xidməti?.. Sənin poetik duaların, sənin irfani sevgiylə ləbələb nəğmələrin Tanrıyla ən munis söhbətlər deyilmi?.. Tanrı ilə poeziya dilindən savayı hansı dillə danışmaq olar?.. Sən bundan niyə yorulmalısan?.. İrfan əhli olmaq, ariflik məqamına varmaq, sənə beləmi asan gəlir?.. Hələ nə var ki?.. Sənin hələ yazılmamış neçə-neçə sirli nəğmələrin, deyilməmiş neçə-neçə sevgi dolu duaların yatır qəlbin, ürəyin alt qatında. Sən hələ heç çillə çıxarmamısan. Yolun çətini, hələ öndədir. Şaman tək söz ələmək Tanrı dərgahına diz çökmək, baş əyməkdir. Həmişə Onun qarşısında səcdədə!.. Şairin Tanrıya qovuşmaq yolu, eləcə, gecə-gündüz şaman tək söz ələmək, Böyük Yaradanın şəninə nəğmələr qoşmaqdan keçir. Həmişə Tanrı xidmətində!..

İlahi, qapısın aç,
Yerdə dəyişsin hava.
Dəyişsin havan kimi,
Mən Adəmlə bu Həvva.

Bu şeirlər başdan-başa Allahı sevmək, onu vəsf etmək, ondan diləmək və son anda ona qovuşmaq cəhdidir. Bunun fəlsəfi kökündə söz dayanır, qüdrətli söz. Sözlə Allaha qovuşmaq, özündə onu görmək, onda özünü tapmaq, əlbəttə ki, sufiyanədir. Əli Hacı şeirlərinin poetik təbiəti və ideya siqləti barədə fikir söyləyənlər bu məqamı xüsusi vurğulamaqda, onun düşüncəsində, dünyadərkində və Tanrı sevgisində sufiyanə qaynaqlar aramaqda, görünür, səhv etmirlər. XIII əsr ərəb alimi İbn Səbinənin verdiyi tərifə görə, qədim filosoflar özlərini Allaha bənzətmək istədikləri halda, sufilər Allaha qovuşmaq istəyirlər. Məhz bu ilahi cəhd və çabalar Əli Hacı poeziyasının estetikası və fəlsəfi mahiyyətindədir. Onun şeirlərinin əksəriyyəti Ulu Yaradana müraciətlə başlamır, həm də ona qovuşmaq cəhdi və istəyilə şüur və təhtəlşüur qatlarında poetik mətnə çevrilir. Həm forma, intonasiya, poetik ricət və gəzişmələrlə, həm məzmun, mündəricə, şəkil çərçivəsinə sığmayan mahiyyət dərinliyi və genişliyilə, həm də ruhi vüsət, hüdudsuz təxəyyül və fantaziyasıyla bu şeirlər, həqiqətən, Tanrı şəninə qoşulan nəğmələrdir.
Ədəbiyyatda belə bir daşlaşmış düşüncə var: hər qələm əhli özünü yazır. İrfani şairlər isə bəlkə heç özünü də yazmır, öz içindəki qeyri-müəyyən (həm də müəyyən), bir substansiyanı fokuslaşdırırlar. Əli Hacı öz poetik çevrəsində dünyanın hər üzünə baş vurur, yerlə göy arasında bəzən bizim şüurumuzun hüdudlarından kənarda qərar tutmuş sirlərə toxunur, illərin, əsrlərin düyün düşmüş kələflərini silkələyib açmağa çalışır, təxəyyülümüzün sərhədlərinə sığmayan mətləblərə toxunur.

Haqqa gələn haqq gəlir.
Şərabımız ağ gəlir.
Yersiz bir sağlıq gəlir,
Dindən çıxan dindədir.

