adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyun 2018 15:18
23499
ƏDƏBİYYAT
A- A+

Qərbsayağı hərəmxana: “Marallar vadisi”

Çoxları düşünür ki, hərəmxana yalnız şərq hökmdarlarına məxsus olub. Bu düşüncəyə görə həmin çoxlarını da qınamalı deyil. Çünki tarixən həmişə şərqi eyş-işrət məsələlərinə görə gözdən salmağa çalışıblar. Amma məntiqi olanlar yaxşı anlayır ki, qərb kişiləri də ömür boyu bir qadınla kifayətlənməyiblər, hələ yüksək mərtəbədəkilər çoxqadınlı, əyləncəli həyatdan zövq almaqda şərqli həmcinslərindən geri qalmayıblar. Sadəcə olaraq, xristianlıqda çoxarvadlılıq yasaq olduğundan bunu gizli saxlayanlar olub. Ya da din təmsilçiləri buna göz yummalı olublar. Axı krala, imperatora kim irad tuta, yasaq qoya bilərdi ki?!

Fransa tarixindən belə bir obrazlı ifadə keçir: "Marallar vadisi”. Fransa məktəblərində bunu olsa-olsa birbaşa təyinatı ilə anladarlar. Alt mənasını isə məktəbi bitirəndən sonra istəsələr qurdalayarlar. Ancaq millətçilər qurdalamamağı üstün tuturlar, axı kim öz qatığına turş deyər?.. Bu "Marallar vadi”sinin birbaşa təyinatı həqiqətən də mövcud olub. Vadidə vaxtilə marallar sürü ilə gəzdiyindən krallar və saray adamları bura ova çıxardılar. Amma sonralar burda Fransanın ən böyük, ən sirli hərəmxanası yaradılır. Vadi öz ilkin adını saxlayır, sadəcə olaraq bu dəfə ikiayaqlı marallar burda dolaşmağa başlayırlar. Bəs bu marallar vadiyə necə düşürdü? Belə ki, Fransa kralı XV Lüdovik öz əhli-kefliyi ilə tarixdə ayrıca "rəğbət”lə anılır. Adam Fransanı uçuruma aparanlardan biridir, dövlətin xəzinəsi onun eyş-işrətinə xərclənirdi. Hələ işbazlar onun bu sevdasından xəbər tutub ən gözəl qadınları saraya salırdılar. Bunlardan biri gözəl Janna-Antuanetta olub. Onu daha çox Markiza de Pompadur adı ilə tanıyırlar. Günümüzdə barəsində filmlər, seriallar çəkilib. Müxtəlif dönəmlərdə rəsmlərdə təsvir olunub, adına şeirlər, romanlar yazılıb. Zarafat deyil, bir dönəmin əsas qadını olmaq hər adama müyəssər olmaz. Üstəlik qadınların əşya sayıldığı, kişinin əmlak siyahısına daxil olduğu bir vaxtlarda...


Hə, bu Markiza de Pompadur gözəlliyi ilə yanaşı, həm də çox ağıllı, tədbirli qadın olub. Kralı əldə saxlamaq üçün təkcə onun yatağını təmin etmirdi. Həm də ona yaxşı sirdaş, məsləhətçi olmuşdu. Kral heç kimə deyə bilmədiyi sirrini ona etibar edir, çətinlik çəkdiyi məqamlarda ondan məsləhət alırdı. Amma qadının ən böyük düşməni zaman olduğundan markiza da bu qatı düşmənə boyun əyməli olur: yəni qocalır. Kral isə yalnız gənc qızları sevirdi, hələ markizaya olan hörməti idi ki, yaşı ötsə də onu yanında saxlayırdı. Markiza de Pompadur isə bu hakimiyyətinin uzunmüddətli olmayacağıçı anladığından kral üçün hərəmxana qurmağı düşünür. Onun bütün gizlin fantaziyalarını bildiyi üçün azyaşlı qızları ora cəlb edir. Kasıb ailələrdən 12-13 yaşlı qızları alır, onları bir il müddətinə kübar həyata hazırlayır, sonra krala göndərirdi. Yaşı 15-i keçən qızları isə sonra ərə verirdi. Hal belə olduqda nəinki kasıb valideynlər, hətta orta təbəqədən olanlar da qızlarını bu hərəmxanaya yollamaq üçün növbəyə durmuşdular. Bu hərəmxanadan çıxan qızlarla evlənmək isə prestij sayılırdı. Hər halda onlar kralı nəinki üzbəüz, hərtərəfli görmüş qadınlar idilər. Kralın ayağından öpməyə hazır olan, onu yalnız uzaqdan görə bilən təbəə üçün doğurdan da bu nüfuz hesab olunurdu. Elə indi də belə deyilmi? Günümüzdə bir gənc qız öz sosial səviyyəsində olan oğlanla xətakarlıq eləsə, ikisini də öldürərlər, ən yaxşı halda qızdan imtina edərlər. Di gəl o qız hansısa nazir və ya oliqarxla bu zinanı etmiş olsa və bunun sayəsində yüksək səviyyədə maddiyatla, vəzifəylə təmin olunsa, nəinki ailəsinin, bütöv nəslinin xanımağası olar. Yəni deməyim odur ki, namus yoxsulluqda olur, pul onu da almağa qadirdir. Fransız atanı qınamayasız deyə yazdım. Yenə də özünüz bilərsiz, qınamaqda sərbəstsiz.

Yaxşı, bəs bu yeniyetmə gözəllərin kraldan dünyaya gətirdikləri uşaqlar nə olurdu? Məlumata görə, doğulan uşaq anasının qoxusunu almadan monastıra göndərilirdi. Hətta kralın uşaqlarından ibarət ayrıca bir monastır yaradılmışdı. Sadəcə o uşaqların heç biri kral qanı daşıdığına görə mükəlləfiyyətlərə sahib olmurdu. Adi bir uşaq kimi dar çərçivədə böyüyür, həyatını davam etdirirdi. Uşaqların anaları da qısa müddət sonra kralın maraq dairəsindən silindiyi üçün ərə verilirdi, həm də bol cehiz və torpaq sahəsi hədiyyəsi ilə!

Təbii ki, qızlar arasında markiza qədər ağıllıları da tapılırdı. Məsələn, Mari-Luiza O,Merfi adlı 13 yaşlı sarışın gözəli Lüdovik görər-görməz aşiq olmuşdu. İki il müddətində hərəmxanada at oynadan gözəli "zərərsizləşdirmək” markizaya əməlli-başlı problem yaratmışdı. Yəni onun özünün sarayda mövcudluğu tükdən asılı idi. Amma qərbin "Hürrəm sultan”ı olan bu xanım rəqibini uzaqlaşdırmağın yolunu əvvəl-axır tapa bilmişdi. Mari-Luizanı xəyanətdə günahlandırıb öncə cəza verdirmiş, sonra da sıradan birinə ərə verib başından eləmişdi.

Kralın bu eyş-işrəti uzun illər, yəni o ölənədək davam etdi. Maraqlıdır ki, bakirə qızlara həvəsini kral zöhrəvi xəstəliklərdən qorxması ilə əlaqələndirirdi. Taleyin kinayəsinə bax ki, kral 64 yaşında məhz zöhrəvi xəstəlikdən dünyasını dəyişib. O öləndən sonra "Marallar vadisi” də çaqqalların oylağına çevrildi.

Şəfiqə ŞƏFA