ANA SƏHİFƏ / YAZARLAR

Malenaya oxşayan qonşumuz

23914    |   2018-06-11 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: "Hə, əlbəttə, mən sizi xatırlayacağam” – deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç vaxt soruşmamışdı. Onun adı Malena idi.”

Yəqin ki, çoxlarınız bu monoloqu xatırladı. "Malena” filminin sonunda qəhrəmanın dediyi sözlərdir.

Yeniyetmə yaşlarımızda qadınlar daha çox maraq dairəmizdə olur. Təbii ki, futbol, dondurma da bu sıradadır. Ancaq əksəriyyətimizin xəyalında bir qadın obrazı vardı. Bir-birimizə deməyə ürək eləyə bilmədiyimiz qadın...

Yeniyetməlikdə hamıdan sirr saxladığım bir qadın vardı. Gecələr çarpayımda uzanıb onun simasını gözümün qabağını gətirirdim. Bu qadınla qonşu idik. Hər səhər əlim cibimdə məhəlləmizin dar küçələrində gəzişir, qadının qaldığı mərtəbədə nəfəs dərirdim. Gözlərim yuxarı mərtəbələrdə gəzişirdi. O qadın eyvana çıxsın deyə nə qədər gözləyirdim, bir bilsəniz. Gizlicə ona tamaşa edim deyə gözümü mərtəbəsindən çəkmirdim. O mərtəbə mənə dünyanın ən gözəl yeri kimi görünürdü...

Bina ilə üzbəüzdə qonşulardan biri balaca bir bağ salmışdı. O bağ mənim tək şahidim idi. Qadın eyvana çıxanda utanır, həyacanlanırdım. Ağaclıqların arasında gizlənir, xəlvətcə ona göz qoyurdum. Qadının ordan getməyini heç istəmirdim. İstəyirdim saatlarca, günlərcə ağacların arasında qalım, onu doya-doya seyr edim.

"Malena” filmindəki qadın isə II Dünya Müharibəsi fonunda tənha yaşayan qadındı. Əri müharibədən qayıtmayıb. Cəmiyyətin gözü onun üstündədir. Gözəl və dul qadın Malena kişilərin xəyalıdır. Əlçatmazdır. Onu hamı uzaqdan sevir...

Qadının paxıllığını çəkən bütün qeybətçil qadınlar Malena haqqında çirkin şayiələr yaymağa başlayırlar. Kişilər isə onun hər addımını izləyir, ardınca düşür və Malena haqqında gözəl xəyallar qururlar. Lakin Malena heç kəsə fikir vermir, müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir. Kişilər isə ondan əl çəkmir. Malenanı zorla əldə edirlər.

Bu hadisələri izləyən, Malenaya saf sevgiylə aşiq olan yeniyetmə Renatonun halı təsvir edilməz... Balaca dünyasına bu möhtəşəmlikdə qadını sığışdıra bilmir. Və dəhşətli ağrılar yaşayır. Heç cür o qadının içində laqeyidcəsinə gəzişməsindən qurtula bilmir...

Atası onu döyür, küçəyə çıxmağa qadağa qoyur və s. Ancaq Renato Malenadan əl çəkmir. Onu qarabaqara izləyir.

Qadınlar bir gün meydanda Malenanı amansızca döyürlər, təhqir edir, saçlarını kəsirlər. Bu görüntü cəmiyyətin nə qədər vəhşi olduğunu göstərir. Malenanın tək günahı yaşadığı qəsəbədəki bütün qadınlardan çox-çox gözəl olması idi.

Malenanı qovurlar şəhərdən. Bir neçə ildən sonra əri müharibədən qayıdır və onlar birlikdə şəhərlərinə qayıdırlar. Malena obrazına can verən Monika Belluci nəyinki İtalyanın, dünyada yaşayan kişilərin ən çox arzuladığı qadındı.

İndi təsəvvür edin ki, Monika kimi qadın bizim cəmiyyətdə yaşasaydı.... Məgər bizim qadınların da ondan zəhləsi getməzdimi? Bunun bircə adı var: qısqanclıq. Qadın ondan gözəl olan qadının hər zaman paxıllığını çəkir. Hətta bu paxıllıq bəzən nifrətlə əvəzlənir.

Qayıdaq, mənim filmimə. Yeniyetməliyimdəki o qadına. Mənim ilk sevdiyim füsunkar qadına. O, evliydi, bir uşağı da vardı. Di gəl, bu mənə əngəl olmurdu, onu sevirdim. Hər gecə o qadını arzulayırdım.

Bir gün məhəlləmizdən köçəndə xısın-xısın ağlamışdım. Kimsə görməmişdi göz yaşlarımı. Hər dəfə "Malena” filmini izləyəndə mənim də yaddaşımda eyvandakı qara saçlı qadın pərvazlanır. Onu xatırladıqca yeniyetməliyimdəki xatirələr canlanır və bir an indiki zamanı unuduram...



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK