adalet.az header logo
  • Bakı 20°C
07 Iyun 2018 23:49
11846
GÜNDƏM
A- A+

Fəlakətdən tərəqqiyə, əfsanədən həqiqətə

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisi, eləcə də Ermənistanla həmsərhəd rayonların 27 yaşayış məntəqəsi işğal edilib. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkünə çevrilib, 20 min nəfər şəhid, 50 min nəfər əlil olub, 200 min nəfər müxtəlif bədən xəsarəti alıb, 4 853 nəfər isə itkin və girov düşüb.
Hərbi təcavüz nəticəsində Azərbaycanın böyük bir hissəsinin məhsuldar torpaqları işğal olunub. Ölkə iqtisadiyyatına təxminən 800 milyard ABŞ dollarından çox ziyan vurulub... İşğal olunmuş ərazilərdə yerli əhalinin qoyub getdiyi bütün əmlak ermənilər tərəfindən talan edilib.
Bəli, bu müharibənin yaratdığı qanlı faciənin rəqəmlərdəki əksidir. Üstəgəl,yüz minlərlə insanın taleyinə, həyatına, malına, mülkünə dəyən ziyan, bundan başqa, bölgədə gedən ağır döyüşlər nəticəsində itkin düşən insanların həyat dramı,erməni girovluğunda qalmış adamların sitəmli günləri, əsirlikdə qalan yurd yerlərinin iniltisi...
1992-93-cü illərdə Ermənistanın Azərbaycan qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən insanların üzləşdiyi çıxılmaz və sarsıntılı vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu.İnsanlar müharibənin xofundan çox nagüman vəziyyətə düşdükləri üçün hara üz tutacaqlarını bilmirdilər.Rayonlar bir-birinin ardınca işğala məruz qalır,respublikada hakimiyyət böhranı yaşanır,qanunlar işləmir,silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya,dərəbəylik baş alıb gedir, insanlar aclıq təhlükəsi ilə imtahana çəkilirdilər. Bir sözlə,Azərbaycan dərin bir uçurumun kənarındaydı və müstəqilliyin itirilməsi Domokl qılıncı kimi başımızın üzərindəydi.
Belə çıxılmaz bir durumda xalq öz oğluna, görkəmli dövlət xaqdimi, böyük siyasətçi, qətiyyətli iradə sahibi,lider bacarığı ilə dünyada tanınan Heydər Əliyevə üz tutdu, xalqın haqlı və təkidli tələbi ilə ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı.Azərbaycanı tükənməz bir məhəbbətlə sevən Heydər Əliyev onu uçurumdan, parçalanmaqdan, kölə vəziyyətinə düşməkdən xilas edərək ümummilli lider zirvəsinə ucaldı.Dahi insanın təbirincə desək,müstəqilliyi qazanmaq nə qədər çətindirsə,onu qoruyub saxlamaq ikiqat çətin və şərəflidir.Ulu öndər ilk növbədə cəbhədə atəşkəsə nail oldu və sülhpərvər mövqeyinə görə Azərbaycan Avropa Birliyi,beynəlxalq təşkilatlar tərəfindən güclü dəstək qazandı.
Beynəlxalq təcrübəyə əsasən münaqişə baş verən regionlarda bərpa və yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən yalnız tərəflər arasında sülh sazişi imzalandıqdan sonra maliyyələşdirilir.Buna baxmayaraq,Heydər Əliyevin siyasəti sayəsində Azərbaycanda işğaldan zərər çəkmiş ərazilərin bərpası BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar,o cümlədən, Dünya Bankı və İslam İnkişaf Bankı, donor ölkələrin maliyyə dəstəyi hesabına aparılmağa başlandı. Dünya təcrübəsində analoqu olmayan bu hal Heydər Əliyev siyasəti və zəkası hesabına Azərbaycanı humanitar fəlakətin astanasından inkişaf və tərəqqi yoluna çıxardı.
Yaxşı yadımdadır, o ağır illərdə Ulu Öndər dünyanın nüfuzlu neft şirkətləri ilə ilk neft kontraktını imzalayanda aydın başa düşüldü ki,Azərbaycan öz sərvətinin sahibi olmaqla yanaşı, həm də dünyada böyük nüfuz qazandı.Və neftdən əldə olunan ilk gəlirlər qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yönəldildi. Belə ədalətli və humanist qərar Heydər Əliyevin böyüklüyünü, həm də xeyirxahlığını təcəssüm etdirdi. Həmin o ağır illərdə Heydər Əliyev laçınlı məcburi köçkünlərə təmannasız olaraq 400 ton buğda toxumunun verilməsi üçün göstəriş verdi.
