adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2018 23:38
18407
GÜNDƏM
A- A+

TƏPƏRLİ KİŞİ, ƏQİDƏLİ İNSAN, SƏDAQƏTLİ DOST

Vəliyəddin Misiroğlu
(İsmayılov)

Hardan gəldi xəyalıma bu başlıq?.. Xatirə yazıma başlayanda özümü bərk silkələdim. Fikrim çox uzaqlara getdi. İndi yaddaşım döyənək bağlamış, xəyallarım qabarlanmışdır...
Eheyyy! Gör gəncliyimiz hardan baxır?.. Gör nə qədər uzaqlaşıb bizdən o şux cavanlığımız! O illərdən nə qalıbdı bizə? Ovcumuzu nə qədər açıb-yumuruq xallı kəpənəklərin qanadlarından qopan toz dənəciklərindən başqa bizə heç nə qalmayıb. O da ki, bir "püf" etməyə bənddi. Bəs necə oldu bizim gəncliyimiz? Yoxsa o da həmyaşıd gözəllərin telinə hörülüb, sonra da daraqla darana-darana tökülüb gedib? Burda yadıma həmyerlim şair Yusif Hüseynin bir şeiri düşür:

Bu nə qanun, bu nə heyrət, bu nə sirr?!
Bir yarımçıq çıraq imiş gəncliyim.
Bir gözəlin tellərində dolaşan
Bir sığallıq daraq imiş gəncliyim...

Mənim haqqında söz açmaq istədiyim bu kişi, yəni Nəbi Muxtarov 50 ilə yaxındır ki, yoldaşlıq və dostluq etdiyim insandır. Özü də bu kişi gəncliyini hisslərin yedəyində əsir-yesir eləməyib, əksinə o, gənclikdən bəhrələnib, ömrünü həyatın şırımlı və dolanbac, çətin və sərt yollarında sınaqdan keçirib, püxtələşib, özü də 70 illik ömrün əllisini rəhbər vəzifələrdə çalışmaqla elinə-obasına, dövlətə və dövlətçiliyə sərf edib. Bu səbəbdəndir ki, o, hamının, xüsusilə onu yaxından tanıyanların, eləcə də dostlarının ürəyində özünə təpərli kişi, əqidəli insan, sədaqətli dost haqqı qazanıb. Onun bu qazancı inama, etibara, ləyaqətə, şəxsiyyətə söykənib. Elə yazıma verdiyim başlıq da həmin dediyim hisslərdən doğulub və mənə pıçıldayıb ki, götür qələmi, ağ kağız üzərində bu insanın obrazını yarat. Özü də elə yarat ki, söz boğazdan yuxarı səslənməsin. Oxucunu yormasın, ikrah hissi yaratmasın. Çünki Nəbi müəllimin keçdiyi həyat yolu məhz bu həqiqətlərə söykənir. Başqa heç bir tərifə ehtiyacı olmayan bu kişi dərin zəkaya, böyük təcrübəyə, çevik nəticə çıxarmaq bacarığına, sözü ələkdən, xəlbirdən keçirməyə, eləcə də yerində deməyə qadir insandır. O, həmçinin dünəni yadından çıxarmayıb, bu günün reallıqlarını qəbul edərək yaşayıb, sabahını isə bu gün görüb.
Yaxından tanıdığım Nəbi Muxtarov sayılan və özünə görə nüfuzu olan bir müəllim ailəsində doğulub. Görüb-götürüb və üç ali təhsil alıb. Həyat yolu sıravi işdən başlamaqla rayon və respublika əhəmiyyətli vəzifələrə qədər gedib çatıb. Elə təqaüdə də Füzuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən gedib. Bütün vəzifələrdə də onun özünəməxsus iş üslubu olub. Ona görə də ətrafında "yançı", "dilmanc", "yedəkçi" saxlamayıb. Bir rəhbər işçi olaraq dəbdəbəli, zəngin, harın həyat sürməkdən uzaq olubdur. Onun özünəməxsus rəhbər zabitəsi, hökmü, ciddiliyi və ədaləti insanlığa, qanunun aliliyinə söykənib. O cəzalandırmaqdan çox, tərbiyə etməyə üstünlük verib.
Bütün bunları qoşalaşan paralel həyat yolumuzda sezmişəm. Həmin həyat yoluna baxanda mən özlüyümdə əmin olmuşam ki, Nəbi müəllimin istənilən vəziyyətdən çıxmaq bacarığı var. Çünki, o, mübarizdi, dözümlüdü, sınsa da əyilməzdi. O, yıxıldığı kimi durmağı da bacarır. Bunları konkret məqamlarla təkrar xatırlayıram...
Ötən əsrin 70-ci illəri idi. Mən Kəlbəcərdə, Nəbi müəllim də Füzulidə Rayon Komsomol Komitəsinin birinci katibi işləyirdik. 1971-ci ilin yazında Ağdamda Respublika Komsomolu Mərkəzi Komitəsinin zona müşavirəsi keçirilirdi. Müşavirəyə rayon Komsomol Komitələrinin birinci katibləri və hər rayondan on beş-iyirmi nəfər gənc fəal dəvət edilmişdi. Müşavirəni Mərkəzi Komitənin Kəndli Gənclər Şöbəsinin müdiri rəhmətlik Çingiz Fərəcov aparırdı. Müşavirənin başlamasına az qalmışdı. Hiss olunurdu ki, Nəbi Muxtarov narahatdı. Çünki Füzulidən gələcək nümayəndələrin avtobusu gecikirdi. Artıq qeydiyyat başlamışdı. Birinci katiblər hamısı bilirdi ki, Çingiz Fərəcov çox tələbkar adamdı, vəziyyətdən xəbər tutsa aləmi bir-birinə qatacaq və deyəcək ki, niyə birinci katib nümayəndələrlə birlikdə gəlməyib. Bax, belə bir məqamda Nəbi müəllim təmkinli halda dedi: Narahat olmayın, bu saat hər şeyi qaydaya salacam.
Müşavirə yenicə başlamışdı. İclas zalının qapısı açıldı, Nəbi müəllim, arxasınca da 20-25 gənc zala daxil oldu. Fasilədə öyrəndik ki, Nəbi Muxtarov Ağdam Texniki Peşə məktəbində oxuyan, əslən Füzulidən olan gəncləri yığıb gətirib iclasa. Çingiz Fərəcov da tribunadan iradını bildirdi: Yoldaş Muxtarov, niyə müşavirənin iş saatına əməl etmirsiniz, reqlamenti pozursunuz, bizi məcbur edirsiniz ki, sizi cəzalandıraq. Nəbi müəllim heç halını pozmadan: - Yoldaş Fərəcov, bayaqdan bəri bizim bu fəal komsomolçular xahiş edirlər ki, sizi onların adından salamlayım və Füzuli rayonuna qonaq dəvət edim. Həm də təkidlə deyirlər ki, biz çox istəyirik ki, Bakı şəhərində yox, öz doğma Füzulimizdə Çingiz müəllimə komsomol toyu edək. Axı bizim Qarabağ camaatı musiqini, muğamı çox sevir. Bütün zalı alqış və gülüş səsləri bürüdü. Çingiz müəllim də vəziyyətdən çıxmaq üçün gülənlərə qoşulub: Yaxşı, yaxşı keçin əyləşin, bir də gecikməyin, toy məsələsinə də sonra baxarıq. Yalnız biz onda bildik ki, Çingiz müəllim də Füzulidəndi və hələ də evlənməyib. Bu kiçik jesti ilə Nəbi müəllim həm müşavirəyə gecikənləri, həm də özünü xilas etdi. Eyni zamanda müşavirənin ruhuna bir şənlik qatdı. Həmin müşavirədə Nəbi müəllimə də söz verildi. O, elə maraqlı və məntiqli çıxış edirdi ki, Çingiz müəllim də diqqətlə qulaq asırdı. Birdən Çingiz müəllim mənə tərəf əyilib astaca dedi:
- Vəliyəddin, görürsən dostun necə faktlara söykənən məntiqli, səlis, şirin natiq kimi çıxış edir, onun tələffüzünə fikir verirsən? Mən də fürsətdən istifadə edib dedim:
- Çingiz müəllim, bəlkə sizin toyunuzu da edək, Nəbi də sizin toy qardaşlığınız olsun. Axı o da subaydı. Çingiz müəllim tez mənim əlimin üstündən vurub:
- Elə sən də Nəbi kimi danışırsan. Yekə oğlansınız, məni küyə salmayın, - dedi.

Bir xatırlama

Nəbi müəllimin iş bacarığı, təşkilatçılığı kimi, gözəl də yol yoldaşlığı var. Yoldaşlıqda çox mərdanədir. Mən uzun illərin dostluğundan, yoldaşlığından çıxış edərək deyə bilərəm ki, onun kasıb və varlı anlayışı da çox ədalətlidir. Yəni, xəsislik etmək, kimisə qabağa vermək kimi hallardan çox-çox uzaqdı. Bu məqamda yadıma bir xatirə də düşür.
1972-ci ilin fevral-mart ayları idi. Tbilisidə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin on beş günlük seminar müşavirəsi keçirilirdi. İttifaq əhəmiyyətli bu böyük tədbirə Sovet İttifaqına daxil olan on beş respublikanın hər birindən seçmə üsulu ilə rayon və şəhər komsomol komitələrinin təcrübəli birinci katibləri dəvət edilmişdi. Azərbaycandan həmin tədbirə 20 nəfər göndərilmişdi. O vaxtlar Şevardnadze Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Müşavirəni Ümumittifaq Komsomol Mərkəsi Komitəsinin katibi İ.Jitenyev aparırdı. (O vaxtdan qalan şəkli xatirəmə əlavə edirəm). Nəysə...
Müşavirə qurtaranda Laçın rayonundan Səlim Səlimov, Ağdam rayonundan Raquf Qasımov, Cəbrayıl rayonundan Rafiq Nəcəfov, Tərtər rayonundan Məhərrəm Sadıqov, Ucar rayonundan Elxan Tağıyev, Balakən rayonundan Məhərrəm Nəcəfov, Sabirabad rayonundan Arif Cəfərov, Salyan rayonundan Bayram Əliyev, Yasamal rayonundan Fəqan Əliyev və digərləri təyyarə və qatarla, Nəbi ilə mən isə avtobusla qayıdası olduq. Tbilisi-Bakı avtobusu ilə qəlirdik. Şirin-şirin, dadlı-duzlu söhbət edə-edə Yevlağa çatdıq. Burada avtobusdan düşdük. Çünki buradan sonra hərəmiz öz rayonumuza gedəcəkdik. Pulumuz tükənmişdi. Xidməti maşınımızı gözləyirdik. Nəbi dedi:
- Qardaş, mən cibimdə əlavə 10 manat da saxlamışam. Yeddisi sənin, üçü mənə bəsdi. Sənin yolun uzaqdı...
Bəli, Nəbi onda on manatı yarı bölək demədi, çoxunu mənə təklif etdi. Bu, adi əhvalat olsa da, onun arxasında böyük ürək, səxavət, yoldaşlıq, dostluq, sədaqət dayanırdı. Bunu ona görə yazıram ki, onun səmimiyyətinin siz də şahidi olasınız. O vaxtdan 50 il ötsə də, bizim həmin səmimiyyətimiz, bir-birimizə ərkimiz bu gün də davam edir.