Yerlə göy arasında nə qədər açılmamış sirlər var... Bilirik ki, göy üzü daş saxlamaz. Göy üzü indi nəyi saxlayır ki!.. Nəinki daş olsun. Dualarımı saxlayır, ruhlaramı qoynunda yer verir?.. Duaları da qaytarır, ruhları da pərən-pərən salır. Sanki doyub, yorulub, duaların ağır yükünə, ruhların şıltaq ərköyünlüyünə tab gətirə bilmir. Ögey ana kimi. Qovulmuş ruhlar, qəbul edilməmiş dualar sanki bulud topasına çevrilib hüznlü bir kədərlə mavi kimsəsizlikdə elədən-eləyə, belədən-beləyə səllimi bir yürüş eləyir... Yerlə göy arasında... Nə yer götürür, nə göy qəbul edir. Qalır ələmyesir... Yerlə göy arasında:

Buluda bax, İlahi!..
Əlləri göydən üzülüb,
Yer də götürə bilmir.
Mən çoxdan ölmüşün
Yanına adamlar yığışıb
Yerdən götürə bilmir.
Durum gedim...

Əli Hacı bu sözlərlə bulud kimsəsizliyində vurnuxan, səllimi süzən, bəzən göz yaşlarını sıxıb dua səsiylə, ruh hayqırtısıyla hönkür-hönkür ağlayan, duaların, ruhların naçar, yurdsuz-yuvasız ömrünə kədərli bir ağı deyir. Bu, heç də adi təbiət təsviri, zahiri görüntü yox, Tanrıyla yeni dialordur. Əlləri göydən üzülən buludla ayaqları yerdən üzülən insanın assosiativ eyniliyini görməyə, duymağa nə var ki?.. Artıq hər iki hal, hər iki vəziyyət Tanrılıq bir işdir. Odur ki, kimsə buludun kimsəsizliyinə, tənhalığına müdaxilə edə bilmədiyi kimi, yerdə "çoxdan ölmüş"ə də toxuna bilməz. Şeirdən məlum olan poetik informasiyadan da gördüyümüz kimi, yanına yığışan adamlar "ölmüşü" yerdən götürə bilmir. Bəlkə, heç onun "ölməyi"nin fərqində də deyillər, yaxud hiss etmirlər, heç onun "ölümü" bunların şəkinə də getmir?.. Axı, kim kimədir, üstəlik XXI əsrdə...

Tanrım, yazdım ərizəmi,
Qoy ruhumda gözün olsun.
Yer gizləsin cəsədimi,
Göylər, ruhum sizin olsun!

Elə hər birimiz, beləcə, yerlə göy arasında vurnuxmuruqmu?.. Havada, boşluqda, kosmik bir kimsəsizlikdə deyilikmi?. Qeyri-müəyyənlikdə, şüurla hissin sərhədlərində çaşıb qalmamışıqmı?.. Yerdəyik, ayaqlarımız yerə dəymir... Uçuruq, qanad bağlaya bilmirik... Nə insan ola bilirik, nə mələk. Qalırıq iki cahan arasında. Allah dərgahına əbədi qovuşanda da cismimiz torpağın olur, ruhumuz göylərə çəkilir. Yerlə göy arasında əbədi parçalanma! Bəlkə insanın bütövlüyü və tamlığı elə bu paramparçalıqdadır?.. Əli Hacı poeziyası bu mübhəm mətləblərdən soraq verir. Və yəqin ki, elə buna görə də poetik ovqat irfanidir, məntiq və həyat fəlsəfəsi sufiyanədir, ən sonda isə hər şey İlahi hikmətə tabedir.

Adamların içində
Allah olmaq çətinmiş,
Adam adam olanda,
Allah da dincəlirmiş!

Bəli, insan insan olanda Allah da dincəlir. İnsan öz naqis əməlləri, zərərli vərdişləri, emprik və nadan hərəkətləriylə doğrudan da və yəqin ki, Allahı yorur, onu incidir. İnsan öz saflığı, paklığı və kamilliyilə Allaha qovuşur. İnsan irfani həyatın bir parçası olanda, Allahın zərrəsinə çevrilir, onun məqamına yüksəlir. Allah yaratdığı ən mükəmməl varlığın, insanın kamillik həddini məqbul sayanda ona öz yanında yer verir. Belə olanda Allah da sevinir və aramlıq tapır. Və yanında sənə yer saxlayır. Özündən aşağıda olsa da belə:

Sən qoyma uzağa gedəm,
Tanrım! Gözündən o yana.
Özündən aşağı yer elə,
Qoyma gözündən o yana.
Sufi fəlsəfəsində, ümumiyyətlə, təsəvvüf elmində dərdin gücü, insani kamilləşmə yolunda dərdin mənəvi-əxlaqi yükü barədə estetik görüşlər xüsusi təlim kimi keçir. Dərd insanları birləşdirməklə bərabər, həm də kamilləşdirən ruhun xüsusi halıdır. Dərdi yaşaya bilməyin özü də böyük irfani halətdir. Poeziya şairin özü-özüylə etirafa bənzər söhbətləridir, həm də dərdin etirafıdır... Poeziya şairin sirdaşı olduğu qədər də dərd yoldaşı, dərddaşı, dərd ortağıdır. Bu qədər sirr aça-aça, bu qədər dərdi bölə-bölə sirrini heç kimə verməyəsən, dərdinə heç kəsi yaxın buraxmayasan... Bu, artıq şairliyin özəl fəlsəfəsidir, dərin qatlarda yatan ilahi bir nəsnədir. Sirr də, dərd də doğma və munisdir, doğma və munis olduğu qədər də fərdi və mistikdir. İnsan ha sirr verə, yenə təpədən-dırnağa sirr dağarcığıdır. Dərdə qalanda, o səninkidir axı, sənə məxsusdur, fərdidir, onu necə böləsən, paylaşasan, dağıda biləsən, faş edəsən? Heç mümkündürmü?.. Bu, dərd olmadı ki... Dərdi heç quyuya da danışmaq olmaz. Sonra qarğı bitəcək, ondan tütək əmələ gələcək və həmin sirri və dərdi aləmə car eləyəcək. Dərdi yaşamaq lazımdır, özü də üstəlik, Əli Hacı kimi hissiyyatlı bir şair kimi... "Mən dərdin adamıyam, bu dünya məni oxşamaz" bəyanatıyla çıxış edən şair dərdi bölüşməyin dərd gətirməyindən yazır:

Tanrım tənhadı, tənha,
Dərdim özümdən baha.
Söz dedim oda, külə,
Özün verdi küləyə.

Yaxud:

Sən dur toyuna tələs,
Mən də durum ölməyə.
Sən gəldin dərd verəsən,
Mən də dərd öldürməyə.

Bəs nə bilmişdin, dərdini danışdın, sirrini açdın, adiləşdin, acizləşdin, gözdən düşdün. Səni dərk eləmədilər, sözünü küləyə verdilər. Utandın, çəkindin, sındın, peşman oldun. Axı, sənin dərd dediyin nəsnə özgə nəzərində bəlkə elə əyləncədir? Sufi, dərdiylə baş-başa olanda xoşbəxtdir. İrfan əhli dərdlə dərdləşə-dərdləşə kamildir. Kamil insançün xoşbəxtlik bəlkə elə budur! Dərd xoşbəxtliyi. Axı, kamilliyə aparan yolun biri də dərddən keçir. Bəs onda həmd-sənalar, dualar nə üçündür, dərgaha uzanan əllər nəyə xidmət edir?.. Dərdlə baş-başa qalmaq da Allah əmridir.


Bu, həm də bir sınaqdır. Allahın verdiyi dərdi də gərək onun özüylə bölüşəsən. Bəlkə, Allah bəndəyə verdiyi dərdi onun özünə də qısqanır?.. Yalnız O bir olanla bölüşəsən bunu. Onda yüngülləşərsən, aram taparsan. Əks-təqdirdə dərd üstünə yenə dərd gələ bilər. Duyğular və düşüncələr poeziyasının hakimi Əli Hacı bunları yaxşı bilir. O, "bu da mənəm, İlahi" - nidasıyla Ulu Yaradanla daimi təmasdadır, onunla dərd ortağıdır.

Zər oldum nərd bilənə,
Yar oldum dərd bilənə,
Qul oldum dərd bölənə,
Öldürdü yetən məni.