Məcburi köçkünlər bu gündə həmin xeyirxahlığı minnətdarlıqla xatırlayırlar və deyirlər ki, toxumluq buğda o ağır illərdə yüzlərlə ailəyə nicat gətirdi, onların həyatda yaşamaq ümidini daha da artırdı.
Bəzi dövlətlər indi də Azərbaycanın dövlət müstəqilliyini sınıra bilmirlər, xain, məkrli, qeyri səlis münasibət, necə deyərlər, saman altından su yeritməklə öz iyrənc sifətlərini büruzə verirlər.Bütün bunlara baxmayaraq Azərbaycan bölgədə sülh və sabitlik ölkəsi kimi tanınır, söz sahibinə çevrilir,diplomatiya da uğurlarını get gedə artırır.Bu vacib amil yalnız Azərbaycan Prezidenti İlham Əliyevin siyasi bacarığı,səmimi münasibəti,dostluğu,qətiyyətli mövqeyi və ən əsası isə dövətinə və xalqına sonsuz məhəbbəti ilə araya ərsəyə gətirilib.
Prezident dəfələrlə məsburi köçkünlərin məskunlaşdıqları rayonlara səfər edərək hər şeyini itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi üçün vacib və əhəmiyyətli qərarlar verib. İlham Əliyev öz 50 illik yubileyi günündə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpüdəki yeni salınmış qəsəbədə olub,həyat yoldaşı Mehriban xanımla insanların qayğıları ilə maraqlanıb.Həmin görüşdə isə ən vacib məqam o idi ki,Prezident və xanımı onlara qarşı olan dərin xalq məhəbbətinin şahidi oldular, adamların saf münasibətini, səmimiyyətini, inamını, həmrəyliyini gördülər.
Ən yaxın tariximizə nəzər salaq.Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm dövlət sənədləri və əhəmiyyətli qərarlar qəbul edildi.Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyev 2005 -ci ildə prezident seçkiləri öncəsi bildirmişdi ki, əgər xalq mənə inansa, məni dəstəkləsə növbəti beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Öz sözünə sadiq qalan ölkə prezidenti 2007-ci ilin dekabr ayında respublika ərazisində olan 12 çadır düşərgəsindən son çadırın da ləğvinə nail oldu. Beləliklə, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına ümumilikdə 3,3 milyon kv. metr mənzildən ibarət bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 yeni qəsəbə salınmış, 52,300 ailə və ya 265 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bütün bunların nəticəsi kimi həyata keçirilən tədbirlər və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq, Azərbaycana səfər edən nüfuzlu təşkilatların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.
Dövlət başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib.
Yeni salınmış yaşayış məntəqələrində 153 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi,1 Mədəniyyət Sarayı,61 uşaq bağçası, 60 tibb məntəqəsi, 59 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı,64 ədəd nasos stansiyası tikilib.Bundan başqa, 745 kilometr yol, 985 kilometr su, 1720 kilometr hava elektrik, 487 kilometr qaz, 77 kilometr rabitə,49 kilometr istilik, 93 kilometr kanalizasiya xətti, 170 km drenaj şəbəkəsi çəkilib. 850 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib.
Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib. Bu yarımstansiya 5 rayonun-Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını stabilləşdirib.
Bu gün də Ermənistan hərbi təcavüzünü davam etdirir,cəbhədə atəşkəsi mütəmadi olaraq pozur, dinc insanları, uşaqları atəşə tutaraq qətlə yetirir, beynəlxalq təşkilatlara , necə deyərlər, meydan oxuyur,işğalçı mövqeyini açıq aşkar nümayiş etdirir. Öz havadarlarına güvənərək 26 ildən çoxdur ki,Azərbaycan torpaqlarını işğal altında saxlayır, sülh danışıqlarını həyasız surətdə pozur, ölkəmizə qarşı şər və böhtan kampaniyası aparır. Təcavüzkar Ermənistanı cilovlamaq, onu cəzalandırmaq üçün beynəlxalq qurumlar heç bir addım atmırlar. Artıq Azərbaycanda hamı yaxşı başa düşür ki, işğalçını məhv etmək yalnız öz gücümüzlə mümkün olacaq. Bu adi bir həqiqətdir və bu haqqı heç bir dövlət bizə qadağan edə bilməz. Məhz buna görə də,Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO PA, AŞPA, İKT və başqa təşkilatların qəbul etdiyi qərarlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün hüquqi baza yaratsa da, Ermənistan bunların heç birinə əməl etmək istəmir. Nə beynəlxalq təşkilatlar, nə də insan haqlarının müdafiəsindən ağız dolusu danışan bəzi dairələr isə sanki bunu görmürlər.
Ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 108 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 379 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul edib. Dövlət Proqramları və Əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır və onlar uğurla icra edilir.
