adalet.az header logo
  • Bakı 17°C

İSPAN ÇƏKMƏSİ

10010 | 2018-06-02 00:19
(romandan fəsillər)

Aydın Tağıyev

(əvvəli ötən saylarımızda)

Xronika II

"Vivere mem ento!" (latınca) - "Həyat haqqında düşün!"
...Qəzetdə X.in diqqətini cəlb edən digər bir kriminal xəbərdə də ölüm hadisəsindən söhbət gedirdi.
Ancaq bu dəfə ölən qətl qurbanı deyildi, avtomobil qəzasında dünyasını dəyişmişdi. Və nə iş idisə qəzadan salamat qurtaran cavan sürücü də öz həyatına qıymışdı...
Xəbərdə hadisə təfsilatı ilə şərh olunmuşdu; maşını idarə edən sürücü sürət həddini aşmış, avtomobil yoldan çıxaraq çevrilmiş və nəticədə yaşlı sərnişin hadisə yerində keçinmişdi. Qəzadan salamat çıxan sürücü isə özünü ağır yük maşının altına ataraq həyatına qıymışdı.
X. bu hadisəni də özlüyündə təfərrüatı ilə gözləri önündə canlandırmaq istədi.
Yenə də suallar, suallar, suallar...
Görəsən qəza qəflətənmi, bir anda, bir göz qırpımındamı baş verib? Qəzanın qarşısını almaq olmazdımı? Bəlkə sürücü sükan arxasında sərxoş əyləşibmiş?.. Bəs o dəlisov sürücünün yanında əyləşən, qəzanın qurbanı olan ahıl, yaşlı kişi? Dünya görmüş adam olasan, sürücünün yanında oturasan, onun sərxoşluğundan bixəbər olasan?.. Özün də uzaq yola çıxasan...
X. hiss etdi ki, qəza nəticəsində dünyasını dəyişən mərhuma qarşı, deyəsən, sərt mövqe tutub.
Eh, sürücü sürət həddini qaldıranda bəlkə o biçarənin də fikri-xəyalı ömrünün ötən günlərinin hansısa bir şirin xatirəsinin yanında imiş...
Fikri-huşu keçmişdə qalan yaşlı sərnişin də gələcəkdən hələ xəbərsiz ola-ola sürücüyə necə xəbərdarlıq edəydi ki, a bala, bir az yavaş...
Kim bilir, bəlkə də o bədbəxt qoca baş verəcək təhlükəni hiss etsə də, abrına qısılıb sürücüyə xəbərdarlıq etməyə həyalanıb... İşdir-şayət yaşlı sərnişin ərklə sürücüyə acıqlansaydı ki, a bala, yavaş, Əzrayılla çiling-ağac oynama!
Sürücü də üzə vurmasa da, ürəyində ona şəbədə edib gülər, lağa qoyub hətta söyərdi də ki, a qoca kaftar, bir ayağın burdadır, biri də gorda... Bu fani dünyadan nə iki əlli yapışmısan? Əvvəl-axır haqq olan ölümdən niyə belə qorxursan?
X. birdən-birə üzünü bütün bəşər övladlarına tutub lap belə pafosla xəbər almaq istədi; bəyəm, istər yaşlı, istərsə də cavan olsun, heç ölümündən qorxmayan varmı?
Ölümündən qorxmayan o bəndə kimdir ki? Öz sualına şəxsən müsbət cavab verə bilmədiyindən qəza ilə bağlı ortaya yeni suallar çıxırdı və X. də qarşıya çıxan suallara cavab tapmağa çalışdı.
X.in qəzada dünyasını dəyişən qocaya ürəyi yandı. X. inanırdı ki, həqiqətən də ölüm qabağı ötüb keçən həyatı bir kino lenti kimi insanın gözləri önünündən keçib gedir. Görəsən yaşadığı ömrü yada salıb xatırlamağa bu qəfil ölümü qocaya aman veribmi?
Rahat yorğan-döşəkdə, oğul-uşağın, qohum-əqrəbanın dövrəsində uzanıb dünyadan köçəndə yəqin yada düşür ömrün keçib gedən günləri... Yazıq qoca! Yaşı çox idi, ölüm qabağı yada düşəcək unudulmaz xatirələri də yəqin ki, çox olardı. Qəza, başının üstünü qəfil alan bu ölüm son anda mərhumu bəlkə də çox şirin, xoş, ləzzətli xatirələrdən məhrum etmişdi.
Kim bilir, qoca bəlkə də sürücüdən asta sürməyi əvvəlcə xahiş-minnət edib yalvarmış, sonra tələb etmiş, sürücü də qocanın nə xahiş-minnətinə, yalvar-yaxarına, nə də tələbinə məhəl qoymamışdı. Demə, əcəli, alın yazısı qocanı öz ölümünə yaxınlaşdırırdı və qocanın yaxınlaşan əcəlinin sürətini azaltmaqda yəqin ki, sürücü də aciz imiş...
Bəlkə elə qoca özü sürücünü sürəti artırmağı məcbur edibmiş. X.in yaxşı yadındadır. Bir dəfə bir dostu onu yeyib içməyə aparırdı. Dostu maşını sürmür, uçururdu. X. dostuna nə qədər xəbərdarlıq edib, hətta maşından düşəcəyi ilə hədələsə də, dostu qəh-qəhə çəkib onun dediklərinə məhəl qoymamışdı.
Sürətin üstündə can dərmanı da var idi. Ancaq X. süfrəyə düzülən ləziz-ləziz yeməklərə heç gözünün ucu ilə də baxmırdı. Tikə boğazından keçmirdi. Özgə vaxt olsaydı, özü də mürtəcə - süfrənin üstündəkiləri silib süpürən X. arağa da əl uzatmırdı, qorxa-qorxa badəsini qurtum-qurtum içir, dostunu da içməyə qoymurdu. X. üzə vurmasa da qorxurdu; ayıq başla maşını o sürətlə idarə edən dostu sərxoş başla nə oyundan çıxacaqdı?
Geri qayıdanda dostu-sürücü maşını elə asta sürürdü ki, X. hətta deyindi:
- A kişi, qaz ver, maşın deyil, elə bil tısbağadır, sürünür. Bayaq uçurdun ki?
Dostu aram-aram:
- Gələndə ayıq idim. Bilirdim ki, təhlükə-filana ani reaksiya verə bilərəm. İndi... İndi isə içkiliyəm...
Dostu sonra da: - Hə, belə-belə işlər, X.,- dedi,- xəbərin olsun ki, mən az da olsa içəndə maşını yavaş sürürəm.
X. dilxor oldu. Dostunun ardınca ürəyində asıb kəsdi: "Ay yaramaz, məni bu adətindən agah edəydin ki, mən də kefim istəyən qədər yeyib içəydim. Qorxudan içmədim ki, sən də içməyəsən..."
Hə, bəlkə qoca da ehtiyatlı sürücünü qızışdırıb, qıcıqlandırıb, az da olsa dəmli sürücü də sürəti artırıb. Bəlkə qoca da daha yada salmağa heç bir xatirəsinin, yada salmağa heç nəyin olmadığının bildiyindən bu yolla intihar edib.
Bəs cavan sürücü? Cavan sürücü niyə həyatına qıyırdı? Olmaya cavan sürücü baş vermiş hadisədən sarsıntı keçirərək qeyri-şüurlu özünü ağır yük maşının altına atıb?
Bəlkə cavan sürücünün sürət həddini aşmaqda məqsədi elə özünə sui-qəsd emək imiş?.. Elə isə bədbəxt qoca...
Yaxşı bəs cavan sürücü niyə bu yaşda intihar etməli olsun?..
X.in nəzərini cəlb edən digər bir kriminal xəbərdə isə qalmaqallı bir davadan söz açılırdı.
Rəhm edib mənzilində sığınacaq vermiş kirayənişinlə ev sahibi arasında əvvələ mübahisə düşmüş, sonra mübahisə böyüyüb davaya çevrilmiş və kirayənişin ev sahibinə arxadan zərbə vurub yaralamışdı. Yaralı ev sahibi heç kimdən kömək görmədiyindən özünü balkondan atıb intihar etmişdi.
X. xəbəri bir neçə dəfə təkrar oxuyub acı-acı köks ötürdü. Və özlüyündə belə qənaətə gəldi ki, çox güman özünə yer edəndən sonra məkrli kirayənişin "yersiz gəldi, yerli qaç..." məqamının yetişdiyini hiss etmiş, fürsəti fövtə verməmişdi...
X.in zərərdiyəyə ürəyi yansa da, onu qınadı. Əcəb olub! Ay zalım oğlu, ürəyi yumşaq, dünyadan bixəbər insan! Nə yuvanın quşu olduğunu başdan-binədən arayıb-axtarmayıb tanımadığın yad adamı kandarından niyə içəri buraxırdın ki, sonra da başın belə bir qövlü-qalda qalırdı? Sonda da çarəni özünə qəsddə görürdün?
Bəlkə o mərhum gec-tez rəhmi gəlib sığınacaq verdiyi kirayənişini tərəfindən doğma ev-eşiyindən əsir-yesir ediləcəyini, didərgin düşəcəyini gözləri önünə gətirib elə bəri başdan özünü öldürmək qərarına gəlib?!
Xronika III

"Kədərdən daşa dönmüşdü..."
(Tov İdi "Metomarfozalar")
Dəmiryol vağzalına bitişik parkda karuselə yaxın bir yerdə oturacaqlardan birində naməlum bir kişi meyiti tapılmışdı. Meyitin üstündə heç bir zorakılıq əlamətləri aşkar edilməmişdi. İlk əvvəl mərhumun ürək tutmasından dünyasını dəyişdiyi güman edilmiş, lakin sonra ilkin tibbi ekspertiza dozadan artıq həb qəbul edərək bu yolla intihar etdiyi müəyyənləşmişdi.
İntihar edən kim idi? X. ilk əvvəl intihar edənin şəxsiyyətini özü üçün müəyyənləşdirməyə çalışdı. Bəlkə intihar edən onun qələm dostu, X. həmkarı imiş? İntihar edənin qəzetdə iri bir şəkli də verilmişdi. Şəkildəki adam, maşallah, top kimiydi. (X. bu yerdə xəfifcə gülümsədi, ölüyə nə göz dəyəcəkdi?) X. intihar, intihar hallarının səbəbləri ilə bağlı xeyli məlumatlı idi və burasını da bilirdi ki, depressiya, nevroz kimi xəstəliklər, ürək, damar, beyin, mədə-bağırsaq sisteminin pozulması nəticəsində psixoloji vəziyyəti dəyişməklə insan özünə nəzarəti itirir.

