adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2018 23:25
12428
GÜNDƏM
A- A+

DOSTLUĞUN SƏDAQƏT SİMVOLU...

...Dahilərdən biri deyir ki, bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. Həmişə dostumuz Nəbi Muxtarovla görüşəndə, onun şəxsiyyəti haqda düşünəndə bu kəlamı xatırlayıram. Doğrudan da, Nəbi müəllimin həyatını, tərcümeyi-halını izləyəndə, onun ömrünün yeddinci onilliyinə gələnədək keçdiyi keşməkeşli yolları çözələyəndə əmin olursan ki, bu kişi öz şəxsiyyətinə bağbanlıq etməyi bacarıb. Yəni o, gənclik illərindən bir iradəli, özünəgüvənli insan olaraq şəxsiyyət bağını bir gün belə dayanmadan öz ağır, əziyyətli zəhməti ilə əkib-becərib və bəhrəsini öz xalqına, el-obasına yedirib...
1992-1994-cü illərin dəhşətli, ağır müharibə və didərginlik günlərindən tanıdığım Nəbi Muxtarov şəxsi və ictimai həyatındakı bütün çətinliklərə rəğmən nəinki şəxsiyyətinin, taleyinin də bağbanı olub...
Digər bir müdrik kəlamı da xatırlatmaq yerinə düşər: "Taleyiniz xarakterinizdədir"... Nəbi müəllim məhz güclü, iradəli, dönməz xarakter sahibi olaraq bu tufanlar, burulğanlar dolu həyat ümmanında tale gəmisinə də kapitanlıq etməyi bacarıb. Həm də o, nəinki şəxsi taleyini, eyni zamanda ətrafındakı və tabeliyindəki insanların da taleyini uğurlu istiqamətə yönləndirməyə qadir olan bir lider-şəxsiyyət kimi formalaşıb. Son üç onillikdə Nəbi müəllimi yaxından tanıdıqca buna tam əmin oldum...
Axı o, həm də ixtisasca riyaziyyatçıdır. Hansı məqamda hansı işi, tədbiri necə görməyi dəqiqliklə hesablayır, konkret məsələnin həlli üçün hansı üsulu, düsturu, "aksiomu", "teorem"i tətbiq edəcəyini gözəl bilir. Odur ki, Nəbi müəllim əldə etdiyi nəticələrdə yanılmır. Və öncə Allahın, öz vicdanının, sonra da dövlətin, xalqın qarşısında vaxtında və düzgün hesabat verməyi də bacarır...
...Ulu Öndər Heydər Əliyev Azərbaycanın və xüsusən Qarabağın ən ağır günlərində Nəbi Muxtarova çox mühüm, ağır və məsuliyyətli bir vəzifə həvalə etdi. Füzulinin işğalına cəmi 5 gün qalmış - 1993-cü il avqustun 18-də Nəbi müəllim doğma rayonunun İcra Hakimiyyəti başçısı təyin edildi...
1992-ci ilin mayından sonrakı didərginlik illərində də Laçın rayonunda rəhbər vəzifələrdə çalışmış bir şəxs kimi əhalisi 50-60 bölgəyə səpələnmiş rayonu idarə etməyin çətinliklərini yaxşı bilirəm. Hələ 2008-2013-cü illərdə - cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində yaranmış əmin-amanlıq şəraitində, respublika iqtisadiyyatının çiçəkləndiyi bir dövrdə bilavasitə Laçın rayonun İcra Hakimiyyətinin başçısı kimi də digər bölgələrdən fərqli olaraq qaçqın rayonlarda rəhbərliyin, idarəçiliyin ağırlığını gözəl anlayıram. Bu baxımdan 1993-1994-cü illərdə - döyüşlərin bitmədiyi, erməni işğalının davam etdiyi, iqtisadi-sosial, maliyyə çətinliklərinin baş alıb getdiyi bir şəraitdə Nəbi Muxtarovun torpaqlarının əksər hissəsini itirmiş bir rayonun icra başçısı vəzifəsinin öhdəsindən layiqincə gələrək Ulu Öndərin etimadını qazana bilməsini "qəhrəmanlıq" adlandırmamaq mümkün deyil. Məhz bu fədakarlığı, bacarığı sayəsində Nəbi müəllim 2003-2011-ci illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında da vəzifəsini layiqincə davam etdirə bilmiş, rəhbərliyin və xalqın dərin rəğbətini qazanmışdır...
Deyirlər, hər bir insan dünyaya yaxşı tərbiyə olunmuş ailə qədər önəmli bir miras qoya bilməz... Nəbi Muxtarov xalqının, dövlətinin xidmətində duran ləyaqətli vətəndaş, dövlət məmuru olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Bunu Nəbi müəllimlə ailəvi dost olan bir insan kimi ürəklə deyirəm...
Saçı zirvələrinə qar yağmış uca dağlar təki ağarsa da, qəlbi həmişəcavan olan dostumuz əsl Azərbaycan vətəndaşları olaraq böyütdüyü övladlarında, nəvələrində Vətəninin daha da parlaq gələcəyini, torpaqlarımızın, o cümlədən Füzulinin azadlığını görür...
Sədaqətli Vətən övladı, dövlət xidmətçisi olan insan etibarlı dost, yoldaş olmaya bilməz. Nəbi Muxtarov da etibarlılığı dövlət, xalq, də el-oba, əzizlər üçün ən ağır günlərdə sınanmış dostlardandır...
Onu da bilirik ki, bu gün yaşının 70-ci ilini tamamlayan Nəbi müəllimin ən ümdə arzularından biri dostlarını erməni işğalından azad ediləcək doğma yurdunda - Füzulidə qonaq etməkdir...
Allah ömür versin və arzunuza çatdırsın, Nəbi müəllim! İnşallah, dövlətimizin, ordumuzun gücü, xalqımızın birliyi sayəsində hamımızın qəlbini on illərlə yara etmiş bu həsrətə son qoyular və növbəti yubileyinizi işğaldan azad edilmiş doğma torpaqlarımızda qeyd edərik!..