Dövlətin məcburi köçkünlərə hərtərəfli qayğısı onların həyat ümidini və gələcək arzularını ,fəal vətəndaş mövqeyini xeyli artırıb, Prezidentə və onun qəbul etdiyi qərarlara münasibət həmişə bir mənalı olub, əsl xalq məhəbbəti qazanıb.
Torpaqlarımızın müdafiəsi uğrunda həyat yoldaşını itirmiş Əntiqə İsmayılova iki övladı ilə birlikdə taleyin zərbəsinə sinə gərərək, qəmin, kədərin kürəyini yerə vuraraq yaşayır. Övladlarının şəhid atalarının adına layiq böyümələri üçün saçının birini qara hörüb, o birisini isə ağ hörüb, hər möhnətə ləyaqətlə dözüb, gül balalarının yanaqlarının solmasına heç vaxt imkan verməyib . Giley güzarla arası yoxdur, bəzən korluq çəkəndə onu biruzə verməyib, necə deyərlər, aza qane olub. Ancaq, ailəsinin qürurunu, şərəfini ləyaqətlə qoruyub.Həmişə söz düşəndə Əntiqə xanım deyir ki, ötüb keçən bu illər ərzində dövləti yanımda görmüşəm, Prezidenimizin qayğısını dərindən hiss etmişəm, özümü heç zaman tək hiss etməmişəm. Ən böyük arzumuz torpaqlarımızın içğaldan azad edilməsidir,əsgərlərimizlə çiyin- çiyinə döyüşməyə belə hazıram, təki düşmənimizi bu torpaqlardan qovaq.
Bu sadə bir qadının düşüncəsi, onun həyata, cəmiyyətə, dövlətə baxışıdır,zəngin mənəviyyatının təcəssümüdür. Və yaxşı ki,Əntiqə xanım kimi yüzlərlə, minlərlə dəyanətli, qoçaq, mərd qadınlarımız var,onların Vətən, yurd məhəbbəti var.
Azərbaycan həm də əfsanələrin həqiqətə çevrildiyi ölkə kimi tanınır və bu tarixi həqiqət ölkəmizin imicinə müsbət münasibət formalaşdırıb,onun inkişaf və tərəqqi üfüqlərini daha da genişləndirib. Həmin əfsanələrin həqiqətə çevrilməsi məhz İlham Əliyevin fədakarlığı, dönməz mövqeyi, güclü iradəsi, qətiyyətli və təşəbüskar fəaliyyəti nəticəsində mümkün olub.Tarixi İpək yolunun yenidən bərpa edilməsi ən böyük əfsanələrdən biri hesab olunurdu. Artıq bu İpək yolu fəaliyyətə başlayıb, bu yol qitələri birləşdirməklə yanaşı Azərbaycanın nüfuzlu dövlət kimi dünyada reytinqini yüksəldib. Azərbaycanın kosmosda öz peyki var və bu peyk bizi aşağıdan yuxarıya baxan xalqdan yuxarıdan aşağıya baxan xalqa çevirib. Bu əfsanə də artıq reallığa çevrilib.
Bundan başqa, Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əkssəda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub" qaz dəhlizi, Bakı- Tbilisi-Qars dəmi yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası reallaşdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nın birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanmış respublikamızı "ŞimalCənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin qovşağına çevirib.
Prezident İlham Əliyev də bunu üç ölkənin siyasi iradəsi və müstəqilliyin təntənəsi kimi dəyərləndirib. Dövlətimizin başçısının 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında imzaladığı sərəncamda xatırladılırdı ki, Azərbaycanın tarixi İpək yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından birinə çevrilməsi bütün iqtisadi səmərələrdən başqa, Qafqazda sülhün dayanıqlı olmasına xidmət edən zəruri amildir.
Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi üçün məqsədyönlü fəaliyyəti nəticəsində bu müsbət ideya da həyata vəsiqə qazanıb.Yuxarıda qeyd etdiyimiz kimi, həyata keçirilən bütün lahiyələrin mayasında insan amili , o cümlədən də məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması dayanır.
Bu yazıda Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin iki məqamına qısaca da olsa nəzər yetirdik. Əslində, Prezidentin hər hansı tərifə ehtiyacı olmasa da, sadə bir vətəndaşın ürəkdən gələn sözləri ümumxalq məhəbətinin sədası kimi qəbul edilə bilər. Ürəklərdəki məhəbbətin qarşısını isə zənnimizcə, heç bir qüvvə ilə almaq mümkün deyil. 11 aprel prezident seçkiləri günü bunun bir daha şahidi olacağıq, əslində isə, xalqımız öz seçimini lap çoxdan edib!
Salman Alıoğlu

Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün