adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Iyun 2018 00:11
11461
ƏDƏBİYYAT
A- A+

DOYA BİLMİRLƏR

Ağakişi
Kazımov
Xalq artisti,
professor

Bu sənətkarların birinin bu il 80 yaşı, o birisinin 74 yaşı tamam olur. Buna baxmayaraq hər ikisi şux, işgüzar, sənətə, teatra böyük məhəbbətlə xidmət etməyi sevirlər və öz fəaliyyətlərində bunu davam etdirirlər. Hər dəfə öz yeni rolları ilə tamaşaçıları sevindirməyə can atırlar və demək olar ki, həmişə öz məqsədlərinə nail olurlar. Düz 46 il bundan qabaq o zaman gənc olan bu oğlanlar mənim Azərbaycan Dövlət Akademik Dram teatrında rejissor kimi hazırladığım N.Dumbadzenin "Darıxma, ana!" pyesinin tamaşasında iştırak edirdilər. Biri Sərhədpozan rolunda, o biri Kukuri. Hələ o vaxt böyük ümidlər vəd edən bu gənclər sonralar doğrudan da Azərbaycan teatrının görkəmli aktyorlarına çevrildilər. İndi onların hər ikisi respublikanın xalq artistləridi, hər ikisi prezident təqaüdçüləridi, biri Şörət ordenli, o birisi isə Dövlət mükafatı laureatıdır.
Şöhrət ordenli Rafik Əzimov dram teatrında 1962-ci ildən işləyir. 100 yaxın rollar oynamışdır. Xarakterik və satirik rollar ustası kimi geniş tamaşaçı kütləsinin hüsnrəğbətini qazanmışdır. Rafik Əşrəf oğlu Əzimov teatra qəbul olunandan sonra çox qızğın fəaliyyətə başlamışdır. Onun "Cehizsiz qız" tamaşasındakı Karandaşev rolu çox yüksək profesionallıqla nümayiş etdirilirdi. 
Mənim bir rejissor kimi hazırladığım İ.Əfəndiyevin "Qəribə oğlan" tamaşasında Əhmədcan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" əsərində Mubi Tərxan, "Dar ağacı"nda, İbn Tahir, "Rəqabət"də Səttar rollarını da Rafik Əzimov çox yüksək sənətkarlıqla ifa etmişdir.
Sənətdən doymayanlardan biri də Hacı İsmayılovdur. Rafiqə nisbətən o, Dram teatrına işə qəbul olana qədər bir çox yerlərdə işləmişdir. İlk sənət addımını Azərbaycan teatr institutunu bitirəndən sonra İrəvanda açılmış Azərbaycan teatrında atmışdır. Ordan qayıdandan sonra Sumqayıtda açılmış yeni Musiqili Dram teatrına qəbul olmuş və orda M.F.Axundovun "Müsyö-Jordan və Dərviş Məstəli Şah" pyesində Dərviş Məstəli Şah rolunu oynamışdır.
Hacı İsmayılov xarakterik rollar ustasıdır və butun obrazlarında sadə və realdır. Realizmə sadiqliyi və burdan yaranan xüsusi oyun üslub vasitələri onun yaradıcılığına əvəzedilməz çalarlar verirdi. 1970-ci ilin fevral ayından dram teatrında işləməyə başlamış H.İsmayılov bu teatrın səhnəsində həm milli, həm də əcnəbi dramaturqların əsərlərində yaddaqalan obrazlar yaratmışdır.
"Darıxma, ana!" tamaşasından sonra mən onunla B.Vahabzadənin "Dar ağacı" faciəsində İbn Zeyid, "Özümüzü kəsən qılınc"da Yanq Çunq, "İkinci səs"də Şükür bəy və nəhayət heç vaxt unuda bilmədiyim Tatar əsəri "Alın yazısı"nda Əlməndər obrazını işləmişəm.
Həm R.Əzimov, həm də H.İsmayılov teatrla yanaşı bir çox filmlərdə çəkilmişlər. Rafik Əzimov "Yeddi oğul istərəm" filimində və "Arxadan vurulan zərbə" filimində tamaşaçıların sənətkar kimi diqqətini cəlb etdisə, Hacı İsmayılov "Ad günü", "Həm ziyarət, həm ticarət" filmlərində Mustafa rolu ilə boyük şöhrət qazandı.
Həm teatrda, həm kinolarda, həm televiziya tamaşalarında daima məşğul olan Rafik Əzimov və Hacı İsmayılov sənət eşqindən doymurlar.
Son iki ildə onlar Teatr Xadimləri İttifaqının M.Mərdanov səhnəsində Mərdənovun gündəlikləri əsasında çox maraqlı tamaşa hazırladılar.
Lap bu yaxınlarda isə Xarvat yazıçısı və dramaturqu Qarvan Mironun "Qəribə, çox qəribə, əhvalat" əsərini dram teatrının A.M.Şərifzadə adına kiçik səhnəsində tamaşaya hazırladılar və sənətsevərlərin mühakiməsinə buraxdılar. 
Bir hissəli komediya olan bu qəribə əhvalat bir-birinə oxşayan iki kişinin bir qadın tərəfindən aldadılmasından, hər ikisi ilə ailə quraraq yaşamasından bəhs edir. Bu qadının adı Draqesadı. Jargets-Hacı İsmayılov bu qadınla Kreşe-Rafik Əzimovdan bir il qabaq tanış olmuşdur.
Vaqon bələdçisi olan Draqesa bu kişilərin birini evi təmizləmək üçün o birisini isə ləziz xörəklər bişirmək üçün aldadıb əlində saxlamışdır. Sənətkarlar öz rollarını olduqca təbii inandırıcı bir şəkildə ifa edirlər.
Bir-biri ilə dalaşmağa hazır olan bu obrazlar axırda sülh bağlayırlar. Bu söhbət barəsində Draqesə bir söz deməməklə hər şeyin olduğu kimi qalmasının razılığına gəlirlər.
Tamaşanın rejissoru Əlif Cahangirlinin və rəssam Nazim Bəykişiyevin uğurlu işini də qeyd etməmək mümkün deyil. Rejissorun ən çox xoşa gələn cəhəti budur ki, sənətdən, səhnədən doya bilməyən iki məşhur xalq artistinin ifalarına mane olmamışdır.