***
İntihar edən isə bütün bunlardan uzaq idi. İntihar edən X. bütün tanış-bilişin nəzərində dünyanın ən əhli-kefi idi. Həm də çox iddialı, yeri gələndə özündən razının biri idi. Saydığı yerə özü gedərdi, saymadığı yerə başmağını yollayardı. "Yox, görünür, biz bir-birimizi yaxşı tanımırıq..." - X. acı-acı köks ötürdü.
X.ə burası da məlum idi ki, intihar etmək adamın istəyinə bağlıdır. Yəni, insan həyat ilə ölüm arasında qərar vermə haqqına malikdir. Jainizm və buddizmə görə insan ürəyindən həyat istəklərini çıxarmalıdır. İnsan ancaq yox olaraq ağrıdan qurtulub xoşbəxt ola bilər.
Hətta jainizmin qurucusu olan Mahavira insanın ac qalaraq özünü öldürməsini böyük bir fədəkarlıq hesab edirdi.
Konfutsi isə intihara qarşı çıxır, insanın məqsədini yaxşı və uzun yaşamaqdan ibarət olduğunda görür, ölümdən sonrası ilə maraqlanmamağı məsləhət görürdü. Çünki ölümdən sonra həyat olduğu bilinsə, bəşəriyyətin sonu da belədə məlum olar.
İntihar edən nə qədər əhli-kef olsa da, mömin idi. Oruc tutar, namaz qılar, fitrə-zəkat da verərdi. Hətta dost-tanış danışırdı ki, həcc ziyarətinə getmək niyyətinə də düşübmüş. Özünə qəsd İslamda ən ağır (Allah-Təala tərəfindən) günahlardan sayılır və Rəhman-mərhəmətli Allah-Təala da bəndəsinə bu günahı əfv edib bağışlamır.
Bəs elə isə faciəli şəkildə bu dünyasından olan o bədbəxt niyə axirət dünyasında da özünü cəhənnəmə atıb?
"Mənim ölümümdə heç kimi günahkar bilməyin..."
Görəsən mərhumun cibindən belə bir qeyd tapıblarmı? Tapıblarsa və mərhum da ölümündə heç kimi günahkar saymırsa, belə çıxır ki, günahkar elə özüdür. Yaxşı elə isə günahı nə imiş?.. Yəqin ki, o sirri bundan sonra heç kəs bilməyəcək, mərhum təkcə özünə məlum sirri də özü ilə aparıb.
İntihar edən o biçarəni ölüm həddinə çatdırıb özünə sui-qəsdə vadar etdirən səbəb və ya səbəblər nə ola bilərdi? Baiskar və baiskarlar kimlər ola bilərdi?
Səbəb və səbəblər ictimai və ya şəxsi motivli də ola bilərdi. Ortaya cavabsız, dolaşıq suallar çıxırdı.
Mərhum atdığı addımı, ağzından çıxan sözü yüz ölçüb bir biçənlərdən idi. Ehtiyatı əldən verməyib suyu da üfürə-üfürə içərdi. Bəs belədə kölgəsindən qorxan adamın hansı hərəkəti ictimai qınağa tuş gələ bilərdi ki?
İntiharın səbəbləri ilə bağlı şəxsi motivlər də ağlabatan deyildi. Mərhum nümunəvi həyat tərzi keçirirdi. İndiyəcən kimsənin toyuğuna daş atmaq nədir, heç "kiş" də deməmişdi. Qeybət nədir bilməzdi. Ətəyində lap namaz qılmaq olardı.
Qeyrət-namus məsələsindən isə danışmağa dəyməzdi. Mərhum subay olsa da, qız-gəlindən həyalı idi. Başını dik qaldırıb bir naməhrəmə baxdığı olmamışdı.
Bütün bunlar ilk fərziyyələr, gümanlar idi.
Kim bilir, bəlkə elə namus-qeyrət məsələsi imiş. Demə, mərhum az aşın duzu deyilmiş, necə deyərlər, suyun lal axanı, adamın yerə baxanı... Mərhum cavanlıqda bir qızla eşq macərası yaşayıbmış. İndi isə həmin qız məşhur bir biznesmenin xanımı idi. İlk sevgi unudulmur, deyirlər. Biznesmenin başı öz kommersiya işlərinə nə qədər qarışsa da, deməli, bir gün bu sevgi romanından xəbər tutur.
Mərhum da addımbaaddım, gecə-gündüz izləndiyini, haqqında ölüm hökmü çıxarıldığından xəbər tutub muzdlu qatili qabaqlayır. Özü haqqındakı ölüm hökmünü özü icra edir. Yəqin ki, bu xəbəri eşidən muzdlu qatil əgər əvvəlcədən almayıbsa hər halda müəyyən məbləğ almış olar) böyük bir məbləğdən mərhum olduğuna görə mərhumun gorüna o ki, var söyüb.
Yox, bu güman, fərziyyə bu zamanədə heç də ağlabatan deyildi. Başı pula-paraya öz haqq-hesabına qarışan biznesmenin yadına ailə, arvad-uşaq, qeyrət-namus çətin ki, düşəydi...

TƏQVİM / ARXİV