adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Iyun 2018 09:30
75859
MÜSAHİBƏ
A- A+

İndiki səslərin 98-faizi bic səsdir... - MÜSAHİBƏ

"Ədalət" qəzetinin qonaq otağında "Şur" ansamblının rəhbəri, Qarabağ bölgəsində hər kəsin, Azərbaycanda isə muğam sevərlərin yaxşı tanıdığı Hüseyn Hüseynovla həmsöhbət oldum. Və bir də gördüm ki, Hüseyn müəllimin dedikləri maraqlı bir müsahibəyə çevrilib. Onu sizlərə təqdim edirəm.

-Özünüz haqda məlumat verin.

-Hüseyn Hüseynov Alı oğlu 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində doğulmuşam. Lap uşaq vaxtlarından bizdə pionerlər evi olub. Oranın "Qarabağ bülbülləri" adlı ansamblı olub. Yeddinci sinifdən oxumağa başlamışam.

-Dilimizdə bir deyim var: - Qarabağda doğulan uşaqların ağlaması da Segah üstündədir. Bax sizin özünüz o zümzümələri ən çox hansı muğamlarımızın üstündə edirsiniz?

- Segah ümumiyyətlə ən asanıdı. O mənada ki, insanların elə bil daxilindən gəlir Segah. Çoban da oxuyanda görürsən Segah oxuyur, sürücü də maşında gedəndə Segah oxuyur. Təbii ki, səbəb bilmirəm nədir, yəni ilk dəfə hamı Segaha müraciət edib, elə mənim özüm də...

- Mahrızlı kəndində sizdən əvvəl oxuyanlar olub?

- Bəli. Uşaqlıq dostum Vahid Abdullayev, məndən sonrakılardan Sabir Abdullayev, Cabir Abdullayev və başqaları...

- Siz həm də müəllimsiniz, təkcə mahnını, muğamı, ümumiyyətlə musiqini bilmirsiniz, həm də öyrədirsiniz. Biz də sizdən dinləyici kimi öyrənirik. Sizin üçün musiqi, muğam nədir? Qazanc yeridirmi, həyat tərzidirmi, yoxsa mənəvi qidamı?

- İnsan yaşamaq üçün hər hansısa sənətlə məşğul olur. Səmimi danışıram. Mən bu sənətə qazanc gözü ilə baxmamışam. Bununla dolanmışam. Məqsədim pul qazanmaq olmayıb. Könüllü olaraq 7-8 ildi toy sənətindən imtina etmişəm. Ancaq bu gün "Şahnazı" da, "Heyratı" da, ümumiyyətlə hər bir şeyi oxuya bilirəm. Amma toydan özüm imtina etdim. Bu gün də o ansamblımızla səngər-səngər gəzirik. Başqaları Bakıda hərbi hissələrdə konsert verir, amma ağız dolusu deyirlər ki, hərbçilərin görüşünə getmişdik. Biz isə bunu səngərdə edirik. İnanırsız, 500-dən artıq konsert vermişik. Hərbiçi Komandanlıqlardan hardasa yüzdən çox fəxri fərman almışam.

- Ən yadda qalan konsertiniz hansıdır?

- Bir çox yerlərdə konsertlərdə olmuşam. Üç beynəlxalq festival laureatı almışam. Sovet dövründə, Almatıda "Qızıl alma" festivalı, Moskvada "Beynəlxalq folknor festivalı", "Azərbaycan günləri", eləcə də Kiyevdə. Bunların hamısına da o zamanın dövlət səviyyəsində göndərilmişəm. Bütün dövlət tədbirlərində oxumuşam. Azərbaycan kommunist partiyasının 30-cu qurultayında Qarabağ şikəstəsini oxumuşam. Rəhmətlik Heydər Əliyev, orda Xeyransa adlı bir qızı qucağına aldı. Onun ifasını çox bəyənmişdi.

- Heydər Əliyevlə münasibətiniz olub?

- Bir dəfə tədbirdə əl verib görüşüb, bir dəfə də ilk prezident seçkisindən sonra Ağdama gələndə, bir metr məsafədə, ayağının altında qurban kəsiləndə yanında durub şikəstə oxumuşam.

- "Şur" ansamblı sizdən əvvəl yaranıb, yoxsa sizdən sonra?

- "Şur" ansamblı 1952-ci ildə yaranıb. Əvvəl özfəaliyyət formasında 8 nəfərdən ibarət olub. Əlipaşa Daşdəmirov ilk qurucusu olub. Xosrov Fərəcov tarzən olub. Onun dövründə ansambl çox fəallaşdı. Rəhmətlik Əfrasiyab Bədəlbəyli o vaxt bu ansamblın festivalda "Şur" ifa etməsini görüb, "Şur gəlsin" dedi. Elə o vaxtdan da da ansamblın adı belə qaldı. Bu ansambldan böyük sənətkarlar çıxıb. Arif Babayev, Əbülfət Əliyev, Rəmiş, Ramiz Quliyev, Səxavət Məmmədov, Sədi Məmmədov, Aygün Bayramov, Nəzakət Məmmədov...

- Muğamı kimlərdən öyrənmisiniz?

- Mənim müəllimim Aydın Məmmədov olub. Qarabağda ona "Böyük" Aydın deyirdilər. Bir də Hafiz Sədirzadə. Çox savadlı adam olub. O dövrdə Hafiz müəllim o sahədə çox güclü idi. Baxmayaraq ki, bakılı muğam ifaçıları əruzu daha yaxşı bilirdilər. Hafiz müəllimin atası Sovet dövründə böyük şair olub. Musiqiçilər onların evlərində yığışardılar deyə o uşaqlığından bu sənətin içində olub.

- Ağdamı necə xatırlayırsız?

- Ağdam mənim üçün müqəddəs yerdir. O dövrdə Azərbaycan musiqisi Ağdam musiqisinin təsirində idi. Bakı da, Şəki də və digər başqa şəhərlər də Ağdam muğamının təsiri altında idi. Ağdam muğam mərkəzi sayılırdı.

- Muğam Ağdamdan başlayır?

- Yox, elə demirəm. Təsirini deyirəm. O mənada deyirəm ki, Ağdamda böyük sənətkarlar var idi. Muğamın harada yarandığını heç kim bilmir.

- Farslardan gəlir muğam...

- Deyirlər Sufilər yaradıb, amma rəsmi deyil.

- Orta musiqi təhsilindən sonra davam etdinizmi?

- İncəsənət universitetinin Mədəni-maarif şöbəsini bitirmişəm.


- Amma xanəndəliklə məşğul oldunuz.

- Sənətim xanəndəlikdir.

- Orta məktəbi və paralel olaraq musiqi məktəbində oxuya-oxuya özünüzdən xəbərsiz həm də sənətə gəlirdiniz. Bu işə valideynləriniz necə baxırdı?

- Bəzi adamlar vurma cədvəlini bilmir, amma deyir ki, riyaziyyatı yaxşı bilirəm. Mən orta məktəbi yaxşı oxumamışam. Yeddinci sinifdə musiqi məktəbində oxumağa başlayandan demək olar ki, məktəbə də getmirdim. Musiqi oxumağıma görə də mənə məktəbdə qiymət yazırdılar. O vaxt kalxoz sədri bizə öz otağını vermişdi. Mən orada bir-iki ağız nəsə oxuyanda, pəncərədən baxıb görürdüm ki, yüzə yaxın adam yığılıb məni dinləyir. Dinləyicinin marağı çox idi o vaxtlar. İndi isə yoxdur. Valideynlərim mənə mane olmurdular. Onlar istəyirdilər ki, mən azan oxuyum. Dinə bağlı adam idilər. Məscidlərin əksəriyyətində Hafiz müəllimin azanı səslənir və eləcə də Şərq ölkələrində.

- Bu gün fonoqram hamını müğənni edir, xanəndə edir. Elektronika hamını musiqiçi edib. Buna münasibətiniz necədir?

- Çox pis. Oxuyan canlı oxuyar. Oxuya bilmirsənsə camaatdan nə istəyirsən?!

- Oxumaq sizin üçün nə deməkdir?

- Oxumaq mənim üçün hər şeydi. Musiqi ruhun qidasıdır. Mən onunla yaşayıram. Allah Mehriban xanımın canını sağ eləsin, elə bir dövr yaranmışdı ki, az qalmışdı muğam oxuyanları tutalar. Tutulmaq sözünü məcazla deyirəm. Muğam bərbad vəziyyətə düşmüşdü, Mehriban xanımın sayəsində muğama hörmət olundu. Muğama hörmət olundusa, mənə də hörmət olundu. Muğam bizə babalarımızdan qalan mirasdı, hamımız onu qorumalıyıq.

- Özünüz musiqi yazmısınız?

- Yox, bu mənim işim deyil.

- İndiki gənc muğam ifaçılarını dinləyirsiniz?

- Dinləyirəm hamısını.

- Kimləri bəyənirsiniz?

-Hamısı məni tanıyır, mən də onları tanıyıram. Heç kimlə işim yoxdur, amma onların içərsində İlkin Əhmədovun ifasını bəyənirəm. Səsin bir neçə növləri var. Səs bir formada olmur ki. Məsələn, Xan əminin səsinə loru dildə "xrustal" səs deyirdilər. Yaqub Məmmədovun səsi də möcüzə idi. Mən deyirəm ki, Yaqub xanəndə deyildi. O, Allahın möcüzəsi idi. Bu mənim fikrimdir, sözümün arxasında da dururam. Onun səsi məclisdəki adamları ağladıb, bunu özüm görmüşəm. Onun təhsili yox idi. İndiki səslərin 98 faizi süni səsdir.

- Sazla muğamı necə fərqləndirirsiniz?

- Saz muğamdan da çox əvvəl gəlib, yəni qədimdir. Bugün aşıqlarla xanəndələr çox iç-içədir. Xanəndələrin əksəriyyəti aşıq mahnıları oxuyurlar. Aşıq mahnıları da xalq mahnıları sayılır. Aşıqlıq daha çətin sənətdir. Aşıq gözəl rəqs etməlidir. İndiki kimi yox ha. Şeiriyyatı bilməlidir. Səsi gözəl olmalıdır. Sazı yaxşı çala bilməlidir. Bunların hamısı cəmlənmirsə, o adama aşıq demək olmaz.

- Ansamblın indiki vəziyyəti nə yerdədir?

- "Şur" ansamblı Sovet dövründə çox məşhur idi. 4-5 il bundan əvvələ kimi vəziyyət yaxşı idi. Maliyyə problemlərimiz var. Maliyyə dəstəyi olarsa, yenidən çox yüksək səviyyəyə çata bilər. Ağdam işğal olunandan sonra ansamblı özüm götürmüşəm. Dost-tanışı ansambla yığmışam. Demişəm ki, bu bizə mirasdır, elə belə yaranmayıb, böyük sənətkarlar bəxş edib.

-Gənc istedadlar da var ansamblda?

-Bəli var, çoxdur. Məsələn, Şamxal var, möcüzəli səsdir, sinə səsidir. Sinədən gəlməyən səs bic səs sayılır. Bizim xalq artistlərimiz var ki, onların da səsləri bicdir. Yəni üzlərinə də deyə bilərəm. Heç kimdən çəkinmirəm.

-Bu gün ansambl harda yerləşir?

-Quzanlı kəndindədir. Mədəniyyət Nazirliyinin tapşırığı ilə rayon mədəniyyət idarəsində bizə normal şərait yaradılıb.

-Ansamlda neçə nəfər var?

-Təxminən 36-37 nəfər var.

-Bu yaxınlarda konsert gözlənilir?

-Olacaq konsertimiz. "Könül dünyamız" verilişində iştirak edəcəyik.

-Bu gün övladlarınızdan bu sənətin davamçısı olmaq istəyən varmı?

-Mənim bir oğlum var. Amma musiqi ilə arası yoxdur. Müasir musiqini daha çox sevir. Bir adamın içindən gəlmirsə, 100 professor da onu hazırlaşdırsın, xeyri yoxdur. İnsanın gərək içindən gəlsin.

-Gənclər muğam dinləmir. Niyə muğam təbliğ olunmur?

-Elə sualdı ki, cəmiyyətimiz üçün önəm kəsb edir. Günah mənim özümdədir, sənət adamlarındadır. Hər bir sənətkar təbliğatçı olmalıdır. Öz sənətinin təbliğatçısı. Sənət adamı 5 manatdan ötrü bayağı mahnı oxuyursa, deməli, sənət adamı deyil. Mən xanəndəyəmsə, ara mahnısı oxumamalıyam.

-Bu həm də özünü cəmiyyət içində tanıtmaqdır.

-Yaxşı mənada. Təbliğ odur ki, bayağı mahnı oxumasın. Mənim başımdan brilyant da töksələr bayağı mahnı oxumaram.

-Toylarda bayağı mahnı oxuyurlar?

-Bu saat əksəriyyət bayağı mahnı oxuyur.

-Siz bayağı mahnılardan çəkindiyinizə görə toylardan imtina etdiz?

-Bəli. Könüllü istəmədim.

-Torpaq itirmiş adamlarıq. Təsəvvür edin, maşınla üzü Ağdama gedirik. Hansı mahnını zümzümə edərdiz?

-Bizim bugünkü günümüzə "Zəminxarə" daha uyğun gəlir. İçində qəm-kədər var.

-Torpaqlarımız işğal altından çıxsa ora qayıdıb yenidən həyat qurardınızmı?

-Əlbəttə, lap torpağın üstündə yatardım.

P.S. Biz üz-üzə oturub, musiqimizdən, Qarabağımızdan xeyli danışdıq və mən əmin oldum ki, həmsöhbətim Ağdamda, Şuşada "Qarabağ şikəstəsi" oxumaq üçün özünü zaman-zaman kökləyir...

Söhbətləşdi: Oğuz Ayvaz