adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Iyun 2018 12:41
9434
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ÇƏKİLƏN ƏZİYYƏT YERDƏ QALMAMALIDIR

Kənd adamları ilboyu əziyyət çəkib tər tökərək müxtəlif məhsullar yetişdirirlər. Bağbanlar gecə-gündüz sahələrdə çalışaraq çox çətinliklə müxtəlif növ meyvələri becərirlər. Eyni zamanda elə də sahibkar var ki, taxıl əkir, kartof əkir, soğan əkir. Hələ biz başqa məhsulları demirik. Çünki onların ruzisi və çörəyi adını çəkdiyimiz məhsullardan çıxır. Və bu zəhmətkeş insanlar da gözlərini tikirlər həmin məhsullara ki, əziyyət çəkdikləri, min-bir nazı ilə oynadıqları məhsullar nə vaxt yetişəcək. Ona görə ki, kəndli bu məhsulu ilə həm onu bazara çıxarır, çörəkpulu eləyir, həm də ev tikmək, övladına toy etmək arzusunda olur.

Hava şəraiti imkan verəndə demək olar ki, kənd adamları çəkdikləri zəhmətin bəhrəsini görürlər. Ancaq elə ki, havanın üzü döndü, dolu yağdı, leysan düşdü, sel gəldi, bax, həmin məhsulların böyük əksəriyyəti demək olar ki, məhv olur. Və məhv də olanda kənd adamı loru dildə demiş olsaq, ilboyu sıxıntı içində yaşayır. Kimdənsə borc alıb problemlərini yoluna qoymaq istəyir.
Heç nə olmasa da bu il məmləkətimizin əksər rayonlarında kənd adamları çəkdikləri əziyyətin bəhrəsini az-çox dada bilirlər. Yəni onların əkdikləri sahələrdə kartof, soğan və eləcə də digər məhsullar boldur. Hələ bir azdan tərəvəz məhsulları, eləcə də bostan bitkiləri yetişəcək və kəndli onları bazara çıxaracaq. İnsanların əzab-əziyyətlə yetişdirdiyi bir çox məhsullar bazarı olmadığına görə, həmin istehsalçılar çıxılmaz vəziyyətə düşürlər.

Məsələn, Bərdə də soğan əkən çoxlu sayda sahibkar bildirir ki, ötən il onlar yetişdirdikləri məhsulu həm Rusiyaya apara bilirdilər, həm də öz bazarımızda sərfəli qiymətə satışa çıxarırdılar. Bu il isə vəziyyət çox acınacaqlıdı. Yəni min bir əziyyətlə yetişdirilən soğan sahələrdə qalıb, alıcı tapılmır ki, tapılmır. Tarlada bir kiloqram soğanı 10-11 qəpiyə satırlar. Təəssüf ki, onun da alıcısı yoxdur.
Hansı ki, bir çox iş adamları bu gün İrandan və digər ölkələrdən ölkəmizə soğan gətirir. Məsələn, bir neçə gün əvvəl biz Yeni Günəşlidəki «Ballı» marketin meyvə-tərəvəz mağazasından soğan alırdıq. Satıcı dedi ki, satdığımız soğan İranındı. Onu da 25 qəpiyə satışa çıxarırdılar. Çox qəribədir, öz yerli soğanımız Bərdədə tarlada qalır, İrandan keyfiyyətsiz soğan gətirilir. Hələ biz bilmirik bu soğan insana nə dərəcədə zərərlidir. Çünki xaricdən gətirilən hər bir məhsul təbii ki, yerli istehsalın keyfiyyətini verə bilməz. Öz məhsullarımız sahədə qalıb çürüyür, xaricdən isə yüz tonlarlar soğan idxal olunur. Bəs buna niyə adiyyəti orqanlar şərait yaradırlar?

Eyni zamanda Cəlilabadda da fermerlər kartofu sahədən çıxarmırlar. Deyirlər ki, çox ucuzdu. Üstəlik də kartofu sahədən çıxarmaq üçün nə qədər işçi qüvvəsi cəlb edilməlidir və onlara da sahibkar pul verməlidir. Təbii ki, sahibkar əkib-becərdiyi kartofun bazarı olmadığına görə, işlətdiyi işçiyə də əmək haqqı ödəməkdə çətinlik yaradır.

Azərbaycanda uzun müddət Kənd Təsərrüfatı Nazirliyi böhran yaşayıb. Yəni bu nazirlik konkret olaraq dövlətin milyonlarla ayırdığı vəsaiti sağa-sola xərcləyib və onu da sahibkara çox çətinliklə veriblər. Sahibkar olmazın əzab-əziyyətə qatlaşıb. Hələ bizim bu sahibkarlar çox dözümlü adamlardı ki, çətinliklə də olsa məhsulları yetişdirirlər və dəyər-dəyməzinə ucuz qiymətə ikinci şəxslərə satırlar. O ikinci şəxslər də dəyər-dəyməzinə aldıqları məhsulun üstünə iki-üç dəfə artıq qiymət qoyub qaz vurub qazan doldururlar. İlboyu əziyyət çəkən sahibkar qəpik-quruş qazanır, ortalıqda gəzir, altıda alımı, beşdə verimi olmayan dələduzlar yüz minlərlə vəsait qazanırlar.

Biz nə isə keçimşdə işıqlı nə varsa onun üstündən xətt çəkməyi çox sevirik. Yaratdığımız yenilik isə düşünülən nəticəni qısa zaman kəsiyində vermir. Məsələn, Sovet dönəmində kolxoz və sovxozlarda istehsal olunan meyvə-tərəvəz məhsulları çox ucuz qiymətə kənd adamlarından kooperativ ticarət tərəfindən alınardı və əhaliyə sərfəli qiymətə satılardı. Məsələn, mövsüm vaxtı pomidor və xiyarın bir kiloqramı 15 qəpikdən baha olmazdı.

İndi gəlin görək ayrı-ayrı adamların pul qazanması sərfəlidir, yoxsa dövlətin yaratdığı ticarət mərkəzləri? Bizcə bu quruma bu gün çox böyük ehtiyac var. Əgər belə bir qurum yaradılsa, Cəlilabadda kartof, Bərdədə soğan sahibkarların əllərində qalmaz. Elə ona görə də bazarlarda və dükanlarda əksər meyvə-tərəvəz məhsulları çox bahadır. Ölkəmizdə ucuzluq yaratmaq olar. Sadəcə, bunun üçün ciddi addımlar atılmalıdır.

Düzdür, həftənin şənbə-bazar günləri Nazirliyin rəhbərliyi ilə Bakıda yarmarkalar təşkil edilir. Amma bu yarmarkalarda da məhsul satanların əksəriyyəti bazarlarda hər gün məhsul satışa çıxaran adamlardı. Bir adam ilboyu nə desən satır. Bəs onda o, satdığı məhsulu necə becərir? Deməli, o, əsl fermer deyil, Bakı bazarlarında fəaliyyət göstərən daimi satıcılardı. Təbii ki, yarmarkalarda mövcud olan neqativ hallar yeni Kənd Təsərrüfatı naziri tərəfindən qısa zaman kəsiyində qaldırılmalıdır. Çünki bunu camaat istəyir. O yarmarkanı təşkil edəndə bazarlarla müqayisədə ucuzluq yaranması üçün düşünüblər. Amma biz indi onun əksini görürük. 8-ci Kilometr bazarında kənd təsərrüfatı malları yarmarkalardan ucuz qiymətə satılır.

Artıq ölkədə arpa biçininə start verilib. Heç kimə sirr deyil ki, əksər taxıl sahələri imkanlı adamlara məxsusdur. Yəni bunların arasında icra başçılarından tutmuş müxtəlif vəzifəli şəxslərə qədər var. Biçin başlananda ilk növbədə həmin imkanlı adamlar maşın və texnikanı, kombaynları öz sahələrinə çıxarırlar. İmkansız fermerlər isə uzun müddət gözləməli olurlar. Taxıl da elə məhsuldur ki, onu qısa müddətdə biçmək lazımdır. Çünki bir də gördün dolu yağdı, leysan yağışlar düşdü və həmin məhsulun əksəriyyəti zay olub getdi. Bu günlərdə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov mətbuata bildirib ki, biçinin başlaması ilə əlaqədar olaraq kombayn sarıdan müəyyən çatışmazlıqlar mövcuddur. Biz çalışacağıq ki, dağlıq rayonlardan əlavə texnika gətirək, arpanı və taxılı qısa zamanda biçək.

Ümumiyyətlə, taxıl biçini zamanı bütün rayonlarda qərargah yaradılır. Həmin qərargaha rayonun məsul şəxsləri rəhbərlik edirlər. Yəni onların da vəzifəsi ondan ibarətdir ki, hava şəraitindən istifadə edərək taxıl biçinini tez başa çatdırsınlar. Hər rayonda Kənd Təsərrüfatı Nazirliyinin məlum idarəsi fəaliyyət göstərir. Aydındır ki, bu idarə də taxıl biçininə öz köməkliyini göstərməlidir. Yaxşı olar ki, biçin vaxtı Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri rayonlarda olsun, çətinlik və sıxıntı yaşayan imkansız fermerlərə belə bir zamanda kömək əli uzatsınlar.

Sirr deyil ki, imkanlı vermerlər daha tez əlaqələrindən istifadə edərək taxılı biçir və külli miqdarda vəsait əldə edirlər. İki-üç hektar sahəsi olan fermerlər isə günlərlə, həftələrlə gözləyə-gözləyə qalırlar və bir də gözlərini açıb görürlər ki, leysan yağışlar yağdı, taxılları məhv oldu. Heç olmasa bu il onları bu ağır yükdən xilas etmək və sevindirmək çox savab iş olardı.

Kənd Təsərrüfatı Nazirliyində böyük islahatlar gedir. Bütün sahələrdə şəffaflıq yaradılması üçün ciddi addımlar atılır. Hər bir yenilik isə heç də asanlıqla qəbul edilmir. Çünki köhnə təfəkkürlü insanlar uzun müddət hər şeyi öz arşınları ilə ölçüblər və ciblərini düşünüblər. Təbii ki, belə adamlarla işləmək yeni nazir üçün heç də asan olmayacaq. Ona görə ki, köhnə təfəkkürlü insanlar hər an sapotaj etməyə, badalaq atmağa çalışacaqlar. Ancaq bir həqiqəti deyək ki, onların da arasında çox təcrübəli, vicdanlı və öz işinə məsuliyyətlə yanaşan mütəxəssislər var. Bax, həmin mütəxəssislərin üzərindən heç vaxt xətt çəkmək olmaz. Onların mütürəqqi və işıqlı tərəflərindən istifadə etmək bizim fikrimizcə mümkündür. Ən azından ona görə ki, kənd təsərrüfatını beş barmağı kimi bilən bu adamlar iqtisadiyyatımıza və kənd təsərrüfatımıza çox böyük xeyir verə bilərlər. İşıqlı insan yaşından və mövqeyindən asılı olmayaraq həmişə olub və həmişə də olacaq. Bu insanlara sən «köhnə fikirlisən» deyib yuxarıdan aşağı baxmaq olmaz. Sadəcə olaraq, bu cür mütəxəssisləri tapmaq və onlardan yararlanmaq lazımdır.