İrfan müəllimlərinin dilindən həmişə belə bir söz səslənmişdir: "Yolu yol gedənlərin getdiyi kimi get!" Bəli, bu yolu bizdən öncə bir çoxları getmişdir. Bizim təzədən yol çəkməyimizə ehtiyac yoxdur. Qurani-Kərimdə də deyilir ki, "Təcrübə olunmuş işi bir daha təcrübə etmə". Sufilərdə həm də gedilən yolun istiqaməti, yeri-yurdu, ünvanı göstərilməz. Mürid bu yolu özü tapmalıdır. Bu, mərifət, mənəviyyat, ruhi kamillik yoludur. Bu yolu yalnız müəyyən kamillik həddinə yetmiş irfan sahibləri tutub gedə bilər. Əl Hacı poeziyasında bu yolun müqəddəslik konturları ruhi və mənəvi çalarlarla cızılır:

Yerimi yanında salmısan, Allah!
Yerimi heç kimə demə,
Yerimi balama demə,
Qoy yolumu gəlib tapsın!

Bu, həm də axirət yoludur. Axirət sevdası ruhu saflaşdıran fəzilətlər və onların əldə olunması müstəvisində cilalanır. Axirət fərqləri aşkar edən bir aləmdir. Dünya isə öz pərdələriylə fərqləri gizlədir. Axirət batindir, dünya isə zahir. Zahirdə hamı eynidir, batin aşkar olan gün isə fərqlər zahir olacaqdır. Axirət, əslində bu dünyada qazanılır. Nur əldə edilən yer bu dünyadır. İrfani tərəqqidə insanın ruhu nuraniləşir. Axirət isə nəticə və məhsulun yığılma yeridir. İmtahan bu dünyadır. Odur ki, axirətdən yox, bu dünyadan qorxmaq lazımdır:

Olub gedən var-yoxum,
Olmaq deyil bu qorxum.
Axirətdəki qoxum,
Dünyanın üzündədir.

Əli Hacı Şərq düşüncə tərzinə, din elminə, təsəvvüf fəlsəfəsinə yaxşı bələddir. O, insanları imana, əxlaqa, mənəviyyata, ruhi kamilliyə və azadlığa səsləyir. İman dinin yarısıdır postulatı onun poeziyasında yeni status alır, yeni mərtəbəyə qalxır. Ona görə iman eləcə, dinin özünə bərabər bir mənəvi-əxlaqi yoldur. Beləcə, iman dinlə bərabərləşdirilir. Bəli, din ruhun tərbiyəsidirsə, iman da əxlaqın və mənəviyyatın yönəldicisidir, ruhun daha saf və sağlam təcəllasını şərtləndirəndir.
Dini-teoloji təsəvvürlərə görə mələklər kişinin saqqalından, qadının hörüklərindən asılaraq insanların ruhi və mənəvi bələdçisinə çevrilir. Əli Hacıya görə, mələklər həm də poeziyanın budaqlarından - onun misralarından, qafiyələrindən, hecalarından, ahəng və ritmindən asılır. Poeziya mələklərin cəm olduğu məkandır və mələklərin dilindən söylənən hekayətlərdir. Şair Əli Hacı mələklərin diliylə danışıb yerlə-göylə, ərşi-küylə əlləşir. Bu dil şair dilidir. Elə həm də, quş dilidir, bunu