ANA SƏHİFƏ / GÜNDƏM

Metronun “Sahil” stansiyası istifadəyə verildi - Yenilənib

8376    |   2018-06-07 14:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Adalet.az xəbər verir ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov "Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Qeyd olundu ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.

Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan "Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi. Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.

Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.

Dövlətimizin başçısı "Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış oldu. Bildirildi ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

Bakı Metropoliteninin hər bir stansiyası memarlıq üslubu ilə də seçilir. Özünəməxsus görünüşü olan "Sahil” stansiyasında platformanın orta salonun sonunda əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Bütün divar boyu həkk olunmuş kompozisiya mükəmməlliyi ilə diqqəti çəkir. Bundan başqa, pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılması və digər yeni elementlər stansiyanın memarlıq ansamblını zənginləşdirir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Dövlətimizin başçısına məlumat verildi ki, hazırda "Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə "Xətai" stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə də metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

"Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.




İmza:
SON XƏBƏRLƏR
2018-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK