adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 17:50
21052
MƏMLƏKƏT
A- A+

Milli park, yoxsa pullu park?

Bu gün paytaxt sakinlərinin üz tutduğu məkanlardan birincisi bulvardı. 1998-ci ildən Milli Park statusu qazanmış Bakı bulvarı kiçiklərin də, böyüklərin də hər zaman istirahət ünvanı olub. Həm mənzərəsi, həm təmizliyi, həm də rəngarəngliyi ilə insanları özünə cəlb edən Milli Parkımız bu gün dünyanın ən məşhur parkları ilə müqayisə ediləcək dərəcədə inkişaf etmişdir. Lakin çox əfsuslar olsun ki, insanların bura olan sevgisindən, bağlılığından bəzi işbazlar öz maddi maraqları üçün istifadə edirlər. Milli Parkımızda əsl soyğunçuluqla məşğul olurlar. Bu bulvarın hər addımlığında özünü göstərir.

Milli Park əvvəlki bulvarın ərazisindən xeyli genişdir. Və bu genişlənmə prosesi bu gün də davam edir. Amma nə qədər genişlənsə də bulvar adı çəkiləndə ilk növbədə dəniz vağzalının yanından başlayıb "köhnə inturist" mehmanxanasının yanınacan olan ərazi gözümüz önündə canlanır. Bu səbəbdən də Milli Parka dəniz vağzalı tərəfindən daxil olduq. Məqsədimiz Milli Parkda fəaliyyət göstərən attraksionların, kafelərin, ticarət və xidmət obyektlərində təklif olunan qiymətlər barədə məlumat toplamaq idi.

İlk öncə yaxınlaşdığımız yer dəniz vağzalının dənizə baxan hissəsində fəaliyyət göstərən restoran-kafe oldu. Sərin və sakit yerdir. Burada əyləşib dərdini-sərini qarşında otuzdurub o üzünə, bu üzünə çevirməyə sənə heç kim mane olmaz. Arada üzünü sığallayan sərin dəniz küləyi isə ancaq sənin beynini sakitləşdirə bilər. Əgər ki, o sərin mehlə gələn əcaib qoxu olmasa.

Dəniz vağzalındakı restoran-kafedə sadə çay içmək fikrim boğazımda qaldı. Bildirdilər ki, çayı mürəbbə ilə veririk özü də ki, 8 manata. Bu qiymətə çay mənim boğazmı daha da qurudar. Qurumuş boğazımdan 8 manatlıq çayı keçirməyin mümkünsüzlüyunü anlayıb ətrafdakı kafelərə üz tutdum. Demək olar ki, kafelərdə çaya qoyulan qiymət eyni idi. "Piletka" şokoladla isə 6-7 manat.

Dəniz kənarında qəlyan çəkib tüstüsünü sahildə dayanmış gəmilərin tüstüsünə qovuşdurmaq istəsəniz biləsiniz ki, qəlyanların qiyməti 15 manatdan başlayır. Hər meyvə qatqısına görə qiymətlər dəyişir. 40 manatacan gedib çıxmaq olur.

Çox şükür ki, veteran adı daşıyan kafedə sadə çay verdiklərini bildirdilər. 2 manat pis deyil. Sadəcə ofisiantın sadə çay istəyimə cavab olaraq məni başdan ayağa süzməyindən belə anladım ki, ehtiyatlanıb razılaşıblar.

Sonu görünməyən dənizə baxaraq çay içə-içə xəyallar gəmisində üzməmək mümkün deyil. Mənim gəmimi yellənən gəmidəki insan qışqırtısı batırırdı. Elə bil yelləncəkdəkilər yellənmək üçün verdikləri 2 manatın acığına var gücləri ilə qışqırırdılar. Bu qışqırtı hətta dənizdən gələn üfunət iyini də qovurdu. Gözünü yumsan qorxulu bir mənzərə canlandırarsan göz qapaqlarının altındakı qaranlıq dünyada. Qorxudan söz düşmüşkən bulvarda bir qorxulu evdə var. Girişi 5 manatdır. 7 yaşından böyük uşaqları da burda qorxudurlar. Halbuki elə bu qiymətlərlə bulvarın özü bir qorxulu evə oxşayır.

Bulvarda demək olar ki, bütün uşaq attraksionlarında qiymət eynidir - 2 manat. Minimum əməkhaqqı 130 manat olan məmləkətdə bu qiymətin nə qədər münasib olub-olmadığını yəqin ki, sizlərin cibi bilir. Hər halda dənizkənarı milli parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi kompaniyası zamanı yaranan tıxaclar da bunu deməyə əsas verir ki, qiymətlər cibimizə uyğun deyil.

Milli Parkda ölümsüzləşmək istəsəniz 3 manat pul xərcləməlisiniz. Şəkil çəkənin sözlərinə görə, şəkiliniz 5 dəqiqəyə hazır olacaq. Özü də ki, rəngli. Day bundan artıq nə istəyirsiniz?

Gəmi ilə gəzmək də pis fikir deyil. Dənizin içərilərinə getdikcə həm iydən azad olursan, həm də ki, dənizin hansı rəngdə olduğunu seyr edirsən. Gəmi elə də baha deyil - 3 manat. Əgər gəminin vip hissəsində oturmaq istəsən - 10 manat.

Özümdə güc-qüvvə toplayıb kabablarımızın qiymətini öyrənməyə yollandım. Bulvarda lülənin, tikənin şişi 7-6 manat civarında dəyişir. Toyuq kababı isə 5-6 manat. Bu nə toyuğudur və hardan gətirilir ki, qiyməti bu qədər bahadır? Bazarda 5 manata aldığın toyuğu şişləsən rahat 5 şiş almaq olar. Bir belə bahaçılığa nə gərək var? Məncə, işbazlar hər şeyə birdən və çox az vaxtda sahib olmaq istəyirlər. Məhz bu səbəbdən də kimə necə sərf edirsə qiyməti də elə müəyyənləşdirir.

Bulvarda reyssiz qatarlar da var. O yana, bu yana şütüyürlər öz məxsusi sürətləri ilə, Böyüklər üçün 2 manatdı, 7 yaşından balacalar üçün 1 manat.

Qatarla gəzə-gəzə gəlib çıxdım "Sahil" kafesinə. Yəqin ki, çoxlarınız qabaqlar burada oturub gələni-gedəni seyr edə-edə çox çay içmisiniz. İndi oturub çay içmək üçün gərək ki, cibində 20 manatın ola. Çox yüksək səviyyədə yenidən tikilib "Sahil". Qeyd edim ki, qiymətlərdə elə o səviyyəyə uyğun balanslaşdırılıb. Bu qiymətlər haqqında məlumat toplasam da bunu gizlin saxlayacam. İstəmirəm ki, içinizdəki o "Sahil"-i incidəm, qovam.

"Mirvari" bulvarın ən qocaman-veteran kafelərindəndir. "Mirvari"nin qayası altında çay dəstgahla verilir - 26 manata. Həyətində isə qiymət ümumi bulvarın əhval-ruhiyyəsinə uyğundur.

İnsaflı faktlarla da üzləşdim Milli Parkımızda. O bahalıqda yemək-içmək müqabilində təklif edilən ayaqyolunun qiyməti 30 qəpik idi. Sevindirici hal idi.

Boş oturacaq tapmadığım bulvarda ağzı dənizə boş, müştərisiz qalan kafelərin işçiləri deyirlər ki, qiymətlərin kəllə-çarxa çıxması icarə haqqının bahalığıyla bağlıdır. Obyektlərin kimlərə məxsusluğu isə gizlin saxlanılırdı. Yəqin ki, bu obyektlər sıradan kiminsə olmaz.

Onların kimlər olacağını düşündüyüm bir anda o tərəfə bu tərəfə fırlanıb qazonları sulayan krant sifətimə su səpdi. Sanki məni başımı çomağa sürtməmək üçün ayıltdı. Bu su üzərimdən bir yük götürdü. Qiymət ağırlığından xilas olmaq üçün bulvarı tərk eləməyə başladım. Sanki bulvar da bunu hiss eləmişdi. Bu dəm qarşıma pulsuz "vayfay" xidməti yazılan lövhəni çıxartdı. Şifrəsiz "vayfay" özü mənə kod göndərdi. Bu kodla pulsuz internet əldə edib bir xeyli şəbəkələrdə gəzişdim...

İki suala cavab almalı idim: 1. Qiymətlərə Dənizkənarı Bulvar idarəsi nəzarət edirmi? 2. İdarənin əməkdaşları bulvarda çay içirlərmi?

Əlaqə saxladım. Tapa bilmədim. Cavab belə oldu ki, ərazidədirlər.

Ərazidə olmaq yaxşı haldır. Nöqsanları, problemləri görmək olur. Nə bilmək olar, bəlkə elə bu dəfə qiymətləri "saf-çürük" etmək üçün ərazidəymişlər?!


Nicat Novruzoğlu