Daha bir
xatırlatma

Nəbi müəllim İcra Hakimiyyəti başçısı işləyirdi. Onunla görüşmək üçün Horadiz şəhərinə getdim. Maşını oğlum İlqar sürürdü. Bəhrəmtəpəyə çataçatda maşınımız xarab oldu. Ətrafdakı adamlar bildirdilər ki, ehtiyat hissəsini ancaq Daşburun qəsəbəsindəki alverçilərdən almaq olar. Əlacsız qalıb, Nəbi müəllimə zəng vurdum və vəziyyəti ona danışdım. Təmkinli bir şəkildə dedi:
- Narahat olma, mənim zəngimi gözlə!
Aradan çox az vaxt keçmişdi ki, bir də gördüm Nəbi müəllim yanımızdadı. Ehtiyat hissəsini də özüylə gətirmişdi. Maşın düzələnə qədər dayanıb, sonra bizi də özüylə birlikdə Horadizə apardı.
Mən bu kiçik faktları qabartmaqla onun necə qədirbilən olduğunu göstərmək istəyirəm. İstəyirəm bu kitabı oxuyanlar bilsin ki, Nəbi təmənnasız dostdur. Söylədiyim adi faktı kimsə başqa birisi vasitəsilə tapşırıqla etdirə bilərdi, iş-gücünü atıb, o qədər yolu gəlməzdi. Amma Nəbi müəllim maddiyyatı heç vaxt nümayiş etdirməyib, göstərməyib. O, səmimiyyəti, dostluğu, köməyə çatmağı həmişə önəmli sayıb. Aqillərin bir yaxşı deyimi var: Vəzifədə olanda dostlar səni, vəzifədən düşəndə isə sən dostları tanıyırsan. Bax, bu mənada mən gənclik dostumla qürur duyuram, düzgün dost seçdiyimə bu gün də sevinirəm. Ona görə də Nəbi müəllimlə bağlı yenə bir xatirəni dilə gətirirəm.
1975-ci il ilin aprel-may ayları idi. Bakı Ali Partiya məktəbində oxuyurdum. Otaq yoldaşım İmişlidən olan rəhmətlik Ağababa Əhmədov idi. O da Nəbi ilə dostluq edirdi. Bir gün dərsdən qayıdanda gördüm ki, çarpayıda bir əsgər uzanıb, eləcə pal-paltarlı, çəkməsi ayağında şirin yuxuya gedib. Diqqətlə baxanda gördüm ki, bu Nəbidir. Çox dəyişmişdi. Əsl əsgər formasında idi. Mənim son dəfə gördüyüm Nəbidən əsər-əlamət qalmamışdı. Əyilib üzündən öpmək istədim. Sonra düşündüm ki, səksənib oyanar, qıymadım. Oyanandan sonra bir-birimizə sarıldıq. Öyrəndim ki, Nəbi müəllimin həyatdakı uğurları, vəzifədə önə keçmə şansı kimlərisə narahat etdiyindən o, Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsindən birbaşa hərbi xidmətə göndərilib. Zaman göstərdi ki, Allahın yazdığı alın yazısını kimsə dəyişə bilməz. Nəbi ona mane olanlara qalib gəlib, öz bacarığını, fərasətini sübut edə bildi. Hərbi xidmətdən sonra Ulu Öndərimiz Füzulidə rayon müşavirəsi keçirən zaman Nəbi Muxtarovun iş metodunu bəyəndi və onu Respublika Üzümçülük və Şərabçılıq Komitəsi sədrinin müavini təyin etdi. Ümumiyyətlə, Nəbi müəllim işlədiyi bütün vəzifələrdə özünü sübut etməyi, saydırmağı, hörmət qazanmağı bacarmışdı.
...1993-cü ilin qanlı-qadalı günlərində Nəbi müəllim məhz Ulu Öndərin seçimi ilə Füzuliyə başçı göndərildi. O, burada da xalqına, dövlətinə, Ulu Öndərimizə sədaqətini sübut etdi. Nəbi müəllim onu da sübut etdi ki, vəzifəni şərəfləndirən insandır. Əgər öz işini vicdanla görürsənsə, heç bir basqı, heç bir şər-böhtan səni yolundan saxlaya bilməz, atılan çamurlar sənə yapışmaz. Bax, bu mənada ictimai həyatı son dərəcə zəngin və mənalı olan Nəbi müəllimin ailədə də dəyanəti, bütövlüyü, hər şeyi ölçüb-biçməsi bir örnəkdir, bir məktəbdir. O, təmkinli ailə başçısı, sədaqətli ər, qayğıkeş atadır. Üç qız, bir oğul atası olan Nəbi müəllimin qızlarından ikisi elmlər namizədidir. Bu ailədə Nəbi müəllimin ən böyük dayağı onunla birlikdə ailənin yükünü çəkən Məlahət xanımdır.
Mən dostuma, qardaşıma, onun ailəsinə həyatın ən gözəl neməti olan can sağlığını və bir də özlərinin istədikləri arzularına qovuşmasını Tanrıdan diləyirəm. Bizim kəlbəcərli el şairi Uğurlu Salman deyir ki:

Necə gəldi, necə getdi, bilmədim,
Elə bil yatmışdım - yuxu görmüşəm.

Nəbi müəllim, qardaşım, 70 illik ömrü bir gecənin yuxusu bilsək də, biz bu həyatda çox işlər görmüşük. Mənim, barənizdə yazdıqlarım isə sizin etdiklərinizin çox az bir hissəsidir. İnşallah, sizin xidmətlərinizin hər bir anı vərəq-vərəq yazılacaq, kitab-kitab oxunacaq.
Mən sizin yubileyinizi təbrik edir, doğma yurdlarda görüşərik, - deyib bağrıma basıram.