adalet.az header logo
  • Bakı 16°C
04 Iyun 2018 14:26
32026
ƏDƏBİYYAT
A- A+

Azərbaycanın istedadsız yazarları - Emin Akif yazır

Son dövrlər ədəbiyyat aləmində dərin bir boşluq yaranıb. Baxmayaraq ki, kim ərindən boşanırsa, sevgilisindən ayrılırsa, ayrı sənət sahələrində uğur əldə edə bilmirsa, tənhadırsa və qız tovlamaq istəyirsə şeir yazır, roman yazır. Amma yenə də bu boşluq dolmur ki, dolmur. Bəs, yaxşı, bunun səbəbi nədədir?

Ən azından şairdirsə poeziyadan, yazıçıdırsa nəsrdən xəbəri olmayan insanın, yəni ən azı seçilən müəllifləri oxumayan birinin öz istedadını müəyyən etməsi, öz dəyərini, yerini bilməsi qeyri-mümkündür. Nöşün? Oşün ki, təsəvvür edin, qarşınıza 10 cür yemək qoyulub. Doqquzunu yemisiniz və deyirsiniz ki, birinci yemək hamısından dadlıdır. Axı siz onuncu yeməyi yemədiniz? Bəlkə elə ən dadlısı odur? Təəssüf ki, adamların zehniyyətində qadağa olunmuş bölmələr mövcuddur. Bir insanın beynində ən zəif müəllifdən belə olsa bir şeir olmalıdır. Ki, pis mətni də tanısın. Və bu qadağa olunmuş bölmələrə düşən adamların günahı əksərən mətnləri yox, şəxsiyyətləri olur.

Məsələn, bizim oxucunun qəribə xüsusiyyətləri var. Oxucu ilə virtual münasibətin başlayır. Şeirlərini oxuyub "bəh-bəh”lər, "əhsən”lər yağdırır. Sevinirsən ki, nə gözəl, oxucum mənə diqqət göstərir, bəyənir. Qoltuğunun altına iki qarpız da qoyur. Qəfil hansısa hadisəyə mövqe bildirirsən, öz fikrini ortaya qoyursan. Vaşşş! Həngamə burdan başlayır. Həmin "bəh-bəh”li, "əhsən”li oxucu alır o qarpızları qoltuğundan, vurur təpənə, sonra da deyir ki, al bu pendiri də, təndir çörəyini də özün alıb nuş eləyərsən. Sonra sənin qarpızı tək yeməyinə ağız büzənlər çıxır ortaya. Başlayırlar ki, filankəs filan adamdı, filankəs istedadsızdır. Qarpızı başında qıran "bəh-bəh”li, "əhsən”li adamlar da qoşulur bu kompaniyaya, başlayırlar ki, hə, əclafın yekəsidir, şeirləri də apar, tulla! Əlin şirəli-şirəli qalır üzündə.

Belə adamlar çapdan küntöv çıxmış kitab kimidirlər. O ki olur ha, bir də görürsən, kitabın iki səhifəsi bir-birinə bitişik çıxıb çapdan.Və sən o səhifəni cırıb bir-birindən ayırana kimi bilmirsən orada nə yazılıb. Bax, bu adamlar da elə. Onları cırmasan, bilinmir ki, hansı yuvanın quşudurlar.

Problemin ən möhkəm köklərindən biri istedadlı birinə şəxsi prizmadan yanaşmadır.

Hələ əksərən bu adamlar beş-on şairi pisləyəndən sonra özləri şeir yazmağa başlayırlar. Bir-iki "bəh-bəh”li, "əhsən”li adamlar da bunlara dəstək verir, olurlar şair!

Borxes deyir ki, poeziya təxəyyülün məhsulu da ola bilər, yalan da ola bilər. Amma poeziya eynən teatrdakı tamaşa kimidir. Tamaşada obrazların geyimlərindən tutmuş, ölməklərinə kimi o qədər insandırıcı olmalıdır ki, insanlar zalı yarımçıq tərk etməsinlər. Və şeir uyduran insan da əvvəlcə öz uydurduğu yalana inanmalıdır. Ki, oxucu da inana bilsin. Bunu nəyə görə misal gətirdim? Ona görə ki, yazıçının, şairin yazdığı yazılar uydurma da ola bilər. Onsuz da elə onların işi hadisəni bəzəməkdi, yeri gələndə uydurmaqdır. Niyə bizim oxucu bunu başa düşmür? Bir də görürsən, biri yazır ki, nə oldu axı, elə bütün maraqlı hadisələr sizin başınıza gəldi? Başa düşmür ki, sən müşahidə edə bilsəydin, ən azından təxəyyülün olsaydı, şair olardın da, yazıçı olardın da. Bəs, elə bizim fərqimiz ondadır da. Çifayda!

Hə, insanların həmişə məşhur adamların ən çox şəxsi həyatına meyilliyi ədəbi mühitə münasibətdə də eynidir. Bir insanın şəxsi keyfiyyətləri ilə mətnini necə eyniləşdirmək olar, bilmirəm. Məsələn, mənim indi adını çəkəcəyim imzalardan üçü ilə münasibətlərim bərbaddır, biri ilə heç yoxdur. Amma ortada mətnləri var axı. Mən onların haqqına necə girə bilərəm.

Gənclərdən mənim istedadlı hesab etdiyim və həqiqətən də istedadının haqqını verən şairlərin, yazıçıların adlarını çəkirəm. Seymur Su, Emin Piri, Kəramət Böyükçöl, Orxan Bahadırsoy, Ayxan Ayvaz, Könül Arif (istedadlı yazarlardan üç-dördünün də adını çəkə bilərəm amma istedad bəs eləmir axı).