Süleyman bilər. Əli Hacı poeziyanın quş dili bilən Süleymanıdır. Kuhikən qayaların, daşların bağrını dəlib dirilik suyu tapdığı kimi, şeir də insan ruhunu dəlib onun mayasını, cövhərini ortaya qoyur, onu yenidən oyadıb öz ilkinliyinə, yaddaşına qaytarır, ona öz təmiz, məsum əslini xatırladır. Biz dünyanı görürük, dərk edirik. Ruhu necə, görmək, tanımaq mümkündürmü?.. Ariflərin, irfan şairlərinin işidir ruhun tanınması...
Əli Hacının şeirləri bəzən təhlilə sığmır, izaha yatmır, məna çalarları şaxələnir, fəlsəfi anlam alt qatlarda gizlənir. Bunları yalnız hüss etmək, bəsirət gözü ilə görmək zərurəti yaranır. Bu, hüzur elmidir, bu, qəlbin, hissin fəlsəfəsidir, kənar, adi baxışla görünməyən, dərk edilməyən məna və məntiqdir. Sufilikdə kamillik mərtəbəsinə yetişənlər haqqında deyilir ki, arif əldə etdiyi mətləbləri, irfani həddi digərlərinə bəyan edə bilməz. Əhəmiyyəti də yoxdur. Onu başa da düşməyəcəklər. Çünki o, bunu hüzur elmi vasitəsiylə əldə edir. İnsanın özü o məqama çatmasa, o mərtəbəyə yüksəlməsə, o həqiqətləri şəxsən müşahidə eləyib yaşamasa dərk etməsi qeyri-mümkündür. Əli Hacı poeziyasındakı sirli məqamları da dərk eləmək üçün insanın hüzur məktəbini keçməsi vacibdir.
Bu şeirlərin janr xüsusiyyətlərindən söhbət açsaq, ilk öncə onların strukturuna, poetik quruluşuna və bədii orxitektonikasına nəzər salmalıyıq. Əli Hacı tam yeni formada ən qədim mətləbləri, ən qədim formada yeni dünya düzəninin dərd-sərini, problemlərini çox səlis və obrazlı şəkildə təqdim edə bilir. Bu əsərlərdə əsas bədii intonasiya, sirli metofizika ritmdir. Ədəbi struktur da onun üstündə qurulur. Ritm bu şeirlərin bel sütunu, onurğasıdır, döyünən ürəyidir. Heca da, söz düzümü də, qafiyələr də ona tabe olur. Gözlənilməz, çevik dönümlər, plastik, orijinal söz düzümü, forma və məzmunun yeni biçimdə bir-birini tamamlaması şeirlərə qeyri-adi fəlsəfi mahiyyət və parlaq bədii ekspressivlik verir. Bəzən oxucuya elə gəlir ki, müəllif həddən artıq sərbəstliyə yol verir, fikrin və poetik ölçünün sərhədləri itir. Lakin daxilə nüfuz etdikdə hər şeyin yerində olduğunu müşahidə edirsən. Heca, bölgü, qafiyə sistemi bir-birini tamamlayır və zərgər dəqiqliyi ilə ümumi bir ahəngə tabe olur. Bu şeirlərdə daxili qafiyələşmə, səsli və melodik ahəng, metaforalar tam fərqli təbiətdə və vəhdətdə aşkarlanır.

