adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Hamısı, hər gün

HİDAYƏT ELVÜSAL
38373 | 2018-06-07 00:08
Belə-belə işlər

(Və bu, əlbəttə, zarafatdır)

Qız içəri girəndə necə cikgə çəkdik, kişi dik atıldı.
- Ay papa!
- Haycan! Nə olub, ay bala? Ürəyim düşdü.
- Papa, bu gün bütün özəl kanallara baxmışam. Əlikram Bayramovu hələ də göstərməyiblər.
- Necə yəni, göstərməyiblər?
- Papa, dünən də Elşad Qarayevi ekranda görməmişəm.
- Müsibət! Bəs, kimi göstəriblər?
- Onlardan cəmi ikisini. Səməd Səmədovu, bir də şairə var haa, Cığatay, bax onu.
- Bala, səbr elə. Hələ axşama çox var.
- Ürəyim partlayır e, papa. Mənzurə Musayevanı görmək üçün axşamı gözləyə bilmirəm.
- Döz, bala, döz. Bizim şou-biznesin başında kabus dolanır. Marks demişkən...
- Mən Marksı istəmirəm. Manaf Ağayevi istəyirəm. Cancananı istəyirəm.
- Qızım, dünən toyda oxudu də. Toyla telekanalın nə fərqi var ki? İkisi də eynidir də.
- Toyda səs-küy vardı. Canı eşidirdim, cananı eşitmirdim. Sonra da...
- Sonra nə?
- Sonra Əflatun Qubadov oxuyanda, məni ağlamaq tutdu. Yanımda üç-dörd arvad vardı. Onlar da ağlayırdı. Şəbnəm Tovuzlu mikrofonu götürəndə gəlinin ürəyi getdi.
- Niyə?
- O mahnını oxudu də. O deyir haa, hanı yoldaş, hanı qardaş dünyada, balıqların şahı öldü dəryada.
- Axırıncı qəmi olsun. Başsağlığı verdin?
- Deyirlər hələ cəsədi tapılmayıb. Yazıq Şəbnəm şaxsey-vaxsey gedirdi.
- Neynəsin? O boyda balığın vəfat eləməsi zarafat deyil. Özü də dəryada. Bura bax. Mənzurə Musayeva bu gün görünüb?
- Yox, dünən üç kanalda oxuyub. Yorulub da, papa, neynəsin? Amma meyxanaçı Samirəyə halal olsun. Eyni gündə toya da gedir, ekranda da atamanlıq eləyir. Bu gün o da...
- Darıxma! Axşama qədər hamısı görünəcək. Elza da çoxdandır...
- Srağagün danışırdı.
- Danışmasını demirəm. Oxumasını istəyirəm.
- Mən də istəyirəm də, papa. Bax, istəyirəm ki, həmişə belə olsun. Ekranda şou-biznesin eyni adamları görünsün. Özü də hər gün həm də onlar ənənəni pozmasınlar. Eyni mahnını oxusunlar. Birini Əlikram desin, birini Telli Borçalı. Amma hər gün, həm də bütün özəl telekanallarda. Səhərdən axşama qədər. Bir də ki, bu şou-biznesin adını dəyişmək lazımdır. Bundan sonra toyu-biznes olsa yaxşıdı.
- Yooox! Onları iki dəstəyə ayıraq. Bu dediklərimiz olsunlar toyu-biznes, o birilərinə toxunmayaq. Hər halda şou-biznesin havası oralarda var.
- Off, darıxdım. Bax, bu gün hanı Əlikram, hanı Telli, hanı Pərviz Bülbülə, hanı Samirə, hanı Cavanşir Məmmədov...
- Balıqların şahı öldü dəryada.
- Papa, məni ağlatma!
- ...
- ...
- Papa, birdən soruşsalar ki, özfəaliyyətiniz elə bundan ibarətdir, nə cavab verərik?
- Deyərik ki, nöşün, Sevil və Sevinc bacıları öz məharətlərini indi toylarda göstərirlər.
- Papa, o bir vaxtlar ekranda təpik atan müğənni xanım var idi haaa - Aynur Dadaşova. O da qayıdıb.
- Bax, gördün, sənə dedim ki, darıxma. Oxuyanımız da var, şuluq salanımız da var, təpik vurub kəllə atanımız da.
- Bıyy, papa. Mənzurə Musayeva oxuyur!
- Bəs Əlikram Bayramov niyə görünmür?
- İndi görünər. O birilər də görünər. Papa, tələsmə.


TƏQVİM / ARXİV