Ümumiyyətlə, istedadsız adam yoxdur. Sadəcə, istedadının hansı yöndə olmağını bilməyən adamlar var.

Bizim Ayxan Ayvaz yazıb ki, mən istedadsız müəlliflərin adlarını açıqlayacam. Ayxan, sənin bu cəhdin uşaqların "deyə bilərsən, başında nə qədər tük var?” sualına oxşayır. İstedadsızları sayınca sən, gözünü yumub açınca sən, nə bizdə can qalar, nə də özündə. Mən bu adları ona görə çəkmədim ki, kiminsə istedadlı olduğunu sübut etmək istəyirəm, yox. Onsuz da ortada normal mətnləri olan adamlar özləri də gözəl bilirlər ki, yazdıqları hansı dəyərə layiqdir. İstedadlı adamlara kömək etmək lazımdır, istedadsızlar özü qabağa gedəcək. Və istedadlı adamlara nə qədər də daş atsan, əgər mətnin bütün əzaları yerindədirsə, əli-qolu varsa, öz-özünü müdafiə edəcək.

Amma bu istedadsızların əksəriyyəti özünü aldadan adamlardır. Bilirlər ki, istedadsızdırlar, amma sırtıq-sürtük kimi əl çəkmirlər. Təqdimatlardan qovsan, şeir gecələrindən girəcəklər həyatınıza. Ordan da qovsanız, feysbukdan. Onlar tək-tək gəzmirlər. Qrup halında yaşayırlar. Bir-birilərini tərifləyirlər.

Birinin iki metrdən çox boyu var, gedib hansısa yerdə mühafizəçi işləyə bilər, şəxsi cangüdən ola bilər, yaxşı maaş ala bilər, amma oturub şeir yazır. Bir məsəl var (istisnalı), uzunun ağlı topuğunda olar, indi bu adamın şeirləri də topuğundadır, başa düşmür. Məsələn, Elçin Əlibəylinin bu yaxınlarda verilişində Maral Tahirqızını aşağılaması müzakirələrə səbəb olmuşdu. Əksəriyyət Elçini daşa tutdu, söydü. Ki, düz eləməyib, Maral mədəni qadındır, ay filan, ay bəsməkan. Mən razı. Onun hərəkəti efir etikasına zidd idi. Və mən həm də razı ki, Elçinin etdiyi hərəkətin on qatını bütün günü efirdə izlədiyiniz manıslar və başqa aparıcılar edirlər. Və mən bununla da razı ki, Maral çox mədəni cavab verdi. Bəs, yaxşı, bu ona əl verirmi, biz Maral kimi bayağı adamları alqışlayaq, dəstəkləyək?

Bir "şair”in kitab təqdimatına getdim. Gələn qırx adamdan otuzu mikrofonu əlinə alıb dedi ki, filankəsi təbrik edirəm, o çox mədəni oğlandır, inanıram, gələcəkdə daha yaxşı uğurlar qazanacaq. Dəhşətdir!

Elçinin başqa hansı çıxış yolu var? Başqa hansı yolla başa salmaq olar ki, ay uşaq, əl çək bu xırda-xuruş al-verdən. Mən deyim də. Adamlar bir ara Elçini diktator Kim Çen Ina oxşadırdılar. Saç düzümü, geyimi ilə. Madam ki, Elçin nüvəsi və güclü ordusu olan diktatora bənzədilir, ona görə də, gərək Elçin Maral kimi zəif birini yox, bu bayağı adamların qurduğu dövlətlər birliyinin ən güclü dövlətini nüvəsinə sarıyaydı. Maral xırda-mırda dövlətdi.

Və o zaman deyərdim, hə, Elçin güclü adamdır. Lap aslan kimi. Bir yazımda bu haqda yazmışdım. Xatırladım.

Aslanı nə üçün meşənin sultanı adlandırıblar?

Halbuki onda qorillada olan bədən gücü, ayının qolunda olan güc, yaquar sürəti, ceyran sıçrayışı,canavar qəddarlığı, kaftar acgözlüyü, tülküdə olan hiyləgərlik və sairə şeylər yoxdur.

Aslanın meşə sultanı adlandırılmasına səbəb onun davranış xüsusiyyətləridir.

Aslan:

1.Acmamış ov etmir. Deməli, xasiyyəti yırtıcılıq deyil.

2.Acan zaman ehtiyacından artıq ovlamır. Deməli, görməmiş deyil.

3.Ov üçün heyvanlardan ən güclüsünü seçir. Deməli, gücünü zəiflərin üzərində yoxlamır.

4.Ov üçün hamilə dişiləri seçmir. Deməli, şəfqətlidir.

5.Birinci ovdan sonra öncə ailəsinə ovu yeməyə icazə verir. Deməli, fədakardır.

6.Heç vaxt yeməyin qalığını basdırmır və yaxud digər heyvanlar yeyə bilməsin deyə əlçatmaz yerə atmır. Deməli, xəsis deyil.

Yəni nə vaxtsa, ədəbi mühitə can atan istedadsızlardan güclüsünü görsəm, o zaman gücümü onun üzərində yoxlayacağam. Hələlik bu ümumi hənirtidən hərə özünə pay götürsün. Bəli! Ədəbi mühitə can atanlar, ədəbiyyata yox.