Qarım yağdı qar üstünə,
Ürəyimin geniş,
bu dünyanın dar üstünə.
Şəkər sözüm acılaşdı,
Dedim, bacıdı, qardaşdı.
Məndən əvvəl qocalmışdı,
Məndən sonra ölən dərdim.

Göründüyü kimi, forma ənənəvi yanaşmadan tamam fərqlidir. Yəni, sərbəst, cəsarətli olduğu qədər də misralar klassik bir nizam, hətta konservatik bir səliqə-sahmanla bir-birinə bağlıdır, qovuşuqdur. Bir sözü dəyişmək, yaxud ixtisar etmək, çıxarmaq şeirin bütün pərgarını pozar, onu alt-üst edə bilər. Buradakı daxili səsləşmələr, qulaq qafiyələri, daxildən süzülən zərif ahəng, "Ç", "Ş" və başqa səslərin yaratdığı alliterasiya bir-birini tamamlayan və çox incə bədii-poetik ovqat yaradan detallardır: qeybdən gələn mistik səsləri xatırladır. Bu da qeyd etdiyimiz kimi, şeirlərin mayasında oturuşmuş ritmin havasıdır. Unutmayaq ki, sufilikdə ritm də işarətlərdən biridir. Dərviş oxumaları müəyyən ritmə tabedir, sufi rəqslərini yalnız ritm müşayiət edir. Hətta, bir az dərinə getsək, ritmik muğamların da ilkin qaynağını sufi məclislərində arayıb tapmaq olar. Axı, bəşəriyyətin mövcudluğundan üzü bəri ritm, ahəng insanın daxilindən gələn ilahi səs və düzəndir.
Ritmlə yanaşı bu şeirlərin əsas xüsusiyyətlərindən biri onlarda ruhun yüksək təcəllasıdır. Əli Hacı ruhunu buxovlamır, ona köynək geyindirmir, qəfəsə salmır. Əksinə, onun uçub dolaşması, geniş ənginliklərdə cövlan etməsi üçün şərait yaradır. Sufilərdə belə bir hipotez də var: "İnsan ruhunun ölməyini istəmirsə, gərək daim ruhuna nəfəs almaq imkanı versin". Bəli, azad insanın ilk öncə ruhu azad olmalıdır. Azad ruh həmişə öz məkanını arayır, son anda Tanrı ünvanını tapır. Odur ki, onun şeirlərinin cövhərində də bu axtarış fəlsəfəsi və estetikası durur.
Əli Hacı həyatın faniliyi və ölümün sirri barədə yazır. Bu nəticəyə gəlmək üçün təbii ki, uzun yol keçməlisən, mənən kamilləşməli, dünyanı dərk etməli, kəskin katarsizm keçirməlisən. İrfan əhli, son anda, ariflik məqamında bu iki düstur əsasında həyatın əsl fəlsəfi mahiyyətini dərk edir. Əli Hacı, öz poetik nümunələrndə, məhz, buna can atır.
Tarix kitablarında, ədəbiyyatda, dini hədislərdə, əfsanə və miflərdə göstərilən cənnətin təxmini koordinatlarına bizim Azərbaycan ərazisi də, Güneyli-Quzeyli tam şəkildə düşür. Əgər bu koordinatlara güvənsək, Əli Hacının doğulduğu, ayaq açıb yeridiyi yaşıl vadilərin, uca dağların qoynunda yerləşən Kövüzbulaq kəndi də bu ünvanın bir parçasıdır. Onun şeirləri cənnət səsləri, behiştin orta göbəyndən süzülüb gələn əks-sədaları xatırladır, insan qəlbinə ilahi sirlər pıçıldayır. Əli Hacının şeirlərindəki bu ortaq düşüncə tərzi və poetik vüsət bəlkə elə bu torpaq fenomenindən güc alır?.. Mistikadırmı, yoxsa reallıqdır?.. Xəyaldırmı, yoxsa həqiqətdir?.. Qeybdən gəlir, yoxsa açıq səmadan tutulan ultrasəslərdir?.. Bəlkə Tanrı pıçıltılarıdır, vəhydir, görünməz-bilinməz bir rabitənin, sirli-soraqlı bir əlaqənin kodlaşmış konturlarıdır?.. Nəsə, hər halda Əli Hacı poeziyasında yaşayan bu düşüncələr, bu hisslər, bu duyğular, ruhun bu haləti adi insan təfəkküründən daha çox gözəgörünməz, sirli hissi-emosional bir yaşantının məhsuluna, gərək ki, daha çox oxşayır. Ən nəhayət, bu şeirlərdə dərin, təmiz, saf sufi təfəkkürüylə yanaşı, bu mavi göylər altında hür doğulub hür yaşamış böyük türk qövmünün əbədi ruhu çırpınır.
Mən sözümü Əli Hacının həm klassik ənənəvi, həm də müasir avanqard poetik təfəkkür üçün məqbul sayılan "Bənövşə" adlı qeyri-adi bir şeiriylə bitirmək istəyirəm. Təhlil etmək fikrindən uzağam. Təkcə bunu deməliyəm ki, klassik gəraylı üslubunda yazılmış və ən dərin fəlsəfi fikirləri ortaya qoymuş bu şeir, Aşıq Qurbanidən üzübəri yazılmış "Bənövşə" şeirləri içərisində bənövşə və bənövşəlik fəlsəfəsini ən incə detallarla açan və deyim ki, bu nümunələr içində bənzərsiz bir poetik mənaya və ritmə malik olan ən gözəl şeirdr.

Bənövşəyə kim baxdı,
Boynu bükülü qaldı.
Ona baxan gözlərin
Yaşı tökülü qaldı.

Bu gülün nə vecinə
Kim ağlaya, sevinə,
Tələsdim haqq evinə
Evim sökülü qaldı.

Bu gülün boyuna bax,
Bükülü boynuna bax,
Taleyin oynuna bax,
Baxan sevgili qaldı.

Bu gülün yox qoxusu,
Canı almaq qorxusu.
Bu gül Əsli yaxası,
Kərəmin külü qaldı.



İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK