adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyun 2018 09:20
85641
LAYİHƏ
A- A+

Xarı bülbül

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tarixdən məlum olduğu kimi, Qarabağ xanı Pənahəli xan Nadir şahın yanında xidmət etdiyi dövrlərdə özünü qüvvətli, qüdrətli sərkərdə kimi göstərmişdir. Onun bu xüsusiyyətləri ilə yanaşı onun qəlbində həmişə rəhim-ədalət özünə yer tapırdı. Pənahəli xanın bu xüsusiyyətlərilə yanaşı şerə-sənətə, musiqiyə böyük marağı olmuşdur. Məclislərdə hər kəsi axıradək dinləyərək, şerə-sənətə və başqa işlərə yekun qiymət vermək istedadı vardır...
Övladlarının təhsilli, savadlı yetişməsinə diqqət göstərərdi. Oğlu İbrahim xanın, nəvəsi Xurşudbanu Natəvanın və qohum xanımların savad almalarına icazə vermişdir.
Ağabəyim ağa Qarabağ xanı İbrahim xanın qızı Xurşudbanu Natəvanın bibisidir.
O, təxminən 1780-cı ildə Pənahabad şəhərində (İndiki Şuşa şəhərində) anadan olmuşdur. Onun gənc yaşlarında şerə, sənətə böyük həvəsi olduğu üçün şeir də yazardı, özü üçün arada zümzümə edirmiş.
Molla Pənah Vaqif İbrahim xanın vəziri idi. O, həm də istedadlı uşaqları müəyyən edərək dərslərə cəld edirdi. Ağabəyim ağa da Vaqifdən dərs almış, böyük qabiliyyət sahibi olmuşdur.

Əfsus ki, yarım gecə gəldi, gecə getdi.
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

Bu bircə beytdə, elə bil ki, musiqi kədərə qarışıb, kədər də ömrə. Nədir müəllifi kədərləndirən? Təkcə yar vusalımı?..
Böyük qəlbli bir şairə xanımın, bu beyt ilə illəri və qərinələri aşıb, zəmanəmizə qədər gəlib çatmış, özü ilə şairin kədərini bizə gətirib çatdırmışdır. Onun diplomatik fəaliyyəti də olmuşdur, fransız, rus dillərini bilmişdir. Ağabəyim ağanın həm həyatı, həm də yaradıcılığı haqda yəqin ki, çox az da olsa məlumatlar vardır. Həyatı hadisələrə, əfsanələrə qarışmış bu az məlumatlar bir şair təbli azərbaycanlı xanımın incə qəlbi haqqında çox söz deyir, danışır...
İran xanı Qarabağ xanlığına hücüm edir, müharibə zamanı çox itki, təlafat olsa da Ağa Məhəmməd şah Qacar Şuşaya gəlir. Buranın abı-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacara xəyanət nəticəsində sui-qəsd təşkil edilərək onu öldürürlər. Başını kəsərək İrana-Qacarın bacılarına göndərirlər. Bu hadisə Qarabağ xanlığı ilə İran xanlığı arasında ixtilafları daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar...
İbrahim xan yenidən qanlı müharibənin başlamamasının qarşısını almağa çalışır, onu sülh yolu ilə həll etməyə çağırır. O, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı Fətəli şah ona istəyini qəbul edərək ərə verməyə razılıq verir.
Qırx qəflə-qatır cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür. İran Şahlığında saray xidmətçilərinin bu iztivaca qısqanclıqla yanaşırlar.
Qarabağdan gələn, təzəcə həddi-buluğa çatmış bu gözəl xanımı Ağabəyim xanımın ilk gündən, Fətəli şahın gözündən salmaq üçün yollar axtarırlar. Xidmətçilər bilirdilər ki, Fətəli şah öz anasını çox sevirdi, ona gözəl, xanıma layiq paltarlar tikdirmişdir.
Onlar bundan istifadə edərək ilk gecə, bəylə, gəlinin görüşü zamanı, Ağabəyim ağaya Fətəli şahın anasının paltarını geyindirirlər. Görüş zamanı Fətəli şah məyus olaraq o gündən onunla ər-arvad ünsiyyətində olmamışdılar.
O, 1801-ci ildən 1832-ci ilədək ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşamışdı. Bununla da bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını almışdır. Minlərlə qız-gəlinin, ağbirçək ananı göz yaşı tökməyə qoymamışdır. Buna görə də şairənin bizə gəlib çatmış beytlərində tək yar vüsalının həsrəti yox, həm də böyük bir Vətən həsrəti duyulur. Ancaq Vətəndən uzaqda insan "Heç bilmədim ömrüm necə gəldi, necə getdi" deyə bilər.
Ağabəyim ağaya istinad edilən bir bayatı da vardır:

Mən aşiqəm, qara bağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə.
Yaddan çıxmaz Qarabağ.

Bu bayatı haqqında dillərdə bir tarixi rəvayət də dolaşır...
Deyirlər ki, Qarabağdan gəlib Tehranda "banuyi-hərəm" olmuş Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik də demişdilər ki, Qarabağlı bu "qızcığaz" Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək şahın fikrini yayındırmağa çalışır:
- Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:

Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönür
Yaddan çıxmır Qarabağ.

Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda Ağabəyim ağanın gözlərindəki kədəri də görür. Ona hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir.
Qarabağa qayıtmaqdan başqa nə arzun varsa de, yerinə yetirim.
Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır:
- Şah sağ olsun! Qorxuram arzum sizə toxuna, ona əməl etməkdən boyun qaçırasınız.
Fətəli şah bir qədər də təkəbbürlənir:
- Nə vaxtsa mənim sözümü geri götürdüyüm, ya sənin sözünü yerə düşdüyü olubmu? - deyir.
- Elə isə, icazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.
Fətəli şahın təəccübü böyük marağa cevrilir:
- Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir? Bütün İran məmləkətinin var-dövləti sənin əlinin altında olduğu halda, atanın sənə qoşduğu cehizi satmaq nəyinə lazımdır ki?
Bəyimağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:
- Şahım, mən sizin sarayınızda yaşayıram, geydiyim paltar da sizindir, yediyim çörəkdə. Bəs onda bəzək-düzəyim niyə atam evindən gətirdiyim olsun? Bəs Sizin mənə bağışladığınız daş-qaşlarla nə vaxt bəzənəcəyəm? Sizin mənə bəxş etdiyiniz daş-qaşlar atamın verdiyindən həm çoxdur, həm də gözəldir.
Hər dəfə üstümdəki bəzəklərə baxanda sizin yadınıza köhnə ədavət, mənim də yadıma mərhum atam, Vətənim Qarabağ düşür. Mənim, keçmişi xatırlamağım sizi sıxdığı kimi, sizin də keçmişi xatırlamağınız məni sıxır. Bu sıxıntıdan birdəfəlik qurtarmaq yaxşı olardı?
Fətəli şah fikrə gedir, bu ağıllı sözlər qarşısında heç bir söz tapa bilmir, bilmir ki, nə cavab versin, razılıq verməyə məcbur olur.

(ardı gələn sayımızda)

Nemət Bəxtiyar
AJB-nin üzvü,
media "Qızıl Qələm" mükafatı laureatı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